Məhkəmə qərarları › İş №2(103)-6349/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6349/2023

29.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6349/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və s.) X15 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3034/2023 saylı 16 iyun 2023cü il tarixli qətnaməsindən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən Sabunçu rayonu Bilgəh bağ massivi ünvanında yerləşən 471a saylı bağ sahəsinin ölçüsü 1200 kv.m təşkil edir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ümumi hasar daxilində 6100.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir və sözügedən bağ sahəsi qonşu bağ sahələrindən təcrid edilməmişdir. Mərzçəkmə işlərinin görülməsi, notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Yuxarıda qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.

2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş məktubdan görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi 690 saylı bağ sahəsinin plan-sxeminin alınması ilə əlaqədar bağ sahəsinə idarənin mühəndisi tərəfindən baxış keçirilməsinə İddiaçı1 tərəfindən şərait yaradılmamışdır. Bu səbəbdən ölçü işləri aparmaq mümkün olmamışdır. Torpaq sahəsinə texniki baxış keçirilməsinə şərait yaradıldıqdan sonra ərizəyə yenidən baxıla bilər.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş məktubdan görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi 690 saylı bağ sahəsinə müvafiq plan və cizginin alınması ilə əlaqədar İddiaçı1 ərizəsinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən qeyd olunan bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, iki bağ sahəsi bir hasar daxilindədir və ara mərz nişanları yoxdur. Bağ sahələrinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxemi idarəyə təqdim edildikdən sonra ərizənin icrası məsələsinə baxılacaqdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş məktubdan görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi 690a saylı bağ sahəsinə müvafiq plan və cizginin alınması ilə əlaqədar İddiaçı2 ərizəsinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən qeyd olunan bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, iki bağ sahəsi bir hasar daxilindədir və ara mərz nişanları yoxdur. Bağ sahələrinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxemi idarəyə təqdim edildikdən sonra ərizənin icrası məsələsinə baxılacaqdır.

5. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 17784 nömrəli xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 690 nömrəli bağ sahəsi İddiaçı1 istifadəsinə verilmişdir.

6. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı2 arasında bağlanmış 33031 nömrəli xx.xx.2004-cü il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 690a nömrəli bağ sahəsi İddiaçı2 istifadəsinə verilmişdir.

7. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 064 nömrəli xx.xx.2007-ci il tarixli qərarın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bilgəh qəsəbəsi ərazisində yerləşən 471a saylı bağın 600 kv.m artıq torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir.

8. Bağın icarəyə verilməsi haqqında 13107 nömrəli xx.xx.1997-ci il tarixli müqavilənin surətindən görünür ki, Bilgəh qəsəbəsi sahəsi 0.12 ha olan 471 nömrəli bağ sahəsi və sahəsi 61.3 kv.m olan 3 otaqdan ibarət bina Cavabdeh2 icarəyə verilmişdir.

9. RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən sahəsi 94.3 kv.m olan 471 saylı bağ evi və sahəsi 0.12 ha olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.

10. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 17784 nömrəli xx.xx.1970-ci il tarixli müqavilənin surətindən görünür ki, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.25 ha olan 368a/69 nömrəli bağ sahəsi X12 icarəyə verilmişdir.

11. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 17784 nömrəli xx.xx.1982-ci il tarixli müqavilənin surətindən görünür ki, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.25 ha olan 690 nömrəli bağ sahəsi X12 icarəyə verilmişdir.

12. Bağın icarəyə verilməsi haqqında 21169 nömrəli xx.xx.1997-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan 471a nömrəli bağ sahəsi X2 icarəyə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahələrinin sərhədlərinin və ara yolun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasarının cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tərəflərə məxsus torpaq sahələrinin sərhədlərinin və yol standartlarına uyğun ümumi ara yolun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında (hakim İmran Burcayev) İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “torpaq sahəsinin yenidən naturada bölünməsi” tələbi ilə 2(008)-4231/2019 saylı mülki iş olmuşdur. Həmin iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə X10 adına olan bağ sahəsinə dair xx.xx.1970-ci il tarixli 17784 nömrəli müqavilənin və texniki pasportun təsdiq olunmuş surətinin təqdim olunmasına dair məhkəmə sorğusu verilmişdir. Məhkəmə sorğusuna xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağ massivində yerləşən 690 nömrəli bağ sahəsi (0.25 ha) keçmiş Bağlar təsərrüfatı idarəsi ilə bağlanmış xx.xx.1970-ci il tarixli 17784 nömrəli müqavilə ilə X12 icarəyə verilmişdir. Sözügedən bağ sahəsinə dair X10 adına arxiv qovluğunda mövcud olan sonuncu müqavilə xx.xx.1982-ci il tarixdə bağlanmışdır. X10 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında bağ sahəsinin 0.12 ha hissəsi İddiaçı1, digər 0.12 ha hissəsi isə İddiaçı2 adına rəsmiləşdirilmişdir. Bağlar təsərrüfatı idarəsi ilə İddiaçı1 arasında Sabunçu rayonu Bilgəh ərazisində 0.12 ha torpaq sahəsi olan 690 nömrəli bağın istifadəyə verilməsi haqqında 12 avqust 2004-cü il tarixli 17784 saylı müqavilə və bağlar təsərrüfatı idarəsi ilə İddiaçı2 arasında Sabunçu rayonu Bilgəh ərazisində 0.12 ha torpaq sahəsi olan 690a nömrəli bağın istifadəyə verilməsi haqqında 12 avqust 2004-cü il tarixli 33031 saylı müqavilə bağlanmışdır. Bu bölünmə nəticəsində İslam Vəliyevə məxsus olmuş 0.25 ha torpaqdan 0.1 ha torpaq sahəsi sahibsiz qalmışdır. Bundan başqa, 1965-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bilgəh ərazisində X4 0.25 ha bağ sahəsi istifadəyə verilmişdir. 10 noyabr 1997-ci il tarixli 21169 saylı müqavilə ilə həmin bağ sahəsinin 0.12 ha sahəsi (471a saylı bağ) X1 adına, qalan 0.12 ha olan hissəsi isə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bu bölünmə nəticəsində də 0.01 ha torpaq sahəsi sahibsiz qalmışdır. Nəzərə alınmalıdır ki, xx.xx.2019-cu ildə X5 dünyasını dəyişmiş və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən həyat yoldaşı Cavabdeh1 onun vərəsəsi kimi tanınmışdır. Qeyd olunan sənədlərin notarial təsdiq olunmuş surətinin verilməsi Cavabdeh1 xahiş edilsə də, sonuncu həmin sənədləri məhkəmədə təqdim edəcəyini bildirmişdir. Onlar və cavabdehlər yaxın qohumlar olduğundan qeyd olunan bağ sahələri, sözügedən İ.D.Vəliyevə və M.M. Əlizədayə aid torpaq sahələri hasarlarla ayrılmadan, dövlət yolu ilə bağlı tək girişi olan ümumi hasar daxilində yerləşirdi. Artıq neçə ildir ki, Cavabdeh2 onların ümumi hasar daxilində olan torpaq sahələrini öz bildiyi kimi, onlarla razılaşdırmadan bölüşdürmüş, onların torpaq sahələrini yoldan məhrum etmiş, onların torpaq sahələrini qismən zəbt edərək öz torpaq sahəsi ilə birlikdə hasarlamışdır. Beləliklə, hasarlanmış torpaq sahəsində yuxarıda göstərilən 0.01 ha torpaq sahəsi və heç kimə məxsus olmayan, ümumi istifadədə olan 0.10 ha torpaq sahəsi onların bağ sahələrinə yol kimi istifadə olunması üçün nəzərdə tutulmasına baxmayaraq, bu torpaq sahəsi və əlavə olaraq 0.03 ha torpaq sahəsi də (torpaq sahələrinin bölünməsi nəticəsində sahibsiz qalmış sahələr) Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Bundan başqa, onların istifadəsində olan torpaq sahəsinin təxminən 0.03 ha hissəsi Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Qeyd olunanlar DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə də təsdiq olunur. Belə ki, 2017-ci ildə X5 onun adına olan 471a saylı bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.m təşkil edir, ümumi hasar daxilində 6100 kv.metr torpaq sahəsi istifadə edilməkdədir, mərzçəkmə işlərinin görülməsi, notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Göstərilən dörd bağ müqaviləsinin cəmi sahəsi 4 x 0.12 ha=0.48 ha, yəni 4800 kv.metr edir. 6100-4800=1300 kv.metr sahə ümumi istifadədə olmalı olan sahədir, lakin həmin sahə Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Torpaq sahələrinin bölünməsi ilə bağlı cavabdehlər Cavabdeh2ə, həmçinin Cavabdeh1 dəfələrlə təkliflər verilmiş, lakin bütün tərəfləri qane edəcək, ümumi razılıq əldə olunmamış və bu səbəbdən torpaq sahəsinin bölgü sxemi reyestr xidmətinə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş sxemdən görünür ki, bağ sahələrinə yol Cavabdeh2 hasarladığı torpaq sahəsinə qədərdir, onların torpaq sahələrinin faktiki yerləşdiyi sahəyə yol yoxdur. Bu səbəbdən cavabdehlərin istifadəsində olan torpaq sahəsindən yolun çəkilməsi zərurəti yaranmışdır. Bu mübahisəli vəziyyət 2008-ci ildən davam edir.

15. Daha sonra iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 mülkiyyətində və istifadəsində, Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasarının cavabdehlərin hesabına sökülməsi, İddiaçı1 istifadəsində olan 690 nömrəli bağın və İddiaçı2 istifadəsində olan 690a nömrəli bağın zəbt edilmiş hissəsinin boşaldılması, tərəflərə məxsus torpaq sahələrinin sərhədlərinin və yol standartlarına uyğun ümumi ara yolun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3034/2023 nömrəli 16 iyun 2023-cü il tarixli qərardadına əsasən “torpaq sahələrinin sərhədlərinin və ara yolun müəyyən edilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3034/2023 nömrəli 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56, 66.1, 66.2, 68-ci maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən məhkəmə tərəfindən qərəzli mövqe nümayiş etdirilmişdir. Belə ki, qeyd olunan halların araşdırılması üçün iş üzrə müvafiq məhkəmə ekspertizasının keçirilməsinə dair vəsatət verilmiş, lakin ekspertizanın təyin olunması məhkəmə tərəfindən imtina olunmuşdur. Qətnamədə əksini tapan Cavabdeh2 izahatı ilə onun faktiki verdiyi izahatdan fərqlənir: həmin izahatda “...guya o (Cavabdeh2), iddiaçıların torpaq sahələrinə gedən yolu zəbt etmişdir - tam əsassız olduğu sübuta yetir” sözləri yazılmışdır. Lakin Cavabdeh2 izahatında sırf hüquqi terminlər olan belə bir cümləni işlətməmişdir. Eyni qeydi izahatdakı “...Beləliklə, bu iki sənəd onun bağ sahəsinin qanuni sahibi olduğunu təsdiq edir və iddia ərizəsinin onun hansısa sahəni zəbt etməsi barədə fikrin yanlış olduğunu sübut edir” cümləyə də aid etmək olar. Cavabdeh izahat verərkən iddiaçının nümayəndəsi tərəfindən İddiaçı1 sxemdə qaraladığı və dayısından istədiyi 50 kv.metr torpaq sahəsinin Cavabdeh2 məxsus olub-olmaması barədə sual verilmişdir. Sonuncu bu sahənin ona aid olması barədə qəti cavab verməmiş, sadəcə həmin yerdə olan ağaclara qulluq etdiyini bildirmişdir. Nədənsə cavabdehin bu cavabı onun qətnamədəki izahatında öz əksini tapmamışdır. Qətnamənin nəticə hissəsində göstərilmişdir ki, “...iddiaçılar istifadələrinə verilmiş bağ sahələrinin harada yerləşməsinə dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd (plan cizgi, çıxarış) təqdim etməmiş, bununla da, həmin bağ sahələrinin cavabdehlərə məxsus bağ sahələri ilə üst-üstə düşməsini, bağ sahələrinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsini sübut edə bilməmişlər”. Lakin iş materiallarında olan xx.xx.2023-cü il tarixli iddia ərizəsinə qoşmanın 5-ci əlavəsində iddiaçıların atası X11 adına olan müqavilənin və torpaq sahəsinin sxeminin surəti əlavə olunmuşdur. Həmin sxemin təsdiq olunmuş surəti isə iddia ərizəsində göstərilən 2-(008)-4231/2019 saylı mülki işdədir: bu iş İddiaçı1 vəsatəti ilə məhkəmənin arxivindən tələb olunmuşdur. Sxemdə bağ sahəsinin ölçüləri, qonşu bağların nömrəsi və digər qeydlər vardır. Məhz həmin sxemdə göstərilən torpaq sahəsi Dini Vəliyevin iki oğlu arasında yarıya bölünmüşdür. Göstərildiyi kimi DƏDRX-nın Bakı şəhər ərazi idarəsinin xx.xx.2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200kv.m təşkil edir, ümumi hasar daxilində 6100kv.metr torpaq sahəsi istifadə edilməkdədir. İddiaçıların istifadəsində birlikdə 0,24 ha, Cavabdeh2 mülkiyyətində 0,12ha, istifadəsində isə 600kv.metr torpaq sahəsi, Cavabdeh1 istifadəsində isə faktiki olaraq 600 kv.metr vardırcəmi bağ sahələri altında 4800 kv.metr torpaq sahəsi yerləşir.6100-4800=1300kv.metr. Beləliklə, qalan 1300kv.metr sahə ümumi ara yolun müəyyən olunması üçün, zəbt olunmuş torpaqların geri qaytarılması üçün nəzərə alına bilər. Cavabdeh2 və iddiaçılara məxsus torpaq sahələrinin yerləşməsi və ölçüləri bəlli olduğundan iddia tələblərinin həll olunması məqsədilə iddiaçının vəkili tərəfindən iş üzrə müvafiq məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət verilmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmiş və bununla bağlı heç bir qərardad qəbul etməmişdir. Qətnamənin nəticə hissəsində qeyd edilmişdir ki,”... İddiaçı1 istifadəsinə verilmiş 690 saylı bağ sahəsinin plan-sxeminin alınması ilə əlaqədar Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, bağ sahəsinə idarənin mühəndisi tərəfindən baxış keçirilməsinə İddiaçı1 tərəfindən şərait yaradılmamış, bu səbəbdən ölçü işləri aparmaq mümkün olmamışdır”. Bu nəticədə məhkəmənin iş üzrə qərəzli mövqe tutmasını bir daha təsdiq edir: işi verilən iddia tələbləri obyektiv araşdırmaq əvəzinə Reyestr Xidmətinin formal imtina işi verilən iddia tələbləri obyektiv araşdırmaq əvəzinə Reyestr Xidmətinin formal imtina məktubunu daha vacib dəlil kimi qəbul etmişdir. Nəzərə alınmalıdır, tərəflər arasında mübahisə Cavabdeh2 qohumlarının torpaq sahəsinin öz bildiyi kimi bölüşdürməsindən, bu səbəbdən bölgü sxemi və ara yolla bağlı bağ qonşuları arasında razılığın olmamasından əmələ gəlmişdir. Bağ sahələrinin sərhədləri barədə bölgü sxemi yoxdursa, ölçü işlərinin aparılması heç bir halda mümkün deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 mülki iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı2 və Cavabdeh2 məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı2 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

25. 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

26. 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

27. 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

28. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda qətnamə iddiaçının nümayəndəsi və vəkili tərəfindən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3034/2023 saylı 16 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

38. Kollegiya qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 17784 və 33031 nömrəli xx.xx.2004-cü il tarixli müqavilələrinə əsaslanaraq, onların istifadələrinə verilmiş Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0.12 ha ölçüsü olan 690 və 690a saylı bağ sahələrinin bir hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunmasını, bununla da onların mülkiyyət hüquqlarının pozulduğunu iddia etmiş, cavabdehlər Cavabdeh2 mülkiyyətində və istifadəsində, Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasarının cavabdehlərin hesabına sökülməsi, İddiaçı1 istifadəsində olan 690 nömrəli bağın və İddiaçı2 istifadəsində olan 690a nömrəli bağın zəbt edilmiş hissəsinin boşaldılmasını tələb etmişlər.

39. Kollegiya hesab edir ki, iddiaçıların istifadəsinə verilmiş bağ sahələri bir hasar daxilindədir və ara mərz nişanları, bağ sahələrinə dair bölgü sxemi yoxdur. Bundan başqa, İddiaçı1 istifadəsinə verilmiş 690 saylı bağ sahəsinin plan-sxeminin alınması ilə əlaqədar Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, bağ sahəsinə idarənin mühəndisi tərəfindən baxış keçirilməsinə İddiaçı1 tərəfindən şərait yaradılmamış, bu səbəbdən ölçü işləri aparmaq mümkün olmamışdır. Göründüyü kimi, iddiaçılar istifadələrinə verilmiş bağ sahələrinin harada yerləşməsinə dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd (plan-cizgi, çıxarış) təqdim etməmiş, bununla da, həmin bağ sahələrinin cavabdehlərə məxsus bağ sahələri ilə üst-üstə düşməsini, bağ sahələrinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsini sübut edə bilməmişlər.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

41. Belə ki, işin faktiki hallarından məlum olur ki, mübahisələndirilən bağ sahəsi bir hasar daxilində yerləşir və hazırkı iş üzrə tərəflərdən yalnız Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Mübahisənin həlli baxımından iş üzrə digər tərəflərin mülkiyyət hüquqlarının qeydiyyata alınması əsasdır. Belə ki, məhkəmə müvafiq dövlət qurumunun müəyyən etdiyi torpaq sahələrinin sərhədlərini əsas götürür, müstəqil ekspertiza mərkəzinin təqdim edəcəyi sxem mübahisənin müstəqil həllinə imkan vermir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyindən iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3034/2023 saylı 16 iyun 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar