Məhkəmə qərarları › İş №2(103)-634/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-634/2023

16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-634/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2 və nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərər” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4504/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" Tikinti Xidmətləri MMC-nə qarşı – cavabdehdən ona vurduğu 100.000 manat maddi və 900.000 mənəvi ziyan əvəzi ümumilikdə 1.000.000 manatın alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tozmaz X4 Respublikası vətəndaşıdır. İddiaçı cavabdeh şirkətdə çalışırdı. Cavabdeh şirkət Azərbaycanda qeydə alınmış hüquqi şəxsi olmaqla, Dövət sifarişi ilə Sumqayıt şəhəri Yaşma qəsəbəsində 2019-cu ilin 19 fevralında günortadan sonra, təxminən 15.00 radələrındə iddiaçının sağ gözünə 100 mmlik mismar batmışdır. Həmin gecə iddiaçı saat 11.00-da X6 adına göz xəstəlikləri institutunda əməliyyat olunmuşdur. İddiaçı 5 gün həmin xəstəxanada qalmış, sonra həmin ilin sentyabr ayında əməliyyat tikişləri sökülmüş, sonra sentyabr ayında şirkət tərəfindən Dünyagöz klinikasında müayinə olunmuş və iddiaçıya gözünün bəbəyinin donor vasitəsi ilə dəyişəcəyi təqdirdə, zədələnmiş gözünün 80% görəcəyinə dair təminat verildiyi bildirilmişdir. Lakin cavabdeh bu əməliyyat üçün tələb olunan 30.000 manat vəsaiti ödəməmişdir. Şirkət bu vəsaitin çox olduğunu bildirərək özləri tərəfindən həmin əməliyyatı Türkiyə Respublikasında keçirəcəklərini bildirmişlər. 2019-cu ilin dekabr ayında yol xərclərini cavabdeh qarşılayaraq iddiaçını Türkiyəyə göndərmişlər. İddiaçı orada da müayinə olunmuşdur və ona 3 ay müddətində müalicə olunmasını bildirmişlər. Lakin cavabdeh yenə də ödəniş etmədiyi üçün əməliyyat keçirilməmişdir. Şirkətdə vəsait olmadığından bugün-sabaha salaraq 2021-ci ilin mart ayının sonunda yenidən Türkiyəyə göndərmişlər. İddiaçı 8 ay orada qalmış, özlərinin tapdığı həkim artıq gec olduğunu bildirmişdir. İddiaçı yenidən Türkiyədəki Dünyagöz klinikasında müayinə olunmasını tələb etmiş, orada professor Anil Kubaloğlu iddiaçını müayinə edərək artıq gecikdiyini, indi əməliyyat eləsələr belə, xeyri olmayacağını bildirmişdir. Təxminən 6 il bundan öncə yenə də həmin şirkətdə çalışarkən loqonda ilə işləyən zaman dəmir qırıntısı iddiaçının sol gözünə batmışdır, lakin o vaxt həkimin köməyi ilə dəmir qırıntısı xaric edilmiş, lakin onun sonrakı müalicəsi üçün vəsait ayırmamışlar. Cavabdeh şirkət iddiaçını qanunsuz işlətmişdir. Cavabdeh bu günə kimi onun aylıq ev kirayə haqqını ödəsə də, indi ona nə yardım edir, nə də ki müalicəsi ilə maraqlanır. İddiaçı Türkiyədə çoxsaylı uzman doktorların qəbulunda olmuş, amma cavabdeh pul ödəmədiyi üçün müalicə olmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4504/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər məhkəməyə barışıq sazişi təqdim etmiş və onun təsdiq olunmasını xahiş etmişlər. Tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X5 aşağıdakı şərtlərlə razılığa gəlirlər:

1. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-634/2023 saylı mülki iş üzrə Cavabdeh MMC İddiaçı 80.000 (səksən min) manat verməyi öhdəsinə götürür. Həmin vəsaitdən 40.000 (qırx min) manat barışıq sazişi imzalandıqdan dərhal sonra ödənilir. Qalan məbləğ isə dörd ay müddətində hissə-hissə olmaqla ödəniləcək.

2. İddiaçı barışıq sazişi əsasında Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-634/2023 saylı mülki iş üzrə Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasından imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və barışıq sazişinin şərtlərini araşdıraraq, tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4504/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 370, 384.0.4, 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ :

Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4504/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X5 aşağıdakı şərtlərlə razılığa gəlirlər:

1. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-634/2023 saylı mülki iş üzrə Cavabdeh MMC İddiaçı 80.000 (səksən min) manat verməyi öhdəsinə götürür. Həmin vəsaitdən 40.000 (qırx min) manat barışıq sazişi imzalandıqdan dərhal sonra ödənilir. Qalan məbləğ isə dörd ay müddətində hissə-hissə olmaqla ödəniləcək.

2. İddiaçı barışıq sazişi əsasında Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-634/2023 saylı mülki iş üzrə Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasından imtina edir. İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar