Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6329/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-8/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, ünvan 2 nömrəli mənzilin (Bundan sonra – Mənzil) alqısatqısına dair X6 İddiaçı arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada müqavilə bağlanmış və iddiaçının Fərdi yaşayış evinə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona Çıxarış (qeydiyyat nömrəsi: 1********) verilmişdir. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Texniki pasporta əsasən Fərdi yaşayış evi 1 mərtəbə, iki otaq, ümumi sahəsi 30 kv.m-dən ibarət olmuşdur.
2. Bundan başqa, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 nömrəli sərəncamı ilə (sərəncamın 1-ci bəndi) Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün 0,73 ha torpaq sahəsi icarə əsasında Cavabdeh2 MTK-nın istifadəsinə verilmiş, həmçinin Bundan başqa, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 nömrəli digər sərəncamı ilə əvvəlki, xx.xx.2005-ci il tarixli, 267 nömrəli sərəncamın 1-ci bəndi ilə Cavabdeh2 MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilmişdir.
3. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 nömrəli sərəncamı ilə cavabdehlərə ayrılmış 0,73 ha torpaq sahəsi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, Ayaz İsmayılov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində yerləşir.
4. İddiaçı iddia edir ki, ona məxsus Mənzil Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 nömrəli sərəncamı ilə ayrılmış 0,73 ha torpaq sahəsinin ərazisində yerləşdiyindən cavabdehlər tərəfindən sökülərək yerində hündür mərtəbəli yaşayış binasının tikilsə də, ona kompensasiya verilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı yaşayış sahəsinə olan mülkiyyət hüququndan məhrum edildiyinə və əmlakını məhv etdiklərinə görə cavabdehlərdən 90 000 manat maddi və 20 000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mənzilə xüsusi mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-də qeydiyyata alınaraq ona Çıxarış verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən göstərilən ünvanda hündürmərtəbəli yaşayış binası tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısına mülkiyyətində olan Mənzilnin qeyd olunan Sərancamla ayrılan torpaq sahəsinin hüdudları daxilinə düşüb-düşməməsi barədə etdiyi xx.xx.2019-cu il tarixli müraciətinə (hal-hazırda həmin ünvanda hansı şirkət tərəfindən tikinti işlərinin aparmasını göstərməklə İcra Hakimiyyəti Başçısının həmin Sərəncamının surətini əlavə edərək) xx.xx.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, müraciətdə sadalanan sənədlər toplusu Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin arxivində olduğundan və adı çəkilən X1 əsasən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən aidiyyəti üzrə müraciət etməlidir. Göstərilən məktuba əsasən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə edilən müracətə 02/250 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, tələb edilən materiallar Tikintilərin Dövlət və Reyestrinin internet saytında yerləşdirilir. Məlum olmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının sərəncamına əsasən həmin ərazidə hündürmərtəbəli binanın tikintisinə icazə verilmiş və cavabdehlər mülkiyyətində olan Mənzilni ona bildirmədən və dəyərini ödəmədən sökmüşlər. Cavabdehlər ona bildirmədən özbaşına olaraq qazıntı işlərinin aparılması nəticəsində mülkiyyətində olan Mənzilni məhv etmişlər və bunun nəticəsində sarsıntı keçirmişdir, fiziki əzab çəkmiş, stresdə olmuş və buna görə də müalicə almışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-8/2023 saylı qətnaməsi ilə iddia təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ekspert rəylərinə görə hər biri 100 manat olmaqla, cəmi 300 məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilə dair alqı-satqı müqaviləsinin bağlandığı və iddiaçının mülkiyyət hüququnun qeydə alındığı vaxt Mənzilin mövcud olub olmamasının müəyyən edilməsinin iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halıdır ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydə alınmaqla, ona Çıxarış verilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, Çıxarış verilən vaxt Mənzil, ümumiyyətlə mövcud olmamışdır. Belə ki, iş üzrə bir neçə dəfə ekspertiza keçirilmiş, mütəxəssis rəyləri alınmış, iki dəfə məhkəmə tərəfindən yerində müayinə aparılmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3837 saylı, xx.xx.2021-ci il tarixli rəyinə görə Mənzilin xx.xx.2019-cu il tarixdə (Mənzilə dair alqı-satqı müqaviləsinin bağlanldlğı tarixə) mövcud olduğu, “Google Earth” proqramı vasitəsi ilə illər üzrə baxış keçirildikdə həmin ərazidə 2013-cü tarixinə qədər müxtəlif tikililərin mövcud olduğu, 2014cü ilin və sonrakı görüntülərində tikililərin bəzilərinin söküldüyünün müşahidə edilməsi, Mənzilə dair xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda mənzilin yerləşdiyi binanın situasiya planı göstərilmədiyindən həmin mənzilin ərazidə mövcud olmuş tikililərin konkret hansı hissəsində yerləşməsini dəqiqliklə müəyyən etməyin mümkün olmaması, bu səbəbdən də həmin evin sökülməsinin qeyd olunan tarixdən sonra hansı vaxta təsadüf etməsini müəyyən etməyin mümkün olmaması qeyd edilmişdir. Lakin rəydə qoyulmuş suallara ziddiyyətli cavab verildiyindən (1-ci və 2-ci suallara cavablar bir-birini təkzib edir) məhkəmə tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, yenidən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1782 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilir ki, Mənzil xx.xx.2019-cu il tarixdə mövcud olmuş, baxış keçirildikdə iddiaçı tərəfindən mənzilin yerləşdiyi sahəyə dair göstərilmiş ərazidə “Google Earth” proqramında olan görüntülərə əsasən xx.xx.2019-cu il tarixinə qədər müxtəlif tikililərin mövcud olduğu, 11.2021-ci il tarixdən və sonrakı görüntülərində tikililərin söküldüyü müşahidə edilir. Ekspertin bu rəyi də iş materialları ilə ziddiyyət təşkil edtdiyindən, xüsusilə xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı müəyyən edilmiş hallara zidd olduğundan, təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı iddiaçının nümayəndəsinin göstərdiyi Mənzilin yerləşdiyi yerdə müayinə aparılan zaman hər hansı tikilinin mövcud olmaması və yerinin qazılaraq beton töküldüyü aşkar edildiyi halda, xx.xx.2022-ci il tarixli rəydə mübahisəli ərazidə “Google Earth” proqramında olan görüntülərə əsasən 11.2021-ci il tarixdən və sonrakı görüntülərində tikililərin söküldüyünün müşahidə edilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən iki dəfə, həm xx.xx.2020-ci il tarixdə, həm xx.xx.2022-ci il tarixdə Mənzilin yerləşdiyi əraziyə yerində müayinə keçirilmişdir. Birinci yerində müayinə zamanı iddiaçının nümayəndəsi Mənzilin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti istiqamətində, ikinci yerli müayinə zamanı isə Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov tərəfdə yerləşdiyini bildirmişdir.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.7, 136.1., 203.1, 648.1, 648.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-8/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tərəflərin çəkişmə prinspinə əməl etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəblə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya qaydasında ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. İşin hallarından aşkar şəkildə görünür ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ rəsmi reyestirdə qeydə alınmış və bu barədə xx.xx.2019-cu il tarixli, “111908399” qeydiyyat nömrəli çıxarış da verilmişdir. İstinad olunan maddi hüquq normasının tələbindən görünür ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi işin bu halına heç bir hüquqi qiymət verməmiş və nəticədə işin hallarına düzgün olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən göstərilən maddi hüquq normasının tələblərini də kobud şəkildə pozmuşdur. Beləki, iş materiallarından açıq şəkildə görünür ki, cavabdehlər iddiaçının əmlakını heç bir hüquqi əsas olmadan ələ keçirərək sökmüş və yerində hündürmərtəbəli binalar tikmiş, iddiaçıya isə heç bir kompensasiya ödəməmişlər. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin bu həlını nəzərə almamışdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclaslarında Cavabdeh2 MTK-nın iştirakını təmin etmədiyindən tərəflərin qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipini, dolayısıyla yuxarıda göstərilən maddi hüquq normasının tələblərini pozmuşdur. Yenə birinci instansiya məhkəməsi qətnamə çıxararkən göstərilən bu prosessual normanın da tələbini də pozmuşdur. Beləki, işin hallarından da göründüyü kimi məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. İddiaçı nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, mənzil artıq sökülürdü. o vaxt mənzili alıb. Həmin zaman sökülməmişdi, mənzil mövcud idi. Mənzil Xocalı prospektində yerləşirdi. Evi oğlunun yaşaması üçün alıb. Evə baxıb, pis vəziyyətdə idi. O bilirdi ki, oradan ona ev verəcəklər, o bu niyyətlə evi almışdı. Satıcı Asif kişi idi. Satıcı qohum deyil, sadəcə olaraq tanış idilər və ona belə bir ev satıldığını deyəndə o da gedib evi alıb. Asifin oğlu ilə də onun yaxşı münasibəti var idi. Oğlunun adı Abbasov Anar idi. Mənzili satan Abbasov Anardır. Anar ona ev satıldığını dedi və qiyməti də ona uyğun olduğuna görə sökülən mənzili alıb. Onlar o evin şəriklərindən biri olduğuna görə ona daha inandırıcı oldu. Orada Hikmət adında bir türk var idi. Hikmət gəlib ona evi göstərdi. 2 şərik arasında pul məsələsinə görə mübahisə yaranmışdı. Şəriklərdən birinin adı İlqardır. Cavabdehlər onun ya evini, ya da pulunu verməlidirlər. Saxta sənədlər olduğunu bilsə, evi almazdı. "xxxx" MTK ilə Asif arasında münasibət pisləşib. O oranın söküldüyünü bilirdi, ona yaxşı ev veriləcəyini düşünərək mənzili alıb. Mənzili almaqda məqsəd ona ev verməkləri idi. O, mənzili öz adına Asifdən alıb, yoldaşının adına rəsmiləşdirib. Mənzil üçün 50.000 dolar pul vermişdi. Onlardan mənzil istəyib, ona Hikmət heç bir problem olmadığını bildirdi. Maşında oturub müqavilə yazırdı.Hikmət ona şəriki İlqarla münasibətinin pis olduğunu da bildirdi. Hikmət dedi ki, çatmayan pulu da cədvəl çıxardaraq ödəyə biləcəyini dedi. O, gedib orada evə də baxıb, naməlum səbəbdən Hikmət yoxa çıxdı. Evi alğı-satqı edəndən sonra sənədi yoldaşının adına çıxartdıb, çünki onun adına mümkün olmayacağını dedilər. Evi istəyir. Ona pul lazım deyil. Oradakı binalar sökülür. 2019-cu ildən orada iş gedirdi.Ora çox dağınıq bir yer idi. Onun çıxarışı var, bütün sənədlərini dövlət qurumları təsdiq etmişdir. Əgər problem olsa idi yaxın durmazdı. "xxxx" MTK-nın sədri Hikmət onunla binaya qalxdı, mənzili də göstərdi. Qabil adlı şəxs Hikməti yaxına buraxmadı.Ekspertiza rəyləri fərqlidir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Baxıb, pulunu verib mənzili alıb. Keçən iclas zamanı tək idi, həyəcanlı idi. Müharibə iştirakçısı olub. Ona deyilmişdir ki, pul problem deyil, pulun qalanını verdikdən sonra, evin sənədini yazıb verərlər. Mənzili də ona göstərdi,razılaşdılar. O deyib ki, ikinci şəriklə danışsınlar. Amma razılaşmadı. O dedi ki, ikinci şəriki qovub.
14. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, birinci instansiya məhkəməsi ekspert rəylərinə əsaslanmış və iddianı rədd etmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil. Həmin rəylər də fərqlidir. İddiaçıya çıxarış və texniki pasport verilib. Məhv olmuş əmlakın çıxarışı ləğv edilməlidir, o da yoxdur. İddiaçının mülkiyyət hüquqları pozulmuşdur. "xxxx" MMC digər cavabdehin əlindən əmlakları alıb, o da məhkəmə iclaslarına gəlmir.
15. Cavabdeh "xxxx" MTK-nın sədri Hikmet Yigitdöl apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 2005-ci ildə sərəncam alıb, 2007-ci ildə isə ora söküldü. İddiaçının çıxarışında Xocalı prospekti yazılıb. O da onun ərazisinə aiddir. Bina 2013-cü ildə tikilib. Bina 18 mərtəbəli olmuşdur. Çıxarışdakı ünvanla eynidir. 2013-cü ildən bəri 18 mərtəbəli bina var. Sakinlər yaşayırlar. 2013-cü ildə bitən binada guya ki, 2019-cu ildə iddiaçının adına ev var. İddiaçının dedikləri yalandır. Orda bina olması videogörüntülərlə də təsdiq edilir. İddiaçı pulunu ala bilməyib. Olmayan bir hal uydurublar. Çıxarışı verən orqan səhv etmişdir, gedib həmin əraziyə baxmalı idi. İddiaçı olmayan yerə pul ödəmişdir. A.Abbasov təsisçi olmuşdur. Asifin yerinin sökülməsinə gərək yox idi. Şərik olduğuna görə 1% onun payı olub. Onunla başqa razılaşma olmuşdur. Pul qoyub, şərik olublar. Asif 2007-ci ildən şərik olub. Payını satıb, 1% qalıb.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Maddə 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdimüəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Maddə 136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 2 nömrəli mənzilin alğı-satqısına dair X4 İddiaçı arasında müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmışdır.
25. AR İN ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi özünün mütəxəssis rəyində qeyd etmişdir ki, arxiv araşdırmaları zamanı məlum oldu ki, vətəndaşa (iddiaçıya) xx.xx.2019-cu il tarixdə verilmiş **********702- 05101- 093004 reyestr nömrəli çıxarış, alqı-satqı zamanı idarəyə daxil olan ********** qeydiyyat nömrəli ərizə ilə əlaqə saxlamaq mümkün olmadığından sənəd arxiv texniki pasportuna əsasən icra olunmuşdur.
26. Məhkəmə tikinti-texniki ekspertizasının 10/2503 saylı, xx.xx.2023-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, AR İN ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********56 saylı mütəxəssis rəyinə əsasən əraziyə yerli baxış zamanı cavabdehlərə ayrılmış 0,73 ha sahə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, Ayaz İsmayılov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində yerləşir. Mütəxəssis rəyinə əsasən iddiaçının nümayəndəsinin təxmini göstərdiyi ərazidə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanının dəqiq yerini müəyyən etmək mümkün olmadı. “X8” vasitəsilə çəkilmiş fotoşəkillərdən də məlum olur ki, 2018 və 2019-cu illərdə vətəndaşın təxmini göstərdiyi ərazidə mənzil olmamışdır.
27. İddiaçı mənzilin cavabdehlər tərəfindən sökülməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.
28. Lakin həmin mənzilə dair iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanarkən və iddiaçının həmin əmlaka hüquqları qeydə alınarkən artıq əmlakın olmadığı müəyyən olunur.
29. Bundan əlavə, iddiaçı iddia edir ki, onun mənzili cavabdehlər tərəfindən sökülmüş və yerində hündürmərtəbəli bina inşa edilmişdir.
30. Lakin işdən müəyyən olunur ki, cavabdehlər tərəfindən tikildiyi iddia edilən hündürmərtəbəli bina iddiaçı ilə xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsi bağalanan zaman artıq tikilmişdir.
31. Çünki, xx.xx.2018-ci il tarixli Müqavilədən müəyyən olunur ki, Hom-Paş Prestij MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında 21 mərtəbəli bina inşa edilmişdir (i.v.45).
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-8/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev