Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6372/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6372/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4415/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və akt əsasında hesablanmış 2656.80 manat borc iddiaçıdan tələb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, faktiki olaraq iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış (Abunə kodu: **********10000) qaz sayğacı 28 dekabr 2020-ci il tarixdə bloka düşmüş və sayğacdan mənzil qaz verilməsi blok olmuşdur. Həmin vaxt sayğaçın balansında və smart kartda pul olmuşdur. Lakin iddiaçı tərəfindən qaz sayğacının blokdan çıxarılması mümkün olmadığına görə cavabdeh təşkilatın Binəqədi rayon üzrə idarəsinə müracit etmiş, 104 qaynar xətt xidmətinə zəng edilməsi bildirilmişdir. Cavabdeh 104 xidmətiən zəng etmiş, operator bildirmişdir ki, işçilər ərazidədir, üç saatdan sonra yenə zəng edin, üç saat sonra yenə zəng etmiş, eyni cavabı almışdır. Yeni il bayramı qabağı qeyri-iş günü olması və yanvar ayının 6-7-də işçilərin gəlib düzəldəcəklərini bildirmişlər . 3-cü dəfə zəng edərək evdə körpə uşağı olması və evin soyuq olmasını bildirdi, operator bildirdi ki, məvəqqəti olaraq xətt çəkin istifadə edin. ARDNŞ "Azriqaz" İstehsalat Birliyi tərəfindən 30 dekabr 2020-ci il tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib edilmişdir. Aktda sayğacdan kənar qaz xəttinin aşkar edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. 30 dekabr 2020-ci il tarixdə Dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir və qaz itkisi 26568 kub metr hesablanmışdır. Qaz itkisinə görə 2656,80 manat borc hesablanmışdır. Aktda onun imza etməkdən imtina etməyi qeyd edilmişdir, yalnız cavabdeh tərəfindən əməkdaşları imza etmişdir, hal şahidləri belə dəvət edilməmişdir, o, baş verən hadisəni əməkdaşlara izah etmiş , kənar xəttin qoşulması səbəbini və 104 qaynar xəttə zəng edib məsul şəxsdən icazə almağını bildirmişdir. Sayğacda baş vermiş nasazlıqla bağlı ərazi üzrə idarəyə və 104 xidmətinə məlumat vermiş, lakin qazın verilməsini bərpa etməmiş, səhlənkarlıq edilmişdir və qaz sayğacından kənar xəttin çəkilməsinə 104 qaynar xəttin məsul şəxsi tərəfindən razılıq verilmişdir. Bu halda Akt tərtib edilməsi və borc hesablanması qanunsuzluqdur. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır, tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməsinə cavabdehin laqeyd münasibəti olmuş və 2 gün qazdan istifadə edilmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Bununla da, iddiaçının bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və ay müddətində ödənişlərə nəzarət etməklə bunu məüyyənləşdirmək mümkündür. İddiaçının sayğacdan qeyri-qanuni, 26568 kub metr qaz istifadə etməsi ilə bağlı hər hansı bir sübut da yoxdur və qazdan sayğacdan kənar istifadə olunması barədə 104 xidmətinə məlumat vermiş və razılıq verilmişdir, əsassız hesablanmış borc məbləği qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4415/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Elnarə Vəliyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10000) əsassız hesablanmış 2656,8 manat məbləğində borc silinməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6, 13.8, 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.5, 4.7, 4.8, 4.9-cu bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Cavabdeh İB-nin əməkdaşları tərəfindən foto çəkilişlə də lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə ziyan vurmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında iştirak edən iddiaçı öz izahatında bildirmişdir ki, ona məxsus sayğac koda düşmüş bloklanmış, kartına pul vurmuş, yenə də sayğac düzəlməmişdir. Bununla bağlı cavabdehə də müraciət etmiş, bir tədbir görməyəcəkləri halda kənar xətt qoşacağını bildirmişdir. Kənar xətt qoşmuş və cavabdehin əməkdaşları akt tərtib etmişlər. O buna məcbur qalmışdır. Məhz həmin tarix üçün hesablanmış zərəri ödəməyə etirazı yoxdur.
10. İşə baxılmasının yeri və vaxtı ilə bağlı cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. İşin halları, o cümlədən işə mövcud sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
13. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
16. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
17. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
18. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
19. Bənd 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.
20. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
21. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
22. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalar
23. Bənd 5.1 Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi edilməli, iddia qismən təmin edilməlidir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi zamanı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
33. Belə ki, iddiaçı istər öz iddia ərizəsində, istərsə də apellyasiya baxışında verdiyi izahatda qanunsuz qoşulma halının mövcudluğunu inkar etməmiş, bu halı qış ayları olması və cavabdeh birliyin əməkdaşlarının koda düşmüş (bloklanmış) sayğacla bağlı problemin həll etməmələri ilə əlaqələndirmiş və buna görə də kənar xətt çəkməyə məcbur qaldığını bildirmişdir. Bu halda kollegiya hesab edir ki, iddiaçının özünün də etiraf etdiyi kimi, həqiqətən, qanunsuz qoşulma halı mövcud olduğundan müvafiq aktın tərtib edilməsi və ona uyğun olaraq dəymiş zərərin hesablanmalı olması ilə bağlı cavabdehin mövqeyi haqlı olmuşdur.
34. Belə ki, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
35. Göründüyü kimi iddiaçının hazırda silinməsini xahiş etdiyi borc onun qazdan qeyri-qanuni istifadəsinə görə yaranmış borcdur və qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən düzgün hesablanmış borc məbləğinin qaz paylayıcısına ödənilməli olması işin mübahisəsiz halını təşkil edir.
35. Hazırda aydınlaşdırılmalı məsələ isə həmin borc məbləğinin və onun kökündə duran qaz paylayıcısına dəymiş zərərin həcminin düzgün müəyyən olunub-olunmamasıdır. Belə ki, sayğacın klapanının və çıxış plastmas borusunun sınmasına görə cavabdeh tərəfindən dəymiş ziyanın hesablanması barədə tərtib edilmiş tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ-4 üçün 1,2 kub metr maksimal saatlıq qaz sərfi x 24 saat orta günlük iş rejimi x 270 gün hesabat müddəti = 7776 kub metr; Samovar (QSQ) üçün 1,5 kub metr maksimal saatlıq qaz sərfi x 24 saat orta günlük iş rejimi x 270 gün hesabat müddəti = 9720 kub metr; Dəmir soba üçün 1,4 kub metr maksimal saatlıq qaz sərfi x 24 saat orta günlük iş rejimi x 270 gün hesabat müddəti = 9072 kub metr, cəmi 26568 kub metr həcmində qaz itkisi hesablanmış və ona münasibətdə dəymiş zərərin həcmi 2656.8 manat müəyyən edilmişdir.
36. İşin hallarından göründüyü kimi mübahisəli ******* saylı akt xx.xx.2020-ci il tarixdə tərtib olunmuşdur. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına dəymiş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməmişdir. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 2018 saylı qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan da kollegiya qeyd edir ki, müvafiq hesablama analogiya üzrə «Qazdan istifadə Qaydaları»nın 6.5-3-cü bəndinə əsasən aparılmalıdır. Həmin normanın məzmununa görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
37. Belə ki, qanunvericiliyin yuxarıda göstərilən normasından göründüyü kimi məişət abonentlərinə münasibətdə müvafiq qızdırıcı qurğunun orta günlük iş rejimi 12 saat götürülməli olduğu halda, cavabdeh tərəfindən hesablama 24 saatlıq iş rejiminə uyğun hesablanmışdır. O cümlədən qanunsuz qoşulma halının sadəcə dekabr ayında qeydə alınmasına baxmayaraq hesabat müddəti 30 gün deyil, 270 gün müəyyən edilmişdir ki, bu hallar da özlüyündə borcun şişməsinə gətirib çıxarmışdır.
38. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün hesablanmaqla dəymiş zərər 432 m3 (1.2 x 12 x 30 = 432), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün hesablanmaqla dəymiş zərər 540 m3 (1.5 x 12 x 30 = 540), dəmir sobanın isə maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə dəymiş zərər 504 m3 (1.4 x 12 x 30 = 504), ümumilikdə 1476 m3 həcmində hesablanmalıdır.
39. Kollegiya qeyd edir ki, 2017-ci ildən etibarən qaz sərfiyyatı limit olaraq 1.700 m3 tədbiq olunmağa başladığından və 1700 m3 həcminə qədər hər 1 m3 üçün 0,10 manat hesablanmalı olduğundan, hazırki iş üzrə də dəymiş zərərin məbləği 147,6 manat (1476 m3 x 0,10 manat) təşkil etməlidir.
40. Odur ki, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçıya xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış 2656,80 manat borcun 147,6 manat olan hissəsi saxlanılmaqla qalan 2509,20 manat hissəsi silinməlidir.
41. Beləliklə, məhkəmə izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, birinci instansiya məhkəməsinin silinməsini qət etdiyi 2656,80 manat məbləğdən əsaslı olaraq hesablanmış 147,60 manat çıxılaraq qalan 2509,20 manat məbləğində borc silinməli, şikayət qalan hissədə təmin edilməməlidir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
47. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
49. Kollegiya hesab edir ki, iddianın ümumi məbləği 2656.8 manat olduğundan, onunla bağlı ödənilməli dövlət rüsumunun məbləği 46.57 manat olduğundan və iddiaçı həmin rüsumu ödəməkdən azad olduğundan, o cümlədən iddia qismən, yəni 2508.4 manat borcun silinməsi hissəsində təmin olunduğundan, ödənilməli dövlət rüsumunun məbləği də həmin hissəyə mütənasib olaraq hesablanmalı və 43.96 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. O cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.
50. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4415/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı adına olan **********10000 nömrəli abonent hesabından 2508.4 (iki min beş yüz səkkiz manat dörd qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 43.96 (qırx üç manat doxsan altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev