Məhkəmə qərarları › İş №2(103)-6322/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6322/2020

01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6322/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Nəsimi rayon icra və probasiya şöbəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz tutulmuş 8800 manat pul məbləğinin Nəsimi rayon icra və probasiya şöbəsindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, qanunsuz tutulmuş 8006,60 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun Nəsimi rayon icra və probasiya şöbəsindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 cavabdeh “Qara Qaya” Assosiasiyasına qarşı iddiası əsasında Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(004)-3709/2013 saylı iş üzrə xx xxxxxx 2013-cü il tarixli qətnaməyə əsasən “HOWO” ZZ5255, GJBM3245B markalı, ** FS *** dövlət nömrə nişanlı betonqarışdıran yük avtomobilinin cavabdeh “Qara Qaya” Assosiasiyasından alınaraq iddiaçı X2 verilməsi və “HOWO” ZZ5255, GJBM3245B markalı, ** FS *** dövlət nömrə nişanlı betonqarışdıran yük avtomobilinin qeyri-qanuni olaraq isitsmar edildiyi müddətdə aşınma dəyəri olan 12000 manat və əldən çıxmış fayda olaraq 60800 manat olmaqla, cəmi 72800 manat pul məbləğinin “Qara Qaya” Assosiasiyasından alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Bu barədə Yasamal rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2013-cü il tarixli icra vərəqəsi verilmişdir. İcra vərəqəsi icra olunmaq üçün aidiyyatı üzrə Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin Şöbənin icra məmuru Tural Edilov, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Hərrac Mərkəzi ilə sözün əsl mənasında cinayət əlaqəsinə girərək “Qara Qaya” Assosiasiyasına məxsus 3 ədəd maşını öz real qiymətindən dəfələrlə aşağı qiymətləndirmiş və bundan sonra da qiyməti bir neçə dəfə aşağı düşəndən sonra həmin tələbkara satmışlar. Bu barədə onlara heç bir məlumat verilməmişdir. Bundan sonra da icra məmuru adını daşıyan Tural Edilov öz qanunsuz əməllərini davam etdirmiş, tamamilə qanunsuz, əsassız olaraq qətnamənin icrası 2016-cı ilin aprel ayından onun pensiyasına yönəldilmişdir. Bu barədə Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən 04.2016-ci il tarixli 17/70 5298/1 saylı məktub göndərilmişdir. İndi həmin iş icra və probasiya şöbəsinin icra məmuru Ramin Quliyevin icraatındadır. O bu qanunsuz əmələ dayandırılması barədə xx xxxxxxxx 2019-cu il tarixində ərizə ilə Nəsimi rayon icra və probasiya şöbəsinə müraciət etmişdir. Həmin şöbə qanunlarına qarşı bir daha saymamazlıq edərək onun məktubuna 02 aydan sonra cavab verdilər. xx.xx.2019-cu il tarixli 20663/16606/2013/5-6 saylı məktubda hüquqi şəxsin borcunun onun pensiyasından tutulmasının “icra haqqında” qanunun 63-cü maddəsinə istinad edərək dayandırılmasının mümkün olmadığı bildirilir. Mübahisələndirilən qərarın surəti də xx.xx.2019-cu ildə göstərilən məktubla birlikdə ona rəsmi qaydada verilmişdir. O, xx xxxxxx 2019-cu ildə hüquqi şəxsin borcunun onun pensiyasından tutulmasının dayandırılması barədə ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(004)-879/2019- 003 saylı qərarı ilə iddia əsaslı olduğu üçün təmin olundu. Nəsimi rayon icra və probasiya şöbəsinin günahı ucbatından onun pensiyasında qanunsuz tutulma 2016-cı ilin aprel ayından həyata keçirilir. Hər ay 200 manat olmaqla indiyə kimi 44 ay ərzində 8800 manat pul tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Nəsimi rayon icra və probasiya şöbəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelasiyya sikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(006)-2095/2020 sayli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də, apellyator hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh Nəsimi rayon icra və probasiya şöbəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh Nəsimi rayon icra və probasiya şöbəsi və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya sikayətinin dəlillərini, is materiallarında olan sübutlari və iddiaçının apellyasiya icraaatında verdiyi izahatı muzakirə edib, apellyasiya instansiyası məhkəmə kollegiyasi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ləğv edilib, iddia rədd edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı X1 cavabdeh “Qara Qaya” Assosiasiyasına qarşı iddiası əsasında Bakı şəhəri Yasamal rayonu Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməyə əsasən 72800 manat pul məbləğinin “Qara Qaya” Assosiasiyasından alınaraq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq aidiyyatı üzrə icra olunması üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru qətnamənin icrasını 2016-cı ildən iddiaçının pensiyasına yönəltmişdir. İddiaçı xx xxxxxx 2019-cu ildə hüquqi şəxsin borcunun onun pensiyasından tutulmasının dayandırılması barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(006)-879/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3709/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasının təmini məqsədilə icra sənədinin “Qara Qaya” Assosiasiyasının direktoru olaraq İddiaçı pensiyasına yönəldilməsi barədə qərarı əsassız hesab edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3709/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasının təmini məqsədilə “Qara Qaya” Assosiasiyasının direktoru olaraq İddiaçı pensiyasından tutulmalar (yönəldilmə) dayandırılmışdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmısdır ki, iddiaçı iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Hal-hazırda cavabdehdən tutulma aparılmır. Ona görə də tutulmalı pul məbləğinin geri qaytarılması barədə iddiaçının tələbi qanunsuz və əsassızdır. İddiaçı isə öz növbəsində apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən əsasla onun iddiasını rədd etməsi əsassızdır. Belə ki, o, məhkəməyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(006)- 879/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadını əsas sübut növü kimi təqdim etmişdir. Həmin qanuni qüvvədə olan qərardada əsasən borcun tutulmasının onun pensiyasına yönəldilməsi qanunsuz sayılmışdır. Məhkəmə kollegiyası iddiaçının qətnamənin ləğvi barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşsa da, şikayətin digər, onun pensiyasına yönəldilmiş məbləğin Nəsimi rayon İcra və Probasiya şöbəsindən tutulmalı olması barədə dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından da göründüyü kimi, İddiaçı pensiyasına yönəldilən məbləğ borclu “Qara Qaya” Assosiasiyasından tələbkar X1 xeyrinə tutulmalı olan məbləğdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, icra məmurunun həmin məbləği iddiaçının pensiyasına yönəltməsindən məhz borclu “Qara Qaya” Assosiasiyası faydalanmaqla əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qanunsuz tutulmuş məbləğin qaytarılması barədə hazırki iddia tələbi ilə Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı deyil, məhz “Qara Qaya” Assosiasiyasına qarşı müraciət etməli idi. Beləliklə,məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etməmiş və gəldiyi nəticəni hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilməli, İddiaçı hazırki iddia tələbi ilə “Qara Qaya” Assosiasiyasına qarşı müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Nəsimi rayon icra və probasiya şöbəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı hazırki iddia tələbi ilə “Qara Qaya” Assosiasiyasına qarşı müraciət etmək hüququnun olması izah edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar