Məhkəmə qərarları › İş №2(103)-6321/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6321/2021

01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6321/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(004)- 147/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əməliyyat üçün ödədiyi 15238 manat, fizioterapiyalara ödədiyi 238 manat, tibbi sığortaya görə 1176 manat, iş qüvvəsini itirdiyindən 1 il ərzində işə çıxa bilmədiyinə görə 42000 manat maddi ziyan və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 63652 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 12.08.2018-ci il tarixində yolu keçərkən cavabdeh tərəfindən idarə olunan “Azsamand” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı maşın ona xəsarət yetirmişdir. Belə ki, 12.08.2018-ci ildə Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yolun kənarında yerləşən dayanacaqda dayanarkən qəflətən yoldan çıxmış “Azsamand” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona dəyərək ciddi şəkildə xəsarət yetirmişdir. Məhkəmə-tibbi ekspertizanın 841 saylı 16.08.2018-ci il tarixli rəyinə əsasən aldığı xəsarət-sol ayağın çıxığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa zərər vurmaya aiddir. Xəsarət nəticəsində həm Azərbaycanda, həm də İsraildə müalicə almışdır. Belə ki, Azərbaycanda ona qoyulan diaqnozdan sonra, burada ayağına gips qoyulmuş və cərrahi müalicə məsləhət görülmüşdür, cərrahi əməliyyatı İsraildə keçirməyi və müalicələrini orada davam etdirməyi üstün tutmuşdur. Bütün bu müalicə və əməliyyatlarda həkimlərə, iynə-dərmanlara, əməliyyata külli miqdarda xərci çıxmışdır. X9 Tibb Mərkəzində keçirmiş və 4 gün xəstəxanada qalmışdır. Əməliyyatdan sonra isə uzun müddət müalicə almış, fizioterapiyalar keçirmiş, terapevtik məşğələlərdə iştirak etmişdir. Bunun nəticəsində bir il işləyə bilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(004)- 147/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 maddi ziyana görə 56952 manat, mənəvi ziyana görə 500 manat olmaqla, cəmi 57452 manat və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı X1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(004)-147/2021 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-147/2021 saylı 17.03.2021-ci il tarixli qətnaməsinin giriş, təsviri, “əsaslandırıcı” və “qət etdi” hissələrində olan yanlışlığın düzəldilməsi, “X5” sözlərinin ” X7” kimi, “X8” sözlərinin “Cavabdeh” kimi oxunması qərara alınmışdır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. İddiaçının “Eli Achzakot LTD” şirkətində işləməsini təsdiq edən təkcə bir arayış məhkəməyə təqdim edilmişdir. Həmin arayışda göstərilən məlumatlar qeyri-dəqiq formada qeyd edilmişdir, belə ki, əmək haqqı konkret göstərilməmiş və ya həmin şəxsin şirkətdə hansı vəzifədə işləməsi qeyd edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən şirkətdə işləməsini təsdiq edən əmək müqaviləsi, müvafiq dövlət qurumlarına ödənilmiş ödənişlər barədə hər hansı sənəd təqdim edilməmişdir. X15 Nazirliyi X13 X12 hesabatından görünür ki, xəstəliyə görə istirahət 3 ay nəzərdə tutulmuşdur və bununla da təqdim edilmiş sənəddə olan məlumatlar arasında ziddiyyətlər yaranır. Əgər tibb mərkəzi tərəfindən istirahət 3 ay göstərilmişdirsə, yekunda cədvəldə 12 aylıq müddət hansı əsaslarla hesablanması qeyd olunmamışdır. İddiaçı tərəfindən faktiki öz müalicəsi üçün nəzərdə tutulmuş xərclərin ödənilməsini təsdiq edən hər hansı qəbz və ya bank sənədi təqdim edilməmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və Ortopediya institutu tərəfindən verilmiş 12.08.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçıya müvafiq lazımi tibbi yardım göstərilmişdir. Həmçinin təhqiqat materiallarında onun hər hansı şikayət və tələbi olmadığını təsdiq edən ərizəsi mövcuddur. Əgər iddiaçı İsraildə hər hansı müalicə almışdırsa, bu sığorta təşkilatının hesabına baş verə bilərdi ki, bu halda da çəkilmiş xərcləri iddiaçı yox, həmin sığorta təşkilatı tələb edə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Odur ki, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 56952 manat pulun tutulması hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı S.Ələkbərovun 12.08.2018-ci il tarixli cinayət işi başlanması rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh idarə etdiyi “Azsamand LX” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 12.08.2018-ci ildə saat 22.05 radələrində Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 196-210 ünyanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq ehtiyatsızlıqdan piyada yolu keçən zərərçəkmiş şəxs X4 vuraraq sağlamlığına az ağır bədən xəsarətinin yetirilməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuş və həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə-tibbi ekspertizanın 841 saylı 16.08.2018-ci il tarixli rəyinə əsasən X3 tibbi yardım üçün müraciət etdiyi 12.08.2018-ci tarixdə bədənində qeyd olunan xəsarət-sol ayağın çıxığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir və həmin xəsarətin yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21515 saylı 20.08.2018-ci il tarixli rəyinə əsasən Cavabdeh hadisənin qarşısının almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qəbul edilmiş qərar icra olunmasından ötrü Nəsimi RPİ DYPŞ-nə göndərilmişdir. "xxxx" Sığorta Şirkətinin 28.10.2020-ci il tarixli məktubundan görünür ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunan və Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Azsamand” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 12.08.2018-ci il tarixində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə X3 sağlamlığına az ağır zərər vurulmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq X3 sağlamlığına dəymiş zərər 1500 AZN müəyyən olunmuş və həmin məbləğ X3 verdiyi etibarnamə əsasında X6 ödənilmişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində müalicəsinə sərf olunmuş vəsait və işləmədiyinə görə almadığı əmək haqqı qismində ona 58652 manat maddi və 5000 manat mənəvi ziyan dəydiyini iddia edir və sübut kimi aşağıdakıları təqdim etmişdir. Tərcümə edilərək iş materiallarına əlavə olunmuş İsrail Səhiyyə Nazirliyi X14 Mərkəzinin tibbi əməliyyat hesabatına əsasən iddiaçı həmin Mərkəzdə müalicə almış, əməliyyata 15377 manat, fizioterapiyalara 7070 manat, tibbi sığortaya 1176 manat pul ödəmişdir. Onun 12 ay üçün əmək haqqı 41470 manat təşkil etmişdir. Tərcümə edilərək iş materiallarına əlavə olunmuş “Eli Achzakot LTD” şirkətinin 27.01.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 30.07.2018-ci il tarixədək şirkətdə işləmiş və keçirdiyi qəza ilə əlaqədar iş fəaliyyətini dayandırmışdır. O, 01.08.2019-cu il tarixdə işləmək üçün şirkətə qayıtmışdır. 21.09.2018-ci il tarixli pul köçürməsi haqqında ərizədən görünür ki, Cavabdeh tərəfindən Nərmin Mirzəyevaya 500 ABŞ dolları məbləğində pul göndərilmişdir. Maddi zərər hissəsində birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, maddi ziyan olaraq, cavabdeh tərəfindən iddiaçının qızına 500 ABŞ dolları ödəməsini və iddiaçıya 500 ABŞ dolları məbləğində pul göndərilməsi təsdiqini tapdığından cavabdehdən ödənilmiş 1000 ABŞ dollarının manata ekvivalent olan 1700 manat çıxılmaqla 56952 manat tutulmalıdır. Kollegiya hesab edir ki, bu hissədə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bu baxımdan, iddiaçı tələbinin əsasını təşkil edən həmin halları sübut etmək yükünü daşıyır. Lakin o, bu halı əsaslandıra, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Xarici İşlər nazirinin 770 nömrəli əmri ilə təsdiq edilmiş “Konsul leqallaşdırması haqqında” Təlimatın 4-cü bəndində göstərilmişdir ki, xarici dövlətlərin idarələrinə, təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və bu sənədləri tərtib edən idarə və təşkilatların mənsub olduğu dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının İdarə və təşkilatları tərəfindən baxılmaq üçün qəbul edilir. İddiaçının istinad etdiyi sənədlər xarici dövlət (İsrail dövləti) tərəfindən verilmiş sənədlərdir (həkimə müraciət, tibbi arayış və s.) və qanunvericiliyin tələbinə əsasən həmin sənədlər leqallaşdırılmalıdır. Hazırda isə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər tərcümə mərkəzi tərəfindən təsdiq edilmiş sənədlər olmaqla, qanunvericiliyin tələbinə uyğun olaraq leqallaşdırılmadığından iddia tələbinin əsaslı olması üçün mötəbər sübutlar hesab edilmir. Digər tərəfdən iddiaçı əməliyyat üçün 15238 manat, fizioterapiyalara 238 manat, tibbi sığortaya görə 1176 manat ödədiyini iddia etsə də, çəkilmiş xərclərlə bağlı ödəniş qəbzləri təqdim etməmişdir. Belə ki, iddiaçı faktiki aparılmış ödənişlərə dair leqallaşdırılmış qaydada ödəniş qəbzləri təqdim edilməli olduğu halda nə birinci instansiya məhkəməsində, nə də apelyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Təqdim edilmiş cədvəl isə iddiaçı tərəfindən həmin ödənişlərin edildiyini təsdiq edən mötəbər sübut hesab edilmir. Eyni zamanda iş yerindən verilmiş arayışlar ziddiyyətli olmaqla, həmin sənədlər də müvafiq qaydada leqallaşdırılmamışdır. Kollegiya qeyd edir ki, iddiaçı maddi zərər hissəsində tələbini əsaslandıra bilməmişdir, məhkəmə isə sadalanan halları nəzərə almamış, təqdim olunmuş sənədləri notariat qaydada təsdiq olunmuş sənəd kimi dəyərləndirmiş və iddianı təmin etmişdir, odur ki, bu hissədə qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Mənəvi zərər hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği (500 manat) ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-147/2021 saylı iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi qismən - cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 56952 manat pulun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar