Məhkəmə qərarları › İş №2(103)-6310/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6310/2024

05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6310/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh İddiaçı 46.250 dollar məbləğində pulu borc olaraq götürmüş, Toğana kəndində yerləşən evini girov qoymuşdur.

2. xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı yazaraq bildirmişdir ki, bu neçə illər ərzində Cavabdeh, X11, X6, X9 arasında bir neçə dəfə olan borcları (pulları) tam bağlandığını və heç bir kəslə aralarında iddialı borc qalmadığını oğlu X2 şahidliyi ilə təsdiq edir və mətni oğlu Ruslan yazdığını təsdiq edir.

3. xx.xx.2022-ci il tarixli borcverən İddiaçı və borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 51.000 manat məbləğində pulu verməyi, borc alan isə həmin pulu 2023-cü ilin mart ayından başlayaraq 5000 manat, sonuncu ay isə 6000 manat olmaqla borc verənə tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür.

4. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, V***** R***** T***** oğluna məxsus 416973******1808 kart hesabına 4.000 manat məbləğində pul köçürülmüşdür.

5. xx.xx.2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 10.020 manat məbləğində pul ödənilmişdir.

6. xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, RU*******V******* hesaba ayrı-ayrılıqda 500 manat məbləğində pul köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 76250 (yetmiş altı min iki yüz əlli) ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin, məhkəməyə ödədiyi 420 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh onun qaynı Rasimin vasitəsilə tanımışdır. Rasimlə uzun illər dostluq münasibətləri olmuşdur. Həmin vaxt Qəşəmin işləri yaxşı getmədiyi üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh 46250 ABŞ dolları borc verdi. Borcun qarşılığında bildirdi ki, əgər öhdəliyini icra etməsə, ona məxsus olan Göygöl rayonu, Toğana kəndində yerləşən 0.18 ha torpaq sahəsini satsın və pulu götürsün. Bununla bağlı olaraq özü və həyat yoldaşı X3 tərəfindən verilmiş etibarnamələri və evin sənədlərini təqdim etdi. Göygöl rayonu, Toğana kəndində yerləşən Villanın təqribi qiyməti 350-400 min manat civarındadır. Bundan sonra iddiaçıdan əlavə olaraq 2022-ci ilin yay ayında 30000 ABŞ dolları pul istədi. Evin sənədləri iddiaçıda olduğu üçün ona güvənərək əlavə 30000 ABŞ dolları verdi. Lakin, bir müddət keçdikdən sonra bildi ki, Cavabdeh ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonra onun barəsində Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etdi. Polis əməkdaşları hər ikisini çağıraraq izahatlarını almışdılar. İş Şövqü adlı şəxsin icraatında olmuşdur. Bir müddət sonra iddiaçıya Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən zəng gəldi. Bildirdilər ki, şikayət vardır. Ancaq polis şöbəsindən ona növbəti hər hansı çağırış gəlmədi. Bugünədək cavabdeh tərəfindən ona hər hansı ödəniş edilməmişdir. Ona görə də məhkəmə müdafiəsi hüququndan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı 76250 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin, məhkəməyə ödədiyi 420 manat dövlət rüsumunun ona ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz və digər sənədlər vahid məhkəmə portalında yaradılmış şəxsi kabinetə yüklənmişdir. Cavabdeh iddia tələbini etiraf etmiş, ümumi borcdan 15500 manat ödəniş etdiyini bildirmişdir. Hal-hazırda iddia tələbinin həcminin azaldılmasına zərurət vardır. Belə ki, Cavabdeh 76250 ABŞ dolları borcundan 15500 manat ödəniş etmişdir. Bu isə ABŞ dolları ekvivalentində 9118 ABŞ dolları edir. Cavabdeh 67132 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin, məhkəməyə ödənilmiş 420 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı üzrə hüquq münasibətinin yarandığı an qüvvədə olmuş maddi hüquq normasının tapılması vacibdir. Mülki işin materiallarına əsasən isə müəyyən edilir ki, tərəflər arasında borc münasibətləri şəxsi məqsədlər üzrə 2021-ci il tarixindən yaranmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən yekun qalan borc puldan 15.500 manat pulun ödənildiyini nəzərə alaraq ümumilikdə 67.132 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin cavabdehdən tutulmasını tələb etsə də, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, hazırda iddiaçı cavabdehdən borc pulu ABŞ dolları ilə tələb etsə də, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan göründüyü kimi İddiaçı hazırki iş üzrə Cavabdeh həmin tarixə heç bir borcunun olmamasını etiraf etmiş və bunu iddiaçının oğlunun şahidliyi ilə təsdiq etmişdir. Mülki işin materiallarından görünür ki, bundan sonra tərəflər arasında borcun olmaması barədə yekun aktın imzalanmasından sabahki gün xx.xx.2022-ci il tarixli yeni bir kredit müqaviləsi bağlanaraq İddiaçı tərəfindən bu dəfə Cavabdeh borc olaraq 51.000 manat məbləğində pul vəsaitini vermiş, Cavabdeh isə həmin pulu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında daha əvvəl dollarla verilən borc pul üzrə bağlanan kredit müqaviləsi sonradan ləğv edilmiş və onlar arasında sonradan manatla yeni borc pulun verilməsinə dair yeni bir müqavilə bağlanmış və həmin müqavilədə isə əvvəlki borcun davamı (novasiya qaydasında) kimi hər hansı qeyd şərt qeyd edilməmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ABŞ dollarına münasibətdə bağlanan kredit müqaviləsi ləğv edildiyindən hazırda iddiaçının cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt üzrə ödənilməyən borcu qalmadığından əvvəlki dollar ilə verilmiş pulun yenidən tələb edilməsi əsassız olmuşdur. İddiaçı halhazırda qüvvədə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin cavabdehdən tutulmasına dair ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, hazırda Cavabdeh sonradan bağlanan müqavilə üzrə iddiaçıdan aldığı 51.000 manat məbləğində borcdan 15.500 manatı qaytardığını, iddiaçıya 35.500 manat məbləğində borcunun olmasını da etiraf edir. Beləliklə,İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389, 405, 407.2, 421.1, 423.1, 424.2, 424.4-ci maddələri, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2. 76.1, 77.1, 217.3, 216-220, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3435/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında 76250 (yetmiş altı min iki yüz əlli) ABŞ dolları borc münasibəti olmuşdur. Bu fakt cavabdehin məhkəməyə elektron qaydada verdiyi etiraz ərizəsi və xx.xx.2024-cü il tarixdə məhkəmədə verdiyi izahatı ilə təsdiq olunur. Məhkəmə iclasının audio və video qeydiyyatına baxmaqla bu faktın doğruluğunu əyani şəkildə təsdiq etmək olar. MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdeh 76250 (yetmiş altı min iki yüz əlli ) ABŞ dolları borcunun qaytarılmasını xx.xx.2022-ci il tarixli aktla və digər ödəniş qəbzləri ilə təsdiq etmək istəyir. Birinci instansiya məhkəməsi də, qeyd oluna aktı mötəbər sübut kimi qəbul etməklə tərəflər arasında kredit müqaviləsinin xitam olunması qənaətinə gəlmişdir. xx.xx.2022-ci il tarixli aktın məzmunun olduğu kimi diqqətinizə çatdırır. “Mən İddiaçı bu neçə illər ərzində Cavabdeh,X11, X6, X9 arasında olan bir neçə dəfə olan borcları (pulları) tam bağlandığını və heç bir kəslə aramızda iddialı borc qalmadığını oğlu X2 şahidliyi ilə təsdiq edirəm və mətni oğlum Ruslan yazdığını təsdiq edirəm”. Əgər məhkəmə aktın məzmununa diqqət etsəydi açıq-aşkar görünərdi ki, borc münasibətləri yalnız İddiaçılə Cavabdehlə deyil, digər şəxslər arasındadır. Həmin digər şəxslər isə birgə borcludular. Həmin kredit münasibətinə xitam verilmişdir. İddiaçı tərəf olaraq məhkəmədə qaldırdıqları iddia yalnız Cavabdeh qarşı yönəlmişdir və bunu təsdiq edən aktı da, iddia ərizələrini əlavə etmişlər. Qeyd olunan aktın mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilmir. xx.xx.2022-ci il tarixli aktda diqqət çəkən məqamlardan biri odur ki, tərəflər bir neçə illər ərzində mövcud olmuş borc pullarla bağlı mübahisəyə son qoymuşlar. İddiaçı tərəf olaraq tələb etdikləri pul məbləği münasibətlər xx.xx.2021-ci il tarixdə yaranmışdır. Cavabdehin təqdim etdiyi tarix isə bir il sonraya aid olmaqla, İddiaçılə Cavabdeh, X11, X6 və X9 arasında olan borc münasibətlərinə aiddir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasının audio-video qeydiyyatı aparılarkən Cavabdeh 67.132 ABŞ dollarının qaytarılmasını əsaslandıra bilməmişdir. Belə ki, vəkili və nümayəndəsi Cavabdeh akta istinad edərək pulu qaytardıqlarını bildirirlərsə, bəs pulu hansı formada qaytarıblar? Cavabdeh isə qeyd olunan sualdan yayınmış, bu suala hər hansı cavab verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdehlə 1985-ci ildən ailəvi yaxın olmuşlar. Cavabdehin qardaşı ilə alğı-satqı eləmişlər. 2021-ci ildə cavabdeh sex açmışdır, onu da şərik etdi. Cavabdeh bunun üçün ondan 76.250 ABŞ dollar pulu aldı. Rəsmi sənədləşdirmədə cavabdehin adı gedirdi. Sonradan cavabdehlə mübahisələri oldu. Bakı şəhər Baş Polis İdarəsində cavabdeh izahat yazdı və etiraf etdi ki, ona borcu var. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt Bakı şəhər Baş Polis İdarəsində tədqiqat İdarəsinin rəisi Şövqü adlı şəxsin yanında olmuşdur. Həmin zaman Qəşəm barəsində dələduzluq maddəsi ilə cinayət işi açılacaqdı. Cavabdehin qardaşı ona zəng edib xahiş etdi ki, ərizə versin, 30.000 ABŞ dolları pul notarial müqavilə əsasında veriləcək. Qalan pulun əvəzində Göygöl rayonu, Toğana kəndində yerləşən evə dair etibarnamə veriləcəyini bildirildi. Lakin, etibarnaməni sonradan xəbəri olmadan bir tərəfli qaydada ləğv edilib. Evi adına sənədləşdirə bilmədi. Borc öhdəliklərinə xitam verilməsi barədə akt formal bağlanılmışdır. 2 il keçsə də ona ödəniş edilməyib. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

24. Belə ki, iddiaçı tələbini dəqiqləşdirərək 67132 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin tutulmasını məhkəmədən xahiş etmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, tərəflər arasında daha əvvəl dollarla verilən borc pul üzrə bağlanan kredit müqaviləsi sonradan ləğv edilmiş və onlar arasında sonradan manatla yeni borc pulun verilməsinə dair yeni bir müqavilə bağlanmış və həmin müqavilədə isə əvvəlki borcun davamı (novasiya qaydasında) kimi hər hansı qeyd şərt qeyd edilməmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ABŞ dollarına münasibətdə bağlanan kredit müqaviləsi ləğv edildiyindən hazırda iddiaçının cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt üzrə ödənilməyən borcu qalmadığından əvvəlki dollar ilə verilmiş pulun yenidən tələb edilməsi əsassız olmuşdur.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşmır və qeyd edir ki, xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı yazaraq bildirmişdir ki, bu neçə illər ərzində Cavabdeh, X11, X6, X9 arasında bir neçə dəfə olan borcları (pulları) tam bağlandığını və heç bir kəslə aralarında iddialı borc qalmadığını oğlu X2 şahidliyi ilə təsdiq edir və mətni oğlu Ruslan yazdığını təsdiq edir.

27. Digər tərəfdən işin halları ilə müəyyən edilir ki, borcun tam bağlanması ilə bağlı xx.xx.2022-ci il tarixli əlyazmanın imzalandığı gündən 1 gün sonra İddiaçı ilə Cavabdeh arasında 51000 manat borcun verilməsi ilə bağlı notariat qaydada müqavilə imzalanmışdır.

28. İşə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh izahatında bildirirdi ki, iddiaçı onunla bağlı polisə şikayət etmiş, polis idarəsində aralarında razılığa gəlinmiş və müəyyən edilib ki, cavabdehin iddiaçıya 51000 manat borcu var. Cavabdeh bu borcla razılaşıb. Daha sonra iddiaçı cavabdehə bildirib ki, notariusa gedib bu borcu təsdiq etsinlər. Onlar birlikdə notariusa gediblər. Notariusdan onlara bildirilib ki, gərək notariusun hesabına 51000 manat pul qoyulsun ki, belə bir müqaviləni bağlamaq mümkün olsun. İddiaçı özü 51000 manat pulu gətirib və formal olaraq notariusun hesabına qoyub. Aralarında müqavilə bağlandıqdan sonra o, 51000 manat pulu götürərək iddiaçıya qaytarıb. Daha sonra o, 51000 manat borcundan iddiaçıya 15500 manat pulu ödəyib. Yerdə qalan pulu isə qaytarmayıb, bunu etiraf edir. İddiaçının dollarla qeyd etdiyi vəsait isə adıçəkilən kredit müqaviləsindən öncəyə aiddir. Onun iddiaçı ilə kredit müqaviləsi bağlanılarkən olan bütün borcu kredit müqaviləsi ilə tam bağlanmış və o, kredit müqaviləsində qeyd edilmiş pulun ödənilməsini öz üzərinə götürüb.

29. İddiaçı da cavabdeh tərəfindən 15500 manat pulun qaytarılması ilə razılaşaraq birinci instansiya məhkəməsində işə baxılarkən iddia tələbinin həcmini azaltmışdır.

30. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı İddiaçı izahatında bildirir ki, Bakı şəhər Baş Polis İdarəsində cavabdeh izahat yazdı və etiraf etdi ki, ona borcu var. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt Bakı şəhər Baş Polis İdarəsində tədqiqat İdarəsinin rəisi Şövqü adlı şəxsin yanında olmuşdur. Həmin zaman Qəşəm barəsində dələduzluq maddəsi ilə cinayət işi açılacaqdı. Cavabdehin qardaşı ona zəng edib xahiş etdi ki, ərizə versin, 30.000 ABŞ dolları pul notarial müqavilə əsasında veriləcək.

31. Beləliklə, hər iki tərəfin izahatları ilə təsdiq olunur ki, tərəflər arasında borc münasibətləri olmuşdur. Tərəflər xx.xx.2022-ci il tarixli əlyazma ilə borcun tam bağlandığını yazdıqdan 1 gün sonra aralarında olan borcun etirafı barədə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlamışlar. Kollegiya qeyd edir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə kredit müqaviləsi adlansa da hər iki tərəfin izahatı ilə təsdiq olunur ki, həmin müqavilə borcun etirafı müqaviləsidir.

32. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

33. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

34. Mülki Prosessual Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. İşə baxan birinci instansiya məhkəməsi isə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin halları ilə bağlı səhv nəticəyə gəlmişdir.

37. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixli yeni kredit müqaviləsinə əsasən borcdan 15500 manat ödənilməsini bildirmiş, İddiaçı 15500 manat pul ödənildiyini təsdiq etmişdir. Belə olan halda 35500 manat borcun ödənilmədiyi işin mübahisəsiz halıdır.

38. İddiaçı izahatında bildirdi ki, “qalan pulun əvəzində Göygöl rayonu, Toğana kəndində yerləşən evə dair etibarnamə veriləcəyini bildirildi. Lakin, etibarnaməni sonradan xəbəri olmadan bir tərəfli qaydada ləğv edilib”.

39. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin 35500 manatdan artıq borcunun olmasını sübut edə bilmir. Ona görə də iddia tələbi qismən əsaslıdır.

40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 35500 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 196,5 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,25 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.

41. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 35500 (otuz beş min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 196,5 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,25 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərci qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar