Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6382/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş zərərə görə sığorta haqqının ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərərə görə sığorta haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 921/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Polis Şöbəsinin DYPB-nin İXP ******* nömrəli protokolunun yol nəqliyyat hadisəsi sxeminə əsasən “Pevgeot” markalı, ** CV *** dövlət nömrə nişanlı avtomobil və iddiaçının mülkiyyətində olan “Mazda CX-5” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və “Pevgeot” markalı, ** CV *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X5 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2022-ci il tarixli 9/5043 №-li və xx.xx.2023-cü il tarixli 9/8653 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərinə əsasən “Mazda CX-5” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1,306 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 1618,61 manat sığorta ödənişinin, dövlət rüsumunun, habelə hər gecikdirilmiş gün üçün ümumi hesablanmış məbləğin 0,1 faizi həcmində 166,71 manat dəbbə pulunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh şirkətdə sığortalanmış “Pevgeot” markalı, ** CV *** dövlət nömrə nişanlı avtomobil və iddiaçının mülkiyyətində olan “Mazda CX-5” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. İddiaçının avtomobilinə 1618,61 manat ziyan dəymişdir. Cavabdeh isə zərəri yekun olaraq 410 manat məbləğində qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-921/2023 nömrəli, 19 aprel 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" ASC-dən 1,306 manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi tutularaq İddiaçı ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 manat vəsaitin 75 manat hissəsi İddiaçı, 75 manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X4)
5. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 9/5043 №-li və xx.xx.2023-cü il tarixli 9/8653 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərindən görünür ki, “Mazda CX-5” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1,306 manat müəyyən edilmişdir. Həmin rəyin təsviri hissəsindən aydın olur ki, “Mazda CX-5” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin dəyəri 1,183 manat, təmir işlərinin dəyəri 434 manat müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır, sığorta hadisəsi nəticəsində iddiaçıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 1,306 manat pul vəsaiti "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalı, iddia tələbinin qalan hissəsi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir.
6. Məhkəmə öz mövqeyini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci, 7-ci, 15.3-cü, 20.2-ci, 21-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119-cu, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925, 927 və 934-cü maddələrinin, həmçinin, “İcbari Sığortalar” haqqında Qanunun 16-cı maddəsinin və “Sığorta fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin tələbləri pozulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin məbləği onlar tərəfindən qanunvericiliyə müvafiq qaydada hesablanmışdır. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Bundan əlavə ekspert tədqiqatının yalnız xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlar əsasında aparılması, onlar tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyinin nəzərə alınmaması tədqiqatın səthi qaydada aparıldığını və ekspertin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 3056/2022 saylı və xx.xx.2022-ci il tarixli, e-2(006)- 3056/22 saylı qərardadlarındakı göstərişləri yerinə yetirmədiyini deməyə əsas verir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan avtomobilə dəymiş zərərin məbləği əvvəlcə 310 manat məbləğində hesablanmışdır. Lakin iddiaçı həmin məbləğlə razılaşmadığından “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbinə müvafiq olaraq iddiaçıya "xxxx"ASC-yə müqavilə əsasında xidmət göstərən müstəqil ekspertlər sırasından bir müstəqil ekspert seçilməsi xx.xx.2022-ci il tarixli məktubla ona təklif edilmişdir. İddiaçı siyahıda adı göstərilən şirkətlərdən "xxxx" MMC tərəfindən qiymətləndirmənin aparılmasına razılıq vermişdir. "xxxx"MMC-nin 08 fevral 2022-ci il tarixli məktubuna əsasən iddiaçıya məxsus olan avtomobilə dəymiş zərərin məbləği 410 manat müəyyən edilmişdir. Hesab edirlər ki, obyektiv araşdırma aparılması və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3056/2022 saylı və xx.xx.2022-ci il tarixli, e-2(006)-3056/22 saylı qərardadlarındakı göstərişlərin icrasının təmin edilməsi üçün "xxxx" MMC-nin 08 fevral 2022-ci il tarixli məktubuna əsasən iddiaçıya məxsus olan avtomobilə dəymiş zərərin məbləğinin qiymətləndirilməsinə dair rəy də ekspert tədqiqatına təqdim edilməli və iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh öz apellyasiya şikayətində "ədalətin" bərqərar olması üçün saysız - hesabsız normativ hüquqi aktlara, hüquqi presedentə, qanunun analogiyasına, məhkəmə qərarlarına istinad edərək birinci instansiya məhkəməsi tərəfindən onun (cavabdehin) hüquq və azadlıqlarının pozulmasını, habelə ədalətsiz qətnamənin çıxarılmasını qabartmağa çalışmışdır. Lakin, ədalət müdafiəçisi nədənsə dəymiş zəriri gülünc məbləğdə qiymətləndirilməsini, qanunla onun üzərinə qoyulmuş vəzifələrdən mahircəsinə istifadə edərək vətəndaşın hüquqlarının pozulmasını nəzərə almamaqdadır. Nəqliyyat vasitəsinə dəymiş zərər distant (yalnız şəkillə) qiymətləndirilərək, şikayət olduqda isə özləri seçdiyi pəşəsi-sənəti bəlli olmayan, adlarını ekspert qoyan "divan" ekspertləri tərəfindən təkrar qiymətləndirilərək yenə də təbəssüm doğuran qiymət müəyyən edilmişdir. Adı gedən yüksək peşəkar ekspertlər heç əziyyət çəkib özlərinin tərtib etdiyi qüsur aktında nəqliyyat vasitəsinin hansı hissəsinin və/və ya detalının zədələndiyini, bərpaya tabe olan və ya əvəzolunacaq hissələri belə göstərməmişlər, aktda sadəcə gülünc doğuran rəqəm əks olunmuşdur. Cavabdeh özü tərtib etdirdiyi qüsur aktından Cavabdehin davranışı, təqdim etdiyi qüsur aktı, ədalətsiz qiymətləndirmə, süründürməçilik, vətəndaşa az pul ödəmək niyyətə, məhkəmə mübahisələri və sair hərəkətlər cəmiyyətdə "sığorta nə verirsə bununla razılaşacaqsan" psixoloji vərdişlər aşılamaqdır. Burada ədalət yox, şəxsi mənfəət əsas hədəfdir. Bu cür yanaşma bir və ya on şəxsə qarşı deyil, kütləvi xüsusiyyət daşıyır. Vətəndaş dəymiş zərərin məbləğindən narazı qaldıqda məhkməyə üz tutmalı olur, bunu isə hər kəs edə bilmir - bu da bir "presedent". Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
ç) Proses iştirakçılarının izahatı
10.Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
12. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir; 925.3-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərinə aid edilmişdir; 15.3.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir; 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır; 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir; 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur; 24.1.6-cı maddəsinə əsasən zərərçəkənin sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır; 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin məbləğini müəyyən etməklə, onun əvəzinin ödənilməsini təmin etməlidir. Üçüncü şəxsin də onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud qanunvericiliklə müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb etmək hüququ nəzərdə tutulmuşdur. Eyni zamanda, dəymiş zərərin qiymətləndirilməsi, habelə müəyyən edilmiş zərər məbləği ilə bağlı tərəflər arasında razılıq əldə edilmədikdə bu məsələnin həlli qaydası (zərərin qarşılıqlı razılıqla təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılması) təsbit edilmişdir.
21. 14 yanvar 2022-ci il tarixdə iddiaçının mülkiyyətində olan “Mazda CX-5” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdeh "xxxx" ASC-də sığortalanmış “Pevgeot” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin (sığorta hadisəsinin) baş verməsi, nəticədə iddiaçıya məxsus avtomobilə maddi zərərin vurulması, bununla da cavabdehin dəymiş zərərə görə icbari sığorta müqaviləsinə əsasən sığorta haqqını ödəmək öhdəliyinin yaranması işin mübahisə olunmayan hallarıdır.
22. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdehin özü tərəfindən iddiaçının avtomobilinə dəymiş zərər qiymətləndirilmiş və bunun nəticəsi olaraq, "xxxx"MMC-nin 08 fevral 2022-ci il tarixli məktubuna əsasən iddiaçıya məxsus olan avtomobilə dəymiş zərərin məbləği 410 manat müəyyən edilmişdir.
23. Tərəflər arasında mübahisə də məhz vurulmuş zərərin məbləği ilə bağlı yaranmışdır. Lakin sığorta hadisəsi baş verdikdən sonra icbari sığortanı həyata keçirən cavabdeh zərərin özü (mütəxəssisləri) tərəfindən müəyyən edilmiş həcmi barədə iddiaçı ilə aralarında razılıq əldə edilməmişdir. Göstərilənb aktlar aktlar ehtiyyat hissələrinin sayı, görülməli olan işlər və onların dəyəri baxımından biri-birindən əhəmiyyətli dərəcədə fərqlənmiş, bu halın mövcud olması isə zərər məbləğinin qiymətləndirilməsinə müstəqil ekspertin cəlb edilməsini bilavasitə şərtləndirmişdir və sığorta ödənişinin aparılması vəzifəsini daşıyan cavabdeh öz aktının mövcud və gələcək mötəbərliyinin təmin edilməsi baxımından bu işin təşkilində daha maraqlı olmalı idi. Nəticə etibarı ilə cavabdeh zərərin obyektiv qiymətləndirilməsi, o cümlədən bu məsələdə iddiaçı ilə razılıq əldə edilməsi istiqamətində ümumiyyətlə hər hansı addım atmamışdır.
24. Bu səbəbdən zərər məbləğinə aydınlıq gətirilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və buna uyğun aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5043 və xx.xx.2023-cü il tarixli 9/8653 nömrəli rəylərində nəzəri hesablama yolu ilə “Mazda CX-5” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə dəyişilməli hissələrinin qiyməti 1183 manat, təmir-bərpa işlərinin qiyməti 434 manat olduğu təqdirdə cavabdeh "xxxx" ASC bir tərəfli qaydada həmin avtomobilə dəymiş zərəri 410 manat məbləğində qiymətləndirmişdir.
25. Göründüyü kimi iddiaçının avtomobilinə vurulmuş zərərin məbləği hər iki rəydə olan məlumatlar nəzərə alınmaqla dəqiqləşdirilmişdir. Lakin məhkəmə kollegiyası cavabdehin yuxarıda göstərilənlərin əksini habelə ekspertiza rəylərinin hər hansı hissəsinin əsassız olmasını təsdiq edən sübut təqdim edə bilməməsini nəzərə alıb, hesab edir ki, cavabdehin mövqeyi, o cümlədən apellyasiya şikayətinin əsası kimi (yəni zərərin məbləğinin 410 manat təşkil etməsi barədə) istinad edilən akt qanuni və əsaslı sayıla bilməz. Zədələnmiş ehtiyyat hissələrinin sayı, habelə onların təmir və dəyişdirilməli olmasının zəruriliyi baxımından məhz iddiaçının təqdim etdiyi aktda olan məlumatlar (ehtiyat hissələrinin sayı hissəsində, habelə dəyişdirilməli və ya təmir olunmalı ehtiyat hissələri hissəsində) və bu məlumatlara uyğun məhkəmə eksperti tərəfindən müəyyən edilmiş zərər məbləği əsas götürülməlidir. Başqa sözlə, məhkəmə kollegiyası zərər məbləğinin 1306 manat müəyyən edilməsi barədə ekspert rəyini mötəbər hesab edir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsi təmin edilməməsi istiqamətində cavabdehin hərəkətləri qanuna zidd olmuş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi də pozulmuş hüquqların bərpasının təmin edilməsi məqsədi ilə onun avtomobilinə vurulmuş zərərin əvəzi olaraq, cavabdehdən məhz 1306 manat məbləğində sığorta ödənişini tutmaqda haqlı olmuşdur. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğun qəbul edilməsini təsdiq edir. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.
27. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-921/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.