Məhkəmə qərarları › İş №2(103)-6390/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6390/2022

06.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6390/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi, sığorta ödənişinin ödənilməsi, sığorta ödənişinin verilməsinin gecikdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nə qarşı “sığorta ödənişinin, gecikdirməyə görə cərimənin və çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 2013-cü il buraxılışlı “Kia Sportage” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

2. xx.xx.2021-ci il tarixdə, saat 12:50 radələrində Puşkin küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində X4 idarə etdiyi “Mercedes Benz C220 CDİ” minik markalı **-EU- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı məxsus “Kia Sportage” markalı avtomobilə ziyan dəymiş, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” TP ******* saylı qərarla X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat cərimə olunmuşdur.

3. “Mercedes Benz C220 CDİ” minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC-də icbari sığorta edilmişdir.

4. “AutoBox automobile services” şirkətinin xx.xx.2021-ci il tarixli 4047 nömrəli qiymətləndirilmə aktına görə, İddiaçı məxsus “Kia Sportage” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir haqqı daxil olmaqla ehtiyat hissələrinə çəkilən xərclərlə birlikdə dəymiş zərərin məbləği 1130 (min yüz otuz) manat təşkil edir.

5. "xxxx" ASC tərəfindən ** MS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləğinin 1130 manat qiymətləndirilməsi barədə İddiaçı SMS vasitəsilə məlumat göndərilmişdir.

6. “X7” MMC-in xx.xx.2022-ci il tarixli “Görülmüş işlərin aktı”na görə, İddiaçı məxsus “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir haqqı daxil olmaqla ehtiyat hissələrinə çəkilən xərclərlə birlikdə dəymiş zərərin məbləği 2820 (iki min səkkiz yüz iyirmi) manat müəyyən edilmişdir.

7. İddiaçı “X8” MMC-nə xx.xx.2022-ci il tarixdə 445 manat, xx.xx.2022-ci il tarixdə 1053 manat, xx.xx.2022-ci il tarixdə 790 manat, xx.xx.2022-ci il tarixdə isə 512 manat ödəniş həyata keçirmişdir.

8. 01 fevral 2022-ci il tarixli 249820 nömrəli mədaxil qəbzinə görə, İddiaçı hüquqi yardım haqqında müqavilə üzrə X2 500 manat ödəniş etmişdir.

9. “AutoBox automobile services” şirkətinin xx.xx.2021-ci il tarixli 4047 nömrəli qiymətləndirmə aktına görə, İddiaçı məxsus “Kia Sportage”markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir haqqı daxil olmaqla ehtiyat hissələri üçün 1600 (min altı yüz) manat zərər dəymişdir.

10. "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə məktub ünvanlanmış, məktubda bildirilmişdir ki, avtomobilə dəymiş zərərlə bağlı aralarında razılığın olmaması səbəbindən maliyyə bazarlarına nəzarət orqanının reyestrində qeydiyyatdan keçmiş müstəqil ekspertlərdən birini seçib 5 gün ərzində "xxxx" ASC-nə məlumat versin.

11. İddiaçı məxsus "xxxx" ASC-nin və “X9 Azərbaycan” QSC-nin ödəniş kartlarından çıxarışlara görə, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində İddiaçı tərəfindən “Bolt” taksi xidmətinə ümumilikdə 231,86 manat köçürmə (ödəniş) həyata keçirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına dəymiş zərərə görə 2820 (iki min səkkiz yüz iyirmi) manat sığorta ödənişinin, gecikdirilmiş hər günə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək - 55 gün) hesablanmış 155,10 (yüz əlli beş manat on qəpik) manat dəbbə pulunun, taksi şirkətinə ödədiyi 256 (iki yüz əlli altı) manatın, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 (beş yüz) manat xidmət haqqının və 57,32 (əlli yeddi manat otuz iki qəpik) manat dövlət rüsumunun "xxxx" ASC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 30 noyabr 2021-ci il tarixdə "xxxx" ASC-də sığortalı olan “Mercedes Benz” minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ona məxsus “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 1130 manat müəyyən edilmiş və 10 dekabr 2021-ci il tarixdə SMS vasitəsilə ona bu barədə məlumat verilmişdir. Həmin məbləğlə razılaşmadığından xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Mətbuat pr. 25 ünvanında yerləşən ofisində olmuş və “Sığorta hadisələrinin tənzimlənməsi idarəsi”nin rəisi Mahir İsmayılovla görüşmüş, ona sığorta şirkəti tərəfindən müəyyən edilmiş 1130 (min yüz otuz) manat məbləğlə razılaşması və ya təmiri sığorta şirkətinin seçdiyi emalatxanada etdirməyi, ya da avtomobilin özü tərəfindən təmir etdirilərək faktiki məbləği onlardan məhkəmə qaydasında tələb etməsi təklif olunmuşdur. Tərəfindən avtomobil təmir servisinə dəymiş zərərin müəyyən edilməsinə dair müraciət olunmuş, xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 4040 (dörd min qırx) manat, xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən 4200 (dörd min iki yüz) manat məbləğində müəyyən edilmişdir. Bu barədə "xxxx" ASC-nin 183 qaynar xəttinə, məlumat mərkəzinə, +50 *** ** ** nömrəsinə və “Sığorta hadisələrinin tənzimlənməsi idarəsi”nin rəisi Mahir İsmayılova məlumat vermişdir. “Kia Sportage” minik markalı avtomobil tərəfindən təmir etdirilmiş və təmir üçün 2820 (iki min səkkiz yüz iyirmi) manat vəsait xərcləmişdir. xx.xx.2022-ci il tarixli görülmüş işlərin aktına əsasən “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 2820 (iki min səkkiz yüz iyimi) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən ona məxsus olan “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın 1130 (min yüz otuz) manat məbləğində qiymətləndirilməsi mövcud tələblərə ziddir. Belə ki, qiymətləndirmənin hansı metodlara uyğun aparıldığı məlum deyildir. "xxxx" ASC-yə qanunla müəyyən edilmiş qaydada pretenziya qaydasında müraciət edərək mübahisənin məhkəməyədək həll olunmasını təklif etsə də, cavabdeh təşkilatdan bununla bağlı heç bir hərəkət aparılmamışdır.

14. "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qismən - 1600 manat məbləğində sığorta ödənişinin ödənilməsi - hissəsində qəbul etdiklərini bildirmiş, qalan hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" ASC-dən “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişalı avtomobilə vurulmuş zərərə görə 2237 (iki min iki yüz otuz yeddi) manat sığorta məbləğinin, hüquqi yardıma görə 500 (beş yüz) manatın, yəni cəmi 2737 (iki min yeddi yüz otuz yeddi) manatın, dövlət rüsumuna görə 50 (əlli) manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.

16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi nəzərə alınmaqla “Kia Sportage" markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 2237 manat "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, sığortaçı sığorta ödənişini iddiaçının təklifi qəbul etməməsi səbəbindən ödəmədiyindən bu hal gecikdirmə kimi qiymətləndirilməməli və iddia tələbi “gecikdirilmiş hər günə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək-55gün) hesablanmış 155,10 (yüz əlli beş manat on qəpik) manat dəbbə pulunun tutulması” hissədə təmin edilməməlidir.

17. İddia tələbinin “taksi şirkətinə ödənilmiş 256 (iki yüz əlli altı) manatın ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sığorta ödənişi iddiaçının cavabdehin təklifi ilə razılaşmaması səbəbindən ödənilmədiyindən, eləcə də hər kəsin könüllü müqavilə bağlamaq hüququ olduğundan, iddiaçının taksi xidmətindən istifadə ilə bağladığı müqavilə də könüllü xarakter daşıdığından, iddiaçı göstərilən məbləği cavabdeh "xxxx" ASC-dən tələb etməkdə haqlı olmamışdır və bu hissədə iddia təmin edilməməlidir.

18. Məhkəmə həmçinin hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid olunduğundan, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və 57,32 manat dövlət rüsumunun 50 (əlli) manatı "xxxx" ASC-dən onun xeyrinə tutulmalı, dövlət rüsumu qalan 07,32 manat hissədə iddiaçının özünə aid edilməlidir.

19. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 922.1-ci, 925.1-ci, 927.2.3-cü, “İcbari sığortalar haqqında” Qanunun 3.1-ci, 3.1.2-ci, 13.1-ci, 16.4cü, 17.1-ci, 18.1-ci, 18.2-ci, 24.1.4-cü maddələrinə istinad etmişdir.

20. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutları düzgün qiymətləndirmədiyini, avtomobilinin təmiri üçün 2820 manat ödədiyinin təqdim etdiyi ödəniş sənədləri ilə təsdiq olunduğunu nəzərə almadığı, məhkəmədə iddia qaldırmasından əvvəl ona 1130 manat təklif edən cavabdehin məhkəmə prosesinin gedişində bu məbləği hansı səbəblə 1600 manata artırdığına qiymət vermədiyi, sığorta ödənişinin ödənilməsinin gecikdirilməsi mübahisəsiz olduğu halda cərimə məbləğini, eləcə də taksi xidmətlərinə görə çəkdiyi xərcləri tutmamaqla işin hallarına zidd qərar çıxardığını irəli sürmüşdür.

21. Qətnamədən "xxxx" ASC-nin nümayəndəsi də apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, təklif olunan sığorta məbləği ilə razılaşmayan iddiaçının avtomobilini sığorta şirkətinin təklif etdiyi avtoservisdə təmir etdirmək imkanına sahib olduğunu, lakin onun bunu da qəbul etməyərək şirkətdən artıq pul almaq istədiyini nəzərə almamışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar

22. Məhkəmə iclasında iştirak edən İddiaçı, habelə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə hər biri öz apellyasiya şikayətlərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

29. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

30. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

31. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

32. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

33. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

34. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

35. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

36. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

37. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

38. Maddə 933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər.

39. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

40. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

42. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.

43. Maddə 16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir.

44. Maddə 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

45. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

46. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

47. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

57. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni iddiasının təmin olunmaması ilə bağlı hissədə mübahisələndirmiş, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsində iddianı 1600 manat sığorta ödənişinin ödənilməsi hissəsində qəbul etsə də, apellyasiya şikayətində qətnamənin tam ləğvini istəmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

58. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının “sığorta ödənişinin gecikdirilməsinə görə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək - 55 gün) hesablanmış 155,10 (yüz əlli beş manat on qəpik) manat dəbbə pulunun, taksi şirkətinə ödədiyi 256 (iki yüz əlli altı) manatın "xxxx" ASC-dən xeyrinə tutulması” tələblərinin təmin olunmaması hissəsində ləğv edilməli və iddiaçının həmin tələbləri də qismən təmin olunmalı, cavabdehin nümayəndəsinin şikayəti təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

59. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, "xxxx" ASC, “Mercedes Benz C220 CDİ” minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətinin "xxxx" ASC tərəfindən sığortalanmış olduğunu və xx.xx.2021-ci il tarixdə sığorta hadisəsinin baş verərək həmin sürücünün təqsirindən iddiaçının avtomobilinə ziyan dəydiyini mübahisələndirmir; mübahisəli olan, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlıdır ki, bununla əlaqədar "xxxx" ASC-nin irəli sürdüyü arqumentə görə iddiaçının təqdim etdiyi qüsur aktı və onun əsasında verilmiş ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmamalıdır.

60. Başqa sözlə "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Bu səbəblə kollegiya, tərəflərin mübahisələndirmədikləri hallarla əlaqədar əlavə əsaslandırma aparmayaraq və birinci instansiya məhkəməsinin "xxxx" ASC-dən iddiaçının xeyrinə sığorta ödənişinin tutulmalı olması ilə bağlı gəldiyi nəticəni qanuni hesab edərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah edir (§ 50).

61. İddiaçıya məxsus avtomobilin 2013-cü il buraxılışlı olmasını və birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə həmin avtomobilin təmir-bərpa xərcinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 2237 manat müəyyən edildiyini, bu rəqəmin iddiaçının istinad etdiyi qüsur aktındakı məlumatlarla uzlaşdığını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin həmin hissədə dəyişdirilməsi, yaxud ləğvi üçün əsas təşkil etmir.

62. Bununla belə kollegiya, məhkəmənin iddiaçının “sığorta ödənişinin gecikdirilməsinə görə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək - 55 gün) hesablanmış 155,10 (yüz əlli beş manat on qəpik) manat dəbbə pulunun, taksi şirkətinə ödədiyi 256 (iki yüz əlli altı) manatın "xxxx" ASC-dən xeyrinə tutulması” tələbləri üzrə gəldiyi nəticəni əsaslı hesab etmir.

63. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı razılaşma olmadığı halda cavabdeh şirkət zərərin miqdarının qiymətləndirilməsini “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla həyata keçirməmiş (§ 34, 42), avtomobil iddiaçının özü tərəfindən təmir etdirilmişdir. Qanunvericiliyin tələbinə görə isə, bu halda sığortaçının, əgər o, əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, sığortalının (yaxud zərər çəkmiş üçüncü şəxsin) təqdim etdiyi qiymətləndirmə (təmir xərcinə dair qüsur aktı) nəticəsi əsasında ödəniş etmək öhdəliyi yaranır (§ 44).

64. Sığorta ödənişinin zərərçəkmiş şəxsə dəymiş real zərər miqdarında maliyyə kompensasiyası olduğunu (§ 35, 36) nəzərə almaqla kollegiya hesab edir ki, cavabdeh şirkət tərəfindən iddiaçıya sığorta ödənişinin vaxtında ödənilməməsi nəticəsində onun məruz qaldığı bütün itkilərin əvəzi, o cümlədən taksi xidmətindən istifadə üçün çəkdiyi xərcin əvəzi ödənilməli, həmçinin ödənişin gecikdirilməsinə görə cavabdehdən dəbbə pulu tutulmalıdır (§ 46).

65. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində “Bolt” taksi xidmətinə ümumilikdə 231,86 manat köçürmə (ödəniş) həyata keçirmişdir; ona ödənilməli olan 2237 manat sığorta ödənişi məbləğinin 55 gün (iddiaçının tələbində göstərilən müddət) gecikdirilməsinə görə hesablanmalı olan dəbbə pulu isə 123 manat (2237 x 0,1% x 55 gün) təşkil edir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1547/2022 saylı iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi İddiaçı “sığorta ödənişinin gecikdirilməsinə görə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək - 55 gün) hesablanmış 155,10 (yüz əlli beş manat on qəpik) manat dəbbə pulunun, taksi şirkətinə ödədiyi 256 (iki yüz əlli altı) manatın "xxxx" ASC-dən xeyrinə tutulması” tələblərinin təmin edilməməsi hissəsində ləğv olunsun. Həmin iddia tələbləri qismən təmin edilsin. Sığorta ödənişinin gecikdirilməsinə görə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək - 55 gün) hesablanmış 123 (yüz iyirmi üç) manat dəbbə pulu və taksi şirkətinə ödənilmiş vəsaitin əvəzi qismində 231,86 (iki yüz otuz bir manat 86 qəpik) "xxxx" ASCdən tutularaq İddiaçı ödənilsin. İddiaçı “sığorta ödənişinin gecikdirilməsinə görə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək - 55 gün) hesablanmış 155,10 (yüz əlli beş manat on qəpik) manat dəbbə pulunun, taksi şirkətinə ödədiyi 256 (iki yüz əlli altı) manatın "xxxx" ASCdən xeyrinə tutulması” tələbləri qalan hissədə təmin olunmasın. "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar