Məhkəmə qərarları › İş №2(103)-6302/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6302/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6302/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş (Açar sözlər: «mənəvi zərər, qanunsuz həbsdə saxlama») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3620/2024 saylı, 17 sentyabr 2024cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-270/2024 saylı qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı həbsdə saxlanılma müddəti 4 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmış və qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır.

2. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, təqsirləndirilən şəxs İddiaçı xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs zədə aldığını bildirmiş, baxış zamanı sol bazuda çapıq toxuma, burun nahiyyəsində şişkinlik, sağ tərəfə əyilmə aşkarlanmışdır.

3. Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X8 tərəfindən qəbul edilən 14 iyun 2024-cü il tarixli sübutların təhlili bir-birləri ilə müqayisə edilməsi, əmələ hüquqi qiymət verilməsi, cinayət təqibinə xitam verilməsi və şəxsin saxlanıldığı istintaq təcridxanasından həbsdən azad edilməsi barədə Qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə toplanmış sübutlar Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı təqsirliliyini sübuta yetirmədiyindən barəsində cinayət təqibinə xitam verilməsi, İddiaçı barədə seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və həbsdə saxlandığı 3 saylı İstintaq Təcridxanasından dərhal azad edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən Polad adlı şəxs barədə CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmasının nəzərə alınması, X4, X5 və X3 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət təqibinə xitam verilməsi, İddiaçı götürülmüş **********446576 nömrəli bank kartı, 1 ədəd mobil telefon, X1 şəxsi axtarış zamanı götürülmüş AA5279209 nömrəli şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin texniki pasportu, "xxxx" ASC-nin **********412415, **********133441, **********910854 və **********543658 nömrəli bank kartları, 1 ədəd «SQ» markalanma nişanı olan mobil telefonun qaytarılması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır.

4. İddiaçı tərəfindən 30 saylı Vəkil Bürosunun vəkili Nümayəndə 320 manat məbləğində pul ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiada göstərilir ki, o, 21 fevral 2024-cü il tarixdə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin təhqiqatçısı Fazil Osmanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 21 fevral 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 22 fevral 2024-cü il tarixdə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Nərimanov rayon məhkəməsinin 4(005)-270/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı həbsdə saxlanma müddəti 4 (dörd) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. 14 iyun 2024-cü il tarixdə Azəbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən barəsində cinayət təqibinə xitam verilmişdir. İddiaçı yuxarıda göstərilən dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkmiş, şərəf ləyaqəti alçaldılmışdır. Ona qarşı işgəncələr verilmiş, insan ləyaqətini alçaldan rəftara yol verilmişdir. Heç bir əsas olmadan ona qarşı bu cür qondarma, yalançı, ittihamın verilməsi bir insan kimi çox dəhşətli şəkildə pis təsir etmiş, mənəvi cəhətdən çökdürmüş, həyata yaşamağa həvəsini öldürmüşdür. Hələ də psixologiyası düzəlməmiş, reablitasiya olunmamışdır. Həbsdən sonra uzun müddətli depresiyalar yaşamışdır. Göstərilən dövlət orqanları ona vurduqları maddi və mənəvi zərərə görə kompensasiya ödəməlidirlər. İddia ərizəsində iddiaçının barəsində cinayət işi istintaq edilərkən əməliyyat, istintaq və prokurorluq orqanlarının yol verdiyi ciddi qanun pozuntularını ətraflı şərh etməyi zəruri hesab edilir. Belə ki, törədilmiş qanunsuzluqların xarakteri və həyata keçirmə tərzi vəzifədən açıq-aşkar sui-istifadə edildiyini göstərir, bu isə hüquq mühafizə orqanlarının maddi və mənəvi məsuliyyətinin dərəcəsinə və ölçüsünə birbaşa təsir edir. İddiaçı qeyd olunan dövr ərzində istintaq təcridxanasında ağır şəraitdə saxlanılmış, burnu sındığı üçün nəfəsalma kimi problemləri olmuşdur. Onun qanunsuz həbsindən dərin sarsıntılar keçirən ailə üzvləri, dərin sarsıntı keçirmiş, cəmiyyətdə utanc hissləri keçirmişlər, ağır bir maddə ilə məhkum olunmuş insanın ailəsinin özünün və yaxın qohumlarının keçirdikləri hiss, həyəcan və dərin sarsıntıları hesab edir ki, əvəzini heç nə verə bilməz. Hüquq-mühafizə orqanlarının və məhkəmələrin qeyd olunan qanunsuz hərəkətləri və sui-istifadəsi iddiaçı və ailəsinə ağır mənəvi ziyan vurmuşdur. Göstərilənlərə əsasən təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində mənə vurulmuş maddi ziyanın əvəzi olaraq 10000 manat və mənəvi ziyanın əvəzi olaraq 10000 manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3620/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 4.000 (dörd min) manat məbləğində mənəvi zərərin və onun tərəfindən ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərcinin əvəzinin ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 04 (dörd) ay müddətinə (xx.xx.2024- cü il tarixdən xx.xx.2024-cü il tarixədək) «həbs» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində mənəvi sarsıntı keçirmişdir. İddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə görə ümumilikdə 4.000 manat (1 ay üçün 1.000 manat olmaqla, ümumilikdə 4.000 manat) məbləğində müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 4.000 (dörd min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Məhkəmə iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edib ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı hüquqi yardımla əlaqədar 320 manat məbləğində vəkil xərci ödəmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, iddiaçı tərəfindən vəkil xərci kimi ödənilən 320 manat məbləğində pul vəsaitinin əvəzi ona ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsi xahiş edilib şikayət bununla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Hazırkı iddianınhüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya maddi və mənəvi zərərə görə 4320 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa Məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Bundan başqa, iddiaçıya hüquqlarının müdafiəsi üçün dəymiş maddi ziyanın əvəzi olaraq 320 manat məbləğində pul vəsaitinin ödənilməsi ağlabatan və ədalətli deyildir. Belə ki, iddiaçı sözügedən məhkəmə işi üzrə öz hüquqlarını vəkilin yardımı olmadan müdafiə edə bilməsi mümkün olduğu halda, birinci instansiya məhkəməsində işə baxılarkən şəxsi vəsaitindən istifadə edərək vəkillə hüquqi yardım göstərilməsi barədə müqavilənin bağlanılması şəxsin öz seçimidir və bu barədə prosessual qanunvericilikdə imperativ norma mövcud deyildir. İddiaçı tərəfindən vəkil xərci kimi ödənilmiş pul vəsaitinin əvəzinin ona ödənilməsi tam əsassızdır. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 4320 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. İddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mənəvi zərərə görə kompensasiya müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirmə mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında 3-cü şəxs Daxili İşlər Nazirliyinin nümayəndəsi X6 apellyasiya şikayəti ilə iddianın rədd edilməsi hissəsində razı olduğunu bildirdi.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, eləcə də 3-cü şəxs Baş prokurorluğun nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

13. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 56.0.2 və 56.0.3. Bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

14. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu:

Maddə 1. Barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından iddianı təmin etdiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, iddiaçının Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan əsasla hazırkı iddia üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki qeyd olunan maddədə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddanın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.

23. Birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir. Ona görə də cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansısa şəxs tərəfindən ödənilməli olması məsələsini hazırda araşıdırılmasına da ehtiyac yoxdur və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi heç bir halda köhnə (vaxtı keçmiş) məhkəmə praktikası kimi qiymətləndirilə bilməz.

24. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz.

25. İddiaçının barəsində həbs qətimkan tədbiri seçilməsi ona mənəvi zərər vurmaya bilməzdi. Çünki istintaq orqanının və məhkəmənin səhvi nəticəsində, yəni qanunsuz həbs qətimkan tədbiri seçilməsinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki ən mötəbər sübut ona elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasıdır. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbəttə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də, nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur. Mənəvi zərər üçün 4000 manat müəyyən edilməsi də mövcud məhkəmə praktikasına uyğundur və məhkəmə praktikasının vahidliyini də təmin etmiş olur.

26. Hazırkı iş üzrə mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alına bilməz. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Zərər çəkmiş şəxsin ona zərər vurmuş şəxsə qarşı da maddi və mənəvi zərər tələb hüququnu həmin kompensasiya məbləği istisna etmir. Hazırkı iş üzrə iddiaçı isə, cinayət işi üzrə zərər çəkmiş şəxs deyil, təqsirləndirilən şəxs olmuş, ona ittiham verilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, yalnız sonradan təqsirliliyi sübuta yetirilmədiyin görə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmışdır.

27. "Büdcə sistemi haqqında" Qanunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi, bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmuşdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Çünki hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Ona görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edib həll etməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 20 fevral 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixədək, yəni 3 ay 24 gün həbsdə saxlanmasını nəzərə alıb, mənəvi zərərin əvəzi olaraq iddiaçıya ödənilməli olan məbləğin 4.000 (dörd min) manat müəyyən edilməsini də əsaslı hesab edir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

29. Bundan əlavə, iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq, vəkilə ödədiyi 320 manatın ödənilməsi əksinə ağlabatan və ədalətli sayılır. Çünki iddiaçı hazırkı iş üzrə vəkilinin hüquqi yardımından istifadə edərək ona konkret məbləğ ödəmişdir. Bu cür hüquqi yardımdan istifadə etmək onun hüququ hesab edilir. Məhkəmə də MPM-in 121.1-ci maddəsinə əsasən həmin məbləği iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur. Ona görə də iddiaçı tərəfindən vəkil xərci kimi ödənilmiş pul vəsaitinin əvəzinin ona ödənilməsi ümumiyyətlə əsassız ola bilməzdi.

30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3620/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3620/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar