Məhkəmə qərarları › İş №2(103)-6348/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6348/2020

04.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6348/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının nümayəndəsi (anası) X1 və cavabdehin özünün iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, bina № 38-də yerləşən 24 №-li mənzilə, yuxarı mərtəbədə yerləşən və cavabdehə məxsus 27 №-li mənzilindən suyun axıdılması nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 4.000 manat, bunun nəticəsində isə ona dəymiş mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edilən 27 saylı mənzilin mülkiyyətçisidir. Bir mərtəbə yuxarıda, iddiaçının mənzilinin üstündə yerləşən və cavabdehə məxsus 27 saylı mənzildən iddiaçının mənzilinə dəfələrlə su axıdılmışdır. Bununla bağlı iddiaçı yaşadığı binaya xidmət göstərən 77 saylı Mənzil Kommunal-İstismar Sahəsinə müraciət etmiş və MKİS-nin əməkdaşları mənzilə baxış keçirərək su axıdılmanın şahidi olmuş və mənzilə dəyən ziyanla bağlı akt tərtib etmişlər. Mənzilinə su axıdılması nəticəsində mənzilinin təmiri sıradan çıxmışdır. Mənzilin təmirinin bərpası üçün 4.000 manatdan çox vəsait tələb olunur. Mənzildə hal-hazırda yaşamaq mümkün deyil, mənzili təmir etdirmək üçün iddiaçının maddi imkanı yoxdur, dəymiş ziyanın ödənilməsi üçün isə cavabdeh təşəbbüs göstərmir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi zərərə məruz qalmışdır. İddiaçı mənəvi ziyanın əvəzini 2.000 manat məbləğində qiymətləndirir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 3.037 manat, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi ilə cavabdehdən dövlət nəfinə 50 manat məbləğində pulun tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verməmişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki. 77 saylı MKİS-nin işçiləri tərəfindən tərtib olunmuş akt əsassızdır. Çünki, həmin akt tərtib olunan zaman cavabdehə məlumat verilməmiş, onun iştirakı olmadan iddiaçının xeyrinə tərtib olunmuşdur. Daha sonra Rayon Məhkəməsi nəzərə almamışdır ki, ekspertiza tərəfindən verilmiş rəy qeyd edilən həmin akta əsaslanmışdır. Ekspert rəyindən də görünür ki, su sızmanın səbəblərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin nəzərə alınmamışdır ki, yaranmış əsassız mübahisəyə son qoymaq məqsədi ilə cavabdeh qohumu olan X3 vasitəsi ilə iddiaçıya 500 manat məbləğində pul vermişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, həmçinin Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi işə cavabdehin iştirakını təmin etmədən baxmışdır. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarından görünür ki, hazırki işə baxmış Rayon Məhkəməsi iş üzrə cavabdehin məhkəmə baxışı iclasında iştirakını MPM-nin 185-ci maddəsində müəyyən edilmiş qaydada təmin etməmiş, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə bildirişin cavabdehə çatdırılıb-çatdırılmamasını araşdırmamışdır (məhkəmə bildirişinin cavabdehə çatdırılmasını təsdiq edə biləcək sənəd işdə yoxdur). Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. MPM-nin 387-ci maddəsinin mənasına görə, isə qeyd edilən hal birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin, apellyasiya şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qətnamə bir mənalı olaraq ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Çünki MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxan Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, yuxarıda qeyd edilən ünvanda yerləşən 24 saylı mənzil iddiaçıya, bir mərtəbə yuxarıda, iddiaçının mənzilinin üstündə yerləşən 27 saylı mənzil isə cavabdehə məxsusdur. Mənzillərin yerləşdiyi binaya xidmət göstərən 77 saylı MKİS-nin işçiləri tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktdan görünür ki, cavabdehə məxsus 27 saylı mənzildən iddiaçıya məxsus 24 saylı mənzilə su sızmışdır. Buna səbəb 27 saylı mənzilin sanitar qovşağındakı ventilin və rezin borunun nasazlığı olmuşdur. Nəticədə iddiaçıya məxsus mənzilin otaqlarının tavanı islanaraq, üzlük hissəsi qabarmış, divar kağızları sıradan çıxmış, giriş, hamam və sanitar qovşağı islanmış, elektrik naqillərində qısa qapanma yaranmışdır. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının nəticəsi ilə verilmiş xx.xx.2019-cu il tarixli, 20626 saylı rəyindən görünür ki, iddiaçıya məxsus 24 saylı mənzilin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurlar mövcuddur və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilir. Mənzillərin planlı yerləşməsini, 24 saylı mənzilin üst mərtəbəsində 27 saylı mənzilin yerləşdiyini və aktın göstəricilərini nəzərə alaraq 24 saylı mənzilə 27 saylı mənzildən su axıdıldığı müəyyən edilir. Baxış zamanı faktiki olaraq su sızması baş vermədiyindən, su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, susızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün deyil. 24 saylı mənzilinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 3.037 manat məbləğində olduğu müəyyən edilir. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçıya məxsus mənzilə, həmin mənzilin üstündə yerləşən və cavabdehə məxsus mənzildən su axıdılmış, bunun nəticəsində iddiaçının mənzilində müxtəlif qusurlar əmələ gəlmişdir. İddiaçı hesab edir ki, ona vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Cavabdehin iddiaya qarşı etirazı da ondan ibarətdir ki, 77 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş akt və ekspertiza rəyi həqiqəti əks etdirmir, iddiaçının mənzilinə suyun axıdılmasında onun təqsiri yoxdur. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh 77 saylı MKİS-nin əməkdaşlarının tərtib etdikləri aktı və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş ekspertiza rəyini mübahisələndirsə də həmin sənədlərin əsassız olmasının nədən ibarət olduğunu və onlarda əks olunmuş məlumatları təkzib edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda hesab edilməlidir ki, qeyd edilən akt və rəy əsassız deyil. Məhkəmə qeyd edir ki, ekspert rəyi və MKİS-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktla təsdiq olunur ki, iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən su sızması və nəticədə ona ziyan dəyməsi təsdiq olunur. İddiaçı cavabdehin delikt törətməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 4.000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, ekspertiza tərəfindən iş üzrə verilmiş rəyindən görünür ki, cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə suyun axıdılması nəticəsindən iddiaçının mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri 3.037 manat məbləğindədir. İddiaçı daha yüksək məbləğdə ona ziyan dəyməsi ilə bağlı sübutları təqdim etmədiyi üçün Məhkəmə hesab edir ki, vurulmuş ziyan ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir. Bundan başqa, cavabdeh 500 manat məbləğində pulu iddiaçıya verdiyini bildirsə də, bununla bağlı sübutlar təqdim də bilmədiyi üçün cavabdehin bu dəlili əsaslı hesab edilə bilməz. Bu baxımdan hesab edilməlidir ki, müzakirə edilən bu tələb qismən əsaslıdır. İddiaçının cavabdehə qarşı irəli sürdüyü digər tələbi cavabdehin delikt törətməsi nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.000 manat məbləğində pulun cavabdehdən ona ödənilməsi barədədir. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə görə, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İş üzrə iddiaçı mənəvi zərərin tutulmasını tələb etsə də, ona vurulmuş mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, müzakirə edilən bu tələb əsassızıdır. Beləliklə, Məhkəmə MPM-nin 385-ci maddəsinin tələblərinə və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.037 (üç min otuz yeddi) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsini. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun (onların) özünə (özlərinə) aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar