Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6361/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: özbaşına tikiliyə köçürülmə, subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2544/22 saylı iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və Cavabdeh1 xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki uşaqları olmuşdur: xx.xx.2011-ci il təvəllüdlü Məryəm və xx.xx.2012-ci il təvəllüdlü Canpolad.
2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ana- oğuldular.
3. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 32 №li qərarı ilə Anaşkin küçəsində yerləşən 400 kv metr torpaq sahəsi Marina Oruc qızının mülkiyyətinə ayrılmışdır.
4. Marina Oruc qızı xx.xx.2013-cü il tarixli etibarnamə əsasında həmin torpaq üzərində tikinti işləri aparmalı, kadastr planı almağı, sənədləşdirməni aparmağı və digər səlahiyyətləri Cavabdeh2 etibar etmişdir.
5. Marina Oruc qızının əri Alı oğlu Əmiran həmin torpaq sahəsinin onun adına özəlləşdirilməsinə və DƏDRX-dən Çıxarışın verilməsinə etiraz etməməsi barədə xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş imzayla ərizə vermişdir.
6. Həmin torpaq sahəsində ev inşa edilmiş və tikintinin sahibi Marina Oruc qızının adına hesabat cədvəli tərtib edilmişdir.
7. Telefon, elektrik, təbii qazdan istifadə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. 2020-ci ildə təbii qazdan istifadə üzrə abonent kodu Cavabdeh1 adına rəsmiləşdirilmişdir.
8. İddiaçının uşaqları həmin ərazi üzrə 12 saylı poliklinikada tibbi qeydiyyatdadılar, 148 №-li məktəbin 4- cü və 5-ci sinifində təhsil alırlar.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları X2 və X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən cavabdehlərə məxsus bələdiyyə torpağında özbaşına tikilmiş evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə ailə quraraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən cavabdehlərə məxsus mənzilə gəlin köçmüşdür. Nikahları xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahddan iki uşaqları var. Təxminən 2012-ci ildə həmin mənzili sataraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 32 №-li qərarı ilə Anaşkin küçəsində yerləşən Marina Oruc qızına satılmış 400 kv metr torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından xx.xx.2013-cü il tarixli etibarnamə əsasında Cavabdeh2 adına almışlar. Tərəflərindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və onlar həmin evə köçmüşlər. Hal-hazırda da bütün cehiz əşyaları həmin evdədir. Evə köçdükdən sonra telefon, işıq, qaz Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Uşaqları həmin ərazi üzrə 12 saylı poliklinikada qeydiyyatdadılar, 148 №-li məktəbdə təhsil alırlar.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-2544/22 saylı iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia rədd edilmişdir.
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı mübahisəli evə olan hüququnu, eyni zamanda həmin evin cavabdehlərə məxsus olmasını təsdiq edə bilmədiyindən, hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur, ona görə iddia rədd edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1-ci maddələrinə və «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, həmin evin həyətində atası tərəfindən ona Buzovna qəsəbəsində alınmış 300 kv.m torpaq sahəsinin satışından əldə olunmuş vəsait hesabına əlavə 2 otaq tikilib. Həmin otaqlar ailənin təminatını təmin etmək məqsədilə kirayə verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, Marina Oruc qızı mülkiyyətinə ayrılmış 400 kv.m boş torpaq sahəsini hər hansı tikinti aparmadan Cavabdeh2 etibar etmişdir. Etibarnamədə həmin sahədə tikinti aparmaq, onu özəlləşdirmək, üzərində sərəncam vermək səlahiyyətləri nəzərdə tutulmuşdur. Torpaq sahəsində həmin dövrdə Marina Oruc qızına məхsus ev olsa idi, bu hal etibarnamədə öz əksini tapmalı idi. Bundan başqa faktiki ömürlük verilmiş etibarnamənin müddəti, torpaq sahəsinin satılmasından sonra uzun müddət ərzində onunla maraqlanmaması, gələcəkdə həmin torpaq sahəsinin özəlləşdirilməsinə və özgəninkiləşirilməsinə dair onun əri Alı oğlu Əmiran tərəfindən notarial qaydada təsdiq edilmiş müvafiq ərizələrinin olması Marina Oruc qızının torpaq sahəsini satdığını bir daha təsdiq edir. Bundan başqa Marina Oruc qızının evə su,qaz, elektrik verilişinin eləcə də rabitə хidmətinin başqa şəхslərin adına оlan müqavilələr əsasında təmin edilməsinə etiraz etməməsi də evin оna məхsus оlmadığını, оnu bələdiyyə qərarı əsasında əldə etdiyi tоrpaq sahəsini daşınmaz əmlakın Dövlət reyestrində qeydə aldırmadan satdığını təsdiq edir. Bundan başqa Marina Oruc qızının ərizəsində evin hansı əsasla 10 ilə yaхındır ki, iddiaçının və cavabdehin istifadəsində оlması barədə fikir bildirə bilməməsi də, evin yerləşdiyi tоrpaq sahəsinin onlar tərəfindən satın alındığını təsdiq edir. Sözügedən torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından DƏDRX-də qeydə alınması mümkün olmamış, bu səbəbdən də həmin torpaq sahəsinin alqı-satqısı yuxarıda qeyd olunan formada həyata keçirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş və həmin etirazda apellyasiya şikayətinin əsassız olduğu qeyd edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
18. Cavabdeh2 və nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədilər və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Marina Oruc qızı və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
21. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
22. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
26. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
30. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
31. İşdən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 32 №- li qərarı ilə Anaşkin küçəsində yerləşən 400 kv metr torpaq sahəsi Marina Oruc qızının mülkiyyətinə ayrılmış, sonuncu xx.xx.2013-cü il tarixli etibarnamə əsasında həmin torpaq üzərində tikinti işləri aparmağı, kadastr planı almağı, sənədləşdirməni aparmağı və digər səlahiyyətləri Cavabdeh2 etibar etmişdir.
32. İddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı mübahisəli evə hər hansı hüququ olmasını təsdiq edə bilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı köçmək istədiyi mübahisəli özbaşına tikilinin qaynatası və qaynanası tərəfindən inşa olunduğunu bildirmişdir. Mövcud məhkəmə təcrübəsinə görə isə iddiaçı yalnız mübahisəli tikilinin inşa olunmasında bilavasitə iştirakını sübuta yetirdiyi halda həmin evə köçürülə bilər.
33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Marina Oruc qızının ona ayrılmış torpaq sahəsində tikinti işlərini aparmağı və digər səlahiyyətləri cavabdehə etibar etməsi, mülkiyyətçinin dəyişməsi anlamına gəlmir. İddiaçı mübahisəli evin cavabdehlər və özü tərəfindən alındığını, habelə tikintisində və onun yaşayış üçün yararlı hala gətirilməsində iştirak etdiyini təssdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh2 özü də mübahisəli evin onlara deyil, qohumu Marina Oruc qızına məxsus olduğunu, müvəqqəti olaraq yaşamaq üçün onlara verildiyini bildirmişdir.
34. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Marina Oruc qızı isə məhkəməyə göndərdiyi ərizədə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini xx.xx.2013-cü il tarixdə etibarnamə verməklə Cavabdeh2 satdığını, həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin o və ailəsi tərəfindən tikilmədiyini, onlar tərəfindən hər hansı pul vəsaiti xərclənmədiyini, eləcə də həmin torpaq sahəsinə və üzərində yerləşən evə dair onun və ailə üzvlərinin heç bir tələbi olmadığını göstərmişdir.
35. İzahatlar arasında müəyyən ziddiyyətlər olsa da, məhkəmə tərəfindən müəyyən olunan əsas hal ondan ibarətdir ki, Marina Oruc qızı mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini xx.xx.2013-cü il tarixdə etibarnamə verməklə faktiki olaraq Cavabdeh2 satmış və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Bu evin iddiaçıya hər hansı aidiyyəti olmasına, eləcə də evin inşasında onun iştirakına dair hər hansı sübut təqdim olunmamışdır. Belə olan vəziyyətdə isə iddiaçının həmin evə köçürülməsi mövcud məhkəmə təcrübəsinə zidd olardı
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.