Məhkəmə qərarları › İş №2(103)-6360/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6360/2023

07.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6360/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1 və Cavabdeh2 qarşı “sərəncamın ləğv edilməsi və uşaq tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh2 özünün və vəkili (nümayəndəsi) Vəkil2, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 100 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının ləğv edilməsi və azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü Nişanənin Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 oğlu Qardaşxan Əhmədli ilə iddiaçı rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Qardaşxan Əhmədli İİ Qarabağ müharibəsində, xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. xx.xx.2021-ci il tarixdə isə onların uşağı (Nişanə) doğulmuşdur. İddiaçı ilə Qardaşxan Əhmədlinin nikahı olmadığından atalıq müəyyən edilmiş, bu barədə Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə şəhadətnamə verilmişdir. Uşaq doğulandan sonra iddiaçı uşaqla birlikdə qayınatası Cavabdeh2gildə yaşamış və bir müddət sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 Xəzər RİH-ə müraciət edərək, bildirmişdir ki, guya iddiaçı uşağı onun yanında qoyaraq ölkəni tərk edib və uşaq onun yanında qalmışdır, bu səbəbdən də xahiş etmişdir ki, onu uşağın qəyyumu təyin etsinlər. Cavabdeh RİH də Cavabdeh2 verdiyi məlumatları araşdırmadan, 100 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncam ilə Cavabdeh2 uşağın üzərində qəyyum təyin etmişdir. Cavabdeh2 da bu sərəncamı əldə etdikdən sonra uşağı iddiaçının əlindən almışdır. İddiaçı bildirir ki, RİH verdiyi sərəncam əsassızıdır. Belə ki, RİH-nin əməkdaşları Dövlət Sərhəd Xidmətinə sorğu versə idilər müəyyən olunardı ki, iddiaçı ölkə ərazisini tərk etməyib. Bundan başqa RİH-nin əməkdaşları Cavabdeh2 onlara etdiyi müraciət ilə bağlı sonuncunun evinə baxış keçirib yaşayış şəraiti ilə maraqlanmış olsaydı ilə, onda görərdilər ki, iddiaçının da həmin evdə uşaqla birgə yaşayır. İddiaçı, qeyd edilən sərəncamdan xəbər tutduqdan sonra sərəncamın ləğvi ilə bağlı RİH-ə müraciət etsə də, sərəncam RİH tərəfindən ləğv edilməmiş və iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, qeyd edilən sərəncam ləğv edilməli və azyaşlı övladı Cavabdeh2 alınaraq ona verilməlidir. Cəmi 2 yaşı olan uşağın ana qayğısına ehtiyacı var. Uşağın anası ola-ola uşağın babanın qəyyumluğunda olmasının üçün heç bir hüquqi əsası yoxdur. b) cavabdeh tərəfin iddiaya münasibəti barədə məlumat

3. Cavabdeh Xəzər RİH-nin nümayəndəsi Əhmədov Rövşən Rafiq oğlu iddia tələbini qəbul edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Cavabdeh2 müraciəti əsasında sonuncunun xx.xx.2021-ci il təvəllüdlü nəvəsinin üzərində qəyyum təyin olunması haqqında sərəncam verilmişdir. Cavabdeh2 müraciətində bildirmişdir ki, onun oğlu Qardaşxan Əhmədli iddiaçı ilə qeyri-rəsmi olaraq ailə qurmuş və İİ Qarabağ müharibəsində, xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur; Qardaşxan şəhid olduqdan sonra, yəni xx.xx.2021-ci il tarixdə uşaq doğulmuşdur; uşağın anası olan iddiaçı uşağı onların yanında qoyaraq vətəndaşı olduğu Gürcüstan Respublikasına getmişdir. Müraciət edilən zaman “Covid-19” pandemiyası ilə bağlı karantin dövrü olduğundan Qəyyumluq və Himayəçilik Komissiyası müraciət əsasında tam dolğun araşdırma apara bilməmiş və bu səbəbdən xx.xx.2021-ci il tarixli sərəncam ilə Cavabdeh2 müraciəti təmin edilmiş və o, nəvəsinin üzərində qəyyum təyin edilmişdir. Təmsil etdiyi RİH hesab edir ki, iddia əsaslıdır və iddianın həll edilməsini məhkəmənin mülahizəsinə buraxır.

4. Cavabdeh2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, gəlini olan iddiaçının uşağı doğduqdan sonra uşağın və iddiaçının özünün səhhətlərində problemlər yaranmışdır. İddiaçının vəziyyəti pis olduğundan xəstəxanada olmuşdur. O, iddiaçının və uşağın Azərbaycan Respublikası vətəndaşlığının alınmasında bütün sənədləşdirmə işlərini görmüş və bunun üçün xərc çəkmişdir. Uşağa isə öz uşağı kimi baxır və bütün tələbatlarını ödəyir. Uşaq, şəhid olmuş oğlunun yadigarıdır. Ona görə də iddianın təmin edilməməsini xahiş edir.

5. Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 da iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçının səhhətində, yəni psixoloji durumunda problemlər var və bu səbəbdən iddianı əsassız hesab edilərək, rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, valideynin istəyinə zidd olaraq uşağı ondan ayırmağın (bunun üçün zəruri hallar olmadıqda) qanunsuz olmasını, uşağın öz valideynini tanımaq, onunla birgə yaşamaq, öz valideyni tərəfindən tərbiyə almaq və sairə hüquqlarının olmasını, eyni zamanda valideynin də öz uşağı ilə yaşamaq, onun qayğısına qalmaq, uşağının tərbiyə, təhsil və sairə məsələlərində iştirak etmək, uşağının yaşayış yerini seçmək hüquqlarının olmasını, həmçinin xx.xx.2021ci il təvəllüdlü uşağın, müvafiq əsaslar olmadan üzərində Cavabdeh2 qəyyum təyin edilməsini, qəyyumluq ləğv olunduqdan sonra onun Cavabdeh2 yanında qalmasına əsasların olmamasını, iddiaçıya, yəni anasına verilməsi (qaytarılması) məsələsinin onun marağına zidd olmamasını, bunun üçün zəruri halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaq Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

8. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

9. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddiaçı ərinin şəhid olmasını bildikdən sonra səhhətində ciddi problemlər yaranmış, psixoloji vəziyyəti pisləşmiş, müxtəlif xəstəxanalarda müalicələr almışdır. Bundan başqa, iddiaçı xx.xx.2003-cü il təvəllüdlüdür, RİH tərəfindən sərəncam verilərkən iddiaçı yetkinlik yaşına çatmamışdı. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə tam araşdırma aparmadan, şahidləri dindirmədən, psixonevroloji ekspertiza keçirmədən iddianın əsaslı olması barədə nəticəyə gəlmişdir. Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. İş üzrə Cavabdeh2 və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.

11. Apellyasiya baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.

12. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə cavabdeh Xəzər RİH-nin nümayəndəsi apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə RİHnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ seriyalı, 404881 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən” görünür ki, Əhmədli Qardaşxan Elxan oğlu, iddiaçının doğduğu xx.xx.2021-ci il təvəllüdlü Əliyeva Nişanə Qardaşxan qızının atasıdır.

15. İşdə olan 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan, AZ-İV seriyalı, 592900 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş Əhmədli Nişanə Qardaşxan qızının atası Əhmədli Qardaşxan Elxan oğlu, anası isə iddiaçıdır.

16. İşdə olan 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 148103 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Əhmədli Qardaşxan Elxan oğlu xx.xx.2020-ci il tarixdə Xocəvənd uğrunda gedən döyüşdə şəhid olmuşdur.

17. Cavabdeh Xəzər RİH-nin xx.xx.2021-ci il tarixli, 100 nömrəli sərəncamından görünür ki, Cavabdeh2, azyaşlı nəvəsi xx.xx.2021-ci il təvəllüdlü Əhmədli Nişanə Qardaşxan qızının üzərində qəyyum təyin olunmuşdur.

18. Xəzər RİH tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, yuxarıda qeyd edilən sərəncamın ləğvi ilə bağlı iddiaçıya Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir.

19. Qeyd olunan sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsinə dair məhkəmə sorğusuna cavab olaraq verilmiş Xəzər RİH-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il təvəllüdlü nəvəsinin üzərində qəyyum təyin olunmasına əsas olan sənədlər Cavabdeh2 ərizəsindən, yaşayış yerinə dair arayışdan, uşağın doğum haqqında şəhadətnamədən, Cavabdeh2 nikahın bağlanması haqqında şəhadətnamədən, uşağın atası Qardaşxan Əhmədlinin ölümü haqqında şəhadətnamədən, atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən və Cavabdeh2 şəhid ailəsi üzvü olmasına dair vəsiqədən ibarət olmuşdur.

20. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddia ərizəsində adı qeyd edilən xx.xx.2021-ci il təvəllüdlü uşaq Cavabdeh2 mərhum övladı Qardaşxan Əhmədli ilə iddiaçının qeyri-rəsmi münasibətlərindən doğulmuşdur. Doğulduqdan sonra uşaq anası olan iddiaçı ilə birlikdə Cavabdeh2 evində yaşamış, iddiaçının razılığı və xəbəri olmadan Xəzər RİH-nin xx.xx.2021-ci il tarixli, 100 nömrəli sərəncamı ilə Cavabdeh2 həmin uşağın (nəvəsinin) üzərində qəyyum təyin olunmuşdur.

21. Tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (maddə 114.1.). Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir (maddə 136.).

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir (maddə 33.1.). Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir (maddə 33.3.). On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir (maddə 33.4.). Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər (maddə 35.1.).

23. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qəyyumluq və himayə - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır.

24. Qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Qəyyumluq və himayə - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayan fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.

25. Hazırki iş üzrə iddiaçının övladı - xx.xx.2021-ci il təvəllüdlü uşaq üzərində qəyyumluq təyin edilməsi məsələsini araşdıran Məhkəmə hesab edir ki, onun üzərində qəyyumluq müəyyən edilməsinə zərurət olmamış və bu barədə Xəzər RİH tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 100 nömrəli sərəncam əsassızdır.

26. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, həmin uşağın anası var. Ana hər hansı bir səbəblərə görə valideynlik hüquqlarından məhrum edilməmişdir. Uşaq, üzərində qəyyum təyin edilən vaxt anasının (iddiaçının) himayəsində olmuşdur. İddiaçının uşağın saxlanılmasından imtina etməsi və sairə bu kimi hallar mövcud deyildir və bu barədə RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən zəruri araşdırma aparılmamışdır.

27. Məhkəmə həmçinin qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır (maddə 5.). Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır (maddə 17.).

28. Ailə Məcəlləsinin tələblərinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir (maddə 49.2.). Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.3.). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2.). Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər (maddə 63.1.). Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər (maddə 63.2.). Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər (maddə 63.3.).

29. Qeyd olunan maddi hüquq normalarının tələblərini, yəni valideynin istəyinə zidd olaraq uşağı ondan ayırmağın (bunun üçün zəruri hallar olmadıqda) qanunsuz olmasını, uşağın öz valideynini tanımaq, onunla birgə yaşamaq, öz valideyni tərəfindən tərbiyə almaq və sairə hüquqlarının olmasını, eyni zamanda valideynin də öz uşağı ilə yaşamaq, onun qayğısına qalmaq, uşağının tərbiyə, təhsil və sairə məsələlərində iştirak etmək, uşağının yaşayış yerini seçmək hüquqlarının olmasını, həmçinin uşağın müvafiq əsaslar olmadan üzərində Cavabdeh2 qəyyum təyin edilməsini, qəyyumluq ləğv olunduqdan sonra onun Cavabdeh2 yanında qalmasına əsasların olmamasını, iddiaçıya, yəni uşağın anasına verilməsi (qaytarılması) məsələsinin onun marağına zidd olmamasını, bunun üçün zəruri halların müəyyən edilməməsini nəzərə alaraq Məhkəmə hesab edir ki, uşaq Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir.

30. Odur ki, uşağın üzərində Cavabdeh2 qəyyum təyin olunması haqqında Xəzər RİH-nin xx.xx.2021-ci il tarixli, 100 №-li sərəncamının əsassız olması səbəbindən ləğv olunması, uşağın Cavabdeh2 alınıb iddiaçıya verilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə düzgün, apellyasiya şikayətinin bu nəticəyə dair dəlilləri isə əsassız hesab edilməlidir.

31. Bundan əlavə, iddiaçının psixi durumu ilə bağlı uşağının ona verilməsinin məqsədəmüvafiq olmaması ilə bağlı Cavabdeh2 dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçı uşağının atasının şəhid olması barədə məlumatı öyrəndikdən sonra onun səhhətində problemlərin baş verməsi və bu problemlərə görə müalicə alması, onun valideynlik hüququndan məhrum olmasına və ya valideynlik hüququnun məhdudlaşdırılmasına əsas vermir. Eyni zamanda bu dəlili irəli sürməklə hazırda da iddiaçının psixi durumunda uşağının mənafelərinə zidd olacaq halların olması barədə hər hansı bir sübut məhkəmələrə təqdim olunmamışdır. Odur ki, apellyasiya şikayətinin bu dəlili əsassız hesab edilməlidir.

32. Apellyasiya şikayətinin uşaq üzərində qəyyum təyin edilərkən iddiaçının yetkinlik yaşına çatmamış şəxs olması (sərəncamın verilməsindən təxminən 2 ay yarım sonra iddiaçı 18 yaşına çatmışdır) ilə bağlı dəlili də iddiaçı hazırda yetkinlik yaşına çatdığından hazırki işin həlli üçün əhəmiyyətsiz və əsassız hesab edilməlidir. g) apellyasiya baxışının nəticəsi

33. Beləliklə apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar