Məhkəmə qərarları › İş №2(103)-6367/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6367/2025

08.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6367/2025 08.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi mülkiyyət qaydalarına zidd özgəninkiləşdirilməsi)) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı X4, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2656/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1.İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından 11 mart 2023-cü il təvəllüdlü X16 adlı övladları vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-5766/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, tərəflərin arasında xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində Nikahın bağlanması haqqında akt qeydləri kitabında 1254 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X7 anası X3 yanında saxlanılması qət edilib. 2.X26” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmış və xx.xx.2023-cü ildə 15000 manata özgəninkiləşdirilmişdir. 3.Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş avtomobilin satışından əldə edilən pulun yarısının cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzə qəbul olunmuş məhkəmə aktları

4. İddiаçı İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, “X26” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi ilə cavabdeh X8 adına özgəninkiləşdirilməsindən əldə olunan 15000 manat məbləğin ½ hissəsinə onun payı müəyyən edilərək, həmin məbləğin, yəni 7500 manat məbləğdə vəsaitin, həmçinin mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat məbləğdə pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 iyul 2022-ci il tarixdə 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikaha daxil olaraq ailə qurub. Nikahları 1254 nömrəli qeyd ilə rəsmiləşdirilib. Həmin nikahdan övladları xx.xx.2023-cü il təvəllüdlü X16 doğulub. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulub. Birgə nikah dövründə Cavabdeh adına “X26” minik markalı, 77-XZ462 dövlət qeydiyyat nömrə nişanlı avtomobil alıblar. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-112951/2024 nömrəli məktubundan və kompüter çıxarışından müəyyən olulub ki, “X26” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi ilə cavabdeh X8 adına 15000 manat müqabilində özgəninkiləşdirilib. Lakin əldə olunan vəsaitə ½ hissədə onun payı olmasına baxmayaraq, cavabdeh tərəfindən həmin məbləğ ona ödənilməyib. “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, 6 saylı Mediasiya təşkilatına müraciət olunub, mediator tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 23 may 2025-ci il tarixli arayışı iddia ərizəsinə əlavə edir.

6. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, 01 iyul 2022-ci ildə cavabdehlə nikaha daxil olub. Avtomobil cavabdehlə küsülü olan vaxt satılıb. O, həmin vaxt atasının evində idi, amma nikahları pozulmamışdı. Nikahları 06 dekabr 2024-cü ildə rəsmi qaydada pozulub. Uşaqları 11 mart 2023-cü ildə doğulub, o, həmin vaxt evdə idi. 15 avqust 2023-cü ildə evi tərk edib. 31 mart 2023-cü ildə cavabdehlə birlikdə yaşayırdı. xx.xx.2023-cü ildə atasının evində olub, cavabdehlə küsülü olub. 2023-cü ilin iyul ayında oğlunun kiçik toyu olub. Uşağın yığıncağına avtomobillə gediblər, 2023-cü ilin yayında Bakı şəhərində zəlzələ olanda onlar dəniz kənarında həmin avtomobillə gəzirdilər. Cavabdehlə ayrıldıqları vaxta kimi avtomobil evin qapısının yanında olub.

7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, xx.xx.2023-cü ildə iddiaçı onunla olub. İddiaçı atasının evinə gedib-gəlib. İddiaçı ilə 2023cü ilin avqust ayından ayrılıblar. Avtomobili torpağın satışından əldə edilən vəsait hesabına əldə ediblər, torpaq anasına məxsus əmlak olub. Həmin torpağı 2022-ci ilin mart ayında 20000 manata satıblar. Avtomobili isə 6000-7000 manata alınıb.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2656/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən – Q.Əliyeva) iddianın təmin edilməməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı X5 ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından 11 mart 2023-cü il tarixdə X16 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar faktiki olaraq ayrılmışlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-5766/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, tərəflərin arasında xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində Nikahın bağlanması haqqında akt qeydləri kitabında 1254 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X7 anası X3 yanında saxlanılması qət edilib. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş avtomobilin satışından əldə edilən pulun yarısının cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “X26” minik markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınıb, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən cavabdeh həmin avtomobili Fərid Sadıqlıya 15000 manata satıb. Həmin avtomobilin tərəflərin birgə nikahı dövründə, onlar birgə ailə təsərrüfatı apardıqları vaxta alınması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə avtomobil satılan vaxt onların faktiki olaraq ayrı olduqlarını, 2023-cü ilin iyul ayında uşaqlarına kiçik toy etdiklərini, həmin ilin avqust ayından birdəfəlik ayrıldıqlarını və may ayında küsülü olduqlarından avtomobilin satışından məlumatsız olduğunu qeyd etmişdir. Cavabdeh isə buna etiraz edərək, 2023-cü ilin may ayında faktiki olaraq birlikdə olduqlarını, 2023-cü ilin avqust ayından ayrıldıqlarını qeyd etmişdir.

11. Məhkəmə tərəfindən tərəflərin vermiş olduğu izahatlar tətqiq edilən zaman müəyyən edilmişdir ki, tərəflər faktiki olaraq 2023-cü ilin avqust ayından ayrılıblar, bundan sonra iddiaçı cavabdehə qarşı “nikahın pozulması, uşaq və aliment” tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. Həmçinin, tərəflərin birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X1 toy məclisi 2023-cü ilin iyul ayında olub. Yəni tərəflər həmin ilin avqust ayında birdəfəlik ayrılıblar, buna qədər isə ailə təsərrüfatını birgə idarə ediblər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, “X26” minik markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə satışından əldə edilən vəsait ailə təsərrüfatına sərf edilib. Belə ki, iddiaçı 2023-cü ilin may ayında küsülü olduqların qeyd etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, bununla yanaşı 2023-cü ilin avqust ayından birdəfəlik ayrıldıqlarını qəbul etmişdir. 12.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5 və 225.1-ci; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 36.1, 36.3,36.4 və 37.1-ci; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il, 1/2024 №-li Qərarının 7.7 və 7.18-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77, 217.3, 218.3, 107, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində qeyd olunur ki, pul tələbinin əsasını təşkil edən “X26” markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtomobil iddiaçı ilə cavabdehin birgə nikahda olduğu dövrdə əldə edilmiş və birgə nikahda olduğu dövrdə üçüncü şəxslərə özgəninkiləşdirilmişdir. Belə ki, işdə də olan materiallardan da göründüyü kimi cavabdehlə iddiaçı 01 iyul 2022-ci il tarixində birgə nikaha daxil olmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin e-2(011)-5766/2024 saylı 06 dekabr 2024-cü il tarixli qətnamasi ilə birgə nikaha xitam verilmişdir. Mübahisə predmeti olan avtomobil, həmin avtomibilin özgəninkiləşdirilməsi tərəflərin birgə nikahda olan dövründə baş vermişdir. Mübahisənin də əsasını cavabdehin iddiaçının yazılı razılığını almadan birgə nikah dövründə əldə edilmiş və rəsmi reyestrdə qeydiyyatı aparılmış daşınar əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq özgəninkiləşdirilməməsi təşkil edir. Birinci instansiya məhkəməsi belə bir qənaətə gəlmişdir ki, tərəflər 2023-cü ilin avqust ayında ayrılmış, 2023-cü ilin iyul ayında birgə nikahdan anadan olmuş uşaq üçün keçirilmiş olan kiçik toy məclisə sərf olunan vəsait məhz avtomobilin özgəninkiləşdirilməsindən əldə olunan vəsaitlə olduğu üçün bu isə tərəflərin ailə təsərrüfatını birgə idarəetməsi ilə olmuşdur. Əvvəla işdə olan materiallardan da göründüyü kimi avtomobilin 15.000 (on beş min) manata özgəninkiləşdirildiyi (BDYPİdən əldə edilən məlumatlar əsasında) qeyd edilməkdədir. Halbuki, qeyd edilən avtomobilin istehsal ili və həmin dövrə olan qiyməti avtomobilin orta bazar qiymətinin daha yuxarı olduğuna dəlalət edirdi. Sadəcə avtomobilin BDYPİ-də rəsmiləşdirilməsi aparılan zaman avtomobilin qiyməti həmin dövrdə qəsdən aşağı salınmışdı. Bu da cavadbehin daha əvvəlcədən avtomobillə bağlı gələcəkdə yaranacaq olan mübahisənin həllindən bu şəkildə yayınmaq üçün addım atdığını təsdiq edir. Hər kəsə də məlumdur ki, qeyd edilən avtomobilin satışının həyata keçirildiyi 2023-cü ilin may ayında həmin avtomobilin qiyməti 15.000 manat deyil, daha yuxarı bir məbləğ təşkil edirdi. Bundan başqa hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırma aparılsaydı, tərəflərin faktiki olaraq 2023-cü ilin may ayəndan ayrı yaşadığı müəyyən ediləcəkdi. Yəni mübahisə predmeti olan avtomobil özgəninkiləşdirilən zaman tərəflər faktiki olaraq ayrı yaşamaqda idilər. Həmçinin təşkil edilən kiçik toy məclisi klassik mənda olan toy məclisindən böyük ölçüdə fərqləndiyi üçün qeyd edilən mübahisə predmeti olan vəsaitlə kiçik toy məclisinin təşkil edilyini iddia etmək gülünc olardı. Belə ki, az sayda insan topluluğunun iştitak etdiyi məclisə toy məclisi kimi yanaşmaq və avtomobilin satışından əldə edilmiş vəsaiti həmin məclisə, o cümlədən ailə təsərrüfatına xərcləndiyini, sərf olunduğunu bildirmək həqiqətdən çox uzaqdır. Hesab edir ki, ən azından birinci instansiya məhkəməsi bütün bunları araşdırmalı və qəbul etdiyi qətnamədə bunların lazımi qaydada araşdırdığını qeyd etməli idi. Belə ki, məhkəmə qətnaməsindən də göründüyü kimi birinci instansiya məhkəməsi sadəcə tarixləri nəzərə almış və bu tarixlərin işdə olan materiallarla üst-üstə düşməsini əsas kimi göstərməklə iddia tələbini rədd etmişdir.Həmçinin qeyd etmək istəyir ki, mübahisəli hal avtomobilin ailə təsərrüfatına xərclənməsi deyil, birgə nikahda olan dövrdə alınmış olan avtomobilin özgəninkiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğun aparılmamasıdır. Yəni əqdin etibarsızlığı işin mübahisəsiz halı olduğu və bu hal mübahisələndirildiyi halda, məhkəmə avtomobilin satışından əldə edilmiş vəsaitin ailə təsərrüfatına xərcləndiyini qeyd etməklə iddia tələbi ilə örtüşməyən bir əsaslandırmaya getmişdir. Birinci instansiya məhkəməsi tərəflərin faktiki olaraq ayrıldıqları tarixi lazımi qaydada araşdırmamış, sadəcə cavabdehin 2023-cü ilin avqust ayından etibarən faktiki ayrıldıqlarına dair izahatını və avtomobilin 2023-cü ilin iyul ayında özgəninkiləşdirildiyini əsas kimi göstərməklə satışdan əldə olunan vəsaitin ailə təsərrüfatına xərcləndiyini qeyd etməklə sübutlara birtərəfli qiymət vermiş, işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə işdə olan sübutları tərəflərin verdikləri izahatlarla və işin faktiki halları ilə birlikdə araşdırsaydı, o zaman qeyd edilən qətnamənin əksini iddia tələbinin tam şəkildə təmin edilməsinə dair qətnamənin qəbul ediləcəkdi. Belə ki, etibarsız olan bir əqd işin mübahisəsiz halı olduğu halda, buna etibarlı əqd kimi yanaşmaqla bu əqdin nəticəsində əldə edilmiş vəsaitin ailə təsərrüfatına xərcləndiyi kimi əsassız bir qənaətə gəlmək birbaşa birinci instansiya məhkəməsinin qərəzliliyindən xəbər verir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15.Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, etirazında göstərmişdir ki, mübahisə predmeti olan avtomobili xx.xx.2023-cü il tarixdə almışdır. Həmin vaxtı avtomobili almaq üçün lazım olan məbləği anası X14 ödəmişdir. Belə ki, AN-İ ******* nörməli, 4Ə-544 nömrə ilə reyestrdə qeydə alınmış, alqı-saqı müqaviləsi əsasında anası X14 öz mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısını həyata keçirmişdir. Qeyd olunan avtomobilin alınması üçün ödənilən məbləğ də həmin torpağın alqı-satqısından əldə olunan vəsait hesabına ödənilmişdir. Buna görə də avtomobildin ar-arvadın birgə nikah dövründə əldə edilmiş əmlka kimi ondan pay tələb etməsini əsassız hesab edir, çünki həmin avtomobil anası tərəfindən ona hədiyyə olunmuşdur. Rəsmi nikhalarından xx.xx.2023-cü il tarixdı X16 doğulmuşdur. Həmin vaxta o, “”X25” –də işləyirdi və maaşı 400-500 manat civarında idi. Aldığı maaş evin və uşağın məsrəflərini ödəmirdi. Həmçinin uşağın sünnət edilməsi məsələsi gündəmə gələndən sonra avtomobili satmaq qərarına gəldi. Bu barədə yaxın dostu X10 dedikdə, ondan avtomobili ala biləcəyini bildirdi və avtomobili 15000 manata ona satdı. Avtomobil özgəninkiləşdirildikdə iddiaçı və o bilrikdə yaşayır və ailə təssərrüfatını birgə idarə edirdilər. Yəni qeyd olunan avtomobil özgəninkiləşdirildikdə onun məlumatı var idi, əldə olunan məbləğ ilə birlikdə ailə təsərrüfatına sərf edilmişdir. Hətta həmin vaxt cavabdeh maşınsız olduğu üçün maşını yaxın dostu X6 xahiş edib götürdü və onlar iddiaçı ilə birlikdə kiçik toy tədbirinə getdilər. Nikahın pozulması barədə məhkəmə mübahisəsi dövründə qeyd olunan avtomobil mübahisələndiriməmiş, və bu barədə heç bir tələbb irəli sürməmişdir. Çünki iddiaçı həmin avtomobilin dəyərinin anası tərəfindən ödənildiyini bilirdi və özgəninkiləşdirilən zaman bundan məlumatı var idi.

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi ki, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, 2023-cü ilin aprel ayından 25 iyun 2023-cü ilədək atasıgildə qalmışdır. Həmin gün onların evliliyinin birinci ili idi, qaynanası zəng vurdu və iddiaçı evə qayıtdı. Maşın may ayında satılıb və onun bundan xəbəri olmayıb. O, evə gedəndən sonra iyul ayında ailə arasında uşaqlarına kiçik toy etmişlər. Avqust ayının 15-i gecə qaynanası ilə problem yaşadı, o, iddiaçını evdən qovdu. İddiaçı maşının satıldığını bilmirdi, pay istəyəndə dedilər ki, birgə nikah dövründə maşın satılıb. Maşının sənədləşmədə 15000 manata satıldığı qeyd edilsə də, daha baha qiymətə satılıb. İki ay içində 15000 manatı xərcləmək mümkün deyildi. Uşağın toyunda o qədər pul xərclənə bilməzdi, ailə arasında olmuşdu, hamı 300-500 manat verib və o xərc orada ödənilib. Bəli, o maşınla restorana getmişdilər. Yayda həmin maşınla gəzmişdilər, anasıgilə aparmışdı. Sadəcə iddiaçı həmin dövrdə boşanacağını düşünməmişdi, ona görə də heç bir video, fotoşəkil yox idi. 15 avqust tarixində iddiaçı gecə evdən çıxanda qardaşı bir video çəkmişdi və iddiaçı onu məhkəməyə təqdim etmişdir. Maşını xarici ölkədən gətirmişdilər. O, maşının alqı-satqısını da bilməmişdir. Qardaşı ilə maşını gömrükdən keçiriblər. Həmin maşın evdəki puldan alınmışdı, həmin pulun üstünü düzəltmək üçün iddiaçı qonşudan faizə pul götürmüşdü. İddiaçı işləyirdi, maaşı dəyişkən idi, ***-**** manat arası maaş alırdı. Aptek rəhbəri idi. Onların evdə pulu var idi. Həmin vaxtda qaynanasının satılacaq evi var idi, həm də evdə pulun olmasından məlumatlı idi. Kiçik toy məclisi səhv etmirsə “Xan Bağı” adlı restoranda olmuşdu. Təxminən 15-20 nəfər qonaq olardı. Gələn hamı pul vermişdi. 15000 manatı kiçik toya xərcləmək mümkün deyil. Ən çoxu 1500-2000 manat xərc çəkilmiş ola bilərdi. Əlavə olaraq cavabdehin bildirdiklərinə münasibətdə qeyd etmək istəyir ki, o, aprel ayından o evdən çıxmışdı. İyun ayının 25-i qayıtmışdır. Maşın mart ayında alınanda belə onun xəbəri olmamışdı, evdə söz-söhbət düşmüşdü. Maşın gömrükdə olanda onun məlumatı olub. Dedilər ki, gömrükdə pulun üstünü düzəltmək lazımdı, qonşularından 5000 manat pul götürmüşdü. Satışdan da xəbəri olmayıb. Maşın may ayında satılmışdısa, iyul ayında o, həmin maşını sürürdü. Maşın üçün qonşudan 5000 manat faizə pul götürmüşdü, maşın gömrükdə olanda bilmişdir. Evdə pul var idi, bir hissəsi o puldan ödənilmişdi. Evin xərclərini də o (iddiaçı) çəkmişdir. Uşağı 3 aylıq olandan o, işə çıxmış, ata evində olduğu üçün işə çıxmalı oldu. Uşağın xərclərini də o çəkmişdir. Ev iddiaçı orda olan müddətdə satılıb. Evlərində pul olurdu. Qaynanasına bir tanışı kirayə pullarını verirdi, o bu pulu yığırdı, lazım olanda xərcləyir və sonra yerinə qoyurdu. Evdə həmişə pul olub. İddiaçının nə qazancı olurdusa yoldaşı və qaynanasının əlində idi. 2800 manat analıq məzuniyyəti üçün və 500 manat uşağa süd pulu verilmişdi. İddiaçı o pulları da görmədi. İddiaçı avqust ayında evdən çıxanda maşın qapılarında idi.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçının verdiyi izahatlardan da göründüyü kimi sözügedən avtomobil cavabdehin anasının pul vəsaiti hesabına alınıb. Həmin maşın Koreyadan gətirilib, 6000- 7000 manata alınıb. Gömrük xərcləri də məhz cavabdehin anası tərəfindən çəkilib. Birinci instansiya məhkəməsində maşını alan X17 bildirib ki, maşını 15000 manata alıb, o, cavabdehə etibarnamə verib. Bir neçə dəfə cavabdeh həmin nəqliyyat vasitəsindən istifadə edib. Uşağın kiçik toy məclisində də həmin maşın istifadə edilib. Bununla yanaşı həmin nəqliyyat vasitəsi cavabdehin anasının pul vəsaiti hesabına əldə edildiyi üçün avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünə bilməz. Buna baxmayaraq maşın birgə nikah dövründə satılıb, maşın satıldıqdan sonra həmin pul birgə ailə təsərrüfatına xərclənilib.

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, may ayında onların ailəsində problem olmamışdı. Avqust ayında yoldaşı atası evinə gedib. Maşın may ayında satılıb, maşını alan dostu olduğu üçün etibarnamə ilə bir neçə dəfə istifadə etmişdir. İyunun 25-i evə qayıtdığını bildirsə də, iyun ayının əvvəlinə aid birgə şəkilləri var. Gömrüyə gedəndə qardaşı onunla gəlməmişdi. Uşağa kiçik toy edəcəklərinə görə maşını satmışdılar. 7000-8000 manat xərcləri çıxmışdı. Toyu iki gün etmişdilər, birinci dəfə restoranda, daha sonra evdə qonaqlar var idi. Bundan əlavə uşağın öz yeməyi, içməyi, ailə təsərrüfatı üçün xərclənib. Onların niyyəti o idi ki, Koreyadan maşın gətirsin, burda satsınlar. Biznes kimi istifadə etmək istəyirdilər. Daha sonra gördü ki, bu iş onluq deyil, ona görə də maşını satdılar.

Tətbiq edilən hüquq normaları:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən hazırkı halda apellyasiya baxışının hədləri qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir.

26. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı X5 ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 11 mart 2023cü il təvəllüdlü X16 adlı övladı vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)- 5766/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və xx.xx.2023-cü il təvəllüdlü X16 anasının yanında saxlanılmışdır.

27. X26” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmış və xx.xx.2023-cü ildə 15000 manata özgəninkiləşdirilmişdir. İddiaçı birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinin alğısatqısına dair müqavilədə göstərilən dəyərinin yarısının cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.

28. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, tərəflər faktiki olaraq 2023-cü ilin avqust ayından ayrılmış, bundan sonra iddiaçı cavabdehə qarşı “nikahın pozulması, uşaq və aliment” tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. Həmçinin, tərəflərin birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X1 toy məclisi 2023cü ilin iyul ayında olub. Yəni tərəflər həmin ilin avqust ayında birdəfəlik ayrılıblar, buna qədər isə ailə təsərrüfatını birgə idarə ediblər. 29.İddiaçının apellyasiya şikayətinin dəlilləri odur ki, avtomobilin 15.000 (on beş min) manata özgəninkiləşdirildiyi qeyd edilməkdədir. Halbuki, qeyd edilən avtomobilin istehsal ili və həmin dövrə olan qiyməti avtomobilin orta bazar qiymətinin daha yuxarı olduğuna dəlalət edirdi. Sadəcə avtomobilin BDYPİ-də rəsmiləşdirilməsi aparılan zaman avtomobilin qiyməti həmin dövrdə qəsdən aşağı salınmışdı. Bundan başqa, iddiaçı qeyd edir ki, alğısatqı edilən dövrdə faktiki ayrı yaşayırdı. İşləyirdi, maaşı dəyişkən idi, ***-**** manat arası maaş alırdı. Aptek rəhbəri idi. Onların evdə pulu var idi. Həmin vaxtda qaynanasının satılacaq evi var idi, həm də evdə pulun olmasından məlumatlı idi. 30.Kollegiya qeyd edir ki, tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 11 mart 2023-cü il tarixdə övladları dünyaya gəlmişdir. Mübahisə predmeti olan avtomobil isə xx.xx.2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. 31.Cavabdehin təqdim etdiyi alğı-satqı müqaviləsindən görünür ki, X14 özünə məxsus olan daşınmaz əmlakı xx.xx.2022-ci il tarixdə özgəninkiləşdirmişdir. 32.Kollegiya qeyd edir ki, avtomobil cavabdehin istinad etdiyi daşınmaz əmlakın alğı-satqı müqaviləsindən 1 il sonra cavabdehin adına qeydiyyata alınmışdır. Nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyata alınan dövrdə tərəflər artıq 1 il idi ki, nikahda idilər və onların övladları dünyaya gəlmişdir. 33.Mülki Məcəllənin 225.1.-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 34.Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır 35.Qeyd edilən qanunvercilik normaları nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. 36.Kollegiya onu da vuğulayır ki, cavabdeh anası tərəfindən daşınmaz əmlakın satışından əldə edilmiş vəsaiti məhz ona hədiyyə etməsi, borc verməsinə dair mötəbər sübut da təqdim etməmişdir. 37.Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 ” mart 2024cü il tarixli Qərarının 5.3-cü bəndinə əsasən məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. 38.E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1- ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. 39.İşə baxan birinci instansiya məhkəməsi də düzgün olaraq o qənaətə gəlmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi tərəflərin birgə mülkiyyəti olmuşdur. 40.Lakin rayon məhkəməsinin mövqeyinə görə nəqliyyat vasitəsi nikah dövründə satılmış və satışdan əldə edilən vəsait birgə təsərrüfata xərclənmişdir. 41.İşdə olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən “X26” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən X11 15000 manata satılmışdır. 42.Həmin nəqliyyat vasitəsinin istifadəsinə dair Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2031-ci il tarixədək etibarnamə verilmiş, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdır. xx.xx.2023-cü il tarixdə yenidən mübahisə predmeti olan nəqliyyat vasitəsinin istifadəsinə dair Cavabdeh xx.xx.2024-ci il tarixədək etibarnamə verilmiş, həmin etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdır. xx.xx.2024-cü il tarixdə istə nəqliyyat vasitəsi başqa şəxsə satılmışdır. 43.İddiaçının dəlili odur ki, nikah dövründə avtomobilin satılmasından məlumatı olmamışdır. Çünki avtomobil onun cavabdehlə birgə yaşadıqları evi daimi olaraq tərk etdiyi günədək onların istifadəsində olmuşdur. 44.Cavabdeh də təsdiq etmişdir ki, nəqliyyat vasitəsi onun rəsmi alğı-satqlı müqaviləsinin bağlanmasına baxmayaraq onun istifadəsində olmuşdur. Sadəcə cavabdeh bildirir ki, avqust ayında yoldaşı atası evinə gedib. Maşın may ayında satılıb, maşını alan dostu olduğu üçün etibarnamə ilə bir neçə dəfə istifadə etmişdir. Uşağa kiçik toy edəcəklərinə görə maşını satmışdılar. 7000-8000 manat xərcləri çıxmışdı. Toyu iki gün etmişdilər, birinci dəfə restoranda, daha sonra evdə qonaqlar var idi. Bundan əlavə uşağın öz yeməyi, içməyi, ailə təsərrüfatı üçün xərclənib. 45.Kollegiya qeyd edir ki, iddiaçının cavabdehlə yaşadığı mənzili daimi əsaslarla 15 avqust 2023-cü ildə tərk etməsi işin mübahisəsiz halıdır. Bundan sonra iddiaçı nikahın pozulması ilə bağlı mediasiyaya və daha sonra məhkəməyə müraciət etmişdir. 46.İddiaçı izahatında bildirir ki, onun evi daimi əsaslarla tərk etməsinədək 2023-cü ilin aprel ayından 25 iyun 2023-cü ilədək atasıgildə qalmışdır. Həmin gün onların evliliyinin birinci ili idi, qaynanası zəng vurdu və iddiaçı evə qayıtdı. Maşın may ayında satılıb və onun bundan xəbəri olmayıb. 47.Cavbdeh tərəf isə bu halı qəbul etmir, bildirir ki, iddiaçı evi 15 avqustda tərk etmişdir. 48.Nəzərə alınmalıdır ki, əgər iddiaçı daimi olaraq yaşadığı mənzili 15 avqust 2023-cü il tarixdə tərk etmiş və nikahın pozulmasını tələb etmişdirsə artıq həmin tarixədək tərəflərin arasında müəyyən narazılıqların baş verməsi mümkündür. 49.O cümlədən nəzərə alınmalıdır ki, cavabdeh nəqliyyat vasitəsini 31 may 2023-cü il tarixdə özgəninkiləşdirmişdir. Yəni faktiki ayrıldıqları dövrdən 2 ay yarım qabaq nəqliyyat vasitəsi özgəninkiləşdirilmişdir. 50.Ən əsası isə nəqliyyat vasitəsi özgəninkiləşdirilsə də cavabdehin istifadəsində qalmışdır. Nəqliyyat vasitəsinin istifadəsinə dair birinci etibarnamə 2031-ci il tarixədək verilmişdir. Sonra həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdır. xx.xx.2023-cü il tarixdə yenidən mübahisə predmeti olan nəqliyyat vasitəsinin istifadəsinə dair Cavabdeh xx.xx.2024-ci il tarixədək etibarnamə verilmiş, həmin etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdır. xx.xx.2024-cü il tarixdə istə nəqliyyat vasitəsi başqa şəxsə satılmışdır. 51.Yuxarıda sadalanan halları əlaqəli şəkildə təhlil etməklə kollegiya bu qənaətə gəlir ki, nəqliyyat vasitəsi cavabdehin istifadəsində olduğundan iddiaçının nəqliyyat vasitəsinə dair alğı-satqı müqaviləsinin bağlanmasından məlumatı olmaması barədə dəlili əsaslıdır. 52.Lakin, nəzərə alınmalıdır ki, iddiaçı alğı-satqı müqaviləsinin etibarsızlığını deyil, alğısatqı müqaviləsində göstərilən satış məbləğinin yarısını tələb edir. 53.Kollegiya hesab edir ki, iddia tələbi əsaslıdır. 54.Belə ki, ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 ” mart 2024-cü il tarixli Qərarının 7.19-cu bəndinə əsasən iddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır. 7.20. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. 55.Kollegiya, həmçinin qeyd edir ki, cavabdehin 15000 manat vəsaitin 7000 manat hissəsinin yenicə doğulmuş körpənin kiçik toy məclisinə, qalan hissəsinin isə 2 ay yarım müddətə uşağın yeməyi, içməyi, ailə təsərrüfatı üçün xərclənməsi barədə dəlili isə inandırıcı olmamaqla heç bir mötəbər sübutla təsdiq edilmir.

56. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iddianın rədd edilməsi üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

57. Beləliklə, kollegiya qeyd edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2656/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, 7500 (yeddi min beş yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 58.Kollegiya qeyd edir ki, hazırki iddia qiymətləndirilən iddiadır. 7500 manat pul tələbinə görə ödənilməli rüsum cəmi 95 manatdır. İddiaçı mediasiya xidməti üçün 60 manat ödəniş etmiş və o cümlədən 47 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün 55 manat dövlət rüsumu ödəmişdir. 59.Kollegiya mülki prosessual qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün mediasiya xərci ilə birlikdə ödənilmiş rüsumun əvəzi olaraq 95 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,5 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2656/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun əvəzi 47,5 manat, cəmi 142,5 (bir yüz qırx iki manat, əlli qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar