Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-631/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2241/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli qərarnın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/219 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Nəsimi RPİ-nin 20-cı Polis Bölməsində araşdırılma aparılan zaman verdiyi izahatından görünür ki, o, İddiaçı təxminən 2010-cu ildən tanıyır və onunla xoş münasibətləri olub. Bu münasibətdən irəli gələrək 2011-ci ilin ortalarında maddi ehtiyacı olduğundan ona 10000 manat pul verib. Həmin ərəfədə ona pulun nə vaxt qaytarılması barədə heç bir söz deməyib. Bundan təxminən 10 il keçməsinə baxmayaraq İddiaçı ondan pul istəmədiyindən Şakit Məmmədova pulu qaytarmayıb. Lakin 2022-ci ilin ortalarında İddiaçı ilə aralarında olan söhbət zamanı o pula ehtiyacı olmasını deyərək verdiyi 10000 manat puldan 5000 manatını qaytarmasını və qalan hissəsini ona bağışladığını bildirib. O, bundan sonra hissə-hissə olmaqla 2022-2023-cü illər ərzində İddiaçı 5800 manat pul qaytarıb. Lakin İddiaçı pulun qalan hissəini ondan tələb etməyərək ona bağışlamasını bildirib. Son aylar ərzində isə İddiaçı ilə aralarında olan münasibətlərində sərinlik yarandığından ondan 4200 manat pulu digər tanışları vasitəsilə tələb etməyə başlayıb. İddiaçı Zərdab rayon Maliyyə İdarəsidə rəis vəzifəsini müvəqqəti əvəz etdiyi müddətdə onunla aralarında heç bir təmənna olmayıb, İddiaçı onun maddi ehtiyacı olmasını bilərək ona dost kimi yardım məqsədilə 10000 manat pul verib, lakin təxminən 10-12 il sonra maddi sıxıntısı olmasını deyərək həmin məbləğin 5000 manatını ondan istəyib və o da İddiaçı 5800 manat pul qaytarıb. İddiaçı Zərdab rayon Maliyyə İdarəsidə rəis təyin olunması ilə bağlı aralarında heç bir söhbət olmayıb. İddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında İddiaçı həmin məbləği ona bağışladığı üçün o, heç bir məbləğdə pul qaytarmaq niyyətində deyil. Belə ki, onların yoldaşlığı müddətində o da İddiaçı müxtəlif köməkliklər edib və həmin məbləğ ödənilmiş hesab olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödənilməmiş qalan 4200 manat məbləğində borcun və məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavadehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə tanışlıq münasibətində olub. Tərəfindən ona müəyyən məqsədlər üçün 10000 manat məbləğində pul verməyini istəyib və o da cavabdehə aralarındakı tanışlara güvənərək istədiyi 10000 manat pulu verib. Cavabdeh həmin puldan müəyyən hissəsini hissə-hissə ödəsə də, 4200 manatını ödəmir və bu da onu ciddi sıxıntılara məruz qoyur. Bununla bağlı aralarında dəfələrlə danışıqlar olub, lakin faydası olmayıb. Tərəfindən bu barədə cavabdehə edilmiş yazılı müraciəti də cavabsız qalıb. Qeyd edir ki, cavabdeh sonuncu dəfələ xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat olmaqla, onun kartına pul ödəyib. Lakin bundan sonra ödənişi dayandırıb və qalan 4200 manat pulu ödəməyib. Artıq cavabdehlə mövcud münasibətlərinin qarşılıqlı razılıqla həll üsülu mümkünsüz olduğu üçün, hazırkı vəziyyətin ədalətli və alternativsiz həlli yolunun, yalnız məhkəmə olduğu qənaətinə gəlir və hesab edir ki, həm yuxarıda qeyd etdiyi faktiki hallara, həm də ərizədə göstəridiyi hüquqi əsaslara görə iddiasi tam təmin olunmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iş materiallarına əlavə olunan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda və tərəflərin izahatına əsasən tərəflər arasında borc münasibəti olub. İddiaçının izahatında o pulu 2013-cü ildə, cavabdehin izahatında isə 2011-ci ildə verildiyi göstərilib. Qeyd olunan faktdan da göründyü kimi borc münasibətləri ilə bağlı olan 3 illik müddət də, ümumi iddia müddəti olan iddia müddəti də keçib, çünki iddiaçı 10 illik müddəti də ötürüb. Cavabdeh 2022-ci ildə müxtəlif vaxtlarda iddiaçıya iddia müddətinin ötməsindən sonra müəyyən ödənişlər edib, lakin bu ödənişlər də iddia müddətinin axımının yenidən başlanması üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində 383-cü maddəsində göstərilir ki, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Yəni borclu şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra edibsə, icra zamanı icra müdətinin bitdiyini bilməmiş olsa belə, icra etdiyini geri tələb edə bilməz. Yəni qanunvericilik iddiaçıya münasibətdə iddia müddətinin ötməsi ilə bağlı tələbkarın iddia tələbi hüququnun itə bilməsini qeyd etsə də, digər tərəfdən obyektiv və ədadlətli mövqe ortaya qoyaraq borclunun iddia müddətini ötürməsindən sonra etdiyi ödənişlərini də geri tələb edə bilməməsini göstərmişdir ki, balanslı hüquqi mövqeni əks etdirib. Yekunda bildirməlidir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı maddi mənada hüququnu itirsə də, prosessual mənada hüququ qalmaqda davam edib, lakin tərəflərindən verilən maddi mənada hüququnun itirlməsi ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə ilə iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən hazırki iş üzrə iddia müddətini tətbiq edərək iddiaçının iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda və tərəflərin izahatına əsasən tərəflər arasında borc münasibəti olub. İddiaçının izahatında o pulu 2013-cü ildə, cavabdehin izahatında isə 2011-ci ildə verildiyi göstərilib. Borcun 2013-cü ildə verilməsini sübut etmək vəzifəsi iddiaçının üzrərinə düşür. Qeyd olunan faktdan da göründyü kimi borc münasibətləri ilə bağlı olan 3 illik müddət də, ümumi iddia müddəti olan iddia müddəti də keçib, çünki iddiaçı 10 illik müddəti də ötürüb. Cavabdehin 2022-ci ildə ödəniş etməsi iddianın etirafı kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 383-cü maddəsində göstərilir ki, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Yəni borclu şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra edibsə, icra zamanı icra müdətinin bitdiyini bilməmiş olsa belə, icra etdiyini geri tələb edə bilməz. Həmçinin, Mülki Məcəllənin 554.2cü maddəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Hazırda cavabdeh borc üzrə edilmiş ödənişi iddiaçıdan tələb edə bilməz, amma iddiaçı da hazırkı iddia üzrə iddia üzrə iddia müddətini ötürmüşdür. Cavabdeh iddiaçıdan pul götürüb, lakin pulun hansı müddətə qaytarmaq şərti ilə verilməsi iddiaçı sübut etməlidir. İddiaçı 10 il sonra cavabdehdən pul tələb edib, cavabdeh də bir hissəsini qaytarıb. Bundan sonra iddiaçı polisə müraciət edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2241/2024 nömrəli qətnaməsinə əsasən, iddia təmin edilərək Cavabdeh 4200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia üzrə artıq ödənilmiş 37,6 manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ümumilikdə 10000 manat borc pul verdiyini, həmin puldan 5800 manat qaytarıldığını, lakin qalan 4200 manat pulun hazırkı vaxtadək qaytarılmadığını qeyd etmişdir. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. İddiaçı yaranmış mübahisə ilə bağlı daha əvvəl hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsini İstintaq şöbəsi tərəfindən iddiaçının müraciəti əsasında araşdırma aparılmış, lakin toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Cavabdeh Nəsimi RPİ-nin 20-cı Polis Bölməsində araşdırılma aparılan zaman verdiyi izahatından aydın olur ki, tərəflər arasında borc münasibətləri olmuşdur. Belə ki, tərəflər arasında olan şifahi razılığa əsasən iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində borc pul verilmiş, lakin borcun qaytarılması vaxtı müəyyən edilməmişdir. Bundan sonra iddiaçı 2022-ci ildə cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə 2022-2023-cü illər ərzində İddiaçı 5800 manat pul qaytarıb. Cavabdehə əsasən İddiaçı pulun qalan hissəsini ondan tələb etməyərək qalan borcu ona bağışladığı bildirib. Lakin qeyd edilən halla bağlı tərəflər arasında hər hansı bir razılıq olduğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh polis bölməsində verdiyi izahatda həmin məbləğdə borcu olduğu qəbul etsə də, borcu ödəməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borcun qalan hissəsi olan 4200 manat cavbdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə həmin vəsatəti “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə kimi nəzərə alır. Belə ki, iş materialları və tərəflərin vermiş olduğu izahatlarla aydın olur ki, iddiaçı tərəfindən cavabdehə 2011-2013-cü illərdə (iddiaçıya əsasən 2013, cavabdehə əsasən 2011-ci il) 10000 manat məbləğində borc pul verilsə də, borcun qaytarılması üçün konkret vaxt müəyyən edilməmiş, borc qeyri-müəyyən vaxta verilmişdir. Cavabdeh polis böməsində verdiyi izahatında da bunu təsdiq etmişdir. Bundan sonra iddiaçı 2022-ci ildə borcun qaytarılması ilə cavabdehə müraciət etməklə hazırkı iddia üzrə iddia müddətini axımını başlatmışdır. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş vəsatəti (ərizəni) əsassız hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 372.1, 372.2, 373.1, 375.1, 375.2, 377.3, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 739.1-ci maddələrinə,Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2241/2024 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödənilməmiş qalan 4200 manat məbləğində borcun və məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavadehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-2241/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı borc barədə iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən iş üzrə maddi və prossesual hüquqları pozmuş və iddiaçının əsassız iddiasını təmin etmişdir belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi onun iddia müddətinin tətbiqi barədə ərizəsini təmin etməmişdir. Çünki iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötəndən sonra verilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı vəsatət təmin olunmamaqla cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi faktını nəzərə almamışdır. İş materiallarına əlavə olunan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda və tərəflərin izahatına əsasən tərəflər arasında borc münasibəti olmuşdur. İddiaçının izahatında o pulu 2013-cü ildə, cavabdehin izahatında isə 2011-ci ildə verildiyi göstərilmişdir. Qeyd olunan faktdan da göründyü kimi borc münasibətləri ilə bağlı olan 3 illik müddət də, ümumi iddia müddəti olan iddia müddəti də keçmişdir çünki iddiaçı 10 illik müddəti də ötürmüşdür. Cavabdeh 2022-ci ildə müxtəlif vaxtlarda iddiaçıya iddia müddətinin ötməsindən sonra müəyyən ödənişlər edib, lakin bu ödənişlər də iddia müddətinin axımının yenidən başlanması üçün əsas deyil belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində 383-cü maddəsində göstərilir ki, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz, yəni borclu şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müdətinin bitdiyini bilməmiş olsa belə icra etdiyini geri tələb edə bilməz yəni qanunvericilik iddiaçıya münasibətdə iddia müddətinin ötməsi ilə bağlı tələbkarın iddia tələbi hüququnun bitə bilməsini qeyd etsə də digər tərəfdən obyektiv və ədadlətli mövqe ortaya qoyaraq borclunun iddia müddətini ötürməsindən sonra etdiyi ödənişlərin də geri tələb edə bilməməsini göstərmişdir ki, balanslı hüquqi mövqeni əks etdirmişdir. İddiaçı maddi mənada hüququnu itirsə də, prosessual mənada hüququ qalmaqda davam edib, lakin tərəfindən verilən maddi mənada hüququnun itirilməsi ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə ilə iddia tələbi təmin edilməməli idi, lakin Nizami Rayon Məhkəməsi qeyd olunan faktlara düzgün qiymət verməyərək qanuni və əsaslı qətnamə çıxarmamışdır. Ona görə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2241/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, hazırkı mülki işdə İddiaçı tərəfindən Cavabdeh qarşı 4200 manat məbləğində pul tələbi ilə iddia qaldırılmış və həmin iddia Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(0Q7)- 2241/2024 saylı qətnaməsi ilə təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətində iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İlk əvvəl, qeyd edək ki, xahişimiz əsasında məhkəmə sorğusu ilə əldə olunan və iş materiallarına əlavə olunan Nəsimi RPİ-nin 11 mart 2024-cü il tarixli qərarından (“müəyyən etdi” hissəsinin 7-ci abzasından) mübahisəsiz şəkildə görünür ki, tərəflər arasındakı hazırkı münasibət üzrə cavabchin əməlində AR Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmuş, lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət təqibi başlana bilməmiş və bu səbəbdən də iddiaçının müraciəti əsasında toplanmış İİK-1/219 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdehin həmin qərardan məlumatlı olması məhkəməyə təqdim etdiyi həm yazılı, həm də şifahi müraciətlərindən görünməkdədir. Qeyd edildiyi kimi, qərardan mübahisəsiz görünür ki, tərəflər arasındakı münasibət borc münasibəti kimi qiymətləndirilməmiş, cavabdehin əməlində AR CM-nin 178.1-ci maddəsinin (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) tərkib əlamətləri müəyyən olunmuşdur. Belə olan halda, cavabdehin hazırkı apellyasiya şikayətində borc müqaviləsi üzrə iddia müddətinin tətbiq olunması barədə xahişi əsassızdır. Həmin qərardan, həmçinin, görünür ki, iddiaçı cavabdehlə 2013-cü il tarixdə tanış olduğunu, onun verdiyi güvən sayəsində 10000 manat pulu ona rəis təyin olunması üçün verdiyini və 2015-ci ildə həmin vəzifəyə başqa şəxs təyin olunduğunu, cavabdehin bundan sonra onu müxtəlif vədlərlə aldatdığını bildirmişdir. Cavabdehin iddiaçıdan işə düzəltmək adı ilə pul alması və həmin pulu qaytarmaması halı iş materiallarında olan Nəsimi RPİ-nin 11 mart 2024-cü il tarixli qərarından görünür və cavabdeh bu qərarla razılaşmışdır. Bu səbəbdən iddiaçı hazırda həmin pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Hesab edir ki, işə baxan məhkəmə, cavabdehin hazırkı iş üzrə işin halı ilə bağlı lıeç bir izahat vermədiyini, sadəcə Nəsimi RP-niıı bəhs olunan qərarına istinad etdiyini, iş üzrə mövcud olan həmin materialın surətlərindən göründüyü kimi də, həmin işdə onun fərqli izahatlar verdiyini (gah 2010-eu ildə tanış olduqlarını, gah 2011-ci ildə tanış olduqlarını, gah 2011-ci ildə pul aldığını, gah da 2012-ci ildə pul aldığını, qaytardığı 5800 manat məbləğinin gah 2022-ci ildə, gah da 2023-eü ildə qaytardığını və s.) və ən əsası Nəsimi RPİ-nin 11 mart 2024-cü il tarixli qərarı ilə onun əməlində cinayət tərkibinin əlamətlərinin mövcud olunduğunun müəyyən olunmasını nəzərə alaraq, cavabdehin tərəflər arasında borc münasibətləri olması barədə dəlillərini əsaslı hesab etməməli, borc müqaviləsi üzrə iddia müddətini tətbiq etməməlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında guya şifahi borc müqaviləsi olduğuna görə 3 illik iddia müddətinin ötürüldüyünə əsaslanmışdır. Borc müqaviləsi barədə tərəflər razılığa gəlmiş olsaydılar, o zaman, həm bunun üçün bir müddət də müəyyən olunmuş olardı. Cavabdehin qeyd etdiyi ziddiyyətli izahatlarından da görünür ki, onun tanımadığı bir insanın, tanış olan kimi ona 10.000 manat borc pul verməsi və onu uzun illər geri istəməməsi, üzərindən 10 il keçəndən sonra bu pulun yarısını istəyib qalanını da ona hədiyyə etməsi barədə bildirdikləri nəinki inandırıcı deyil, gülüncdür. Həmin ildə bu pula iddiaçı Bakı şəhəri üzrə 4-cü zonada 1 otaqlı (30 kv.metr) yeni tikili ala bilərdi. Onun bu imkanı dəyərləndirmək əvəzinə yenicə tanış olduğu şəxsə bunu hədiyyə etməsi təbii ki, gülüncdür. Cavabdeh bu barədə özünə əziyyət verməyərək, yalan da olsa, tutarlı bir fikir bildirməmişdir. Məhz bu cür əsassız fikirlərinə görə də onun dedikləri bəhs olunan qərarda nəzərə alınmamışdır. Göstərilən bütün bu mübahisəsiz hallardan görünür ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmuşdur, iddiaçı da hazırkı tələbində daha artığını tələb etmək imkanı olduğu halda sadəcə vurulmuş ziyanı tələb etmişdir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Deliktdən yaranan tələblər üzrə isə ümumi iddia müddəti (10 il) tətbiq edilir. Cavabdehin özünün etirafları əsas götürülsə belə, hazırkı iddia müddəti ötürülməmişdir. Çünki, cavabdeh 2022-2023-cü illərdə iddiaçıya pul ödədiyini və bu pulu 2012-ci ildə aldığını etiraf etmişdir. Hesab edir ki, sadaladıqları bütün bu mübahisəsiz hallar nəzərə alınaraq cavabdehin iddia müddətinin tətbiq olunaraq iddia tələbinin təmin olunmaması barədə verdiyi apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasına dair vəsatətlə məhkəməyə müraciət etsə də, vəsatətində istinad etdiyi hala dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; .... 6.1.5. müqavilələr azadlığı; .... Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı apellyasiya şikayətinə qarşı etirazında 2013-cü ildə cavabdehə verdiyi 10000 manat pul vəsaitinin borc deyil, sonuncunun hərəkərtləri nəticəsində ona vurulmuş ziyan olmasını və bunun cinayət işinin başlanmasının rədd edilməsi qərarı ilə təsdiq olunduğunu qeyd etsə də, araşdırma zamanı tədqiq olunan sübutlarla bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının şikayəti əsasında Nəsimi RPİ-də aparılan araşdırma zamanı da sübut kimi yalnız tərəflərin izahatları tədqiq edilmiş, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığından, kollegiya belə nəticəyə gəlir ki, tərəflər arasında şifahi qaydada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı 2013-cü ildə cavabdehə qaytarılması müddəti müəyyən edilmədən 10000 manat borc pul vermiş, 2022-ci ildə cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə 2022-2023-cü illər ərzində iddiaçıya borcundan 5800 manat qaytarmış, qalan 4200 manatı isə qaytarmamışdır. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd edir ki, etirazında istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan cavabdehin izahatı ilə borcun qaytarılması müddəti müəyyən edilmədən verilməsi təsdiq olunduğundan, borc verənin tələbi ilə borc alan tərəfindən borcun bir hissəsinin 2022-2023-cü il tarixlərində ödənildiyindən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlandığından iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbinin tam həcmdə təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2241/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-631/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-631/2025
15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver