Məhkəmə qərarları › İş №2(103)-633/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-633/2024

31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-633/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Kredit Bürosunun xx.xx.2023-cü il tarixli SF-9945 saylı çıxarışa əsasən "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə 2900 manat, xx.xx.2020-ci il tarixdə 3650 manat kredit ayrılmışdır.

2. Cavabdeh tərəfindən təqdim olunmuş ödəmə termilanının qəbzlərindən görünür ki, xx.xx.2021-ci il tarixində 150 manat, xx.xx.2021-ci il tarixində 155 manat, xx.xx.2021-ci il tarixində 150 manat, xx.xx.2021-ci il tarixində 157 manat, xx.xx.2022-ci il tarixində 180 manat İddiaçı krediti üzrə banka ödəniş edilmişdir.

3. Cavabdeh tərəfindən təqdim olunmuş “Milliön” ödəmə terminalının qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixində 100 manat İddiaçı kart hesabına pul köçürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2483 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh İqtisadiyyat və Humanitar Kollecində işlədiyi müddətdə tanımışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. Bir müddət sonra cavabdeh şəxsi problemləri ilə əlaqədar iddiaçıdan borc pul verməyi xahiş etmişdir. İddiaçı pulunun olmadığını bildirmişdir. Cavabdeh iddiaçıdan bankdan pul götürərək ona verməyini, həmin pulu vaxtlı-vaxtında banka ödəməklə qaytaracağına söz vermişdir. İddiaçı cavabdehlə aralarında olan münasibətləri nəzərə alaraq və onun səmimiliyinə inanaraq xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən 2900 manat pul götürərək ona borc vermişdir. Cavabdeh almış olduğu pulu 2020-ci ilin noyabr ayına kimi qrafikə uyğun olaraq ödəmiş, sonradan yenidən iddiaçıdan problemləri ilə əlaqədar olaraq bankdan pul götürərək ona borc verməyini xahiş etmişdir. Bundan sonra onlar birlikdə "xxxx" ASC-nin Xırdalan filialına kredit götürmək məqsədilə gəlmişlər. İddiaçının kredit müraciətinə əsasən qalıq borc bağlanmaq şərti ilə ona xx.xx.2020-ci il tarixdə 3650 manat kredit ayrılmışdır. Həmin pulu iddiaçı götürərək cavabdehə vermişdir. Sonradan 2020-ci ilin dekabr ayında cavabdeh işdən azad olunmuşdur. Bir müddət qrafik üzrə krediti ödədikdən sonra ödənişlər gecikmiş və bankdan iddiaçıya zənglər daxil olmağa başlamışdır. İddiaçı qrafik üzrə 155 manat məbləğində iki dəfə pul ödəmişdir. Sonradan iddiaçı məcbur qalaraq xx.xx.2022-ci il tarixdə digər şəxslərdən borc pul alaraq cəmi 2273 (iki min iki yüz yetmiş üç) manat məbləğində qalıq kredit borcunu ödəyərək bağlamışdır. Bundan sonra dəfələrlə cavabdehlə əlaqə saxlamasına baxmayaraq cəmi 100 manat pul bank kartı vasitəsilə cavabdeh tərəfindən ona ödənilmişdir. Beləliklə cavabdehin ona 2273 manat + 310 manat (155x2) olmaqla cəmi 2583 manat - 100 manat (ödənilən məbləğ) 2483 manat borcu qalmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddiaçını 2019-cu ildən tanıyır və iddiaçı ilə birlikdə kollecdə işləmişlər. Onun iddia ərizəsində qeyd olunan birinci kreditdən xəbəri yoxdur. O, iddiaçıdan xahiş etdikdən sonra iddiaçı bankdan kredit götürərək ona 1000 manat pul vermişdir. Pulu verəndən sonra iddiaçı həmin kredit üzrə banka 1000 manat ödəməli olduğunu ona bildirmişdir. Həmin 1000 manat krediti də o, banka geri ödəmişdir. 2021-ci ilin yanvar ayından 2022-ci ilin fevral ayına qədər iddiaçının kartına 2 dəfə 155 manat pul köçürmüşdür. Cavabdeh həmçinin sonuncu məhkəmə iclasında yenidən hesablamalarına əsasən kredit üzrə banka qaytarılmalı faizlər üzrə iddiaçıya 172 manat borcunun qaldığını etiraf edərək, iddia tələbini həmin hissədə qəbul etmiş və qanunamüvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 172 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X3)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, İddiaçı Cavabdeh ona 2483 manat borcu olduğunu iddia etsə də, bu iddia tələbini sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, cavabdeh tərəf isə öz növbəsində həmin iddia tələbindən 172 manat məbləğində olan hissəsini qəbul etdiyindən, iddia tələbi yalnız etiraf edilən hissədə təmin edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü, 220-ci maddələrinə və bir sıra Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı bankdan kredit götürülməsi və cavabdehə verilməsi ilə bağlı “WhatsApp” səs qeydləri və danışıqları təqdim edilsə də, məhkəmə həmin sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız cavabdehin iddia ərizəsinə verdiyi etirazını əsas tutaraq qətnamə qəbul etmişdir. Cavabdeh həmin etirazda qeyd etmişdir ki, o, iddiaçını 2019-cu ildən tanıyır və iddiaçı ilə birlikdə kollecdə işləmişlər. Onun iddia ərizəsində qeyd olunan birinci kreditdən xəbəri yoxdur. O, iddiaçıdan xahiş etdikdən sonra iddiaçı bankdan kredit götürərək ona 1000 manat pul vermişdir. Pulu verəndən sonra iddiaçı həmin kredit üzrə banka 1000 manat ödəməli olduğunu ona bildirmişdir. Həmin 1000 manat krediti də o, banka geri ödəmişdir. 2021-ci ilin yanvar ayından 2022-ci ilin fevral ayına qədər iddiaçının kartına 2 dəfə 155 manat pul köçürmüşdür. Cavabdeh həmçinin sonuncu məhkəmə iclasında yenidən hesablamalarına əsasən kredit üzrə banka qaytarılmalı faizlər üzrə iddiaçıya 172 manat borcunun qaldığını etiraf etmişdir. Məhkəmə isə öz növbəsində həmin 172 manata əsasən iddianı qismən təmin etmişdir. Belə ki, qətnamədə qeyd edilir ki, məhkəmə iclasında Cavabdeh iddiaçıya yalnız 172 manat borcunun olduğunu etiraf etmiş və iddia tələbini bu hissədə qəbul etmişdir. Göründüyü kimi, məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəməyə tərəfimizdən Cavabdeh İddiaçı bankdan kredit götürülməsi və cavabdehə verilməsi ilə bağlı “WhatsApp”səs qeydləri və danışıqları təqdim edilsə də, məhkəmə həmən sübutlara hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş və iddiaçı izahatına əlavə olaraq göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Kapital Bankdan 2900 manat pul götürərək cavabdehə borc vermişdir. Cavabdeh almış olduğu pulu 2020-ci ilin noyabr ayına kimi qrafikə uyğun olaraq ödəmiş, sonradan yenidən ondan problemləri ilə əlaqədar olaraq bankdan pul götürərək ona borc verməyini xahiş etmişdir. Bundan sonra birlikdə X5 filialına kredit götürmək məqsədilə gətmişlər. Onun kredit müraciətinə əsasən qalıq borcu bağlamaq şərti ilə xx.xx.2020-ci il tarixdə 3650 manat kredit ayrılmışdır. Həmin pulu götürüb cavabdehə vermişdir. Sonradan 2020-ci ilin dekabr ayında cavabdeh işdən azad olunmuşdur. Bir müddət qrafik üzrə krediti ödədikdən sonra ödənişlər gecikmiş və bankdan ona zənglər daxil olmağa başlamışdır. O, qrafik üzrə 155 manat məbləğində iki dəfə pul ödəmişdir. Sonradan məcbur qalaraq xx.xx.2022-ci il tarixdə digər şəxslərdən borc pul alaraq cəmi 2273 manat məbləğində qalıq kredit borcunu ödəyərək bağlamışdır. Bundan sonra dəfələrlə cavabdehlə əlaqə saxlamağına baxmayaraq cəmi 100 manat pul bank kartı vasitəsilə ona ödənilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçıdan cəmi 1000 manat pul götürmüşdür. Birinci götürdüyü kreditdən onun xəbəri olmamışdır. İkinci krediti o, öz qardaşının işinə görə götürmüşdü. O, kreditdən vəziyyəti pis olduğu üçün pul verməsini istəmişdir. Maddi durumu pis olduğu üçün borc alıb qaytarırdı. 2020-ci ilin noyabr ayında Günay ona 1000 manat pul verdi. Dekabr ayında işdən çıxmışdır. İşdən çıxdıqdan sonra da onun borcunu hissə-hissə ödəyirdi. İstintaq Təcridxanasından çıxandan sonra yenidən 100 manat da göndərmişdir. İş materiallarında çeklər mövcuddur tərəfindən həmin borc üzrə 1202 manat pul ödənilmişdir. Hesab edir ki, iddiaçıya 172 manat faiz üzrə borcundan əlavə təxmini 700 manat borcu qalmışdır. Onun iddiaçıya tələb etdiyi miqdarda borcu yoxdur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğə dair hissədə dəyişdirilməlidir

21. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı ilə cavabdeh Əliyeva X1 və Humanitar Kollecində bir yerdə işləmişlər, cavabdeh borc verməsi üçün iddiaçıya müraciət etmiş, iddiaçı isə ona borc vermişdir. Hazırda aralarında olan şifahi qaydada bağlanmış borc münasibətlərinə əsasən iddiaçı cavabdehdən pul tələb edir. İşdən müəyyən edilir ki, cavabdeh ümumilikdə iddiaçıya 1202 manat və əlavə olaraq 100 manat kartına pul göndərməklə ödəniş etmişdir. Hazırda iddiaçı cavabdehin ona 2483 manat borcunun qaldığını bildirərək borcun məhkəmə qaydasında tutulmasını xahiş edir.

22. Məhkəmə kollegiyası cavabdeh birinci instansiya məhkəməsində iddiaçıya ümumilikdə etdiyi ödənişərindən əlavə 172 manat faiz borcu və hazırki icraat üzrə isə 700 manat ümumi borcdan ödənməmiş qaldığını bildirməsi, o cümlədən hər iki məhkəmədə cəmi 1000 manat borc aldığını qeyd etməsi barədə izahatlarını ziddiyətli hesab edir. Bu baxımdan cavabdehin iddiaçıya olan borcunun məhz özünün bildiriyi məbləğdə olması barədə qənaətə gəlinməsi ədalətli və ağlabatan hesab edilə bilməz. Belə ki, cavabdehin qeyd etdiyi kimi iddiaçıdan cəmi 1000 manat borc aldığı qəbul edilsə, o zaman cavabdehin 1202 manat pul qaytardıqdan sonra əlavə olaraq iddiaçıya hələ də 872 (172+700) manat borcunun qalmasını bildirmişdir. Belə olan halda isə cavabdehin borc məbləği barədə izahatının həqiqəti əks etdirmədiyi təsdiq edilir. Bu baxımdan məhkəmə kollegiyası tərəflər arasında yaranan münasibətər üzrə borc məbləğinin məhz iddiada qeyd edilən məbləğdə qalmasını və o cümlədən cavabdehin etiraf etdiyi məbləğdə də borcun qalmasını qəbul etmir. Kollegiya ədalətlilik və ağlabatanlığı nəzərə almaqla hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə iddia tələbində qeyd edilənin məbləği yarısı miqdarında borcunun qalması məqbul hesab edilməli həmin məbləğ cavabdedən iddiaçının xeyrinə tutulmalıdır.

22. Beləliklə, məhkəmə kollegya yuxarıda qeyd edilənləri nəzərə almaqla hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh 1241,50 (2483/2=1241,50) manat iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

23. Hazırkı iş üzrə iddianın qiyməti ümumilikdə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 1241,50 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar