Məhkəmə qərarları › İş №2(103)-6350/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6350/2020

09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6350/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı və eyni zamanda digər iddiaçı X19 nümayəndəsi İddiaçı1, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcov adına Elmi X7 nümayəndəsi Yusibov Xalıq Möhübbət oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-681/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcov adına Elmi X6rşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəbizadə Musanın müalicəsinə çəkilmiş 75000 manat maddi zərərin, bundan əlavə 350000 mənəvi zərərin və həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 425030 manat pulun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcov adına Elmi X7 hesabından tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, onlar Saatlı şəhərində yaşayırlar. Yeni ailə həyatı qurmuşlar. Özü və həyat yoldaşı təhsillidirlər. Onların birgə nikahrından xx xxx 2017-ci il tarixdə Bakı şəhərində yerləşən doğum evində vaxtından təqribən 2 ay əvvəl oğlu Musa Nəbizadə dünyaya gəlmişdir. Uşaq hamiləliyin 32-ci həftəsində doğulmuşdur. Vəziyyəti yaxşı olmadığı üçün, xx xxx 2017-ci ildə uşaq Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına X1 (OMD-yə) reanimasiya bölməsinə köçürülmüş və orada x xxxx 2017-ci il tarixə qədər qalmışdır. İyun ayının 9-dan sonra uşaq K.Fərəcova adına X1 yarımçıq doğulan uşağlar üçün nəzərdə tutulmuş palatasına köşürülmüşdür. xx xxxx 2017-ci il tarixdə uşaq normal vəziyyətdə olduğu üçün, növbəti həkim müayinəsinə qədər həmin xəstəxanadan evə buraxılmışlar. Növbəti həkim müayinəsi x xxxx 2017-ci ilə təyin edilmişdir. xx xxxx 2017-ci il tarixdə o, uşağı sözü gedən xəstəxanaya gətirərək yenidən müayinələrdən keçirmişdir. Bu vaxta qədər həmin xəstəxanın həkimləri olan X34, X22, X35 və X36 uşağın gözlərində problem olması barədə onlara heç bir məlumat verməmişlər. xx xxxx 2017-ci il tarixdə onlar həkimlərin məsləhəti ilə Z.Əliyeva adına göz xəstəlikləri Elmi-tədqiqat instituna getmişlər. xx xxxx 2017-ci ildə onlar uşağı akademik Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna apararaq müayinə elətdirmişlər. Göz həkimi uşağın gözlərini müayinə etdikdən sonra iki gözün 5-ci dərəcə retinopotiyası diaqnozunu qoymuş və bildirmiş ki, uşağın hər iki gözü xəstədir və görmür. K.Fərəcova adına X1 həkimləri uşağın sağlıq vəziyyətinə kompleks baxış keçirilməsini təmin etməli və lazım olduğu halda aidiyyəti üzrə yoxlamaların keçirilməsi üçün göndərməli idilər. Lakin həkimlər ciddi səhlənkarlıq etmişlər. Bundan əlavə olaraq həkim qeyd etmişdir ki, bu xəstəliyin müalicəsi ancaq xarici dövlətlərdə münkündür və bu xəstəliyin müalicəsi ilə məşğul olan Azərbaycan Respublikası hüdudlarına yaxın iki həkimin adını vermişdir. Biri X18-Peterburq şəhərində həkim işləyən Oleq Vitaleviç Dİskolenkadır və Türkiyə Respublikasında Ankara şəhərində həkim işləyən Şəngül Özdəkdir. xx xxxxxx 2017-ci ildə qohum əqrabanın maddi yardımı ilə onlar X40-Peterburq şəhərində “Leninqrad vilayət dövlət səhiyyə müəssisəsi”-nin uşaq kliniki xəstəxanası göz mikrocərrahiyyəsi şöbəsində həkim işləyən Oleq Vitaleviç Dİskolenkanın qəbulunda olmuşlar. O, uşağın hər iki gözlərini müayinə etmiş və hər iki gözün retinopateyası diaqnozunu təsdiq etmişdir. Sağ gözün vəziyyətinin lap pis olduğu üçün avqust ayının 15-i əməliyyat eləmiş və növbəti əməliyyat üçün uşağın 8-ci ayında gətirməyi söyləmişdir. Onlar ikinci cərrahiyyə əməliyyatını da, xx xxxxxxx 2017-ci il tarixdə X18-Peterburq şəhərində həkim işləyən Oleq Vitaleviç Dİskolenkaya elətdirmişlər. Bundan başqa Nəbi Nəbizadə 2018-ci və 2019-cu illərdə müxtəlif vaxtlarda 6 dəfə cərrahiyyə əməliyyatı olunmuşdur. Retinopatiyanın inkişafına görə göz müayinələri 31-32 həftəliyində doğulmuş uşaqlarda mütləq şəkildə hər həftə keçirilməlidir. Lakin bu barədə X30 adına tərtib olunmuş xəstəlik tarixçəsində qeydiyyat aparılmamışdır. X37 xx xxxx 2017-ci il tarixdə qəbul edildikdən sonra heç bir oftomoloqun müayinəsi olmamışdır. Bunu müstəntiq öz qərarında göstərmişdir. Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına X5 tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş epikrizdə oftomoloqun təyin etdiyi diaqnoz isə göz dibi damarlarının angiopatiyası xəstəliyidir. Lakin iki xəstəliyin arasında ciddi fərq vardır. Bu xəstəliklərin bir-bir ilə heç bir əlaqəsi yoxdur. X43 adına göz-xəsətlikləri instutunda tərtib olunmuş cədvələ əsasən 31 həftəliyində doğulmuş və çəkisi 1500 qramdan aşağı olan uşaqlar retinopatiya ilə əlaqədar olaraq 4 həftəliyində müayinədən keçirilməli idi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətinin Təkminləşdirməsi üzrə komissiyanın xx xxxxxxx 2017 ci il tarixli iclasının 17 nömrəli Protokolundan görünür ki, X45 xx.xx.2017-ci il tarixdə K.Fərəcova adına X2 evə yazıldığı ilk günlərdə daha ətraflı dəqiq və geniş müayinə üçün Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilməli idi. Xəstə X45 xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər K.Fərəcova adına X2 müalicə aldıqdan sonra evə yazılarkən ətraflı oftalmoloji müayinəyə göndərilmədiyi üçün Səbinə Məcidovaya töhmət elan edilmişdir. K.Fərəcova adına X1 vaxtından qabağ doğulmuş uşaqların patalogiyası şöbəsində nəzarətin gücləndirilməsi üçün şöbə müdiri X23 xəbərdarıq edilmişdir. Həmin xəstaxananın həkimi X14 isə xəbərdarlıq elan edilmişdir. Buda həmin həkimlərin səhlənkarlığının və vəzifələrinə laqeyid yanaşmalarının sübutudur. Əgər həmin həkimlərin günahı olmasaydı o həkimlər cəzalandırılmazdı. Bundan əlavə olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin xx.xx.2017-ci il tarixli 397/KEŞ saylı rəyindən görünür ki, Musa Nəbzadənin vaxtından əvvəl doğulması onda bütün oraqanların yetkinsizliyi ilə yanaşı, eyni zamanda göz damarlarının tam formalaşmaması baxımından həyati risklər əmələ gəlmişdir. Halbuki, bu xəstəlik ilk öncə birinci dərəcədən başlayır. Əgər vaxtında müdaxilə olunsaydı retinopatiya 5-ci dərəcəyə gəlib çıxmazdır. Bunu xarici dövlətdə uşağın gözündə aparılan əməliyyatda təsdiq edir. Belə ki, X40-Peterburq şəhərində “Leninqrad vilayət dövlət səhiyyə müəssisəsi”-nin uşaq kliniki xəstəxanası göz mikrocərrahiyyəsi şöbəsində verilən epikrizə görə oğlu Nəbizadə Musanın gözlərində xəstəlik ritinopatiya 1-ci dərəcədən başlamışdır. Həkimlərin əməllərində cinayət olmasını bu sənəd tam sübuta yetirir. Onlar X40-Peterburq şəhərində “Leninqrad vilayət dövlət səhiyyə müəssisəsi”-nin uşaq kliniki xəstəxanası göz mikrocərrahiyyəsi şöbəsinədən aldığı epikirizi tərcümə elətdirərək iddia ərizəsinə əlavə etmişdir. Bildirmək istəyir ki, bir insan talehindən söz gedir. Oğlu Musa həyatı boyu həkim səhlənkarlığının əziyyətini çəkəcəkdir. Qeyd etmək istəyir ki, zərərçəkmiş X45 körpə olduğu üçün müdafiə oluna bilmir. O, köməksiz vəziyyətdədir. Səhiyyə Nazirliyinin müvafiq qərarına əsasən K.Y.Fərəcov adına X4 vaxtından qabaq doğulmuş uşaqların patalogiyası şöbəsinin kiçik elmi işçisi X24 töhmət, həmin institutun vaxtından qabaq doğulmuş uşaqların patalogiyası şöbəsinin müalicə həkimi X14 xəbərdarlıq, həmin institutun vaxtından qabaq doğulmuş uşaqların patalogiyası şöbəsinin müdiri X23 xəbərdarlıq elan edilmişdir. Bu hal həmin həkimlərin fəaliyyətlərində kobud qanun pozuntusunun olduğunu sübut edir. X47 gözü ilə bağlı 2 yaşına qədər ümumilikdə 6 dəfə cərrahiyə əməliyyatı keçirmişdir. Həmin cərrahiyyə əməliyyatlarının hamısı X18Peterburq şəhərində yerləşən “Leninqrad vilayət dövlət səhiyyə müəssisəsi”-nin uşaq kliniki xəstəxanası göz mikrocərrahiyyəsi şöbəsində olmuşdur. Hər dəfə onlar Rusiya Federasiyasına gedib-gəlmək və cərrahiyə əməliyyatının keçirilməsi üçün təqribən 15000 (on beş min) manat vəsait xərcləmişlər. Bundan başqa uşaq gələndən sonra daimi olaraq müalicə olunur. Bu günə qədər onun dərmanlarına 10000 (on min) manat vəsait xərcləmişlər. Həkimlər bildirmişdir ki, Musa Nəbizadə bu xəstəliklə bağlı ömür boyu müalicə almalıdır. Odur ki, onlar qərara gəlmişdir ki, oğlu Musaya çəkdikləri və gələcəkdə çəkilən xərcləri həkimlərdən tələb etsinlər. Çünki həmin həkimlərin səhlənkarlığı ucbatından onlar bir valideyin kimi ömür boyu izdirab çəkəcəklər. Musa isə gözlərindən əziyyət çəkəcəkdir. Ədalətin bərpa olunması üçün məhkəməyə müraciyyət etmək qərarına gəlmişlər. Nəbizadə Musanın müalicəsinə çəkilmiş 13000 (on üç min) manat maddi zərərin, bundan əlavə 350000 (üç yüz əlli min) manat mənəvi zərərin və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ümumilikdə, vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 363 030 (üç yüz altımış üç min otuz) manat pulun müştərək qaydada cavabdehlər X20, X12, X15 və X16 alınaraq, onların xeyrinə tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-240/2019 saylı qətnaməsi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X34, X22, X36 və X25 qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə tələbi rədd edilmişdir. İddia ərizəsinin verilməsinə ödənilmiş dövlət rüsumu onlara aid edilmişdir. O və həyat yoldaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-240/2019 saylı qətnaməsindən narazı qalmış və aidiyyəti üzrə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)-6417/2019 saylı qətnaməsi ilə verdikləri apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 240/2019 saylı qətnaməsi ləğv edilmişdir. Onların cavabdehlərə qarşı Musa Nəbizadənin müalicəsinə çəkilmiş 13000 manat maddi zərərin, bundan əlavə 350000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə maddi və mənəvi zərərin əvəzi olaraq 363 030 (üç yüz altımış üç min otuz) manat pulun müştərək qaydada cavabdehlərdən onların xeyrinə tutulması barədə iddiası təmin edilməmişdir. Bundan sonra o, hüquqlarından istifadə edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402-407-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 7019/2019 saylı qərarı ilə verdikləri kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)- 6417/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasia Məhkəməsində onlara izah olunmuşdur ki, xəstəxananı məhkəməyə verməlidir. Odur ki, zərərin əvəzini xəstəxanadan tələb etmək qərarına gəlmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-681/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, K.Fərəcova adına X1 həkimləri uşağın sağlıq vəziyyətinə kompleks baxış keçirilməsini təmin etməli və lazım olduğu halda aidiyyəti üzrə yoxlamaların keçirilməsi üçün göndərməli idilər. Lakin həkimlər ciddi səhlənkarlıq etmişlər. Retinopatiyanın inkişafına görə göz müayinələri 31-32 həftəliyində doğulmuş uşaqlarda mütləq şəkildə hər həftə keçirilməlidir. Lakin bu barədə X30 adına tərtib olunmuş xəstəlik tarixçəsində qeydiyyat aparılmamışdır. X37 xx xxxx 2017ci il tarixdə qəbul edildikdən sonra heç bir oftolmoloqun müayinəsi olmamışdır. Bunu müstəntiq öz qərarında göstərmişdir. Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına X5 tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş epikrizdə oftolmoloqun təyin etdiyi diaqnoz isə göz dibi damarlarının angiopatiyası xəstəliyidir. L.akin iki xəstəliyin arasında ciddi fərq vardır. Bu xəstəliklərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. X43 adına gözxəstəlikləri institunda tərtib olunmuş cədvələ əsasən, 31 həftəliyində doğulmuş və çəkisi 1500 qramdan aşağı olan uşaqlar retinopatiya ilə əlaqədar olaraq 4 həftəliyində müayinədən keçirilməli idi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətinin Təkminləşdirməsi üzrə komissiyanın xx xxxxxxx 2017-ci il tarixli iclasının 17 nömrəli protokolundan görünür ki, X45 xx.xx.2017-ci il tarixdə K.Fərəcova adına Elmi- X8 evə yazıldığı ilk günlərdə daha ətraflı dəqiq və geniş müayinə üçün Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilməli idi. Xəstə X45 xx.xx.2017-ci il tarixdən-xx.xx.2017-ci il tarixə qədər K.Fərəcova adına X2 müalicə aldıqdan sonra evə yazılarkən ətraflı oftalmoloji müayinəyə göndərilmədiyi üçün Səbinə Məcidovaya töhmət elan edilmişdir. K.Fərəcova adına X1 vaxtından qabaq doğulmuş uşaqların palalogiyası şöbəsində nəzarətin gücləndirilməsi üçün şöbə müdiri X26 xəbərdarlıq edilmişdir. Həmin xəstaxananın həkimi X14 isə xəbərdarlıq elan edilmişdir. Buda həmin həkimlərin səhlənkarlığının və vəzifələrinəlaqeyd yanaşmalarının sübutudur.Əgər həmin həkimlərin günahı olmasaydı, o həkimlər cəzalandırılmazdı. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin xx.xx.2017-cİ il tarixli 397/KEŞ saylı rəyindən görünür ki, Musa Nəbizadənin vaxtından əvvəl doğulması onda bütün orqanların yetkinsizliyi ilə yanaşı, eyni zamanda göz damarlarının tam formalaşmaması baxımından həyati risklər əmələ gəlmişdir. Halbuki, bu xəstəlik ilk öncə birinci dərəcədən başlayır. Əgər vaxtında müdaxilə olunsaydı, retinopatiya 5-ci dərəcəyə gəlib çıxmazdı. Bunu xarici dövlətdə uşağın gözündə aparılan əməliyyatda təsdiq edir. Belə ki, X33-Peterburq şəhərində “Leninqrad vilayət dövlət səhiyyə müəssisəsi”-nin uşaq kliniki xəstəxanası göz mikrocərrahiyyəsi şöbəsində verilən epikrizə görə oğlum Nəbizadə Musanın gözlərində xəstəlik retinopatiya 1-ci dərəcədən başlamışdır. Həkimlərin əməllərində cinayət olmasını bu sənəd tam sübuta yetirir. Mən X33-Peterburq şəhərində “Leninqrad vilayət dövlət səhiyyə müəssisəsi"-nin uşaq kliniki xəstəxanası göz mikrocərrahiyyəsi şöbəsindən aldığım epikrizi tərcümə elətdirərək iddia ərizəmə əlavə etmişəm. Bildirmək istəyirəm ki, bir insan taleyindən söz gedir. Oğlum Musa həyatı boyu həkim səhlənkarlığının əziyyətini çəkəcəkdir. Qeyd etmək istəyirəm ki. zərərçəkmiş X45 körpə olduğu üçün müdafiə oluna bilmir. O, köməksiz vəziyyətdədir. Bundan əlavə iş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X29 X58 106 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, xx xxx 2017-ci il təvəllüdlü Musa Nəbi oğlunun adına tərtib edilmiş tibbi sənədlərdə və yüksək ixtisaslı mütəxəssis araşdırmasına əsasən, ona "Retinopatiya" (hər iki gözün vaxtından əvvəl doğulmuşların retinopatiyası V mərhələ) diaqnozu qoyulmuşdur. M.Nəbizadədə mövcud olan patalogiya onun vaxtından əvvəl doğulması ilə əlaqədardır və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına X2 aparılmış müayinə və müalicələri arasında heç bir səbəbli əlaqə yoxdur. Hörmətli məhkəmə kollegiyası, əgər xəstəxanada aparılmış müalicə X31 mövcud olan xəstəliklə heç bir səbəbli əlaqə yaratmırsa, onda niyə həkimlərə töhmət verilirdi? Səhiyyə Nazirliyinin müvaflq qərarına əsasən, K.Y.Fərəcov adına X1 vaxtından qabaq doğulmuş uşaqların patalogiyası şöbəsinin kiçik elmi işçisi X27 töhmət, həmin institutun vaxtından qabaq doğulmuş uşaqların patalogiyası şöbəsinin müalicə həkimi X14 xəbərdarlıq, həmin institutun vaxtından qabaq doğulmuş uşaqların patalogiyası şöbəsinin müdiri X23 xəbərdarlıq elan edilmişdir. Bu hal həmin həkimlərin fəaliyyətlərində kobud qanun pozuntusunun olduğunu sübut edir. Hansı səbəblərə əsasən, Səhiyyə Naziri xəstələrə töhmət verib? Səhiyyə nazirinin əmrində qeyd edilmişdir ki. həkimlərin fəaliyyəti yoxlanmış və hər birinin müəyyən günahı olduğu üçün cəzandırılıblar. Səhiyyə nazirinin həkimlərin cəzalandırılması barədə əmri ilə, Məhkəmə Tibbi Ekspertiza və X29 X58 rəyi arasında ziddiyyət var. Bildirmək istəyirik ki. övladımız Musa ömrü boyu, yəni bu dünyada nə qədər yaşayırsa, həkim səhvinin əziyyətini çəkəcək. Ona vurulan ziyan həyatı boyu ona əziyyət verəcək. AzərbaycanRespublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin elməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-681/2020 saylı qətnaməsində Mülki Məcəllənin 21ci, 23-cü, 1099.1-ci, 1100-cü, 1112-ci, 1118.1-ci, 1120.1-ci maddələrinin tələbləri, Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 39.1-ci, 77.1-ci, 80-ci, 81-ci, 217.4-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Həmçinin, məhkəmənin məlum qətnaməsi ilə, "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun müvafiq Qərarının tələbləri pozulmuşdur. Məhkəmə sübutları tam olaraq araşdırmalı olduğu halda bunu etməmişdir. Ümumiyyətlə, İddiaçı1 izahatına məhkəmə prosesində hüquqi qiymət verilməmişdir, iddiaçının tələbləri obyektiv araşdırılmamışdır. Məhkəmə yalnız cavabdehin fikirlərini əsaslandırmağa çalışmış və bu əsasda da qətnamə vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və eyni zamanda digər iddiaçı X19 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcov adına Elmi X7 nümayəndəsi Yusibov Xalıq Möhübbət oğlu apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, bu xəstəlik vaxtından əvvəl doğulmuşların retinopatiyası diaqnozdur. Kütləsi çox aşağı olan yeni doğulmuşlarda bu xəstəliyin olması çox yüksəkdir. Uşağın ana bətnində olması dövrü nə qədər azdırsa, bu xəstəliyin olması riski bir o qədər çoxdur. Bu yarımçıq doğulmuş uşaqların xəstəliyidir. Bəzən bu xəstəlik yeni doğulmuş uşaqların antinataunu, yəni bətndaxili infeksiyalarla əlaqədar daha da surətlənir. X11 adına Milli Oftomologiya Mərkəzindən bilavasitə retinoloq mütəxəssis fəaliyyət göstərir. O, müvafiq vaxtlarda yarımçıq doğulmuş uşaqlar şöbəsində həmin uşaqları müayinədən keçirir. Həmin müayinə uşaqların 4 həfəsində keçirilir. Təkrar müayinənin vaxtı yoxlama zamanı müvafiq sənəddə qeyd edilir. Göndərişləri həmin retinoloq qoyur. Xəstəliyin inkişaf etapları var. Həmin xəstəlik aparılmış müalicə nəticəsində arta da bilər və ya müalicə xəstəliyin qarşısını ala da bilər. Əvvəllər onların institutunda göndəriş yox idi. Lakin evə buraxılan uşaqlarda təkrar müayinənin vaxtı epikrizdə qeyd edilirdi və şifahi qaydada valideynə bildirilirdi. Həmin uşaqda da, təkrar müayinə barədə epikrizdə qeyd edilmişdir. Onlarda olan məlumata görə həmin uşaqda bətndaxili infeksiya da, var idi. İnfeksion xəstəliklər belə bir xəstəliyin yaranmasına şərait yaradır. Xəstəliyin baş vermə səbəbi gözün torlu qişası, göz dibidir. Göz dibi doğuşadək olan 9 ayadək müddətdə formalaşır. Uşaq nə qədər tez doğulubsa, həmin xəstəliyin riski yüksəkdir. Xüsusilə də, çəkisi 1500 qram kütlədən aşağı olan uşaqlarda bu xəstəliyin riski yüksəkdir. Bu xəstəliyə təsir edən səbəblərdən biri də ağır hipaksiya, yəni oksigen aclığı ilə doğulma, doğularkən asfiksiyanın olması, bətndaxili dövrdə infeksiyanın olmasıdır. Uşaq doğularkən ağır vəziyyətdə olmuşdur ki, 1 ay müddətində klinikada müalicə almışdır. Bir müddət reanimasiya şöbəsində yatmış, daha sonra vaxtından əvvəl doğulmuşların şöbəsinə köçürülmüşdür. Xəstəliyin diaqnozunu akulist avtolmoloq qoyur. Protokol üzrə həmin xəstəliyin diaqnozunu avtolmoloq müəyyən müddətlərdə qoyur. Onlar onu dəvət edir, həkim gəlib müayinə edir, növbəti müayinənin vaxtını da qeyd edir. Uşaqlar doğulan zaman həmin xəstəliyə müdaxilə olunmur. Belə xəstəliyi olan uşaqların 1-ci müayinəsi 4-cü həftədə mümkündür. Həmin müddətə qədər onlar ciddi müalicə alırlar, yaşam mübarizəsi aparırlar. Uşağın kor olması ilə, institut arasında hər hansı səbəbli əlaqə yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 681/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il taridə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və X32 arasında olan nikah xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X45 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şəhadətnamənin ata qrafasında İddiaçı1, ana qrafasında isə İddiaçı2 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(004)240/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X28, X14, X23 və X25 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6417/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)240/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X28, X14, X23 və X25 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan K.Fərəcova adına X5 üzrə xx.xx.2017-ci il tarixli, 280-L nömrəli əmrdən görünür ki, xəstə Nəbiyev adsız nəbi oğlunun ET Pediatriya İnstitutunda xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi aparılan müalicəsindən sonra evə yazdığı ilk günlərdə daha ətraflı, dəqiq və gneiş müayinəyə akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərildiyində görə “Yenidoğulmuş və vaxtından qabaq doğulmuş uşaqların patologiyası” elmi şöbəsinin kiçik elmiş işçisi X25 töhmət verilmiş; xətənin vəlideynlərinə xəstəlik haqqında və gələcəkdə baş verə biləcək görmə pozğunluqları, korluq riski barədə məlumat vermədiyinə görə “Somatik şöbəsinin həkim-pediatrı X14 xəbərdarlıq edilmiş; vaxtından qabaq doğulmuş uşaqların patologiyası şöbəsinin işinə nəzarətin gücləndirilməsi ilə bağlı şöbə müdiri X23 xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X45 anadan olmuşdur. İşin halları ilə o da, müəyyən edilmişdir ki, Yasamal rayon prokurorluğunun müstəntiqi X17 qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, İddiaçı1 müxtəlif instansiyalara şikayət ərizəsi ilə müraciət edərək K.Y.Fərəcova adına X3 həkimləri Tamella Orucova və Lalə İsmayılovanın səhlənkarlığı nəticəsində xx xxx 2017-ci il təvəllüdlü oğlu X30 gözlərinin retinopotiyası, 5-ci dərəcə diaqnozu xəstəliyin yaranmasını bildirmişdir. Həmin araşdırma zamanı K.Y.fərəcova adına X3 həkimləri Tamella Orucovanın və Lalə İsmayılovanın izahatları alınmışdır. Nəticədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin xx.xx.2017-ci il tarixli 397/KEŞ saylı rəyinə əsasən, Musa Nəbizadənin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, hamiləliyin 31-32-ci həftələrində vaxtından əvvəl cərrahi yolla doğulmuşdur. Musa Nəbizadənin vaxtından əvvəl doğulması onda bütün orqanların yetkinsizliyi ilə yanaşı, eyni zamanda göz tamarlarınm tam formalaşmaması baxımından həyati risklər əmələ gəlmişdir. Musa Nəbizadənin adına Oftalmologiya Mərkəzində tərtib edilmiş ambulator xəstənin fərdi vərəqəsindən görünür ki, ona xx.xx.2017-ci il tarixdə “Vaxtından əvvəl doğulmuş retinopatiyası V mərhələ” diaqnozu təyin edilmişdir. Musa Nəbizadə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək K.Fərəcova adına X2 stasionar müalicədə olduğu müddətdə o, xx.xx.2017-ci il tarixdə oftalmoloqun müayinəsindən keçirilmişdir. M.Nəbizadə xx.xx.2017-ci il tarixdə oftalmoloqun müayinəsindən keçirilmiş, ona “OUgöz dibi damarlarının angiopatiyası” diaqnozu təyin edilmiş, bununla əlaqədar müvafiq təyinat verilmiş və tam ətraflı müayinə Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində aparılması məsləhət görülmüşdür. X62 X8 stasionar müalicədə olduğu müddətdə onun vəziyyətinin ağırlığı il əlaqədar ixtisaslı tibbi yardımlar göstərilmiş, yaxşılaşma əldə edilmiş və uşaq xəstəxanadan evə buraxılarkən 10 gündən sonra oftalmoloqun və nevroloqun baxışı məsləhət görülmüşdür. Vaxtından əvvəl doğuşla əlaqədar uşaqda damarların tam formalaşmaması səbəbindən o, xəstəxanadan yazılarkən o oftalmoloqun müayinəsinə göndərilməli idi. Lakin mövcud olan patalogiyanı nəzərə alaraq, istər 1 gün və ya 10 gün sonra oftalmoloqun baxışı keçirilmiş olsaydı pataloji prosesin qarşısının alınması mümkün deyildir. Musa Nəbizadədə “Retinopatiya” xəstəliyi mövcud olub və bu xəstəliyin əmələ gəlməsinə səbəb yarımçıq doğulma ilə əlaqədar göz damarlarının tam formalaşmamasıdır. M.Nəbizadəyə müalicə müəssisəsi şəraitində göstərilən tibbi xidmət Səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuşdur. Beləliklə, aparılan araşdırma zamanı İddiaçı1 oğlu xx.xx.2017ci il təvəllüdlü oğlu X30 gözlərinin retinopotiyası, 5-ci dərəcə diaqnozlu xəstəliyin yaranması faktında K.Y.Fərəcova adına X1 vaxtından qabaq doğulmuş uşaqların patalogiyası şöbəsinin və reanimasiya şöbəsinin həkimləri: X22, X34 və X38 tərəfindən həkim səhvinə yol verilməsi, yəni əməllərində cinayət tərkibi müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin xx.xx.2017-ci il tarixli 397/KEŞ saylı rəyinə əsasən vaxtından əvvəl doğuşla əlaqədar M.Nəbizadə damarların tam formalaşmaması səbəbindən xəstəxanadan yazılarkən o oftalmoloqun müayinəsinə göndərilməli idi, lakin mövcud olan patalogiyanı nəzərə alaraq, istər 1 gün və ya 10 gün sonra oftalmoloqun baxışı keçirilmiş olsaydı belə pataloji prosesin qarşısının alınması mümkün olmadığından, intizam pozuntusana yol vermiş və bununla bağlı cəzalandırlmış yuxarıda qeyd olunan həkimlərin əməlləri ilə X30 gözlərinin retinopotiyası, 5-ci dərəcə diaqnozlu xəstəliyin aranması arasında səbəbli əlaqə yoxdur. Odur ki, toplanmış materiallar üzrə Azərbayban Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Məhkəmə Tibbi Ekspertiza və X29 X59 106 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən müəyən edilir ki, xx.xx.2017-ci il təvəllüdlü X30 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və yüksək ixtisaslı mütəxəssis araşdırmalarına əsasən ona “Retinopatiya” (Hər iki gözün vaxtından əvvəl doğulmuşların retinopatiyası V mərhələ”) diaqnozu düzgün qoyulmuşdur. Musa Nəbizadədə müəyyən edilmiş ağır patologiyaya səbəb onun vaxtından əvvəl doğulması nəticəsində retinol qan damarlarının zəif inkişaf etməsi və torlu qişanın inkişafının başa çatmaması olmuşdur ki, bu da doğuşdan sonra yarana bilərdi. Belə ki, retinol qan damarlarının inkişafı bətndaxili dövrdə, yəni hamiləliyin 16-cı həftəsindən etibarən başlayır, tam formalaşma hamiləliyin onunda başa çatır. Musa Nəbizadədə mövcud olan patologiya onun vaxtından əvvəl doğulması ilə əlaqədar olduğundan R.İ.Fərəcova adına X42 İnstitutunda aparılmış müayinə və müalicələri arasında heç bir səbəbli əlaqə olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, Musa Nəbizadədə mövcud olan patologiya onun vaxtından əvvəl doğulması ilə əlaqədar olduğundan R.İ.Fərəcova adına X42 İnstitutunda aparılmış müayinə və müalicələri arasında heç bir səbəbli əlaqə olmamış, eyni zamanda iddiaçılar tərəfindən bu halları təsdiq edən hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Sözü gedən bu hal Məhkəmə Tibbi Ekspertiza və X29 X59 106 nömrəli, xx.xx.2020-ci il tarixli rəyi ilə də, öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin Nəbizadə Musanın müalicəsinə çəkilmiş 75000 manat maddi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulmasının təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin iddia tələbinin 350000 mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin maddi zərər hissəsi (əsas hissə) təmin edilmədiyin, mənəvi zərərlə bağlı hissədə də, iddia tələbi düzgün olaraq təmin edilməmişdir. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçının bu mənəvi zərərin ödənilməsi ilə bağlı tələbidə rədd edilməlidir. Beləki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuranşəxsin təqsiri müəyyən edilmiş olsun.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun vədəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzarnüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 681/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar