Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6308/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3782/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “İcarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyul 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, ona təhvil verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3782/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq təhvil verildiyi tarixədək hər ay 1600 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə aidiyyəti qaydalarına əməl edilmədiyindən apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən çıxarışdan aydın olur ki, iddiaçının kafel-metlaxın topdan satışı ilə əlaqədar aktiv statuslu VÖEN-ü (**********) və cavabdehin xonçaların bəzədilməsi ilə əlaqədar aktiv statuslu VÖEN-ü (**********) var. Yəni, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi kommersiya fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadə olunur və mübahisə də öz xarakterinə görə sahibkarlıq fəalliyətindən irəli gələn mübahisədir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi, yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı qərarında (qərara əlavə olunmuş cədvəldə) məhkəmələrə izah edilir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüqüq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prossesual qaydalara müvafiq aparılır. Bu prinsip və prossesual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələrindən yaranan tələblərə yalnız kommersiya məhkəmələrində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi - kommersiya mübahisəsi olduğundan həmin tələbə baxılması səlahiyyəti mülki icraat qaydasında kommersiya məhkəməsinə aiddir. İş materiallarından məlum olur ki, cavabdeh Bakı şəhərində qeydiyyatdadır və ona görə də hazırkı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 32.3, 32.4, 384.0.4, 385.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3782/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6308/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6308/2025
09.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver