Məhkəmə qərarları › İş №2(103)-6348/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6348/2021

09.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6348/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə daxil olmanın qadağan edilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələbləri barədə” birgə iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 20 aprel 2021-ci il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ər-arvad olan iddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25 saylı fərdi evin onların yaşadığı hissəyə cavabdehlərin daxil olmalarının qadağan edilməsi, cavabdehlərin onların şərəf və ləyaqətlərini alçaltdıqlarına görə onlara vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 20.000 manat, həmçinin əldən çıxmış fayda kimi 1.000 manat məbləğində pulun cavabdehlərdən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh2 doğma qardaşdırlar. Cavabdeh1 onların doğma anasıdır. İş üzrə tərəflər bir ünvanda (iddia ərizəsində qeyd edilən ünvanda) yaşayırlar. Belə ki, həmin ünvanda yerləşən sahədə 2 ev mövcuddur. Həmin evlər Xəyal ilə Röyalın atası, yəni cavabdeh Cavabdeh1 əri Qurbanəli Ağamalıyev tərəfindən inşa edilmişdir. Bir evdə iddiaçılar, digər evdə isə cavabdehlər yaşayır. Qurbanəli Ağamalıyev vəfat etdikdən sonra cavabdehlər iddiaçıların yaşadığı evə basqın edir, iddiaçıları təhqir edir, onların şərəf və ləyaqətlərini alçaldırlar. Cavabdehlər iddiaçıların evdə yaşamalarına qəsdən maneə yaradır, onları evdən qovmaq istəyirlər. Bu səbəbdən də, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.04.2021-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin məzmunun uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi sübutlarını təqdim etmək üçün cavabdehlərə şərait yaratmamış, mübahisəli ünvana yerli baxış keçirməmiş, cavabdehlərin qərəzli mövqeyinə hüquqi qiymət verməmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin dəlillərinə uyğun izahat verdilər. Cavabdehlər apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Onlar bildirdilər ki, onlar iddiaçıların yaşadıqları sahəyə keçmirlər və iddiaçıları heç vaxt təhqir etməmişlər. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi kimi 0,01 ha. ölçüdə torpaq sahəsi 15 avqust 2012-ci il tarixdə, həmin ünvanda 25C saylı sahənin bir hissəsi kimi 0,013 ha. ölçülü torpaq sahəsi 26 fevral 2014-cü il tarixdə, ünvan 3 ünvanında yerləşən 159,7 kv.metr sahəli fərdi yaşayış evi isə 04 fevral 2020-ci il tarixdə X1 mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri izahatlardan müəyyən olunur ki, İddiaçı1 ilə Cavabdeh2 doğma qardaşdırlar. Cavabdeh1 onların doğma anasıdır. İş üzrə tərəflər bir ünvanda (iddia ərizəsində qeyd edilən ünvanda) yaşayırlar. Belə ki, həmin ünvanda yerləşən sahədə 2 ev mövcuddur. Həmin evlər Xəyal ilə Röyalın atası, yəni cavabdeh Cavabdeh1 əri Qurbanəli Ağamalıyev tərəfindən inşa edilmişdir. Bir evdə iddiaçılar, digər evdə isə cavabdehlər yaşayır. İddiaçılar tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddia tələblərindən biri ondan ibarətdir ki, onların yaşadığı sahəyə cavabdehlərin daxil olmalarına qadağa qoyulsun. Cavabdehlər isə iddiaya etiraz edərək bildirdilər ki, onlar iddiaçıların yaşadıqları sahəyə keçmirlər. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə hazırki mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia əsaslı deyil, çünki mübahisəli əmlak iddiaçılara məxsus deyil, onların həmin əmlaka münasibətdə hər hansı bir hüquqi qeydiyyata alınmamışdır, həmçinin İddiaçı1 da həmin yaşayış sahəsinin mərhum atasının mülkiyyətində olduğunu, həmin ev üzrə vərəsələrin hazırda paylarının müəyyən edilmədiyini, onlar arasında naturada bölünmədiyini bildirmişdir. Bu baxımdan müəyyən edilir ki, müzakirə edilən tələb əsassızdır; Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid olan dəlilləri əsassızdır. Apellyasiya şikayətinin digər bir dəlili iddiaçılara vurulmuş mənəvi ziyanla bağlıdır. İddiaçılar bildirilər ki, cavabdehlər onların yaşadığı evə basqın edir, onları təhqir edirlər. Cavabdehlər onların şərəf və ləyaqətlərini alçaltdıqlarına görə onlara vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 20.000 manat məbləğində pul ödəməlidirlər. İşə baxmış Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır Cavabdehlər isə bu tələb etiraz edərək bildirdilər ki, onlar iddiaçıları heç vaxt təhqir etməmişlər. Məhkəmə, iddianı maddi və mənəvi zərərin tələb edilməsi hissəsində də əsassız hesab edərək qeyd edir ki, iddiaçı ona mənəvi zərər dəydiyini, yaşadığı mənəvi ziyana görə ona pul formasında təzminat ödənilməsini tələb etsə də, mənəvi zərərin dəyməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddiaçılar müzakirə edilən bu tələblərini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etmədiklərinə görə müəyyən edilir ki, müzakirə edilən tələb əsassızdır; Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid olan dəlilləri əsassızdır. İddiaçıların daha bir tələbləri ondan ibarətdir ki, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində onlar fayda əldə etməkdən məhrum olmuşlar. Bu səbəbdən də, əldən çıxmış fayda kimi 1.000 manat məbləğində pul cavabdehlərdən onların xeyrinə tutulmalıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etməməklə səhv nəticəyə gəlmişdir. Bu tələblə bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsində olduğu kimi apellyasiya icraatı zamanı iddiaçılar faydanın nədən irəli gəlməsini və hansı səbəbdən əllərindən çıxamasını izah edə bilməmişlər. Bu baxımdan müəyyən edilir ki, müzakirə edilən tələb əsassızdır; Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid olan dəlili əsassızdır. Apellyasiya şikayətində iddiaçılar həmçinin qeyd edirlər ki, işə baxmış Rayon Məhkəməsi sübutlarını təqdim etmək üçün cavabdehlərə şərait yaratmamış, mübahisəli ünvana yerli baxış keçirməmiş, cavabdehlərin qərəzli mövqeyinə hüquqi qiymət verməmişdir. Məhkəmə göstərilən bu dəlili də, əsassız hesab edir. Belə ki, məhkəmə baxışı protokolundan görünür ki, işə baxmış Rayon Məhkəməsi sübutların təqdim edilməsi ilə bağlı iş üzrə tərəflərə yazılı və şifahi izahlar vermiş, lakin cavabdehlər hər hansı sübutun əldə edilməsinə çətinlik çəkmələri barədə Rayon Məhkəməsinə məlumat verməmiş, sübutların əldə olunması və ya mübahisəli ünvana baxış keçirilməsi ilə bağlı vəsatət verməmişlər. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 20 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçıların ödədiyi dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar