Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6307/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Şöbəsi, DƏDRX-nin Bakı Ərazi İdarəsi və "xxxx" BOKT-a qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilat MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Şöbəsi, DƏDRX-nin Bakı Ərazi İdarəsi və "xxxx" BOKT-a qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-2632/2022 saylı qətnaməsindən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilat MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-86/2020 nömrəli icra vərəqəsinə əsasən iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər X3, İddiaçı, “Qafqazenerqoservis" Şirkətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz, dəbbə borcunun alınması, ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçı TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC, cavabdeh "xxxx" Şirkəti və İddiaçı nümayəndəsi X5 barışıq sazişinin təsdiq edilməsi barədə ərizələri qəbul edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2576/2018 saylı qətnaməsi ləğv edilmişdir.
2. Tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin “cavabdehlər X3, İddiaçı və "xxxx" Şirkətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz, dəbbə borcunun alınması ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılması tələbinə dair tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər əsasında təsdiq edilmişdir. a. Tərəflər xx.xx.2011-ci il tarixli AZBA-004787 saylı kredit müqaviləsi (xx.xx.2013cü il tarixli AZBA-004787-002 saylı Razılaşma daxil olmaqla) üzrə cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğini 54994,13 (əlli dörd min'doqquz yüz doxsan dörd) ABŞ dolları və 60 (altmış) manat müəyyən edirlər. b. Göstərilən 54994,13 ABŞ dolları məbləğində borc xx.xx.2020-ci il tarixdən başlayaraq 24 ay ərzində, lakin xx.xx.2022-ci iİ tarixdən gec olmamaqla, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 (bir) təqvim ayı ərzində 200 ABŞ dolları və 60.00 manat, qalan 54994,13 (əlli dörd min doqquz yüz doxsan dörd) ABŞ dolları isə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 23 (iyirmi üç) təqvim ayı ərzində hər təqvim ayı ən azı 1000 ABŞ dolları olmaqla, tam olaraq cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalıdır. c. Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni 01.09. 2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 54994,13 ABŞ dolları və 60 manatın qaytarılmaması, o cümlədən, bu Sazişin 1.2-ci bənd ilə müəyyən edilmiş qaydada qaytarılmaması, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. d. Bu Sazişin 1-ci bölməsində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra cavabdehlərin xx.xx.2011-ci il tarixli AZBA-004787 saylı kredit müqaviləsi (02 iyul 2013-cü il tarixli AZBA-004787-002 saylı Razılaşma daxil olmaqla) iddiaçı qarşısında kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (İddiaçı məxsus olan dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171.1 kv.m ümumi, 100.0 kv.m yaşayış, 71.1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzili) ipoteka yüklülüyündən azad ediləcək və zaminlik müqaviləsinə xitam veriləcəkdir. e. Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər. f. Cavabdehlər borc məbləğini bu Sazişdə qeyd edilən müddətlərə uyğun rəqəmləri qəbul edir və cavabdehlərin ödənişləri nəzərə alınmaqla, borcun tutulma gününə olan qalıq məbləği və 8600 ABŞ dolları iddiaçının xeyrinə tutulur; g. Tutma İddiaçı məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171.1 kv.m ümumi, 100.0 kv.m yaşayış, 71.1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzilinə yönəldilir və tərəflərin razılığına əsasən ilkin satış qiyməti 170.000 (yüz yetmiş min) manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir.
3. İcra vərəqəsi xx.xx.2021-ci il tarixdə verilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Əliyev Cəlaləddin Yusif oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır.
5. Borclu İddiaçı tərəfindən xx.xx.2020-ci ildə 200 ABŞ dolları, xx.xx.2020-ci ildə 300 ABŞ dolları, xx.xx.2021-ci ildə 13830 ABŞ dolları, xx.xx.2021-ci ildə 705,29 ABŞ dolları, xx.xx.2022-ci ildə 799,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 199,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 2001,76 ABŞ dolları, xx.xx.2022-ci ildə 999,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 999,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 999,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 999,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 1000 ABŞ dolları ödənişlər etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi 14925/112601/2021-5 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubu ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171.1 kv.m ümumi, 100.0 kv.m yaşayış 71.1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzilinin satışının təşkil edilməsi “X1 Mərkəzi” MMC-yə təklif olunmuşdur.
7. «X1 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan əmlak 170.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, xx.xx.2021-ci il tarixdə keçirilən hərrac baş tutmamışdır.
8. İpoteka predmeti olan əmlak 144.500 manat satış qiyməti ilə xx.xx.2021-ci il tarixdə təkrar hərraca çıxarılmış, lakin iştirakçı olmadığına görə hərrac baş tutmamışdır.
9. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi «X1 Mərkəzi” MMC-yə 18433/112601/2021- 5-34 saylı xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq hərracın dayandırılıb sifarişin geri qaytarılmasını xahiş etmişdir.
10. Keçirilən təkrar hərrac baş tutmadığına görə, hərrac təşkilatı tərəfindən xx.xx.2021ci il tarixdə ipoteka predmeti 108375 manata ipoteka saxlayana təklif edilmiş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" BOKT MMC əmlakı xx.xx.2021-ci il tarixdə 108375 manata əldə etmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Şöbəsi, DƏDRX-nin Bakı Ərazi İdarəsi və "xxxx" BOKT-a qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 54 nömrəli evin 63 nömrəli mənzilinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən verilmiş “Hərracın nəticələri haqqında” Protokolla, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171,1 kv.m ümumi, 100 kv.m yaşayış, 71,1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzili, tələbkar "xxxx" Bank olmayan kredit təşkilatı MMC-yə təklif edilərək, sonuncuya verilmişdir. 63 saylı mənzil onun adına dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilməklə, onun xüsusi mülkiyyətində olan və ailəsinin birgə istifadəsində olan yaşayış sahəsidir. Mübahisələndirilən hərracın nəticələrinə dair protokol və hərracın keçirilməsi, nəticə etibarı ilə əmlak sahibinin hüquqlarına münasibətdə pozulmaqla, eləcə də sifarişə nisbətdə kobud pozuntuyla yol verilməklə keçirilmiş hesab edilməli və ləğv olunmalıdır. Belə ki, iddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı MMC ilə "xxxx" Şirkəti arasında kredit müqaviləsi üzrə mövcud borcun tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təsdiq edilmiş tərəflər arasında barışıq sazişinə əsasən 54.994,13 ABŞ dolları məbləğində borcun xx.xx.2020-ci il tarixdən başlayaraq, son icra tarixi xx.xx.2022-ci il olmaqla hissə-hissə ödənilməsini cavabdeh tərəf təmin etməlidir. Əks təqdirdə, tələb Bakı şəhəri, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 63 nömrəli mənzilinə yönəldilib, həmin mənzil hərracdan satışa çıxarılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının icrası ilə bağl icra sənədinin icrası tapşırılmış Nəsimi rayon İcra şöbəsi tərəfindən mənzilin hərraca çıxarılması barədə “X2 Mərkəzi” MMC-yə sifariş verilmiş və bununla bağlı xx.xx.2021-ci il tarixdə hərrac mərkəzinə 1975/112601/2021-5-34 saylı sifariş məktubu ünvanlamışdır. Buna səbəb pulu ödəyəcəyini üzərinə götürmüş borclu İddiaçı tərəfindən ödənişin qrafik üzrə ödənilməsinin gecikdirilməsi olmuşdur. Lakin bütün olub-keçənlərdən obyektiv səbəblərə görə onun xəbəri olmamış və olması da mümkün deyildi. Çünki həmin müddətlərdə o, ağır xəstələnmiş, bir müddət Bakı şəhərində müalicə və əməliyyat olunmuş, daha sonra isə vəziyyəti ağırlaşdığından, müalicəsini xaricdə davam etdirməsi məcburiyyəti yarandığından o, xx.xx.2021-ci il tarixdən ölkədən getmiş, xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtmışdır. Hərracla bağlı olub keçənləri digər borclu həyat yoldaşı X4 ilk dəfə xx.xx.2021-ci il tarixdə bilmiş, həmin tarixdə qrafik üzrə yaranmış 23.512 manat borcu tam şəkildə ödəmiş, bu barədə 3-cü şəxs Nəsimi rayon icra şöbəsinə məlumat vermiş və ödəniş qəbzini təqdim etmişdir. Ondan sonra da ödənişlər qrafik üzrə davam etmişdir və hazırda da davam etdirilir. Borclu ilə bağlı faktiki durumu və qrafik üzrə ödənişin edildiyini nəzərə alan icra şöbəsi, xx.xx.2021-ci il tarixdə bu barədə “X1 Mərkəzi” MMC-yə bildirmiş və hərracın dayandırılıb, sifarişin geri qaytarılmasına dair rəsmi məktub vermişdir. Bundan sonra da hər ay ödənişlər davam etdirilmişdir. Lakin buna baxmayaraq, cavabdeh mənzilin dəyərini 25% azaldaraq 82.875 manat məbləğdə xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin əldə olunmasına dair” Banka təklif etmişdir. Göründüyü kimi qrafik üzrə həm tələbkara pul ödənilməsi təmin edilmiş, həm də mənzilin hərracda satışı davam etmişdir. Cavabdeh adı keçən mənzillə bağlı hərracı bu şəkildə “tələbkara təklif etməklə” və təklif bank tərəfindən qəbul edilməklə nəticələnmişdir. Mənzilə dair hərrac keçirilərkən borcluya məlumat verilməmişdir. Bildiriş göndərilib-göndərilmədiyi isə bilinmir, bu heç bir önəm daşımır. Çünki göndərsəydi belə, borclu xaricdə olduğundan alması mümkün deyildi. Bütün bunlara baxmayaraq, hərracın keçirilməsi barədə borclu lazımı qaydada məlumatlandırılması vəzifəsi hərracın və icra məmurun üzərində qalır. Lakin hərrac barəsində ona məlumat verilmədiyindən, mənzilə dair qanunla verilmiş hüquqdan məhrum olunmuşdur. Halbuki, hərracın ilkin nəticəsinə görə də həmin mənzil ilkin olaraq borcluya təklif olunmalı idi. Lakin cavabdeh tərəfindən hərracın keçirilməsi qaydasına riayət edilməmiş, hərracda borclunun iştirakının təmini üçün lazımi tədbirlərin görülməməsi qanunla borcluya verilmiş hüquqların istifadəsindən məhrum edilməsinə səbəb olmuş və nəticədə ona məxsus əmlakın dəyər-dəyməzə özgəsi tərəfindən ələ keçirilməsinə şərait yaradılmışdır. Bundan başqa, hərracın sifarişçisi Nəsimi rayon icra şöbəsidir. İcra şöbəsi xx.xx.2021-ci il tarixdə hərrac mərkəzinə imtina məktubu yazaraq, hərracın dayandırılması və geri qaytarılmasını tələb etmişdir. Belə olan halda, cavabdeh dərhal hərracı dayandırıb sifarişi geri qaytarmalı idi. Lakin cavabdeh sifarişçinin təklifinə zidd olaraq hərracı davam etdirmişdir ki, bu da cavabdehin hərracla bağlı maraqlı olduğunu göstərir. Ölkə ərazisinə qayıdandan sonra bu barədə cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, hərracın nəticəsinə dair məlumat verməmiş və sənədlər təqdim edilməmişdir. Sadəcə olaraq hərracın nəticələrinin ləğv edilməsinin cavabdeh MMC-nin səlahiyyətlərindən kənarda olduğu bildirilmiş və məhkəməyə müraciət etməsi deyilmişdir. Ona görə də mübahisəni məhkəmə yolu ilə həll etmək məcburiyyəti yaranmışdır.
13. Müstəqil tələb irəli sürməyən üçün şəxs "xxxx" BOKT iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddianı əsassız hesab edir və təmin edilməməsini vacib sayır. Belə ki, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir..., yəni hərrac təşkilatçısı qanunun tələbinə görə müvafiq bildirişi sifarişli poçt göndərişi (məktub) ilə göndərməlidir, lakin həmin bildirişin ünvan sahibinə (onun ailə üzvünə) faktiki olaraq verilməsini təmin etmək və ya ipotekaqoyanın faktiki yaşadığı ünvanı müəyyən etmək vəzifəsi yoxdur. "İpoteka haqqında" və “İcra haqqında” AR Qanunlarında nə birbaşa, nə də dolayısı ilə hərrac təşkilatçısının üzərinə belə vəzifə qoyulmamışdır. Hərrac təşkilatçısı öz vəzifəsini (bildirişi göndərmək) yerinə yetirmiş və bildirişi ipotekaqoyana onun rəsmi qeydiyyatda olduğu və icra sənədində qeyd edilən ünvana göndərmişdir. Digər tərəfdən, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsində qeyd edilən "ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir...” vəzifəsinin iddiaçının izah etdiyi kimi başa düşsək, onda ipoteka predmetlərinə tutma yönəldilməsi faktiki olaraq mümkünsüz olar, belə ki, istinad edilən norma məhz belə tətbiq edilsə, ipotekaqoyan fiziki şəxslər ailə üzvləri ilə birlikdə qanuni əsaslarla ölkəni tərk edərək və ya sadəcə iddiaçı kimi yaşayış yerini dəyişərək icra sənədinin icrasından yayınar və bununla da, tələbkarların əmlak maraqlarına mühüm ziyan vurmuş olarlar. Hərracın dayandırılması və geri qaytarılması barədə Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna gəlincə bildirirlər ki, hərracın keçirilməsi barədə sifariş məktubu mütləq icrası AR qanunları ilə təmin edilən icra sənədinin tam icra edilməsi, bu halda hərrac keçirilməsini təmin etmək məqsədilə göndərilmişdir. Hərracın dayandırılması barədə məktubun göndərilməsi hansı zərurətdən yaranıb? Əgər borc tam ödənilmişdirsə, o halda icraata xitam verilməsi və ya heç olmasa, icranın dayandırılması barədə qərar qəbul edilə bilərdi. Sadə bir məktub hərracın dayandırılması (icra sənədinin həmin hissədə icrasının) üçün əsas ola bilməz. Belə ki, həmin tarixə icra sənədi üzrə icraat dayandırılmamış və ya borc ödənilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 2632/2022 saylı qətnaməsi ilə (hakim T.Axundov) iddia tələbi təmin edilmiş, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 63 nömrəli mənzilinin satışı ilə bağlı keçirilmiş hərracın nəticələrinə dair xx.xx.2021-ci il tarixli, YP 166 saylı satış protokolunun etibarsız hesab edilməsi, cavabdeh “X1 Mərkəzi” MMC-dən 100 (bir yüz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “X1 Mərkəzi” MMC tərəfindən mübahisəli hərrac qanunvericiliyin tələbləri pozulmaqla təşkil edilmiş, keçirilmiş və nəticələrinə dair satış protokolu tərtib edilmişdur. Belə ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər ipoteka qoyan olan iddiaçıya çatdırılmamış, icra işinin materiallarında hərracın keçirilməsinə dair bilidirişlərin cavabdehin ünvanına da göndırilməsinə dair məlumatlar olsa da, bildirişlərin poçta verilməsi və iddiaçı tərəfindən qəbul edilməsinə dair heç bir sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Yəni bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur. Məhkəmənin mövqeyinə görə qanunvericilik bildirişin tərəflərə verilməsi vəzifəsini hərrac təşkilatının üzərinə birbaşa qoyduğu üçün hərrac təşkilatı tərəfindən bu prosessual qaydaya əməl edilməməsi hərracın keçirilmə qaydalarının pozulması deməkdir. Hərracın keçirilməsinin qaydaları ona hesablanmışdır ki, mülkiyyətçi ona məxsus olan mənzilin hərraca çıxarılması ilə bağlı məlumatları əldə edə bilsin və qanunda nəzərdə tutulan hüquqlarından istifadə edə bilsin. Belə ki, mülkiyyətçi özü hərracda iştirak edə bilər, başqa şəxsləri cəlb edə bilər. Digər tərəfdən, borclu tərəfindən gecikmiş öhdəliyin tamamilə icra edilməsi və hərracın dayandırılması barədə icra qurumunun göstərişi nəzərə alınmamışdır.
16. Bundan başqa iş materialları ilə o da müəyyən edilir ki, hətta hərracın nəticələrinə dair xx.xx.2021-ci il tarixli satış protokolu tərtib edildikdən sonra da, ödəniş qrafiki üzrə ödənilməli olan məbləğlər 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar, fevral, və sonrakı (ödənişlər 2022-ci ilin may ayınadək davam edir) aylar üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş, cavabdeh tərəfindən isə ipoteka predmeti qəbul edilməsinə baxmayaraq, istər xx.xx.2021-ci il tarixdə öhdəliyin gecikdirilmiş hissəsinə görə 23512 manat, istərsə də, iddiaçı tərəfindən daha sonra ödənilmiş məbləğlər qəbul edilmiş və iddiaçıya xx.xx.2021-ci il tarixli satış protokoluna əsasən ipoteka pedmetinin tərəflərindən qəbul edilməsi barədə heç bir məlumat verilməmiş, iddiaçı isə icra məmurunun xx.xx.2021-ci il tarixli məktubuna əsasən, hərracın dayandırılıb sifarişin geri qaytarılmasını zənn edərək daha sonra da, ödənişlərini həyata keçirmişdir.
17. Məhkəmə mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 3.2, 61.1, 61.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299.1, 415.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
18. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilat MMC apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-2632/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixdə qəbul etdiyi qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərin məlumatlandırılmasını təsdiq və ya inkar edən sübutlar (bildirişlərin verilməsini təsdiq edən poçt qəbzləri) cavabdeh məhkəmə barədə lazımi qaydada məlumatlandırılmadığı üçün məhkəməyə təqdim edilməmiş və məhkəmədə tədqiq edilməmişdir. “İcra haqqında” AR Qanunun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir”, yəni icra məmurunun qanuni tələbinin icrası məcburidir. 2(105)- 86/2020 saylı iş üzrə AR Sumqayıt Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli İcra vərəqəsi üzrə əmlak balansa qəbul edildikdə Nəsimi İcra Şöbəsinin depozit hesabına son satış qiyməti ilə borc məbləği arasında olan fərq ödənilmişdir. Cavabdeh hərrac şirkəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır, belə ki, ona göndərilən məktub ünvana və SMS məlumatlandırma GSM nömrəsinə çatdırılmamışdır (iş materiallarının 27, 29, 43 və 91-ci səhifələri) Bu səbəbdən çəkişmə prinsipinə əməl edilməmişdir, belə ki, hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumatın lazımi qaydada göndərilməsini və ya əksini sübut edə biləcək poçt qəbzləri hərrac keçirən təşkilatdadır, o isə məhkəmədə iştirak etməmişdir. İddianın təmin edilməsi işin faktiki hallarına - yəni, hərracın keçirilməsi vaxtı və yeri barədə ipoteka qoyana göndərilən Bildirişin çatdırılıb-çatdırılmaması hərrac təşkilatınınməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığı üçün məhkəmədə iştirak etməməsinə görə araşdırılmadığından iddianın tam təmin edilməsi işin qeyd edilən hallarına uyğun gəlmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilat MMC-nin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
23. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı, cavabdeh “X1 Mərkəzi” MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Şöbəsi, DƏDRX-nin Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
“İpoteka haqqında” AR Qanununun:
28. Qanunun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
29. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
30. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
31. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
33. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
34. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
“İcra Haqqında” qanunun:
35. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
36. 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
37. 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
42. İşin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi əsasında yaranmış münasibətlər üzrə mülki mübahisə olmuş, həmin mübahisə ilə bağlı onlar xx.xx.2020-ci il tarixli barışıq sazişi işzalamışlar və həmin barışıq sazişi Sumqayıt apellyasiya məhkəməsi tərəfindən təsdiq edilərək icraya yönəldilmişdir.
43. Qeyd edilən barışıq sazişinə əsasən cavabdehlərin borcu 54994,13 ABŞ dolları müəyyən edilmiş, tərəflər həmin borcun xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 23 təqvim ayı ərzində, ayda 1000 ABŞ dollarından az olmayaraq tam ödənilməsi, ödənişlərin hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Tərəflər həmçinin razılaşmışlar ki, cavabdehlər bu sazişlə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə bu sazişi təsdiq edən qərardad məcburi icraya yönəldilir, cavabdehlərdən borcun tutulma gününə olan qalıq məbləğ və əlavə olaraq 8600 ABŞ dolları iddiaçının xeyrinə tutulur, tutma ipoteka predmeti olan mənzilə yönəldilməklə, həmin mənzil 170.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılır və mənzil boşaldılır, satışdan əldə edilmiş vəsait isə hərracla bağlı xərclərin, habelə icra ödənişlərinin ödənilməsinə yönəldilir. Sazişlə o da nəzərdə tutulmuşdur ki, cavabdehlər öz öhdəliklərini bu sazişlə müəyyən edilmiş qaydada yerinə yetirmədikdə icra sənədi müvafiq olaraq icraya yönəldilir və AR qanunvericliyi əsasında icra edilir.
44. İddiaçı bildirir ki, onun tərəfindən bu saziş üzrə nəzərdə tutulmuş öhdəliklər icra edilmiş, buna baxmayaraq icra sənədi icraya yönəldilmiş və ona mülkiyyət hüququ ilə məxsus ipoteka predmeti olan mənzil açıq hərracdan satılaraq, ipoteka saxlayan "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir.
45. Lakin iş materiallarında olan icra qurumu tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı üzrə icra vərəqi xx.xx.2021-ci ildə verilmiş, həmin icra sənədi üzrə Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə iş üzrə əsas borclu olan X3 tələbin könüllü icrası barədə bildiriş verilmişdir.
46. Lakin həmin tarixdən əmlakın hərraca çıxarılmasına dair sifarişin verildiyi xx.xx.2021-ci il tarixədək keçən müddətdə icra sənədinin icrası ilə bağlı borclular tərəfindən cəmi iki dəfə - xx.xx.2020-ci ildə 200 manat və xx.xx.2020-ci ildə 300 manat olmaqla, yalnız 500 manat ödənişlər edilmişdir.
47. Məhz bu səbəbdən tələbkar icra sənədinin icra edilməsi üçün icra qurumuna müraciət etmiş və icra qurumu tərəfindən ipoteka predmetinin satılması ilə bağlı cavabdeh “X9” MMC-yə əmlakın satılması ilə bağlı sifariş verimişdir.
48. Yalnız təkrar hərracın baş tutmadığı və hərrac təşkilatı tərəfindən xx.xx.2021-ci ildə tələbkar "xxxx" BOKT MMC-yə əmlakın əldə edilməsi barədə təklif göndərildikdən sonra borclu şəxs tərəfindən barışıq sazişi üzrə xx.xx.2021-ci il tarixdə 23512 manat ödəniş edilmişdir.
49. Qeyd edilənlər onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri borclu şəxslər tərəfindən uzun müddət ərzində icra edilmədiyindən, tələbkar MMC-nin həmin barışıq sazişi üzrə verilmiş icra sənədinin məcburi icrasını tələb etmək hüququ yaranmış və MMC bununla bağlı icra qurumuna müraciət etmişdir. Bu səbəbdən icra qurumu tərəfindən ipoteka predmeti olan mənzilin hərracdan satılması ilə bağlı hərrac təşkilatına sifarişin verilməsi qanuni olmuşdur.
50. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdeh hərrac təşkilatı bu sifariş əsasında ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 63 nömrəli mənzilinin satışını təşkil etmiş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq ilkin və təkrar hərracın keçirilməsi, habelə mənzilin tələbkar tərəfindən əldə edilməsi zamanı cavabdeh hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.
51. İddiaçı iddia tələbinin əsaslarından biri kimi hərracla bağlı onlara yazılı bildiriş göndərilmədiyinə, hərracın keçirilməsindən xəbərsiz olduqlarına istinad etmişdir.
52. Bununla bağlı kollegiya bildirir ki, cavabdeh təşkilat məhkəmə iclaslarında iştirak etməmiş və hərracın keçirilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir. Lakin həm icra qurumu, həm də üçüncü şəxs olan "xxxx" BOKT MMC tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər bütün maraqlı tərəflərə, o cümlədən borclular İddiaçı və X3 göndərilmişdir.
53. Kollegiya həmçinin qeyd edir ki, “İpoteka Haqqında” qanunun ipoteka predmetinin açıq hərracdan satılması qaydalarını müəyyən edən 42.1-ci maddəsində hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirilməsi ilə yanaşı, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi müəyyən edilsə də, bu bildirişin ünvan sahibi tərəfindən alınmamasının və onun hərracda iştirak etməməsinin hərracın keçirilməsinin qarşısını alması kimi bir qayda müəyyən edilməmişdir.
54. Eyni zamanda, «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-nın 23 oktyabr 2007-ci il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli Qərarında Mülki Məcəllənin hərracın keçirilməsi barədə bildirişlərə dair tələbləri müəyyən edən 415.2-ci maddəsi ilə bağlı hüquqi mövqeyi belə olmuşdur ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
55. Bundan başqa kollegiya hesab edir ki, iddiaçının uzun müddət ölkə hüdudlarından kənarda olması və bu səbəbdən onun ipoteka predmetinin hərracda satılmasından xəbərsiz olması faktı özlüyündə icra tədbirləri çərçivəsində hərracın keçirilməsini hər hansı şəkildə əngəlləyən bir hal kimi nəzərə alına bilməz.
56. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilərək keçirilmiş hərracın nəticələri ipoteka qoyan olan iddiaçının hərracın keçirilməsi ilə bağlı bildirşləri almaması və hərracda iştirak etməməsi əsası ilə etibarsız hesab edilə bilməz.
57. Bundan başqa, iddiaçı hərrac təşkilatının hərracın dayandırılaraq sənədlərin geri qaytarılması barədə məktubunu nəzərə almadan hərracı keçirməsinin qanunsuz olmasına istinad etmişdir.
58. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 63 nömrəli mənzili icra məmurunun xx.xx.2021-ci il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmış, ilkin və təkrar hərraclar müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş, əmlak ipoteka saxlayana 19 noyabr 2021-ci ildə təklif edilmiş və xx.xx.2021-ci il tarixdə onun tərəfindən əldə edilmişdir. Bundan başqa, "xxxx" BOKT MMC xx.xx.2021-ci ildə həmin mənzilin hərracda satılması üçün hərrac təşkilatına 5419 manat xidmət haqqını ödəmişdir.
59. İcra qurumu tərəfindən hərrac təşkilatına ünvanlanmış hərracın dayandırılması barədə məktub isə xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir.
60. Göründüyü kimi, həmin məktub ipoteka predmeti olan mənzilin ilkin və təkrar hərracla bağlı hərəkətlər başa çatdıqdan və əmlak ipoteka saxlayana təklif edildikdən və bu təklif onun tərəfindən qəbul edilərək hərracın keçirilməsi ilə bağlı xərclər onun tərəfindən ödəndikdən sonra tərtib edilmişdir.
61. Qeyd edilən məktubun hərrac təşkilatına göndərilib-göndərilməməsi, göndərildiyi təqdirdə isə hərrac təşkilatının məktubu hansı tarixdə alması kimi hallar iş materialları ilə ümumiyyətlə müəyyən edilmir.
62. Kollegiya hesab edir ki, qeyd edilən məktubun hərrac təşkilatına çatdırılması təsdiq olunduğu halda da, bu, hərracın satışının dayandırılmasına əsas verə bilməzdi. Belə ki, qeyd edildiyi kimi həmin məktub artıq ipoteka predmetinin ipoteka saxlayana təklif edilməsindən və sonuncunun həmin əmlakı almaqla bağlı razılıq verərək, hərracın keçirilməsi ilə bağlı xərcləri ödəməsindən sonra tərtib edilmişdir.
63. “İpoteka Haqqında” qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
64. Qanunun qeyd edilən maddəsinin tələbindən göründüyü kimi ipoteka saxlayanın təkrar hərracın keçirilməsindən sonra əmlakı əldə etməsi yalnız məhdud zaman çərçivəsində mümkündür.
65. Üstəlik, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.
66. Hazırkı işin hallarını qeyd edilən qanunvericilik normasından və onun şərh edilməsinə dair KM-nin qərarındakı mövqedən yanaşmaqla təhlil etdikdə bu nəticəyə gəlmək olur ki, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 63 nömrəli mənzilin satışı ilə bağlı ilkin və təkrar hərrac keçirildikdən sonra hərracın hər hansı əsasla dayandırılması ipoteka saxlayanın həmin ipoteka predmetini “İpoteka Haqqında” qanunda nəzərdə tutulmuş əsaslarla əldə etmək hüququnu əhəmiyyətli dərəcədə çətinləşdirmiş, yaxud da ümumiyyətlə mümkünsüz etmiş olacaqdır.
67. Bu mənada kollegiya hesab edir ki, icra məmurunun hərracın dayandırılması və sifarişin geri qaytarılması barədə hərrac təşkilatına məktubu hərracın dayandırılmasına əsas verə bilməzdi.
68. Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, iddia tələbi əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan və maddi hüquq normalarını düzgün tətbiq etmədən iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.
69. Bu səbəbdən kollegiya iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasıya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
70. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 2632/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Şöbəsi, DƏDRX-nin Bakı Ərazi İdarəsi və "xxxx" BOKT-a qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.