Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6368/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-598/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında ******* №-li Çıxarışa əsasən İddiaçı ilə Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-598/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətinin təmin olunaraq qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hazırda o, ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Maddi imkanı yoxdur və bu səbəbdən iddiaçıya onun payına uyğun kompensasiya verə bilmir. Bu səbəbdən, apellyasiya şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətinin əsassız olduğundan təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Sübutların tədqiqi: Bakı şəhəri 15 saylı Notariat Kontorunun notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilmiş 18 may 2017-ci il tarixli vəsiyyətnaməyə əsasən X1 bütün əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 29 iyun 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 882144 №-li ölüm haqqında şəhadətnaməyə əsasən X1 22 iyun 2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* №-li çıxarışına əsasən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Əsildar Məmmədəliyev küçəsində yerləşən ümumi sahəsi 62,5 kv.m olan 3 nömrəli evin 19 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 3084 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2020-ci il tarixli 22306 №-li rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilin 1/2 payına uyğun olaraq təcrid mənzillər şəklində 2 hissəyə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. İddiaçı Cavabdeh ünvanlanmış 06 fevral 2020-ci il tarixli bildirişinə görə iddiaçı ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildəki ½ payını digər paylı mülkiyyətçi olan hazırki iş üzrə Cavabdeh əmlakın faktiki bazar dəyərinə uyğun kompensasiya ödəməklə almağı təklif etmişdir. “SS614037571AZ” ştrix kodlu “Poçt göndərişlərinin sifarişli çatdırılması haqqında” Xəbərnaməyə əsasən həmin bildiriş 06 fevral 2020-ci il tarixdə Cavabdeh rəsmi qaydada təqdim edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 406/2020 saylı 20 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə real (naturada) bölgünün müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 406/2020 saylı 20 fevral 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia tələbinin paylı mülkiyyətin açıq hərracda satılması, satışdan əldə edilən pulun paylara mütənasib surətdə bölünməsinə dair hissəsi baxılmamış saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, yerində müayinə apararaq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2020-ci il tarixli 22306 №-li rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 19 saylı mənzilin 1/2 payına uyğun olaraq təcrid mənzillər şəklində 2 hissəyə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Aparılmış məhkəmə araşdırmaları ilə hazırkı mülki işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 19 saylı mənzil birgə mülkiyyət hüququ əsasında tərəflərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 220-ci maddəsi təşkil edir. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Mülki iş materiallarına əsasən mübahisəli mənzilin naturada bölünməsi və paylara alınması texniki cəhətdən qeyri-mümkün hesab edilmiş, iddiaçı cavabdehə ünvanladığı 06.02.2020-ci il tarixli bildirişlə mübahisəli mənzildəki ½ payını cavabdehə almağını təklif etmiş, cavabdeh isə məhkəmə iclasında paylı mülkiyyətin digər mülkiyyətçisi olan iddiaçıya kompensasiya ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Beləliklə, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ünvan 3 ünvanında yerləşən 19 saylı mənzilin 1/2 payına uyğun olaraq təcrid mənzillər şəklində 2 hissəyə bölünməsi MM-nin 220-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından, eləcə də texniki cəhətdən mümkün olmadığından, həmçinin cavabdehin paylı mülkiyyətin digər mülkiyyətçisi olan iddiaçıya kompensayisa ödəmək üçün maddi imkanının olmadığından cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-598/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6368/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6368/2021
15.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver