Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6332/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi öhdəliyi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi öhdəliyi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1566/2022 saylı 20 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 80 nömrəli müqavilədən görünür ki, müqavilənin predmetini kooperativə ayrılmış ünvan 1 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 80 nömrəli mənzili təşkil edir (1.1-ci maddə). Kooperativ yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür (2.2-ci maddə). Mənzilin tikinti və hesablaşma sahəsi 156.95 kv.m.-dir (2.4-cü maddə). Payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür (2.6-ci maddə).
2. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş müvafiq maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" Mənzil- Tikinti Kooperativinə məxsusdur. Bu binanın 2-ci girişi 7-ci mərtəbəsində ümumi sahəsi 156.95 kv.m, yaşayış sahəsi 80,83 kv.m. olan 3 otaqlı 80 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun MTK-ya borcu yoxdur.
3. İddiaçı tərəfindən MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan sxem və s.) verilmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə arasında bağlanmış 20 dekabr 2011-ci il tarixli, 80 nömrəli müqaviləyə əsasən mənzil tərəfimndən satın alınmış, dəyərini tam ödənilmişdir. Mənzilin dəyərini tam ödədikdən sonra ailəsi ilə 2014-cü ilin iyul ayından etibarən həmin mənzilə köçmüşdür və hazırda da həmin mənzildə yaşayır. Tərəfindən kommunal və digər xidmətlərə ödəniş tam ödənilmiş və bu günə kimi heç bir borcu yoxdur. Artıq 8 ildir ki, həmin mənzildə yaşayırlar. Uzun müddətdir artıq həmin binanın sakini kimi yaşamasına baxmayaraq, bu günə kimi yaşayış mənzilinə xüsusi mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı ala bilmir. Dəfələrlə həm şifahi, həm yazılı formada, sonuncu dəfə isə 17 fevral 2022-ci il tarixdə cavabdehə müraciət olunaraq ümumi yığıncağın qərarını tələb etsə də, rəhbərlik və müvafiq əməkdaşlar həmin sənədi verməkdən imtina etmişlər. Şifahi olaraq imtinanın əsası kimi mənzildə artıq sahənin olduğu, yəni mənzilin müqavilədə qeyd olunan ümumi sahəsinin 156.95 kv.m deyil, 172 kv.m olduğu və buna görə əlavə 22.500 manat məbləğində pul vəsaiti ödəməli olduğunu bildirmişlər.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 may 2022-ci il tarixli 2(005)-1566/2022 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilmiş, ünvan 1 ünvanında olan binanın 2-ci giriş 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 kv.m. yaşayış sahəsi 80,83 kv.m olan 80 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması qət edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, mənzilin dəyəri tam ödənilməklə iddiaçının faktiki sahibliyində və istifadəsində olduğundan, onun qeyd edilən mənzilə mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. İddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1,157.1, 6.2, 14.2.1, 386.1, 385, Mənzil Məcəlləsinin 1.1, 2.1, 10.0.2, 12.2, 17.2, 18, 137.9, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 107, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmənin iddiaçının sahiblik və istifadəsinə verilmiş mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən artıq olması ilə bağlı hər hansı araşdırma aparmadıqları aşkardır. İddiaçıya müqavilədə göstərilən sahədən artıq sahəni real olaraq ona verib-vermədiyi yerində ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsində iddiaçının cavabdeh qarşısındakı müqavilə öhdəliklərini artıq olaraq icra edib-etməməyi aydınlaşdırılmalı və iddia tələbinə yekun qiymət verilməlidir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı tərəfdən etiraz ünvanlanaraq, qətnamədən verilmiş apelyasiya şikayəti əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir. Göstərilmişdir ki, müqavilədə mənzilin sahəsi 156,95 kv.m göstərilmiş, onun da dəyəri tam ödənilmişdir.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
15. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
16. Maddə 324.5. iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Beləliklə, müəyyən edilmişdir ki, tərəflər arasında 2011-ci ildə bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilsə və iddiaçı hazırda həmin mənzildə yaşasa da, artıq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir.
29. Göründüyü kimi iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə əsasında aldığı mənzilin dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından, hazırda iddiaçıya sözügedən mənzilin daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlər lazım olduğundan, həm də belə sənədlərin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının tələbi haqlı tələbdir.
30. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, məhkəmə iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, düzgün nəticəyə gəlmişdir.
31. Cavabdeh apelyasiya şikayətini mənzilin ölçüsü barədə araşdırılma aparılmaması ilə əsaslandırmışdır.
32. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilədə mənzilin sahəsi 156.95 kv.m göstərilmiş, onun da dəyəri tam ödənilmişdir.
33. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 80 saylı müqavilədə Kooperativ (cavabdeh) mübahisəli mənzili Payçıya (iddiaçıya) təhvil verməyi öhdəsinə götürür dedikdə, təkcə mənzilin özünün yox, həm də həmin mənzil üzərində alıcı hüquqlarını qeydə aldırmaq üçün zəruri olan bütün sənədləri verməyi də öhdəsinə götürməsi kimi qəbul olunmalıdır, əks yanaşma mülki dövriyyənin sabitliyinə xələl gətirmiş olardı.
34. Kollegiya hesab edir ki, məhkəmə yaşayış sahənin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərin iddiaçıya təqdim olunmasının təmin edilməsi barədə haqlı nəticəyə gəlmişdir.
35. Apelyasiya şikayəti əsassızdır.
36. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin hallarına uyğun qətnamə qəbul etmişdir; apelyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və ya əsassız hesab etmək, habelə onu ləğv etmək üçün əsas deyil.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1566/2022 saylı iş üzrə 20 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.