Məhkəmə qərarları › İş №2(103)-6332/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6332/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6332/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3764/2023 nömrəli 13 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3764/2023 nömrəli 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul və evdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumu iddiaçıya qaytarılmışdır. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-3764/2023 nömrəli qərardadının ləğv edilməsinə dair vəsatəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3764/2023 nömrəli 13 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti qərardadın ləğv edilməsi üçün əsaslı hesab edilməmiş və izah edilmişdir ki, iddiaçının iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadının ləğv edilməsi, işin yenidən icraata götürülərək baxışa təyin edilməsi, əks halda iş şikayətlə birlikdə baxılması üçün BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3764/2023 nömrəli 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3764/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məhkəmə prosesində iştirak etdiyindən məhkəmə iclasına gələ bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, lakin məhkəmə həmin ərizəni nəzərə almamışdır. Vəsatətin məzmunundan göründüyü kimi, iddiaçının nümayəndəsi və vəkili əsaslandırmanı başqa məhkəmədə prosesdə olması üzərində qurmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd olunan səbəbi üzrlü hesab etmir. Belə ki, vəkilinin hər hansı digər birinci instansiya məhkəməsində keçirilən prosesdə iştirak etməsi iddiaçını hazırkı iş üzrə prosesdə iştirak etmək vəzifəsindən azad etmir. Vəkil məhkəmə iclasında növbəti dəfə iştirak edə bilmədiyi halda, iddiaçı özü məhkəmə baxış iclasında iştirak edib, işə vəkilinin iştirakı ilə baxılması zəruridirsə, məhkəmə baxış iclasının təxirə salınması ilə bağlı məhkəməyə vəsatətlə müraciət edə bilərdi. Həmin halda da, aşağıda göstərilən normanın məzmunundan göründüyü kimi, qanunvericilik işə baxılmasının təxirə salınıb-salınmamasını məhkəmənin mülahizəsinə buraxır. Mülki Prosessual Məcəllənin 185.6-ci maddəsinə görə, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən iddiaçının tez-tez ölkə hüdudlarından kənarda olması, bu səbəbdən iddiaçının adından bütün prosessual hərəkətlərin onun nümayəndəsi və vəkili tərəfindən həyata keçirilməsi yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı barəsində “sərhədkeçmə məlumatları”ndan məlum olmuşdur ki, iddiaçı məhkəmə iclasının təyin olunduğu vaxtda və dövrdə ölkə xaricində olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3764/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3764/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar