Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6343/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(001)- 1850/2023 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(001)-1850/2023 saylı qətnaməsinə əsasən, İddiaçı2 və İddiaçı1 birgə iddiaçılar kimi Bakı şəhəri 32 saylı notariat ofisinə qarşı (Bank "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etməklə) icra qeydinin ləğvi barədə iddiası rədd edilmişdir. İddiaçı2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(001)- 1850/2023 saylı qətnaməsindən apellyasiya vermiş, həmçinin ərizə ilə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(001)-1850/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(001)- 1850/2023 nömrəli qərardadı ilə İddiaçı2 iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(001)-1850/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı2 məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(001)-1850/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qətnaməsinin iddiaçıya nə vaxt və harada verildiyi aydınlaşdırılmamışdır. Həmin faktiki halın aydınlaşdırılması qətnamədən şikayət verilməsi üçiin müddətin ötürülüb ötürülmədiyinin müəyyən edilməsi üçün əhəmiyyətli idi. Lakin məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(001)- 1850/2023 nömrəli qərardadı ilə İddiaçı2 şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(001)-1850/2023 saylı qətnaməsi hakimin elektron imzası ilə təsdiq edilməklə xx.xx.2023-cü il tarixdə İddiaçı2, eyni zamanda birinci instansiya məhkəməsində onun nümayəndəsi və vəkili olmuş X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. İş üzrə digər İddiaçı1 isə məhkəmə aktının alınmasına dair qəbzi xx.xx.2023-cü il tarixdə şəxsən imza etməklə qətnaməni əldə etmişdir. Sonradan İddiaçı2 xx.xx.2023-cü il tarixdə ərizə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, mübahisələndirdiyi qətnaməni əldə etmədiyini, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra vəkili ilə münasibətlərinin pozulmasını, aralarında bağlanmış xidmət müqaviləsinin ləğv edilməsini onun tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzrlü səbəb kimi qəbul edilməsini xahiş etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbləri baxımından iddiaçıya münasibətdə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axını xx.xx.2023-cü il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Belə olan halda, müddətin bərpası barədə ərizədə göstərilən dəlillər öz hüquqi əhəmiyyətini itirmiş olur və məhz qeyd edilən müddət ərzində apellyasiya şikayətinin verilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblərin göstərilməsinə zərurət yaranır. Lakin iddiaçıya bu müddət ərzində apellyasiya şikayətinin verilməsinə mane olan hər hansı hal müəyyən edilməmiş, ərizəsində nəzərdə tutulan səbəblər isə üzrlü hesab edilə bilməz. Hüquqi nəticə etibarı ilə xx.xx.2023-cü il tarixdən apellyasiya şikayətinin verilməsi üçün real imkan əldə etmiş iddiaçı hər hansı üzürlü səbəb olmadan müəyyən edilmiş müddət ərzində bu imkandan istifadə etməmiş, müddət bitdikdən sonra isə onun bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(001)-1850/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən İddiaçı2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(001)-1850/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(001)- 1850/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6343/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6343/2023
11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver