Məhkəmə qərarları › İş №2(103)-6352/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6352/2025

14.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6352/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətin açıq hərracdan satılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(009)-56/2025 nömrəli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh paylı mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzil vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mənzil 1/2 hissədə Cavabdeh, digər 1/2 hissədə isə İddiaçı məxsusdur. O, Konstitusiya ilə ona verilmiş mülkiyyət hüququndan öz istədiyi kimi cavabdehin hərəkətləri nəticəsində istifadə edə bilmir. Dəfələrlə bu barədə cavabdehlə danışıqlar aparılsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Hazırda paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi zərurəti vardır. Belə ki, onların paylı mülkiyyətində olan mənzilin sərhədlərini müəyyən edə bilmirlər, buna görə də mənzilin istifadəsində maneələr yaranır. Həmin əmlakdan istifadə zamanı münaqişə və mübahisələrin yaranmasına səbəb olur. Bununla bağlı cavabdehə müraciət edilmişdir, lakin heç bir razılaşma əldə oluna bilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilə dair onun paylı mülkiyyət üzrə 1/2 hissəsinin naturada bölünərək Cavabdeh paylı mülkiyyətindən ayrılması, ayrılmış paya dair texniki pasport və mülkiyyətə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmənin e-2(009)-686/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş və ekspert qarşısında ünvan 1 evin 18 saylı mənzilin İddiaçı payına (əmlakın 1/2 hissə) uyğun əmlaka tənasübsüz zərər vurmadan naturada ayrılması mümkünlüyü barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/2183 saylı rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin tərəflər arasında 1/2 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması nəticəsinə gəlinmişdir. Eyni zamanda, mülki işin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o, (onun nümayəndəsi Nümayəndə) Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2 və 220.3-cü maddələrini rəhbər tutmaqla müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin dəyərinin 1/2 hissəsinin, yəni 200.000 manat vəsaitin İddiaçı ödənilməsinə münasibət göstərilməsi xahiş edilmişdir. Həmin məktuba cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi (İddiaçı 1/2 pay, Cavabdeh 1/2 pay) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması və əmlak hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1943-cü ildə anadan olmuşdur, 82 yaşı vardır. X8 vəfat etdikdən sonra birgə nikah müddətində əldə etdikləri əmlakları vərəsəlik qaydasında, övladlarının yazılı razılığı əsasında onun adına qeydə alınmışdır. X4 evliliyindən Vaqif, Rüstəm, Gülnarə adlı 3 övladı olmuşdur. Oğlu Rüstəm xx.xx.2023-cü ildə Rusiya Federasiyasında vəfat etmişdir. Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin, 18 saylı mənzili onunla oğlu Vaqif Rustəmovun paylı mülkiyyətində olmuşdur. 2015-ci ildə qızı Gülnarə ona bildirmişdir ki, oğlu Vaqif mənzili satmaq istəyir. Ancaq həmin mənzil atasından qalan əmlak olduğundan, həmin mənzili onların ailəsinə məhz mərhum Heydər Əliyevin göstərişi ilə verildiyindən satılmasını istəmir. O, da həmin vaxt biraz xəstə olduğundan hesab etmişdir ki, o, öldükdən sonra ailəyə X9 Əliyev tərəfindən əri, Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmova bağışlanmış həmin mənzili oğlu satsa, bunun qarşısını yeganə alacaq şəxs qızı Gülnarə ola bilər. Həmin vaxt qızına məhz bu səbəbdən öz payının yarısını bağışlamağa razılaşmışdır. Bu zaman onların arasında xx.xx.2015-ci ildə Bakı şəhəri 9 saylı Notariat Kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin vaxt o, mənzildə olan payının yarısını bağışladığını güman edirdi. O, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilini qızı Gülnarəyə bağışlayarkən güman etmirdi ki, qızı onu yaşayış yerindən məhrum qoyar. Hazırda İddiaçı onun yeganə yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilin hərracdan satılmasına dair iddia qaldırmışdır. Bundan əlavə olaraq cavabdeh İddiaçı ona məxsus Mingəcevir şəhərində olan 2 mənzilini onun iradəsi olmadan digər oğlu Rüstəm Rüstəmovun adına keçirmiş, onun ölümündən 1 gün sonra saxta yollarla öz adına keçirmişdir. Bununla bağlı məhkəmə mübahisəsi olmuş və məhkəmə həmin mənzillərini ona qaytarmamışdır. İddiaçı onun evlərini ələ keçirməklə əmlaksız qoymuş, hazırda isə yeganə yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilini satmaq istəyir. Həmin mənzil satılacağı təqdirdə o, yaşayış yerindən məhrum olacaq. O, mənzil verilən gündən, 1981-ci ildən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. 2015-ci ildə həmin mənzil İddiaçı bağışladığından İddiaçı münasibətdə onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Onun istifadə hüququ qeydə alınmadığından cavabdeh İddiaçı onun hüquqlarına istədiyi şəkildə müdaxilə edir. Göstərilənləri nəzərə alaraq müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq onun Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilinə istifadə hüququnun müəyyən edilməsi, mənzildən istifadə hüququnun əvəzi olaraq ona kompensasiya verilmədən həmin mənzilin hərraca çıxarılaraq satılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin, 18 saylı mənzilinə istifadə hüququnun müəyyən edilməsi, İddiaçı tərəfindən verilən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(009)-56/2025 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, ünvan 1 evin 18 saylı mənzili ilkin satış qiyməti 410.000 (dörd yüz on min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) mütənasib olaraq bərabər bölüşdürülməsi, Cavabdeh ekspertiza xərcinin əvəzi kimi dövlət nəfinə 100 (yüz) manat məbləğində pulun tutulması, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının qismən təmin edilməsi, X1 Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin, 18 saylı mənzilinə istifadə hüququnun olmasının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadığından, iddia tələbi təmin edilməli, əmlakın ilkin satış qiyməti 410.000 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Həmçinin, məhkəmə hesab etmişdir ki, L.Rüstəmovanın mübahisəli mənzilin özünə məxsus payı (1/2) 2015-ci ildən bağışlama müqaviləsi əsasında cavabdeh İddiaçı mülkiyyətinə keçsə də, hazırkı vaxtadək həmin mənzildə yaşadığından, mülkiyyətçilər isə onun ailə üzvü olduğundan onun mənzilə istifadə hüququ mövcuddur və itirilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri:

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həmin mənzili almaq istədikdə mənzilin dəyərinin ½ hissəsini tələbkara ödəyəcəyək, nəticədə əldə edən şəxs olaraq ½ hissə ilə bərabər həmin mənzili Lyubov Rüstəmovanın hüququ ilə yüklü əldə etdiyindən hüquqları pozulacaqdır. Faktiki olaraq o, həmin hərraca bərabər hüquqlu daxil ola bilməyəcək. Nəticə etibarı ilə iddiaçı 410.000 manat pulun yarısını ona ödəyəcəyi təqdirdə həmin pula razılaşmaqla, Lyubov Rüstəmovanın mənzilində istifadə hüququ qaldığından, onun mülkiyyət payının dəyəri azalacaq, İddiaçı isə istənilən məbləğə hərrac qiymətini artırmaqla onun qarşılıq verməyinə maneçilik törədəcəkdir. O isə, 84 yaşlı anasının illər boyu yaşadığı evindən məhrum qalmaması üçün hərracda qeyri-müəyyən vəziyyətdə iştirak edəcək. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində nəzərdə tutulan öz mülki hüquqlarını və öz mənafelərini gerçəkləşdirmək üçün iradəsinə uyğun həyata keçirə bilməyəcək və onun mülkiyyətinin toxunulmazlığı ilə bağlı hüquqları pozulacaqdır.

11. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 həmçinin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin özünə münasibətdə iddiasının təmin edilməyən hissəsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıya həmin mənzil üzərində ½ hissə mülkiyyət payını bağışlayarkən mərhum ərindən ona miras qalan payını bağışlamışdır. Ancaq mənzildə olan yaşayış hüququndan imtina etməmişdir. Mənzildəki payının bağışlanmasının səbəbi isə İddiaçı həmin mənzili Cavabdeh tərəfindən satılmasının qarşısını almaq olmuşdur. Çünki İddiaçı ona belə məlumat verərək mənzili ona bağışlamağına nail olmuşdur. Hazırda özünün 84 yaşı vardır və mübahisəli mənzil onun yeganə yaşayış yeridir. Mənzilini İddiaçı bağışlayarkən güman etmirdi ki, qızı onu son yaşayış yerindən məhrum edəcəkdir. Həmin mənzil İddiaçı üçün mülkiyyət anlamı daşısa da, onun üçün yaşayış üçün mənzildir. Hesab edir ki, məhkəmə iddianı mənzildən istifadə hüququnun əvəzi olaraq ona kompensasiya verilmədən həmin mənzilin hərraca çıxarılaraq satılmasının qadağan edilməsi hissəsində rədd edərkən maddi hüquq normasının tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, bildirmişdir ki, mübahisəli mənzil 1982-ci ildə üçüncü şəxsin həyat yoldaşı Rüstəmov Yaquba dövlət tərəfindən hədiyyə olunmuşdur. Həmin vaxtdan etibarən üçüncü şəxs mübahisəli mənzilə münasibətdə qeydiyyatda olmaqla, faktiki olaraq orada yaşamaqdadır. Belə ki, üçüncü şəxsin mənzilə dair istifadə hüququnun olması mübahisəsiz haldır. 2011-ci ildə Rüstəmov Yaqubun ölümündən sonra vərəsəlik qaydasında hər birinə ½ hissədə pay müəyyən olunmaqla, mübahisəli mənzilin paylı mülkiyyətçiləri üçüncü şəxs və cavabdeh olmuşdur. 2015-ci ildə iddiaçı üçüncü şəxsə cavabdehin mübahisəli mənzili satmaq niyyətinin qarşısını almaq üçün öz payının yarısını ona bağışlamasını təklif etmiş və üçüncü şəxsin mənzildə yaşamasına maneə törətməyəciyini vəd etmişdir. Üçüncü şəxs də bununla razılaşdığından, tərəflər arasında bağışlama müqaviləsi bağlanmışdır. Sonradan iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, faktiki olaraq mənzilin satılmasını xahiş etmişdir. Üçüncü şəxsə sonradan məlum olmuşdur ki, onun yaşından və azərbaycan dilini səlis bilməməsindən istifadə edərək, iddiaçı payının yarısını deyil, tam payının ona bağışlanmasını həyata keçirmişdir. Əvvəlcə iddiaçı anasının mübahisəli mənzildə yaşamasına mane olmayacağını vəd etsə də, sonradan mövqeyini dəyişərək, bu halı inkar etmişdir. İddiaçı bağışlama müqaviləsi bağlanarək götürdüyü öhdəliyi sonradan inkar etdiyindən, müqavilə şərtləri pozulmuşdur. Mübahisəli mənzil üçüncü şəxsin yeganə yaşayış yeridir və onun başqa yaşayış yeri yoxdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, bildirmişdir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi Mülki Məcəllənin 572.1-ci maddəsinin hazırki mübahisənin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Həmin maddə daşınar əmlaklarla bağlı münasibətləri tənzimləyir. Həmçinin, cavabdeh iddiaçının payının alınmasında maraqlı olduğunu bildirsə də, üçüncü şəxs olan anasının hüquqları ilə yüklü olduğundan iddiaçının payının alınmasının onun üçün əlverişli olmadığı qeyd etmişdir. Eyni zamanda, Rüstəmov Yaqub öldükdən sonra onun vərəsələri kimi üçüncü şəxs və 3 övlad olmaqla, 4 şəxs müəyyən olunmuşdur. Sonradan tərəflərin övladları öz paylarından imtina etdiyindən, tək mülkiyyətçi üçüncü şəxs olmuşdur. 2015-ci ildə isə üçüncü şəxs həmin mənzilin öz övladları arasında bərabər bölgüsünü həyata keçirmişdir. Hazırda mübahisəli mənzildə yalnız cavabdehin həyat yoldaşı və uşaqları yaşamaqdadır, üçüncü şəxs isə Mingəçevir rayonunda yaşayır. İddiaçının mülkiyyət hüququnun olmasına baxmayaraq, bu hüquqdan istifadə edə bilməmişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, üçüncü şəxsin mübahisəli mənzilə dair istifadə hüququnun müəyyən edilməsinə etirazları yoxdur və üçüncü şəxsin mübahisəli mənzilə dair istifadə hüquqları ilə yüklü olduğu təqdirdə, mübahisəli mənzilin açıq hərracdan satılmasında hər hansı məhdudiyyət olacağını güman etmirlər.

16. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

18. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

20. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

21. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

Apellyasiya baxışının hədləri:

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə Cavabdeh tərəfindən tam, müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən isə özünə münasibətdə iddiasının təmin edilməyən hissədə mübahisələndirdiyindən, məhkəmə kollegiyası tərəfindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs L.Rüstəmovanın mənzilə istifadə hüququ saxlanılmaqla mübahisəli mənzilin qapalı və yaxud açıq hərracda satılması göstərilməlidir.

25. İş materiallarından görünür ki, X3 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X3 mülkiyyətində olan ünvan 1 evin 18 saylı mənzilinin ½ hissəsini İddiaçı bağışlamışdır.

26. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 1 evin 18 saylı mənzilin hüquqi subyektləri İddiaçı və Cavabdehdur, mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 91,4 kv.m., yaşayış sahəsi 47.1 kv.m. təşkil etmişdir.

27. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) adlarına qeydiyyata alınmışdır.

28. İş üzrə İddiaçı vəkili Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, bacısı İddiaçı ilə onun paylı mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1, 18 saylı mənzil vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mənzil ½ hissədə Cavabdeh, digər ½ hissədə isə İddiaçı məxsusdur. Rüstəmova X2 ilə ona verilmiş mülkiyyət hüququndan öz istədiyi kimi Cavabdeh hərəkətləri nəticəsində istifadə edə bilmir. Dəfələrlə bu barədə Cavabdehla danışıqlar aparılsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də hazırda həmin mənzilə olan payın naturada bölünməsi, texniki pasport və mülkiyyətə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət olunacaqdır. Bildirir ki, tərəflərindən aparılan qiymətləndirmə nəticəsində Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1, 18 saylı mənzilin bazar dəyəri 400.000 manat dəyərləndirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1, 18 saylı mənzilin yuxarıda göstərilən dəyərinin ½ hissəsinin, yəni 200.000 manat vəsaitin İddiaçı ödənilməsinə münasibət göstərilməsini xahiş etmişdir.

29. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2- 10/2183 saylı rəyinə əsasən ünvan 1 evin 18 saylı ünvanında yerləşən mənzilin tərəflər arasında ½ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1,2.2,2.4,2.7,2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

30. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-212/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1072/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X1 cavabdeh İddiaçı qarşı Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-501 nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilindəki ½ hissədə olan əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və İddiaçı adına qeydə alınmış xx.xx.2015-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

31. İş üzrə 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müraciətinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli E-501 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin analoji bazar dəyəri 410.000 manat təşkil etmişdir.

32. İş üzrə 4 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 Bakı şəhəri, F.Əmirov küçəsində yerləşən 1 saylı evin 18 saylı mənzilində xx.xx.1982-ci ildən qeydiyyatdadır.

33. İş üzrə 4 saylı MKİS tərəfindən Vəkil2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1943-cü il təvəllüdlü X3 Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 18 nömrəli mənzilində xx.xx.1982-ci ildən qeydiyyatdadır və hal-hazırda qeydiyyatda olduğu ünvanda yaşayır.

34. Məhkəmə kollegiyası ilkin olaraq İddiaçı verdiyi iddia tələbinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. İddia ərizəsinə əsasən cavabdeh mübahisəli mənzildən mülkiyyətçi kimi ona istifadə etməsinə maneçilik törədir, bu barədə Cavabdehla danışıqlar aparılsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Buna görə Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi (İddiaçı 1/2 pay, Cavabdeh 1/2 pay) barədə məhkəməyə müraciət etmişdir.

36. Qeyd olunmalıdır ki, iddiaçının hazırki tələbi əmlakın bölünməsi ilə bağlıdır. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Qanunverici paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona (və ya konkret paya) sərəncam verilməsinə dair aralarındakı ixtilafların həll edilməsi ilə bağlı aşağıda sadalanan bir sıra fərqli hüquqi mexanizmlər müəyyən etmişdir ki, bu da mülkiyyət hüququnun toxunulmazlığı prinsipi çərçivəsində bütün payçıların mülkiyyət hüquqlarının əlverişli şəkildə müdafiəsinə xidmət edir.

37. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması məsələlərini nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

38. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllənin 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadının 17-19-cu bəndləri).

39. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadının 59 və 60-cı bəndlərinə əsasən isə, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

41. Yuxarıda qeyd olunduğu kimi qanunvericlikdə ümumi paylı mülkiyyət hüququnda payların ayrılması və bölünməsi mexanizmləri fərqləndirilmiş, işə baxan məhkəmə tərəfindən mübahisə üzrə tərəflərin iradə ifadəsi dəqiq müəyyən edilməklə müvafiq olaraq Mülki Məcəllənin 220-ci və 221-ci maddələri tətbiq olunmalıdır.

42. Hazırkı mübahisə üzrə isə, işin faktiki halları və iddiaçının ümumi mülkiyyətdə payının ayrılmasını tələb etdiyi nəzərə alındıqda, digər payçı (cavabdeh) tək qalır. Bu halda isə, ümumiliyin davam etdirilməsinin mümkün olmadığı müəyyən olunur. Buna görə də, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru 221-ci maddəsinin tələblərinə uyğun olaraq həll edilməlidir.

43. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətində göstərdiyi – mülkiyyətinin toxunulmazlığı ilə bağlı hüquqlarının pozulacağı ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, İddiaçı mübahisəli mənzildə öz mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyindən və bu mənzilin təcrid mənzillər şəklində iki hissəyə bölünməsi (naturada bölünməsi) texniki cəhətdən mümkün olmadığından, cavabdehlə danışıq yolu mübahisəni həll etməyə çalışmış, lakin bunun nəticəsi olmamışdır. Bundan sonra o, həmin mənzilin hərrac yolu ilə satılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, hazırki vəziyyətdə hüququ pozulmuş şəxs İddiaçıdır. Yəni, Cavabdeh hüquqlarının qorunması, İddiaçı hüquqlarının pozulması hesabına həyata keçirilməsi yolverilməzdir.

45. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mübahisəli mənzilin qiymətləndirmə hesabatı əsasında müəyyən edilmiş qiymətə, iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) mütənasib olaraq bərabər bölüşdürülməlidir.

46. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbi və apellyasiya şikayəti ilə bağlı aşığıdakıları qeyd edir.

47. X3 əvvəllər mübahisəli mənzilin paylı mülkiyyətçisi olsa da, öz payını sonradan qızına bağışlamışdır və həmin mənzilə 1982-ci ildə qeydiyyatı mövcud olmuşdur. L.Rüstəmova mübahisəli mənzilin özünə məxsus payı (1/2) 2015-ci ildən bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçsə də, hazırkı vaxtadək həmin mənzildə yaşadığından, mülkiyyətçilər isə onun ailə üzvü olduğundan onun faktiki olaraq mənzilə istifadə hüququ mövcuddur və itirilməmişdir.

48. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin X1 mübahisəli mənzildən istifadə hüququnun tanınması mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, gələcəkdə bu mənzil açıq və yaxud qapalı hərracda satıldığı halda L.Rüstəmovanın həmin mənzildə istifadə hüququ nəzərə alınmalı və mənzil açıq hərracdan satıldığı halda alan şəxs bilməlidir ki, bu mənzil X1 istifadə hüququ ilə yüklüdür.

49. Həmçinin qeyd olunmalıdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayətində göstərmişdir ki, qətnamə ilə onun iddia tələbini İddiaçı iddiasının rədd edilməsi hissəsində təmin etməyən birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur.

50. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, şəxsin paylı mülkiyyət hüququ üzrə digər şəxslərə məxsus əmlakda istifadə hüququnun mövcud olması, mülki qanunvericiliyin tələbləri baxımından əmlakın hərracdan satılmasını istisna edən hal kimi qəbul edilə bilməz. Bununla bağlı mülki qanunvericilikdə imperativ norma nəzərdə tutulmamışdır. Buna görə məhkəmə kollegiyası həmin hissədə tələbi əsassız hesab edir.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs L.Rüstəmovanın mübahisəli mənzildən istifadə hüququ saxlanılmaq şərtilə mənzilin qapalı və yaxud açıq hərracda satılması göstərilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(009)-56/2025 nömrəli qətnaməsi dəyişdirilsin. Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzil qapalı və yaxud açıq hərracda satıldıqda müstəqil tələb irəli sürən üçüncü şəxs X1 həmin mənzilə münasibətdə istifadə hüququnun mövcudluğu nəzərə alınsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Vahid Sadıqov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar