Məhkəmə qərarları › İş №2(103)-6365/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6365/2022

04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6365/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı və onun nümayəndəsi X3, Cavbdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X5 (yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə), Əmlak Məsələləri dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Çıxarışın ləğv edilməsiı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1893/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, ev 9 cavabdeh X1 yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə bərabər paylarla mülkiyyətlərindədir (reyestrdə ********** nömrə ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmış Çıxarış). Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X1 iddiası təmin edilmiş, İddiaçı həmin evdən çıxarılması qət edilmişdir. Həmin iş hazırda apellyasiya baxışındadır və icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X5 (yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə), Əmlak Məsələləri dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı reyestrdə ********** nömrə ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmış Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin gündə hazıra kimi həmin evdə yaşayır, ona məxsus cehiz əşyaları həmin evdədir. Əri xx.xx.2019cu il tarixdə ölmüşdür. Əri öldükdən sonra qayınları və baldızları evdən çıxarılmasına dair iddia qaldırmışdılar, iddia rədd edilmişdir. Sonradan hazırki iş üzrə cavabdeh X5 ona qarşı evdən çıxarılmasına dair iddia qaldırmış, iddia təmin olmuşdur. Həmin işə baxılan zaman ona məlum olmuşdur ki, cavabdeh onun yaşadığı evə qanunsuz olaraq çıxarış almışdır. Belə ki, həmin evin mülkiyyətçisi onun qaynatаsı olmuşdur və onun 1 dərəcəli vərəsələri övladları olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1893/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 217.4 və 360-cı maddələri və “İnsan Hüquqlarının və X9 Haqqında” Avropa Konvensiyasının 1-ci maddəsi ilə əsaslandıraraq, qeyd olunan hüquqi əsaslara görə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, -sözü gedən yaşayış evinə cavabdehlər saxta yolla çıxarış almış, ünvanı fərqli göstərmişlər. -iddiaçının həmin evə istifadə hüququ ola-ola çıxarış əldə edilmişdir. -cavabdehin mərhum əri mirası qəbul etməmiş, onun qaynatası rəhmətə gedəndə əri sağ olmuş, miras əmlakı qəbul etmişdir. -məhkəməyə tərəfindən təqdim edilmiş Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamə mötəbər sayılmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi ayrıayrılıqda izahat verərək apellyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin 1-ci bəndi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci və 2-ci bəndi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İşin materiallarından görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüş, həmin gündən hazıra kimi həmin evdə yaşayır, ona məxsus cehiz əşyaları həmin evdədir. Əri xx.xx.2019-cu il tarixdə ölmümündən sonra qayınları və baldızı (X6, X7, X2) evdən çıxarılmasına dair iddia qaldırmış, Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Hazırda Əmlak Məsələləri dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrə ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmış Çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi , ev 9 X1, yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə bərabər paylarla (1/3 hissədə ) mülkiyyətlərindədir. İddiaçı ilə cavabdeh iki qardaşların arvadlarıdır, ərləri ölmüşdür. İddiaçı cavabdehin bu çıxarışı onun yaşadığı evə 6 saylı evə dair qanunsuz yolla almasını ünvanı fərqli göstərmələrini göstərmişdir. Müəyyən edilmişdir ki, X5 İddiaçı Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, ev 9–dan çıxarılmasına dair iddiası təmin edilmişdir. Apellyasiya şikayətində iddiaçı yaşadığı evdə onun mərhum həyat yoldaşının payının olmasına göstərərək yaşadığı evə təkcə cavabdehlərin xüsusi mülkiyyət hüquqlarını tanına bilməməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı faktiki olaraq cavabdehin mübahisəli evə qismən də mülkiyyət hüququnun olmasını qəbul edir, lakin qaynı arvadının payı olduğu kimi onun da payının olmasını qeyd edir. Buna baxmayaraq iddiaçının vərəsəliklə bağlı hər hansı mübahisə qaldırması işin materiallarından görünmür və o, yalnız öz hüquqlarının bərpasını cavabdehin adına olan çıxarışın ləğvində görür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı Çıxarışın ləğv edilməsinin əsaslarına dair məhkəməyə hər hansı bir sübut təqdim etməməsinə, onun qanunsuzluğunun nədən ibarət olmasını əsasladırmamasına dair qənaəti ilə razılaşır və hesab edir ki, iddiaçıya vərəsəlik hüququ ilə bağlı müvafiq qaydada qanunvericiliyin tələblərinə uyğun şəkildə aidiyyətı orqana müraciəti əsasında vərəsəlik hüququ tanındığı halda iddiasına əsasən hazırki mübahisə predmeti olan cavabdehin adına olan çıxarışın tam qanuniliyinə hüquqi qiymət verilə bilər. Hazırki halda isə apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçının mübahisəli evə vərəsəlik hüququnun olub-olmamasını hər hans formada hüquqi qiymət verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1893/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar