Məhkəmə qərarları › İş №2(103)-6313/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6313/2020

10.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6313/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3464/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, həmin iddia ərizəsi məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, iddiaçılar hüquqi şəxs və hüquqi şəxsin rəhbəri olmaqla, cavabdehə qarşı iddia tələbləri, cavabdehin hüquqi şəxsin icraçı direktoru işlədiyi dövrləri əhatə etməklə hüquqi şəxsin fəaliyyəti ilə bağlı yaranmış, buna görə də iddia ərizəsi müvafiq kommersiya məhkəməsinə verilməlidir. İddiaçı1 həmin qərardaddan verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayəti müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki,Mülki Prosessual Məcəllənin 6.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəlllənin 26.2.-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq MPM-in 153-cü maddəsinə istinad edərək iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Belə ki, məhkəmə iddia ərizəsini icraata qəbul etməli və əgər mübahisənin kommersiya məhkəməsinə aid olduğunu hesab edərsə bu barədə əsaslandırılmış qərardad qəbul edərək işi aidiyyəti üzrə həmin məhkəməyə göndərməli idi. Buna görə də kollegiya hesab edir ki, məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etdiyi zaman prosessual qanunvericiliyin tələbini pozmuş və əsassız nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, hər kəs öz işinin məhkəmələr tərəfindən araşdırılması imkanına sahib olsun. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3464/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar