Məhkəmə qərarları › İş №2(103)-6342/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6342/2025

04.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6342/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2576/2025 saylı, 29 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı müxtəlif tarixlərdə tərtib olunmuş qəbzlərə, cavabdehin verdiyi izahata istinad edərək ona qaytarılmalı məbləğin 14.000 manat təşkil etdiyini göstərmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək 5.750 manat məbləğində borcunun olduğunu qeyd etmişdir. Belə ki, cavabdeh izahatında 4.000 manat məbləğin verildiyini, həmin puldan 700 manatın çıxıldığını və faktiki olaraq 3.300 manat aldığını, daha sonra verilmiş 5.000 manat məbləğindən 400 manatın çıxıldığını və faktiki olaraq 4.600 manat aldığını etiraf etmişdir. O, həmçinin verilmiş məbləğdən xx.xx.2024-cü il tarixdə 1.200 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 100 manat və xx.xx.2025-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 2.350 manat məbləğində pul qaytardığını qeyd etmişdir. Bundan əvvəl iddiaçıdan geri qaytarmaq şərti ilə götürdüyü məbləğdən iddiaçıya borclu qalmadığını göstərmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə tanışlığı hər ikisinin də işlədiyi Avrasiya Hospitalında olub. Tanışlıqdan bir müddət sonra cavabdeh ona yaxınlaşaraq maddi vəziyyətinin pis olmasını və qaytarmaq şərti ilə borca pul lazım olduğunu bildirib. Cavabdehi tanıdığı üçün onun səmimiyyətinə inanaraq və köməklik məqsədi ilə ona borca pul verməyə başlayıb. Təqdim etdiyi bank çıxarışlarından da göründüyü kimi borcu qaytarmasını görüb davamlı olaraq ona müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borca pul verməyə başlayıb. Amma cavabdeh borcun bir hissəsini qaytarsa da, hazırda onun 5000 manat borclu qalıb. Sonuncu dəfə isə 2024-cü ilin iyul ayında cavabdehə ümumi olaraq 9000 manat məbləğində borc pul verib. Pulu da başqa bir xanımdan öz adına borc alaraq verib. Belə ki, iyul ayının 5-də cavabdehə 4000 manat verib, bu 4000 manatın ele bil 700 manat faiz borcu olduğu üçün cavabdeh ona deyib ki, 4000 manatdan faiz borcu kimi 700 manatı çıx, həmin 700 manatı borc aldığı xanıma, 3300 manatı ise ona göndər. O da cavabdehin dediyi kimi edib. Yəni iyul ayın 5-nə cavabdeh ondan ümumi olaraq 4000 manat pul götürüb. 5000 manatı ise cavabdeh iyul ayının 8-də səhər saat 7-də evinə gələrək götürüb. Yənə də 5000 manat puldan 400 manat çıxılmış, yerdə qalan 4600 manatı cavabdeh götürmüşdü. Hazırda cavabdehin əvvəlki 5000 manat borcu da nəzərə alınsa, ümumilikdə onun 14.000 manat məbləğində borcu var. Cavabdehə verdiyi pulları tanış bir xanımdan borc alıb vermişdir. Hazırda həmin xanım da ondan borc pulunu istəyir. Dəfələrlə cavabdehdən pul vəsaitlərinin geri qaytarmalarını tələb etsə də, heç bir müsbət nəticə olmamışdır. Cavabdeh borcu qaytarmaqdan imtina edir ve borcu olmamasını bildirir. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh ondan polisə şikayət edib. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində olarkən izahatları alınan zaman cavabdeh özü təhqiqatçının yanında ondan 9000 manat borc aldığını özü etiraf etmişdi.

4. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı ilə o iş yoldaşı olmuşlar. İddiaçı faizə pul verən şəxs kimi tanıdığından işlədikləri müddət ərzində anasının müalicəsi üçün ondan dəfələrlə faizə pul götürmüş və qaytarmışdır. Onun 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyul ayınadək faizə hissə-hissə götürdüyü ümumi 35 000 manat əvəzinə 45 000 manatdan artıq pul qaytarmışdır. O, iddiaçıdan 2024-cü ilinu iyul ayında 9000 manat faizə pul götürdüyü etiraf edir. İddiaçı kart nömrəsi 416073....8352-dir. Həmin ilin iyul ayının 1-də İddiaçı 4000 manat faizə pul götürmüş, həmin puldan 700 manat faiz hesablayaraq götürmüş, ona cəmi 3300 manat pul vermişdir. İddia ərizəsində göstərilən guya 9000 manatdan əlavə əvvəlki borc olaraq 5000 tələbi yalandır. O iddiaçıya əvvəl aldığı pulları faizi ilə birlikdə qaytardığına görə ona yenidən faizə pulu vermiş və faizlərin bir qismini də əvvəlcədən götürmüşdür. Bir neçə gün sonra ondan 5000 manat faizə pul götürmüş, həmin puldan 400 manatını Makvala faiz olaraq götürmüş və ona 4600 manat nəğdi pul vermişdir. Beləliklə Makvala ona cəmi 7900 manat pul vermişdi. xx.xx.2024-cü il tarixində saat 23:14 dəqiqədə Cavabdeh İddiaçı bank kart hesabına 1200 manat pul göndərmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə İddiaçı 416073....8352 nömrəli bank kartına 808 manat (08 manat komissiya haqqı) və xx.xx.2024-cü il tarixdə yenə də həmin karta 151,50 manat (1,50 manat komissiya haqqı) pul köçürmüşdür. Bundan sonra maddi imkanı pisləşdiyindən əlavə pul qaytarmaq imkanı olmamışdır. Lakin ona pulu qaytarmaq üçün möhlət verilməsini xahiş etsə də razılaşmamış və onu hər bir formada hədələmişdir. Ona görə də 20-ci X1suz hərəkətləri barəsində şikayət etmişdir. İddia tələbini 5750 manat məbləğində qəbul edir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2576/2025 nömrəli 29 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 5550 (beş min beş yüz əlli) manat pulun və dövlət rüsumu kimi ödənilmiş pulun 75,5 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbinin həqiqətən də 14000 manat təşkil etdiyini sübuta yetirə bilməmiş, yalnız cavabdeh tərəfin özünün etirafı ilə iddiaçıdan hissəhissə olmaqla 9000 manat pul alındığı, həmin puldan ilk dəfə verilən 4000 manatın 700 manatı çıxılmaqla, cavabdehə cəmi 3300 manat, sonradan isə 5000 manat verilməsi, həmin puldan 400 manatını Makvala faiz olaraq götürdüyü, cavabdehə cəmi 4600 manat nəğd pul verildiyi, həm iddia ərizəsinin məzmunu, həmçinin də cavabdeh tərəfin izahatı, etirazı ilə təsdiqlənir. Faktiki götürülən cəmi 7900 manat məbləğdən isə cavabdeh - 1200 manat xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə İddiaçı 416073....8352 nömrəli bank kartına 808 manat (08 manat komissiya haqqı) və xx.xx.2024-cü il tarixdə yenə də həmin karta 151,50 manat (1,50 manat komissiya haqqı), 14 dekabr 2024-cü il tarixdə 100 manat və 4 mart 2025-ci il tarixdə 100 manat, ümumilikdə 2350 manat pul köçürülmüşdür.

7. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9.1, 9.3, 77.1 , 78.1, 217.4 və 220.4-cü maddələrinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi nin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2576/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh özü izahatında göstərmişdir ki, ondan 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyul ayınadək faizə hissəhissə ümumi 35 000 manat pul götürmüşdür. Bildirsə də ki, həmin 35000 manatı ödəyib lakin həmin 35000 manat pulun ödənilməsi barədə hər hansı qəbz işə əlavə etməmişdir. Ona görə ki, cavabdeh əslində 2024-cü il tarixdən öncə də pul göyürdüyünü özü etiraf etmişdir. O isə iddia ərizəsində göstərmişdir ki, onun öncəki borcundan 5000 manat qalıb. Cavabdeh isə birmənalı özü öz izahatında göstərib ki, 2023-cü il tarixdə ondan pul götürmşdür. Həmin pulların tam ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə işi birtərəfli apararaq ondan bunu tələb etməmişdir. Onun artıq 2023-cü il tarixdə cavabdeh tərəfindən götürülmüş pulla bağlı sübut təqdim etməyə ehtiyac qalmamışdır. Ona görə ki, artıq cavabdeh özü bunu etiraf etmişdir. Cavadeh 2024-cü ilin iyul ayından sonra da 9000 manat faizə pul götürdüyü etiraf etmişdir. Bununla da bağlı sübuta ehtiyac qalmamışdır. Ona görə də o bununla bağlı da sübutların təqdim olunmasına ehtiyac olmamasını bildirmişdir. Həmçinin cavabdeh özü Nəsimi rayonu 20-ci Polis bölməsinə də müraciət etdikdə orada da ona borcunun olduğunu etiraf etmişdir. Məhkəmə bu hissədə də düzgün araşdırma aparmamışdır. Ona görə ki, 1200 manat ona xx.xx.2025-ci il tarixdə atılmışdır. O, isə 9000 manat pulu xx.xx.2025-ci il tarixdə vermişdir. Ona 1200 manat pulu 35000 manat borcdan atmışdır. Həmçinin 808 manat pulu da ona 35000 manat borcdan ödəmişdir. Bununla bağlı sübutları vardır. Cavabdeh ona sonuncu dəfə götürdüyü 9000 manat puldan bir qəpik də ödəniş etməmişdir. O, sistemə kartdan çıxarışlar əlavə etsə də məhkəmə həmin sübutlara qiymət verməmişdir. Ona görə ki, bütün pul əməliyyatları kart vasitəsilə olunmuşdur. Hətta bunu cavabdeh özü də etiraf etmişdir. O, sonuncu dəfə 9000 manat puldan cavabdehə cəmi 5000 manat pulu əlbəəl vermişdir və cavabdeh də bunu etiraf edib. O, 4000 manat puldan 700 çıxdı, 3300 götürdü. 5000 manat puldan 400 çıxdı 4600 götürdü. 7900 manat pul qaldı. Cavabdeh özü də etiraf etmişdir ki, faizi ona ödəməmişdir. Cavabdeh kimə faiz ödəyibsə gedib onunla söhbətini eləsin. Həmin puldan 5000 manatı iddiaçı tələb etsə də, məhkəmə 5000 manat pulun tələbinə hər hansı qiymət verməmişdir. Ancaq 9000 manat pulun hissəsində işə baxmış və qətnamədə qeyd etmişdir ki, 5000 manat pulu o sübut edə bilməmişdir. Axı məhkəmə diqqət yetirməmişdir ki, cavabdeh özü zatən 35000 manat pulu götürdüynü etiraf edib. Lakin qaytardığını bildirsə də həmin pulların qaytarmağı barədə sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə də bu hissəyə göz yumaraq qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. 12.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən aydın olur ki, o, qətnamənin iddianın təmin edilməyən hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilməyən hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

17.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 18.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 20.324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 21.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinəmüəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 24.1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 25.1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

26.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 27.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr). 28.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 29.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır (385.1.1-ci maddəsi).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “tutulmalı olan məbləğ” hissəsində dəyişdirilməli, iddia qismən təmin edilməlidir. 31.İş materiallarından göründüyü kimi, iddiaçı müxtəlif tarixlərdə tərtib olunmuş qəbzlərə, cavabdehin verdiyi izahata istinad edərək ona qaytarılmalı məbləğin 14.000 manat təşkil etdiyini göstərmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək 5.750 manat məbləğində borcunun olduğunu qeyd etmişdir. Belə ki, cavabdeh izahatında 4.000 manat məbləğin verildiyini, həmin puldan 700 manatın çıxıldığını və faktiki olaraq 3.300 manat aldığını, daha sonra verilmiş 5.000 manat məbləğindən 400 manatın çıxıldığını və faktiki olaraq 4.600 manat aldığını etiraf etmişdir. O, həmçinin verilmiş məbləğdən xx.xx.2024-cü il tarixdə 1.200 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 100 manat və xx.xx.2025-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 2.350 manat məbləğində pul qaytardığını qeyd etmişdir. Bundan əvvəl iddiaçıdan geri qaytarmaq şərti ilə götürdüyü məbləğdən iddiaçıya borclu qalmadığını göstərmişdir. 32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddia üzrə hesablamanı düzgün aparmamışdır. 33.Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında faiz qarşılığında borc pul verilməsi barədə razılaşma mövcud olmuş və borcun məhz razılaşdırılmış şərtlərə qaytarılması nəzərdə tutulmuşdur. Qeyd edilənlər hər iki tərəf tərəfindən təqsdiq edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsaslanaraq vurğulayır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 34.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər arasında əldə olunmuş razılaşmanın predmeti məhz 9.000 manat məbləğində pulun qaytarılmalı olmasından ibarət olmuşdur. 35.Bundan başqa birinci instansiya məhkəməsi iddiaçının 9.000 manat verilməzdən əvvəl cavabdehin ona 5.000 manat borclu olmasını iddia etdiyini, habelə cavabdehin tərəflər arasında borc münasibətlərinin 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyul ayınadək davam etməsini, faiz ödənişləri ilə birlikdə hissə-hissə götürdüyü ümumilikdə 35 000 manat məbləğini 45 000 manatdan artıq pul ödəməklə qaytartadığını etiraf etdiyini, xx.xx.2024 nəzərə almamışdır. 36.Məhkəmə həmçinin nəzərə almamışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixdə (iddiaçının dediyinə görə xx.xx.2024-cü il tarixdə) 4.000 manat pul götürdüyü halda, həmin gün 1.200 manat köçürməsinin bu məbləğin verilməsi ilə yaranmış borcun qaytarılması kimi qiymətləndirilməsi ağlabatan deyildir. Həmin köçürmənin məhz 4.000 manatın qaytarılması məqsədilə həyata keçirildiyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. 37.Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qaytarılmaq şərti ilə ümumilikdə 14.000 manat məbləğində pul verdiyi iş materialları ilə sübuta yetirilmişdir. Pulun verilməsi faktı təsdiq olunduğundan, onun qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh yalnız 2.350 manat məbləğinin qaytarıldığını təsdiq edən sübutları təqdim etmiş, qalan hissədə öhdəliyin lazımi qaydada və tam icra edildiyini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Buna görə də borcun həmin hissədə icra edilmədiyi və iddiaçının əmlak mənafelərinin pozulduğu müəyyən olunur. 38.Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2576/2025 saylı, 29 sentyabr 2025-ci il tarixli qətnaməsi “tutulmalı olan məbləğ” hissəsində dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh 11.650 (on bir min altı yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ümumilikdə ödənilmiş 198 manatın 164 manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar