Məhkəmə qərarları › İş №2(103)-6338/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6338/2020

06.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6338/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı1 vəkili X1, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-1292/2020 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə, “xxxxxxxxxxxxxxxx” MMCyə, Cavabdeh5 MMC-yə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “ərizəçilərin rabitə xidmətlərinin cavabdehlər tərəfindən dayandırılması, onların özlərinin və mənzilinin güdülməsi, onların məlumat, şəxsi həyat və ailə həyatına hörmət, pis rəftara məruz qalmama, bərabərlik (ayrı-seçkiliyə məruz qalmama) hüquqlarının pozulması hesab edilməsi, eləcə də qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə cavabdehlərə və başqa şəxslərə ərizəçilərə göstərilən rabitə və televiziya yayımı xidmətlərinin kəsilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-1292/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə, “xxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh5 MMC-yə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “ərizəçilərin rabitə xidmətlərinin cavabdehlər tərəfindən dayandırılması, onların özlərinin və mənzilinin güdülməsi, onların məlumat, şəxsi həyat və ailə həyatına hörmət, pis rəftara məruz qalmama, bərabərlik (ayrı-seçkiliyə məruz qalmama) hüquqlarının pozulması hesab edilməsi, eləcə də qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə cavabdehlərə və başqa şəxslərə ərizəçilərə göstərilən rabitə və televiziya yayımı xidmətlərinin kəsilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1292/2020 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2020-ci il aprelin 8-də axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri və Demokratik Qüvvələrin Milli X2 üzvü olan 1-ci ərizəçinin ictimai əsasla köməkçisi Faiq Əmirli yaşadığı evin həyətindən zorla aparılıb və sabahı gün ona 30 sutka inzibati həbs cəzası verilib. Aprelin 9-da 1-ci ərizəçinin ictimai əsasla mühafizəçisi Ruslan Əmirov da hərəkət üçün icazəsi olmasına baxmayaraq, saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib. Bu iki həbslə AXCP sədrinə texnikiproblemlərinin həllində və fəaliyyətini əlaqələndirməkdə xeyli çətinlik yaradılıb. 1-ci ərizəçi xx xxxxx 2020-ci il tarixində, Bakı vaxtı ilə saat 22:30-da “Osmanqızı” youtube kanalında canlı yayımın qonağı olmalı idi. Bu müsahibə barədə kanalın sahibi və aparıcısı, jurnalist Sevinc Osmanqızı anons paylaşmışdı. Müsahibənin başlanmasına 15 dəqiqə qalmış 2-ci cavabdeh ərizəçilərin mənzilinə internet xidmətini qəfil dayandırıb. Elə həmin vaxtda həm 1-ci ərizəçinin istifadəsində olan mobil telefonunun (nömrəsi: +99450 2209992), həm də onun həyat yoldaşı 2-ci ərizəçinin istifadəsində olan mobil telefonunun internet rabitəsi 1-ci cavabdeh tərəfindən dayandırılır. Beləliklə, sinxron şəkildə - eyni zamanda 3 aparat vasitəsilə həyata keçirilən internet rabitəsi xidmətləri cavabdehlər tərəfindən dayandırılıb. xx xxxxx 2020-ci il tarixində, ərizəçilərin internet rabitəsi qısa müddətə bərpa olunduqda 1-ci ərizəçi “Osmanqızı” youtube kanalında canlı yayımda axşam müsahibə verməyə cəhd edəcəyini açıqlayıb. Bundan bir qədər sonra ərizəçilərin bütün internet rabitəsi kəsilib. 1-ci ərizəçinin Whatsapp, Telegram və Facebook kimi sosial şəbəkə platformalarındakı şəxsi əlaqə hesabları da ələ keçirilib. Aprelin 16da AXCP sədrinin ictimai əsasla digər mühafizəçisi Niyaməddin Əhmədov hərəkət icazəsi olduğu halda saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib. Niyaməddin Əhmədov həmin gün özünə bazarlıq edərkən, öz istəyi ilə həm də 1-ci ərizəçi üçün bazarlıq edərək onlara aparıb və sonuncunun yaşadığı binadan çıxarkən saxlanılıb. İnzibati həbsdə olduğu zaman, aprelin 28-də səhər saat 11 radələrində N.Əhmədovu saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) X8 Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb. O, yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb küçə söyüşləri ilə müşayiət olunan işgəncələrə məruz qoyublar. Ondan tələb olunub ki, İddiaçı1 pul aldığı haqda ifadə versin. Təxminən saat 23-də onu Saxlanma Məntəqəsinə qaytarıblar. Bundan sonra da onu 2-ci cavabdehin inzibati binasına apararaq neçə gün orada saxlamış, ləyaqəti alçaldan rəftara məruz qoymuşlar. Aprelin 17-də “Meydan TV” informasiya portalının əməkdaşı 1-ci ərizəçidən müsahibə götürərkən ərizəçilərin internet çıxışından məhrum olunmasını özü şəxsən müşahidə edərək təsdiqləyib. AXCP sədrinə yeni modem alıb gətirmiş İslam İslamzadə də aprelin 17-də saxlanılıb və aprelin 18-də məhkəmə qarşısına çıxarılaraq 30 sutka inzibati həbsə məhkum edilib. Bundan başqa, ərizəçilərin internet rabitəsindən başqa, həm də telefon rabitələri (telefon şəbəkəsinin qısa müddətə açılması nəzərə alınmasa) kəsilib. Ərizəçilərə göstərilən mobil telefon xidmətlərinə görə məsuliyyət daşıyan 4-cü cavabdehin mətbuat xidməti bildirib ki, "Cavabdeh4" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur”. Aprelin 20-də Azad Söz yutub kanalının əməkdaşı Teymur Kərimov 1-ci ərizəçidən götürülmüş video-müsahibəni kanal rəhbərliyinə göndərmək üçün həmkarı Fatimə Mövlamlıdan təhvil aldıqdan az sonra mülki geyimlilər tərəfindən saxlanılıb və döyülüb, avadanlıqları sındırılıb, video-müsahibə yazıldığı yaddaş kartı isə əlindən alınıb. Jurnalist üzləşdiyi zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına şikayət etsə də, bu, nəticə verməyib. Aprelin 28-də 1-ci ərizəçinin 55 illik yubileyi ilə bağlı reportaj hazırlamaq üçün onlara gedən Azadlıq qəzetinin əməkdaşı Səadət Cahangir və onunla birlikdə olan AXCP Ali Məclis sədrinin müavini İradə Əliyeva (hərəkət üçün SMS icazəsi olub) ərizəçilərin binasına daxil olduqda mülki geyimlilərin hücumuna məruz qalaraq polis bölməsinə aparılıb. Onları 4 saata yaxın polis bölməsində saxlayıb, bu vaxt ərzində telefonlarını əllərindən alıblar. Daha sonra guya karantin qaydalarını pozduqları üçün 100 manat cərimələyərək sərbəst buraxıblar. 1 aydır ki, ərizəçilərin mənzili olan binanın yaxınlığında mülki geyimli şəxslərin gecə-gündüz keşik çəkdikləri post qurulub və Ərizəçilərin evi daim nəzarətdədir. Mayın 11-dən ərizəçilərin televiziyasının peyk antenası da sıradan çıxarılıb, nəticədə onların 7 yaşlı oğlunun “Mədəniyyət’' kanalı vasitəsilə yayımlanan dərsləri dinləmək imkanı da aradan qaldırılır. Sadalananlara əsasən, eləcə də bir sıra maddi və prosessual hüquq normalarına istinadən ərizəçilər cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-1292/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəçilərin iddia ərizəsinin geri qaytarılmasını qərara alıb. Bu qərardad aşağıdakı əsaslara görə ifrat dərəcədə qanunsuz və ədalətsiz olduğundan ləğv olunmalı, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilməlidir: Əvvəla, MPM-in 149.2.3-cü maddəsinə istinad etsə də, bu normanı düzgün tətbiq etməyib, çünki ərizəçilər cavabdehlərin hər birinə yönələn tələbləri göstərib. İkincisi, qərardadda hakim irad tutur ki, guya ərizəçilər tələbləri aydın göstərməyib, halbuki həmin tələblər kifayət qədər aydın ifadə olunub. Ərizəçilərin rabitə xidmətlərinin cavabdehlər tərəfindən dayandırılması, onların özlərinin və mənzilinin güdülməsi ərizəçilərin məlumat, şəxsi həyat və ailə həyatına hörmət, pis rəftara məruz qalmama, bərabərlik (ayrıseçkiliyə məruz qalmama) hüquqlarının pozulması hesab edilməsi ərizəçilərə məlum deyil ki, hakim tələblərin aydın ifadə olunması deyəndə nəyi nəzərdə tutur və bu, o qədər də maraqlı deyil, belə ki, istənilən halda hakim, bir tərəfdən, qanunvericilik orqanının funksiyasını üzərinə götürərək qanuna faktiki düzəliş edir, başqa tərəfdən, özü etdiyi düzəlişi özü başa düşdüyü tərzdə iddia ərizəsinə tətbiq edir. Onların iddia ərizəsinin qaytarılması barədə qərardad tamamilə qanunsuz olmaqla, Ərizəçilərin məhkəməyə əlçatımlıq hüququnun (İnsan Hüquqları və X7 haqqında Konvensiyanın 6-cı maddəsi) pozulmasıdır. Bu qərardadla ərizəçilərin İnsan Hüquqları və X7 haqqında Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin ehtiva etdiyi məhkəmə əlçatımlığı hüququ ciddi şəkildə pozulur. Bundan başqa, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata hörmət hüququ bu dəfə məhkəmənin köməkliyi ilə daha ciddi pozulur Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X5 qərardada göstərilənlər qanunun tələblərinə uyğun olduğu üçün şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə, “xxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh5 MMC-yə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “ərizəçilərin rabitə xidmətlərinin cavabdehlər tərəfindən dayandırılması, onların özlərinin və mənzilinin güdülməsi, onların məlumat, şəxsi həyat və ailə həyatına hörmət, pis rəftara məruz qalmama, bərabərlik (ayrı-seçkiliyə məruz qalmama) hüquqlarının pozulması hesab edilməsi, eləcə də qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə cavabdehlərə və başqa şəxslərə ərizəçilərə göstərilən rabitə və televiziya yayımı xidmətlərinin kəsilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki iddia ərizəsində iddiaçıların iddia tələblərini əsaslandırdıqları hallar və iddia ərizəsində bir neçə cavabdeh göstərilməsinə baxmayaraq, iddia tələbində cavabdehlərin hər birinə yönələn tələblər aydın göstərilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.3-cü maddəsində iddiaçının bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı olduğu göstərilmişdir. Hazırki iddia ərizəsində isə bir və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.7-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud vəziyyətdə iddia ərizəsinin geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb və şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1292/2020-li iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar