Məhkəmə qərarları › İş №2(103)-6327/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6327/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6327/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 8000 manat maddi və 10000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək, məhkəmədən Cavabdeh maddi zərərə görə 4200 manat, mənəvi zərərə görə isə 800 manat məbləğində pulun alınıb ona ödənilməsini və ona məxsus ünvan 1 ünvanına kirayəçilərin narahat edilməsinin cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2976/2019 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh maddi zərərə görə 4200 (dörd min iki yüz) manat, mənəvi zərərə görə isə 800 (səkkiz yüz) manat, cəmi 5000 (beş min) manat məbləğində pulun alınıb İddiaçı ödənilməsi, iddiaçıya məxsus ünvan 2 ünvanında yaşayan kirayəçilərə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2976/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-6461/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3894/2020 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və işə təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4548/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11/2022 saylı iş üzrə 07 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti cavabdehə geri qaytarılmışdır. Daha sonra Cavabdeh məhkəməyə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən buraxılmış apellyasiya şikayəti verilməsi müddəti bərpа edilməmişdir. Qeyd olunan qərardaddan Cavabdeh şikayət verərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etsə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 nömrəli qərardadı ilə bundan imtina edilmiş və onunla əsaslandırılmağa çalışılmışdır ki, apellyasiya şikayəti qəsdən düzgün tərtib edilməməklə məhkəmə icraatının qəsdən uzadılmasına çalışılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qətnaməsi onun tərəfindən məhkəmə qəbzinə imza edilməklə xx.xx.2022-ci il tarixdə təqdim olunmuş və 1 ay tamam olmamış, xx.xx.2022-ci il tarixdə, yəni qətnaməni aldığı gündən 2 həftə müddətində apellyasiya şikayəti verilmişdir. Məhkəmənin qərardadında da qeyd edildiyi kimi niyyəti məhkəmə icraatının qəsdən uzadılmasına çalışmaq olsa idi, qətnaməni rəsmi aldığı gündən 2 həftə müddətində, 1 ayın tamamına yaxın verərdi. Qətnamədən apellyasiya şikayəti verməkdə məqsədi məhkəmə icraatını qəsdən yubatmaq deyil, pozulmuş hüquqlarının bərpası və qanunsuz qəbul edilmiş qətnamənin ləğv edilməsidir. Bundan başqa, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi və bu təcrübə yeni tətbiq olunduğundan bəzi çətinliklərlə üzləşməli olması bağlı fikri ilə razılaşmamaqla, nəzərdən qaçırmışdır ki, yuxarıda qeyd edilən halla bağlı əgər vahid təcrübə vardırsa, ondan nədən ilk əvvəldən apellyasiya şikayətimi birinci instansiya məhkəməsi özü geri qaytarmamış, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, yalnız apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin apellyasiya şikayətinin geri qaytarılması barədə göstərişindən sonra onun geri qaytarılması barədə qərardad qəbul etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə bаxılmаsı üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəyə yenidən tərəflərin iştirakı ilə baxılması üçün iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 11/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən ilk dəfə apellyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş müddətə riayət edilmiş, lakin digər prosessual nöqsanlar əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmişdir. Daha sonra cavabdeh yenidən apellyasiya şikayəti ilə müraciət etsə də, qanunla müəyyən edilmiş müddəti özündən asılı olmayan səbəblərdən ötürmüşdür. Prosessual müddətin ötürülməsi səbəbindən bu şikayət də qeyri-mümkün hesab edilmişdir. Daha sonra isə yenidən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edilsə də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qərardadı ilə tərəflərə məlumat verilmədən, onların iştirakını təmin edilmədən ərizəyə baxılmış və ərizə təmin edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinin tələblərinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmçinin, işdən görünür ki, cavabdehin məqsədi prosessual hüquqlarından suiistifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir və onun bu hərəkətləri hüquqi müəyyənlik prinsipinə zidd olmamaqla, daha çox ədalətli məhkəmə araşdırmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəyə yenidən baxan məhkəmə tərəfindən prosessual müddətin bərpasına dair ərizəyə tərəflərin iştirakı ilə baxılmasının qaydası nəzərə alınmaqla yenidən qərar qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-11/2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinin tələbləri qaydasında yenidən baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar