Məhkəmə qərarları › İş №2(103)-6387/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6387/2021

22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6387/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)-1143/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən maddi zərər olan 5000 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 11.02.2020-ci il tarixdə, saat 08.10 radələrində idarə etdiyi «Nissan Tida» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı istiqamətində Mərdəkan körpüsündə hərəkətdə olarkən idarəetmə itdiyindən avtomobili tam dayanma vəziyyətinə gətirmişdir, bu zaman həmin istiqamətdə hərəkətdə olan cavabdeh X8 idarə etdiyi «Nissan Sunny» markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun avtomobilini vurmuş, avtomobil yolun kənarındakı maneəyə dəymiş, hadisə nəticəsində yüngül xəsarət almış, avtomobilinə isə maddi zərər dəymişdir. Hadisə ilə bağlı Xəzər RPİ-nin İŞ-də araşdırma aparılmış, araşdırma zamanı təyin edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 8/304 saylı, 15.04.2019-cu il tarixli rəyinə görə X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Müstəntiqin 17.04.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, eyni zamanda E.Musayevin barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Xəzər RPİ-nin DYPŞ-nə göndərilinəsi qərara alınmışdır. Xəzər rayon Məhkəməsinin qərarı ilə E.Musayev barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Hadisə zamanı hadisə yerində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi olmuş, onlar avtomobilə dəyən zərəri hesablamağa başlamışlar, lakin, sığorta şirkəti avtomobilə dəymiş real zərəri gizlətməyə, cüzi zərər qeyd edib cüzi sığorta məbləği ödəməklə kifayətlənməyə çalışmışlar. Belə ki, cavabdeh əvvəlcə avtomobilə 1750 manat, sonra 2000, 2010 manat zərər dəyməsini bildirsə də onların şikayətlərindən sonra guya ekspertiza keçirib, zərərin məbləğinin 2260 manat olmasına dair əsassız rəy almışlar. Bütün bu qanunsuzluqları cavbadehin əməkdaşı Mahir İsmayılov etmişdir. O, həmin rəylə razı deyildir, çünki, avtomobili «Z Z Motors Servis»də müayinədən keçirilmiş və avtomobilinə 5150 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Qeyd edir ki, avtomobili bu hadisəyədək zərbə görməmişdir, onun heç bir hissəsində rənginə belə əl dəyməmişdir, hadisə zamanı zərbə nəticəsində avtomobilin üz hissələri ilə yanaşı hərəkət hissələrinə də böyük zərbə dəymişdir, avtomobil hələ də təmir olunmamışdır, gələcəkdə təmir olunsa da əvvəlki saz vəziyyəti tam bərpa edilməyəcək, vurulmuş avtomobil kimi həmişə dəyərindən aşağı qiymətləndiriləcək. Sığorta şirkəti isə öz öhdəliyini yerinə yetirmir, vurulmuş zərəri tam həcmdə ödəməli olduğu halda öhdəliyinin icrasından yayınır. Sığorta şirkəti avtomobilə dəymiş zərəri tam ödəmədiyi üçün, sığorta hadisəsi üzrə ödəməli olduğu real zərəri ödəmədiyi üçün 10 aydır ki, avtomobili təmirsiz vəziyyətdə qalmışdır. Bu da onun dəyərinin günbə-gün düşməsinə səbəb olur. Bu hərəkətləri ilə sığorta təşkilatı ona mənəvi zərər vurur, o, onların real zərəri ödəməməsinə görə avtomobilini təmir etdirə bilmir, stres və əsəb gərginliyi keçirir, cavabdeh sığorta təşkilatı ona mənəvi zərər vurur. Cavabdehin ona vurduğu mənəvi zərəri 5000 manat dəyərində qiymətləndirir. Beləliklə, avtomobilinə dəymiş 5.150 manat maddi zərərdən 5000 manat hissəsi cavabdehdən tutulmalıdır. Həmçinin, mənəvi zərər üzrə də cavabdehdən 10000 manat kompensasiya tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)- 1143/2021 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 4955 (dörd min doqquz yüz əlli beş) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, sığortaçı tərəfindən mübahisə predmeti avtomobilə dəyən zərərin 2260 manat məbləğində qiymətləndirilməsi, lakin iddiaçının özünün sifarişi aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən iki dəfədən də artıq olan 5160 manat tələb etməsi, iddiaçının hazırki iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin olunmaması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Xəzər RPİ İŞ tərəfindən qəbul edilmiş 17.04.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 11.02.2020-ci il tarixdə «Nissan Tida» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Xəlilova X1 qəsəbəsi istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun soldan birinci zolağında avtomobili dayandırmış və həmin istiqamətdə olan X5 idarə etdiyi «Nissan Sunny» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X8 Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsinin tələbini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. İşdə olan «Z Z Service» tərəfindən verilmiş təmir kartından (qüsur aktı) görünür ki, iddiaçıya məxsus «NissanTida» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 5150 manat təşkil edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 06.04.2021-ci il tarixli, 9/1269 saylı ekspert rəyinə əsasən - avtohissələrin qiymətləri nəzərə alınmaqla, «NissanTida» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4955 manat müəyyən edilmişdir. Beləliklə, işdə olan sübutlara əsasən mülki məsuliyyəti cavabdeh təşkilat tərəfindən icbari sığortalanmış “Nissan Sunny” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının idarə etdiyi “Nissan Tida” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Belə olan halda isə, iddiaçı dəymiş maddi zərərə görə sığorta haqqının ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin daha az olduğunu (2260 manat) göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, əksinə işdə olan digər sübutlarla (qüsur aktı, ekspertiza rəyi) ziyanın məbləğinin daha çox olması müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-nin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-nin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-nin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari Sığortalar haqqında» Qanunun 19-cu maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığma dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi istiqamətində imtinası qanuni zidd olmuş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissələrində əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Cavabdeh isə etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Xalq Sığorta ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)-1143/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)- 1143/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti veilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar