Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6313/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 434/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 3, 24 nömrəli mənzil iddiaçının mülkiyyətində olmaqla, iddiaçı həmin mənzildə yaşayır.
2. Eyni zamanda ünvan 3, 26 nömrəli mənzil cavabdehin mülkiyyətində olmaqla, cavabdeh həmin mənzildə yaşayır.
3. Cavabdehə məxsus mənzil binanın sonuncu mərtəbəsində yerləşir, iddiaçıya məxsus mənzil isə bir mərtəbə aşağıda, həmin mənzilin alt hissəsində yerləşir.
4. İddiaçıya məxsus mənzilə su axıdılmış, nəticədə mənzilin təmirinin bir hissəsi yararsız hala düşmüşdür.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3, 26 saylı mənzildən həmin binada yerləşən 24 saylı mənzilinin tualet və hamam (sanuzel) hissəsinə mütəmadi olaraq su axıdılması nəticəsində ona vurulmuş 1500 manat məbləğində maddi ziyanın əvəzinin, mənəvi ziyana görə 500 manatın və ödənilmiş 40 manat dövlət rüsumunun, toplam 2000 manat məbləğin cavabdehdən tutulması, habelə cavabdehin üzərinə yaşadığı mənzili (su axan hissəsinin) təmir etdirmək vəzifəsinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-434/2022 saylı qətnaməsi ilə (hakim F.Əyyubov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 587 manat maddi ziyan və 40 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması iş materialları ilə sübuta yeritilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, ekspert rəyinə əsasən 587 manat məbləğində maddi ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 14.2.6, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin davranışının iddiaçıya dəyən maddi ziyanın yaranmasında hər hansı rolu olmamış, bu hissədə faktlar sübuta yetirilməmişdir. Mübahisəli məsələ və iddia olunan su sızması halları ilə bağlı cavabdehə hər hansı pretenziya bildirilmədən, cavabdehin evdə olmadığını bilə-bilə onu incitmək məqsədi ilə iddiaçı tərəfindən ziyan tələbi ilə bağlı iddia qaldırılmışdır. Qoşmada olan sənədlərdən də göründüyü kimi iddiaçı cavabdehə qarşı qərəzli mövqedədir. Məhkəmə aydın və ya tam olmayan ekspert rəyinə və ehtimala əsaslanmaqla qətnamə çıxarmışdır. Sözügedən su sızıntısının mövcud olub-olmaması, iddiaçının mənzilində olan xarabolmanın dəqiq səbəbinin və su sızması varsa, dəqiq hansı mənzil və ya yerdən axması barədə keçərli, əsaslı, tam fikir, rəy olmasa da, məsələ sadəcə bir ehtimala əsaslanmaqla cavabdehin əleyhinə həll edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. İddiaçının evinə cavabdehin evindən su sızması halı öz dəqiq təsdiqini tapmamış, əlavə və ya təkrar ekspertiza təyin olunmamış, mübahisəli aktın əsaslılığı araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. 14.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddianın rədd edilərək, qətnamənin tamamilə ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.AR Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 20.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 22.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmdən qüvvədə saxlanılmalıdır. 24.İş materialları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı ilə cavabdehə məxsus mənzillər eyni binada yerləşir və onlar qonşudurlar. İddiaçının mənzili cavabdehə məxsus mənzildən bir mərtəbə aşağıda, onun alt hissəsində yerləşir. 25.İş materiallarında olan xx.xx.2021-ci il tarixli Yasamal rayon 64 saylı MKİS-in mühəndisi A.Gözəlov, sahə nəzarətçisi N.Əsədov, fəhlə N.Mənsurov, Yasamal rayonu 26cı Polis Bölməsinin sahə müvəkkili polis mayoru G.Abdullayev tərəfindən tərtib edilmiş aktdan görünür ki, N.Nərimanov meydanı 5 saylı evin 24 saylı mənzilində yaşayan İddiaçı müraciət edərək evinə su sızdığını bildirmişdir. Yerində baxış keçirərkən məlum olmuşdur ki, həqiqətən də, Cavabdeh adlı vətəndaşın yaşadığı 26-cı saylı mənzilin sanitar qovşağından axan su nəticəsində 24 saylı mənzilin sanitar qovşağının tavan hissəsi qoparaq tökülmüş, otağın tavanı yeni təmir olunmasına baxmayaraq yararsız hala düşmüşdür. Nəticədə 24 saylı mənzilin sahibinə xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. 26.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/13 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov meydanı 5 ünvanında yerləşən 26 saylı mənzildə baxış keçirilən zaman mənzilin su və kanalizasiya xətlərinin gizlin (divardaxili) olduğu, aşkarda olan hissələrində isə qüsurların olmadığı lakin, mülki iş materiallarından olan Yasamal rayon 64 saylı MKİSin mühəndisi A.Gözəlov, sahə nəzarətçisi N.Əsədov, fəhlə N.Mənsurov, Yasamal rayonu 26cı Polis Bölməsinin sahə müvəkkili polis mayoru G.Abdullayev tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli Akta əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanda yerləşən 26 saylı mənzildən su axdığı müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu, Nərimanov meydanı 5 ünvanında yerləşən 24 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri 587.00 manat məbləğində müəyyən olunur.
27. İş materiallarında olan yerli baxış protokolundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ərazinin yerində müayinəsi aparılmış, ünvan 3 ünvanında yerləşən 24 saylı mənzilin hamam otağının iddiaçının iş materiallarına əlavə etdiyi fotoşəkillərə uyğun olduğu müəyyən olunmuşdur. Yasamal rayonu, N.Nərimanov meydanı, ev 5 ünvanında yerləşən 26 saylı mənzildə təmir-bərpa işləri aparıldığından sızıntı hallarını aşkar etmək mümkün olmamışdır.
28. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yuxarıda sadalanan sübutlara, həmçinin tərəflərin izahatına istinad etmişdir.
29. Kollegiya məhkəmənin bu möveyini əsaslı hesab edir. Belə ki, qeyd edilən sübutlar ünvan 3 ünvanında yerləşən 24 saylı mənzilin hamamının yuxarı mərtəbədə yerləşən mənzildən su sızması nəticəsində yararsız vəziyyətə düşməsini təsdiq edir.
30. Cavabdeh apellyasiya şikayətində su sızmasının onun yaşadığı mənzildən olmadığını bildirsə də, bu, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutlarla təkzib edilir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, cavabdehə məxsus mənzil yaşayış binasının sonuncu mərtəbəsində yerləşir və iddiaçının mənzilinin üst hissəsində həmin mənzildən başqa digər mənzil yoxdur. Baş vermiş sızıntı isə iddiaçının mənzilinin tavan hissəsində, yanə cavabdehin mənzilinin döşəməsinin alt hissəsində baş vermişdir.
31. Beləliklə, Cavabdeh yaşadığı 26-cı saylı mənzilin sanitar qovşağından axan su nəticəsində iddiaçının yaşadığı 24 saylı mənzilin sanitar qovşağının tavan hissəsinin qoparaq tökülməsi, otağın tavanının yeni təmir olunmasına baxmayaraq, yararsız hala düşməsi və nəticədə iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapır.
32. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 587 manat məbləğində maddi ziyan tutulması nəticəsinə gələrək, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qətetdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-434/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.