Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6360/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Apellyasiya şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli e-2(008)-2339/2022 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli e-2(008)- 2339/2022 saylı qətnaməsi ilə X1 psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə İddiaçı ərizəsi təmin edilmişdir. Həmin qətnamədən X1 qardaşı X3 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunaraq ərizənin təmin olunmamasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli e-2(008)- 2339/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə apellyasiya şikayətini geri qaytararkən bu qənaətə gəlmişdir ki, X2 bu qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur və beləliklə, qətnamə buna lazımi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. X3 həmin qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.1-ci maddəsinə əsasən, şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. İş materiallarından görünür ki, ərizəçi İddiaçı psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilən X1 övladı və eyni zamanda qəyyumudur. Qətnamədən apellyasiya şikayəti verən X3 isə X1 qardaşı olmaqla onun ailə üzvü sayılmır. Azərbaycan Respublikası MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, X2 bu qətnamədən apellyasiya şikayəti vermək hüququ olmadığına görə birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli e-2(008)-2339/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli e-2(008)- 2339/2022 saylı qərardadı X2 şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6360/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6360/2022
12.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver