Məhkəmə qərarları › İş №2(103)-6301/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6301/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6301/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3301/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)- 325/2023 nömrəli hökmü ilə İddiaçı cinayətin törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstinaq Təcridxanasından həbsdən azad edilmişdir. Hökm yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-325/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Həmin hökmdən apellyasiya protesti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-654/2023 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-325/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(102)-679/2024 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)- 654/2023 saylı qərarı dəyişdirilməddən saxlanılmışdır. Həmin iş üzrə iddiaçıya CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir, ona görə ki, guya o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək idarə etdiyi “Lada Granta” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış və 30 sentyabr 2022-ci il tarixdə Cəlilabad RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin heroin onun idarə etdiyi avtomobildə aşkar edilərək götürülmüşdür. Həmin cinayət hadisəsi üzrə o, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2022-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində ittiham aktı tərtib edilərək təqsirləndirilən şəxs kimi məhkəməyə verilmişdir. İstintaq orqanı tərəfindən qanunsuz olaraq uzun müddət həbsdə saxlanılmışdır. 11 ay əsassız olaraq İstintaq Təcridxanasında saxlanılmışdır. Bu müddət ərzində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmışdır. İddiaçıya fiziki zor tətbiq edilməklə ekspertizanın rəy ilə də müəyən edilmişdir ki, onun bədəni üzərində sağ 9-cu qabırğanın yerdəyişməyən sınığı, sağ diz oynağının, sol baldır nahiyyəsinin və sağ ayağının 1-ci barmağının əzilmiş yarası, sağ dirsək büküşündə qançır kimi xəsarətlər olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti istintaq təcridxanasma daxil olduğu vaxtdan 2-4 gün əvvələ (Cəlilabad RPİ-də saxlandığı dövrə) uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İddiaçı həbsdən buraxıldıqdan sonra uzun müddət müalicələr almış və sağlamlığına ciddi şəkildə ziyan dəymişdir. Həmin müalicələr ona 4.500 manata başa gəlmişdir. İstintaq təcridxanasında yatdığı 11 ay ərzində valideynləri yanına gəlibgetmiş, siqaret və sair ərzaq məhsulları almışlar, yol xərci də nəzərə alınmaqla bütün bunlar ona təxminən 3.500 manata başa gəlmişdir. Eyni zamanda, iddiaçı kənd təsərrüfatı ilə məşğul olmuş və iş adamıdır. İstifadəsində bir neçə traktor, ot bağlayan aparat, biçin üçün kombaynı olmuşdur. Mövsümü şumlama işləri ilə məşğul olaraq bir mövsümdə 30- 35.000 manata qədər gəlir əldə edirdi. Bundan başqa, özünə məxsus sahədə əkinlə məşğul olurdu və xeyli mal-qara saxlayırdı. İddiaçı həbsdə olduğu müddətdə torpaq sahəsində əkin işləri aparılmamış, malqara isə baxımsız qaldığından ölmüşlər. İstintaq orqanının təqsirindən ona 35.000 manat ziyan dəymişdir. Bundan əlavə, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyi, qətimkan tədbiri kimi həbsdə saxlanılmağı nəticəsində ona 10.000 manat maddi ziyan dəymişdir. Həmçinin, narkotik satışı ilə məşğul olmağına dair qanunsuz həbs edilməyi ilə əlaqədar qohumlar və dost-tanışlarının yanında ləyaqəti alçalmışdır, hamı ona narkotik satıcısı kimi baxmışdır. Bunun nəticəsində o, dəhşətli əsəb gərginlikləri keçirmiş, depressiya halına düşərək həyatında heç vaxt yaddan çıxmaz mənəvi əzablara düçar olmuş və hədsiz mənəvi ziyan çəkmişdir. Buna görə də hesab edir ki, mənəvi ziyana görə Maliyyə Nazirliyi tərəfindən ona 10.000 manat kompensasiya ödənilməlidir. Göstərilənlərə əsasən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyi, qətimkan tədbiri kimi həbsdə saxlanıldığı müddətdə məşğul olduğu kənd təsərrüfatı sahəsində ona dəymiş ziyana görə ödənilməli olan 35.000 manat məbləğində pulun, mənəvi ziyana görə 10.000 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 120 manat pulun, cəmi 45.120 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən maddi ziyana görə zərərin əvəzinin ödənilməsini tələb edir. Bununla bağlı bildirilir ki, iddiaçının bildirdiyi kimi həmin heyvanlar həqiqətən də tələf olmuşdursa, o, bu barədə baytarlıq və ya hər hansı digər rəsmi dövlət qurumunun aktını və ya digər sənədini təqdim etməli idi. İddiaçının qeyd etdiyi kimi heyvanlar həqiqətən də mövcud olmuş və ya tələf olmuş olsaydı, onlar bunun üçün müəyyən edilmiş yerdə və qaydada yəni rayonun baytarlıq və sanitar epidemioloji idarələrinin aktı əsasında zərərsizləşdirilməli idi, iş materiallarında isə buna dair hər hansı bir sənəd olmadığından iddiaçının bu tələbi rədd edilməlidir. Həmçinin, iddiaçı fərdi əmək fəaliyyəti ilə məğul olduğunu qeyd etsə də, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. İddiaçı iş materiallarına vergi şəhadətnaməsinin surətini əlavə etsə də, fəaliyyətinin aktiv və passiv olması ilə bağlı hər hansı sənəd təqdim etməmişdir, Göstərilənləri nəzərə alaraq iddiaçının maddi zərərlə bağlı tələbi rədd edilməlidir. Mənəvi zərərlə bağlı bildirilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda "Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3301/2024 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 9.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin hissədə iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı maddi ziyan kimi sağlamlığına ciddi şəkildə ziyan dəydiyini və həbsdən çıxdıqdan sonra uzun müddət müalicələr aldığını, eyni zamanda həbsdə saxlanıldığı müddətdə valideynlərinin onun yanına gəlib-getməsi və s. nəticəsində ona maddi ziyan dəydiyini iddia etsə də, iddiasını əsaslandıra biləcək sübutlarını (iddiaçının sağlamlığına ziyan dəyməsi, dəymiş ziyanın həqiqətən də istintaq orqanının təqsiri ucbatından olması, iddiaçının sağlamlığına dəymiş ziyanın aradan qaldırılması üçün qeyd edilən 4.500 manat məbləğində iddiaçı tərəfindən xərcin çəkilməsi və s.) məhkəməyə təqdim etməmişdir.

9. Bundan başqa, iddiaçı maddi ziyan kimi eyni zamanda həbs olunmamışdan əvvəl vergi ödəyici olduğunu, kənd təsərrüfatı ilə məşğul olduğunu, mövsümi şumlama işləri ilə məşğul olaraq bir mövsümdə 30-35.000 manata qədər gəlir əldə etdiyini iddia edərək, eyni zamanda maddi ziyan kimi 35.000 manat məbləğində pulun tutulmasını da tələb edir. Məhkəmə həmin hissəyə münasibətdə qeyd etmişdir ki, məhkəmə tərəfindən məsələnin aydınlaşdırılması məqsədilə, yəni iddiaçının həbs edilməmişdən əvvəl dövriyyə məbləğini müəyyənləşdirmək məqsədilə Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət edilmiş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üzrə müvafiq bəyannamələr təqdim edilmədiyindən və ya göstəricisiz təqdim edildiyindən həmin dövrlər üzrə dövriyyə məbləğini müəyyən etmək mümkün olmamışdır. Odur ki, həmin hissədə də tələb əsassız hesab edilməklə təmin edilməməlidir.

10. Daha sonra məhkəmə iddiaçı tərəfin əvvəlki məhkəmə iclasında ifadəsində qeyd etdiyi, hansı ki iddiaçının tutulmamışdan öncə lizinq vasitəsilə kombayn götürdüyünü, bununla bağlı 70-80.000 manat məbləğində ödəniş etdiyini, lakin həbsdə olarkən ödənişləri edə bilmədiyindən lizinq şirkəti tərəfindən həmin kombaynın hərrac yolu ilə satışa çıxarılaraq satıldığını və nəticədə iddiaçıya maddi ziyan dəyməsi fikrinə münasibətdə isə qeyd etmişdir ki, iş materiallarında olan AR-nın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli Əmrin surətindən göründüyü kimi İddiaçı tərəfindən lizinqə götürülmüş texnikanın dəyəri ödənildiyindən lizinq müqaviləsinə xitam verilmiş, lizinq predmeti olan “MTZ-89.2” markalı texnikanın lizinq alan İddiaçı mülkiyyətinə verilməsi təmin edilmişdir (satıldıqdan sonra qarşılıqlı razılaşma əsasında dəyəri ödənilməklə). Göründüyü kimi, iddiaçının ona maddi ziyan dəyməsi barədə bu iddiası da əsassız olmuşdur.

11. Buna baxmayaraq məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur.

12. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 9 ay müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) «həbs» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində mənəvi sarsıntı keçirmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə görə ümumilikdə 9.000 manat (1 ay üçün 1.000 manat olmaqla, ümumilikdə 9.000 manat) məbləğində müəyyən olunmalıdır.

14. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 9.000 manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.

15. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı qanunvericiliyin tələbinə görə hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azad edilməsinə baxmayaraq 122 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki iddianın qaldırılması üçün ödənilməsi tələb edilməyən dövlət rüsumunu özü könüllü şəkildə ödədiyi üçün həmin vəsaiti qarşı tərəfdən tələb edə bilməz. Odur ki, ödənilmiş həmin dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü, 9-cu maddələrinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3cü, 60.1-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il tarixli, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli, «Koinq Almaniyaya qarşı», «Artiko İtaliyaya qarşı», «Younq, Cames və X1rşı» qərarlarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13- cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qətnamədən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddiaya qarşı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 9.000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan RespublikasıCinayət- Prosessual Məcəlləsinin 190-cımaddəsinin müddəaları nəzərə alınmalıdır. Həmin norma kontekstində iddiaçıya mənəvi zərərə görə 9.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin birinci instansiya məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Həmçinin qeyd edir ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Məhkəmə qətnaməsinin nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessaul Məcəlləsi, “Büdcə sistemi haqqında”Azərbaycan Respublikasının Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlmat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayənlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

24. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

25. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun: Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: ... 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: ... 1) bəraətverici hökm çıxarıldıqda yaranır. Maddə 5.5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh apellyasiya şikayətinin məzmununda qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində, 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.

33. Zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.

34. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.

35. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

36. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmışfaktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.

37. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır».

38. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 9 ay müddətinə qanunsuz olaraq həbsdə saxlanılmışdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz azadlıqdan məhrum edilməsi, onun həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olması, mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşmasına görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

42. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

43. Beləliklə, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

44. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Bununla belə, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

45. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmiş, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla iddiaçının xeyrinə qanunsuz olaraq qətimkan tədbiri seçildiyi hər aya görə 1.000 manat olmaqla, ümumilikdə 9.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə ədalətli qətnamə qəbul etmişdir.

46. Kollegiya həmçinin hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxılanılması və ya iş üzrə icraata xitam verilməsi üçün mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil.

47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3301/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar