Məhkəmə qərarları › İş №2(103)-6293/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6293/2022

25.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6293/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı (maraqlı şəxslər: Cavabdeh2 və Azərbaycan Respublikası Baki şəhəri Səbail rayon İcra Hakimiyyəti) “övladlığa götürülmə faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1784/2022 saylı, 29 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim R.Qafarova, iş № 2(009)-1784/22) ərizənin qəbulundan yolverilməzliyinə görə imtina edilmişdir. Ərizəçi şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklik edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-ə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2). Apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.5). Oktyabrın 1-dən qüvvəyə minmiş MPM-ə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti MPM-in tələblərinə uyğun (2 saylı Əlavəyə uyğun) verilmədiyindən işə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qərardaddan verilmiş şikayət qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar