Məhkəmə qərarları › İş №2(103)-6334/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6334/2022

28.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6334/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2020 saylı 18 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan 26 noyabr 2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, tərəflər öz aralarında müqavilə bağlayaraq, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını istifadə olunmaq məqsədi ilə İddiaçı icarəyə verməsi barədə razılığa gəlmişdirlər.

2. Müqavilənin 3-cü bəndinə görə, icarə müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək müəyyən olunur, tərəflərin razılığı ilə müqavilənin müddəti uzadıla bilər.

3. Həmin müqavilənin 8-ci bəndində İcarəçi hər ay 100 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

4. Tərəflərin izahatı ilə müəyyən olunur ki, müqavilədə icarə haqqı 100 manat göstərilsə də, faktiki olaraq 1200 manat razılaşdırılmışdır.

5. Həmin müqavilənin 7-ci bəndinə görə, İcarəçi icarəyə götürdüyü binada əsaslı təmir işlərini yalnız İcarəyə verənin rəsmi icazəsi ilə apara bilər və aparılmış əsaslı təmir işlərinə görə çəkdiyi xərclər icarə müqaviləsi pozulan vaxt icarəyə verəndən tələb edə bilməz.

6. İş materiallarında olan 084218 nömrəli lisenziyadan məlum olur ki, 15 dekabr 2014-cü il tarixdən 5 il müddətinə "xxxx" MMC-yə ünvan 1 ünvanında əczaçılıq fəaliyyətini həyata keçirməyə icazə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş zərərə görə 18.900 manat (8.900 manat maddi, 10.000 manat mənəvi zərərə görə) pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektində əczaçılıq fəaliyyəti ilə məşğul olmuş, 2014-cü ilin noyabr ayında cavabdeh ona icarə haqqını artıraraq 1200 manat olacağını bildirmişdir. O, şərtləri qəbul etmiş və 5 illik icarə müqaviləsini bağlamağı təklif etmişdir. Cavabdeh onun sözləri ilə razılaşmış, onlar icarə müqaviləsi bağlamaq üçün notariat kontoruna müraciət etmişdirlər. Orada əlavə xərc tələb edildiyindən icarə müqaviləsini 1 illik müddətə bağlamışdırlar. Lakin cavabdehlə arasındakı razılığa əsasən icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra yenidən müddəti uzadacaqdılar. O, icarə müqaviləsi bağlandıqdan sonra sənədlərini 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim etmiş və "xxxx" MMC-ni açmışdır. Daha sonra isə Səhiyyə Nazirliyinə müraciət edərək 5 il müddətinə əczaçılıq fəaliyyətini həyata keçirmək üçün lisenziya almışdır. Lakin bir müddət sonra cavabdeh ona müraciət edərək, icarə haqqını 2000 manata qaldıracağını demiş, o, cavabdehə hərəkətlərinin qanunsuz olduğunu aralarında müqavilənin olduğunu bildirmişdir. Cavabdeh obyektin icarə haqqının 1300 manat olması barədə razılaşmışdır. 2018-ci ilin oktyabr ayında cavabdeh ona müraciət edərək obyekti boşaltmağını bildirmişdir. O, cavabdehə hər ay icarə haqqını vaxtlı-vaxtında ödədiyini, lisenziyanın müddətinin bitməsinə 1 il qaldığını bildirmişdir. O isə təkidlə obyekti boşaltmağını bildirmişdir. Bu illər ərzində o, cavabdehə icarə haqqı olaraq 60600 manat məbləğində pul ödəmişdir. Obyektin təmirinə isə ümumilikdə 8900 manat xərc çəkmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəcitəcində ona külli miqdarda maddi ziyan dəymiş, səhhəti pozulmuşdur. Qeyriyaşayış sahəsini onun razılığı ilə yaxşılaşdırmaq məqsədi ilə 24 kv.m anbar binası tikdirmişdir və buna başqa xərclərlə birlikdə 8.900 manat pul xərcləmişdir. Belə ki, ustaya 2500 manat pul xərcləmiş, əlavə olaraq obyektin qabaq tərəfininə hər birinin dəyəri 300 manat olan 2 ədəd təzə plasmast qapı qoydurmuş, obyektin tavanına lambir vurdurub, işıqlar çəkdirib, buna da 500 manat sərf edib. Əlavə olaraq 5 illik lisenziya almaq üçün 5500 manat pul ödəmiş, lakin 4 il işlədiyi üçün 1 ilin rüsum pulu 1100 manat təşkil edir ki, onu da cavabdeh ödəməldir. Eləcə də əlavə olaraq8 4200 manat ödəmişdir ki, bunların da cəmi 8900 manat təşkil edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi əsəb gərginliyi, ruhi əzab və rahatsızlıqlarla bağlı mənəvi zərər çəkmişdir və bu zərəri 10.000 manat məbləğində qiymətləndirir. Qanunvericiliyin tələbinə görə, icarəyə götürülmüş əmlakın yaxşılaşdırılması ilə bağlı tərəflər arasında yaranmış münasibətlər özgə işlərini tapşırıqsız aparma haqqında müddəalarla nizamlanır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2020-ci il tarixli 22152 nömrəli ekspert rəyi ilə ünvan 2 ünvanında yerləşən qeyri yaşayış obyektinə əlavə edilmiş tikilinin inşasına sərf olunmuş məbləğin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 4556,0 manat olduğu müəyyən olunmuşdur.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 iyun 2020-ci il tarixli 2(011)-119/2020 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən maddi ziyana görə 4556,0 manat, mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia qismən təmin edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 50%, yəni 15 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan 50%, yəni 15 manatının iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericilik kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsinin Mülki Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə tənzimlənməsini nəzərdə tutur və həmin müddəalara əsasən icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. İddiaçı tərəfindən inşa edilmiş əlavə tikili əsas tikilidən ayrıla bilmədiyindən, həmin tikilin inşa edilməsi nəticəsində cavabdeh varlandığından iddia tələbi maddi zərərin ödənilməsi hissəsində qismən təmin edilməlidir.

12. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də qismən təmin edilməli və cavabdehdən 500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 680.2, 1090.1, 1090.2, 1090.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ona məxsus qeyri-yaşayış obyektində 2008-ci il tarixdən 200 manat icarə haqqı ödəməklə 4 il müddətində işləyib. Sonradan 2012-ci ildə icarə haqqını 400 manata artırılmaqla fəaliyyət göstərilirdi. 2013-cü ildə iddiaçı obyektə kondisioner qoyulması ilə əlaqədar icarə haqqını tərəflərin razılaşması əsasında 3 ay (1200 manat) pul ödəməmişdir. 2013-2014-cü illər ərzində iddiaçı qeyri-yaşayış sahəsinin arxa tərəfində əlavə tikilinin tikilməsi və təmir işləri ilə əlaqədar razılığa gəlmişlər. Belə ki, Cavid tikilinin aparılması ilə bağlı müəyyən xərclərin çəkilməsini və ona köməklik göstərilməsini bildirmiş, o da öz tərəfindən 7 ay (2800 manat) tərəflərin qarşılıqlı razılaşması əsasında icarə haqqını almamışdır. 2014-cü ilin noyabr ayında iddiaçı ilə 1200 manat icarə haqqı ödənilməsi şərti ilə 5 il müddətinə icarə müqaviləsi bağlanmışdır, müqavilə bağlandıqdan sonra 7 ay faktiki müqavilə əsasında fəaliyyət göstərmişdir. 7 ay fəaliyyət göstərəndən sonra öz əvəzinə tanımadığı, həmçinin müqavilə şərtlərinə zidd olaraq, Hacıqabul rayon sakini Sərhəd adlı şəxs heç bir müqavilə bağlanmadan fəaliyyət göstməsi üçün obyekti sonuncuya təhvil vermişdir. Məhkəmə qeyri-yaşayış obyektinə əlavə edilmiş tikilinin inşasına sərf olunmuş məbləğin mövcud bazar qiymətinin 2013-2014-cü illər ərzində həmin dövr üçün hesablanmamasını nəzərə almamışdır. İddia tələbindən məlumatı olmayıb. Belə ki, Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsi ev 49, mənzil 116-da qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayır. Şirvan şəhərində yaşamağı barədə iddiaçı məlumatlı idi.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz ünvanlayaraq, göstərmişdir ki, apelyasiya şikayəti əsaslandırılmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçı əvvəlcə 2008-ci ildə aylıq 200 manat icarə haqqı ödəməklə 4 il fəaliyyət göstərmişdir. 2012-ci ildə qarşılıqlı razılıqla icarə haqqı 400 manata artırılmışdır. 2014-cü ildə isə 1200 manata qaldırılmışdır, eyni ildə 3 il müddətinə icarə müqaviləsi bağlanmış, müqavilədə icarə haqqı 100 manat göstərilmişdir. 7 ay sonra cavabdehin razılığı olmadan obyekti başqa şəxsə təhvil vermişdir. İddiaçının bildirdiyi tikili 2014-cü ildə icarə müqaviləsi bağlanana kimi inşa olunmuş, cavabdeh də 7 ay ərzində, yəni 2800 manat icarə pulu almamışdır. Yalnız tikinti işləri başa çatdıqdan sonra xx.xx.2014-cü il tarixli İcarə müqaviləsi bağlanmış və müqavilədə də xüsusi olaraq göstərilmişdir ki, icarəyə verənin rəsmi razılığı olmadan icarəçi əsaslı təmir işləri apara və aparılmış əsaslı təmir işlərinə görə çəkdiyi xərclər icarə müqaviləsi pozulan vaxt icarəyə verəndən tələb edə bilməz.

18. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, tərəflər 2003-cü ildən icarə münasibətlərində olmuşlar. Tikili 2015-ci ilin əvvəlində müqavilə bağlandıqdan sonra lisenziya şərtlərinə görə tikilmişdir. Cavabdehin şifahi razılığı olmuş və iddiaçıya bildirmişdir ki, “tikirsən tik”.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 700. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

21. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə cavabdehin şikayətinə münasibətdə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

29. İddiaçı hazırda obyektin təmirinə xərclədiyi 8900 manat pul vəsaitini və mənəvi zərər tələb etmiş, birinci instansiya məhkəməsi isə ekspertiza rəyini əsas götürərək, obyektə əlavə edilmiş tikilinin inşasına 4556 manat sərf olunması qənaətinə gəlmişdir. Məhkəmə inşa edilmiş tikilinin özgə işlərinin tapşırıqsız aparılması nəticəsinə gəlmişdir.

30. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır.

31. Tərəflər arasında icarə münasibətləri olduğundan, həmin münasibətlər icarəyə dair normalar ilə tənzimlənir.

32. Cavabdeh tərəf bildirir ki, əlavə tikili icarə müqaviləsi bağlanmamışdan əvvəl tikilmişdir və o, tiliyə çəkilmiş xərcin əvəzi olaraq iddaçıdan 7 ay icarə haqqını almamışdır.

33. İddiaçı isə bildirir ki, əlavə tikili müqavilə bağlandıqdan sonra lisenziya şərtlərinə görə tikilmişdir.

34. Kollegiya qeyd edir ki, iddiaçı əlavə tikilinin müqavilədən sonra lisenziya şərtlərinə görə inşa edildiyini bildirsə də, bu hal sübuta yetirilməmişdir, digər tərəfdən iddiaçının lisenziya müddəti 5 il olduğu halda, icarə müqaviləsi 3 il müddətinə bağlanmışdır.

35. Kollegiya bildirir ki, əgər iddiaçının bildirdiyi kimi əlavə tikili müqavilə bağlandıqdan sonra tikilmişdirsə belə iddiaçı tərəfindən icarə müqaviləsinin şərtləri pozulmuş hesab edilir.

36. Belə ki, müqavilənin 7-ci bəndinə aydın şəkildə göstərilmişdir ki, İcarəçi icarəyə götürdüyü binada əsaslı təmir işlərini yalnız İcarəyə verənin rəsmi icazəsi ilə apara bilər və aparılmış əsaslı təmir işlərinə görə çəkdiyi xərclər icarə müqaviləsi pozulan vaxt icarəyə verəndən tələb edə bilməz.

37. Qeyd olunan müqavilə şərtinə görə, iddiaçı hər hansı əsaslı təmir işləri apardığı təqdirdə cavabdehin rəsmi icazəsini almalı idi, lakin belə bir icazənin verilməsi müəyyən olunmur, cavabdehin «tikirsən tik» deməsi də həmin razılığı ifadə etmir (hətta bu hal inandırıcı sayılsa belə).

38. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə cavabdehin rəsmi icazəsi təqdim edilməmişdir, ona görə də iddiaçının qeyd etdiyi müqavilədən sonra əlavə tikilinin inşa edilməsi halı təkzib edilir.

39. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 680.2, 1090.2 və 1090.3-cü maddələrinin tətbiqi o halda mümkün ola bilərdi ki, tərəflər arasında yazılı müqavilə olmasın. Hazırki halda isə tərəflər arasında yazılı müqavilə mövcuddur və yaranan bütün mübahisəli hallar məhz həmin müqavilə şərtlərinə uyğun (etibarsız şərtlər istisna olmaqla) həll olunmalıdır.

40. İddiaçının tikiliyə çəkilmiş xərcin tutulması (3600 manat) hissəsində tələbi əsassız olmaqla yanaşı, «əlavə olaraq ödənilmiş 4200 manat» hissəsində də əsassızdır, belə ki, həmin tələb ümumiyyətlə əsaslandırılmamışdır (hansı xərclər olması belə göstərilməmişdir). Eləcə də lisenziyanın 1 illik rüsumu kimi tələb olunan 1100 manat da aydın olmayan və əsassız tələbdir, buna görə də rədd olunmalıdır. Əsas tələblər təmin olunmadığından, eləcə həmin hissədə tələb əsaslandırılmadığından mənəvi zərər tələbi də təmin oluna bilməz.

41. Beləliklə, apelyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.

42. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıya, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2020 saylı iş üzrə 18 iyun 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar