Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6392/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X8, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2522/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç.7 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sakinlərinin əksəriyyəti binanın K, J, H və G bloklarının idarəedici təşkilat tərəfindən idarə edilməsi, idarə edilmənin İddiaçı MMC-yə həvalə olunmasının lehinə səs vermişdirlər.
2. İddiaçı MMC ilə Cavabdeh arasında 01 iyul 2016-cı il tarixdə bağlanan Kommunal Xidmətlərin göstərilməsi haqqında Müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən mənzil sahibi bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kommunal xidmətlər üçün mənzilin hər 1 kv.m-ə görə hər ay 0.20 manat olmaqla cəmi 32,66 manat miqdarında haqq ödəyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç.7 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binası inşa edilərək sakinlərin xüsusi mülkiyyətinə və istifadəsinə verilmişdir. Həmin ünvan üzrə kommunal xidmətlərin göstərilməsi sakinlər tərəfindən İddiaçı MMC-yə həvalə edilmiş və şirkət adı çəkilən ünvanda fəaliyyət göstərdiyi gündən, sakinlərin çoxu ilə heç bir zaman problem yaşanmamış və daim göstərilən xidmətlərin dəyərləri onlar tərəfindən ödənilmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç.7 ünvanında yerləşən 454 saylı mənzil hazırki iş üzrə Cavabdeh xüsusi mülkiyyətində olmaqla onun və ailə üzvlərinin istifadəsindədir. xx.xx.2016-cı il tarixində "xxxx" MMC ilə cavabdeh arasında “Kommunal xidmətlərin göstərilməsi haqqında” Müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə müvafiq olaraq, MMC mənzil sahiblərinə kommunal xidmətlərinin göstərilməsi öhdəliyi götürmüş, mənzil sahibləri isə Müqavilə üzrə nəzərdə tutulan xidmətlərin müqabilində xidmət haqqının ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlə bağlanmış Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq, onun tərəfindən bu Müqavilənin 1.1ci bəndində nəzərdə tutulan kommunal xidmətlərə görə mənzilin hər 1 m görə 0,20 manat olmaqla, hər ay MMC-yə cəmi 32,66 (otuz iki manat altmış altı qəpik) manat ödənilməsi nəzərdə tutulsa da, həmin xidmət haqlarının ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Belə ki, bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2018-cü ilə qədər həmin ilin iyun ayınadək olan xidmət haqları üzrə ödəniş edilmiş, lakin 2018-cu ilin iyul ayından 2023-cü ilin fevral, həmçinin mart və aprel ayları üzrə heç bir ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 5.1-ci bəndinə əsasən, mənzil sahibi bu Müqavilənin 3.2-ci bəndinin tələblərini pozduqda, hər gecikdirilən gün üçün xidmət haqqının ümumi məbləğinin 0,2% miqdarında cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Kommunal xidmətlərinin göstərilməsi üzrə cavabdehin 2023-cü ilin fevral ayı üzrə MMC-yə 1.828,96 manat ödənilməmiş əsas borcu qalmışdır. Tərəflərindən cavabdehə yaranmış borcun ödənilməsi, həmçinin yeni müqavilənin bağlanması üçün dəfələrlə şifahi, sonradan isə rəsmi qaydada xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilməklə tələb edilsə də, cavabdeh göstərilən tələbləri təmin etməmişdir. Belə ki, cavabdeh göndərilmiş pretenziya məktubunu xx.xx.2023-cü il tarixində qəbul etmiş və göstərilənlərə heç bir reaksiya verməmişdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, son illər ərzində ölkədə baş vermiş qiymət artımı ilə əlaqədar olaraq, sakinlərlə bağlanmış Müqavilələr üzrə müəyyən edilmiş xidmət haqları məbləği binanın saxlanılmasına çəkilmiş xərcləri qarşılamadığından, çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m. üçün 0,40 manat müəyyən edildiyindən, yeni tariflərlə Müqavilə bağlanması zərurəti yaranmışdır. Həmin müqavilənin də bağlanması cavabdehə təklif edilsə də, cavabdeh müqavilənin bağlanmasını təmin etməmişdir. Nəticə etibarı ilə, cavabdehin 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə 1.894,28 manat əsas borcu, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0,2% cərimə məbləğləri üzrə 3.111,22 manat cərimə məbləği, ümumilikdə isə 5.005,5 manat ödənilməmiş borcu qalmışdır.
5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2522/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 454 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə Cavabdeh 2018-ci ilin iyul ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilməmiş 1.894,28 (min səkkiz yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat əsas borc, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0.2% miqdarında cərimə məbləği üzrə 311 (üç yüz on bir) manat cərimə məbləği, ümumilikdə 2.205,28 (iki min iki yüz beş manat, iyirmi səkkiz qəpik) manat ödənilməmiş borc, həmçinin iş üzrə ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu və 220 (iki yüz iyirmi) manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin etiraz kimi bildirdikləri hallar onun yararlandığı xidmətlərin haqqını ödəməkdən imtinasına əsas verən hal deyildir və haqlı tələbin rədd edilməsinə əsas vermir. Belə ki, cavabdeh iddiaçı tərəfin öz üzərinə götürdüyü öhdəlikləri, xüsusilə də həyətin, liftlərin və blokların təmizlənməsi, binanın 24 saat ərzində fasiləsiz olaraq mühafizəsi, su anbarının mütəmadi olaraq təmizlənməsi və dizinfeksiya olunması, mənzildəki enerji, kanalizasiya, su, qaz sistemlərinə xidmət göstərilməsi vəzifələrinin yerinə yetirilməsinin qeyri-müəyyən olaraq qalmasını, iddiaçının göstərdiyini iddia etdiyi xidmətlərin həqiqətən yerinə yetirilməsini və buna görə yaranan borc və bu xidmətlərin yerinə yetirilməsi səlahiyyətinin heç bir sənəd ilə öz təsdiqini tapmadığını əsas gətirərək kommunal ödənişləri həyata keçirməmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilələrlə müəyyən olundu ki, MMC ilə bir neçə icraçı arasında su hövzələrinin təmizlənməsinə və dezinfeksiyası, liftlərə texniki xidmət göstərilməsi və s. müqavilələr bağlanmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının idarəçiliyindən narazı olan cavabdeh və digər sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (MMMC) təsis edərək, binanın saxlanılmasını həmin cəmiyyət vasitəsilə həyata keçirməklə iddiaçını idarəçilikdən kənarlaşdıra bilərlər. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi ödənilməyən kommunal ödənişlərin əvəzi kimi 1.894.28 (bir min səkkiz yüz doxsan dörd manat iyirmi səkkiz qəpik) manat əsas borcun cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən, yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, Mənzil Məcəlləsində qeyd edildiyi kimi fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Göründüyü kimi qanunvericilikdə bununla bağlı tərəfin üzərinə müqavilənin bağlanıb-bağlanmamasından asılı olmayaraq öhdəlik qoyulmuşdur və hazırda məcburi şəkildə cavabdehi müqavilə bağlamağa məcbur etmək qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “220 (iki yüz iyirmi) manat məbləğində vəkilə çəkilən xərcin cavabdehdən tutulması” tələbi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 220 (iki yüz iyirmi) manat məbləğində vəkil xərci ödənilmişdir. Odur ki, iddiaçının həmin tələbi əsaslıdır və təmin olunmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 135.1, 135.2, 136.2, 137.1, 137.4, 137.6, 137.10, 138.5, 139.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 121.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı MMC apelyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2522/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixində "xxxx"MMC-i ilə cavabdeh arasında “Kommunal xidmətlərin göstərilməsi haqqlnda” Müqavilə imzalanmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 5.1-ci bəndinə əsasən, mənzil sahibi bu Müqavilənin 3.2-ci bəndinin tələblərini pozduqda, hər gecikdirilən gün üçün xidmət haqqının ümumi məbləğinin 0,2% miqdarında cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. İşə baxan məhkəmə müqavilənin və yuxarıda göstərilən qanunun tələblərini nəzərə almayaraq və Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrini tətbiq etməklə hesablanmış cərimə məbləğini kifayət 311 manata qədər azaldaraq, yalnız həmin məbləği cavabdehdən tutmuşdur. Məhkəmə özünün qəbul etdiyi qətnaməsində iddianın yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsini təmin etməyərək bunu belə əsaslandırmışdır ki, “Məhkəmə iddia tələbinin “çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən, yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, Mənzil Məcəlləsində qeyd edildiyi kimi fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Göründüyü kimi qanunvericilikdə bununla bağlı tərəfin üzərinə müqavilənin bağlanıb-bağlanmamasından asılı olmayaraq öhdəlik qoyulmuşdur və hazırda məcburi şəkildə cavabdehi müqavilə bağlamağa məcbur etmək qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.” Halbuki, Mənzil Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2016- cı il tarixində bağlanmış “Kommunal xidmətlərin göstərilməsi haqqlnda” Müqavilə üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini icra etməkdən tam olaraq yayındığı halda, onunla yeni tariflərə uyğun müqavilə bağlanmadığı təqdirdə o ümumiyyətlə hər hansısa bir ödənişi həyata keçirməyəcək. Buna görə də məhkəmənin bu əsaslandırmasını qəbul etmir.
10. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin təmin edilən hissədə “ünvan 2 ünvanında yerləşən 454 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə Cavabdeh 2018-ci ilin iyul ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilməmiş 1.894,28 manat əsas borc, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0.2% miqdarında cərimə məbləği üzrə 311 manat cərimə məbləği, ümumilikdə 2.205,28 manat ödənilməmiş borc, həmçinin iş üzrə ödənilmiş 101 manat məbləğində dövlət rüsumu və 220 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin” rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixində "xxxx" MMC ilə cavabdeh arasında “Kommunal xidmətlərin göstərilməsi haqqında” Müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə müvafiq olaraq, MMC mənzil sahiblərinə kommunal xidmətlərinin göstərilməsi , mənzil sahibləri isə müqavilə üzrə nəzərdə tutulan xidmətlərin müqabilində xidmət haqqının ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə ilə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək xx.xx.2018-ci ilə qədər göstərilmiş xidmətlər müqabilində xidmət haqqını ödəmişdir. Lakin İddiaçı MMC müqavilənin 1.1-ci maddəsinə görə öz üzərinə götürdüyü öhdəlikləri, xüsusilə də həyətin, liftlərin və blokların təmizlənməsi, binanın 24 saat ərzində fasiləsiz olaraq mühafizəsi, su anbarının mütəmadi olaraq təmizlənməsi və dizinfeksiya olunması, mənzildəki enerji, kanalizasiya, su, qaz sistemlərinə xidmət göstərilməsi vəzifələrini yerinə yetirməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, mükəlləfiyyətli tərəf olan iddiaçı müqavilə ilə şərtləşdirilmiş öhdəliyini icra etmədiyindən Cavabdeh öz öhdəliyinin icrasını dayandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı MMC-nin yerinə yetirmədiyi xidmətlərə görə Cavabdeh borc və cərimənin tutulması barədə nəticəyə gəlinməsi məhkəmənin işin hallarını nəzərə almadığını və ədalətsiz qətnamə çıxardığını göstərir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilən MMC ilə bir neçə icraçı arasında su hövzələrinin təmizlənməsi və dezinfeksiyası, liftlərə texniki xidmət göstərilməsi və s. müqavilələrə əsaslanaraq xidmətlərin göstərildiyi qənaətinə gəlmişdir. Lakin qeyd etmək lazımdır ki, müqavilənin bağlanılması heç də öhdəliklərin icra edilmiş olması mənasına gəlmir. İddiaçı MMC adıçəkilən müqavilələri bağlamış olsa belə, öz öhdəliklərini icra etməmişdir. Belə ki, İddiaçı MMC öhdəliklərini icra etdiyini iddia edirsə, xidmətlərin göstərilməsi ilə bağlı hesabat təqdim etməlidir. Lakin İddiaçı MMC tərəfindən xidmət haqqının ödənilməsi ilə bağlı ilk dəfə xx.xx.2023-cü il tarixli prentenziya ilə xəbərdarlıq etmişdir. Həmin pretenziya cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Yəni borc və cərimə tələbi əsaslı hesab olunsa belə, bu cərimə məbləği 2023-cü ilin aprel ayından sonrakı tarixə hesablana bilər. Birinci instansiya məhkəməsinin 311 (üç yüz on bir) manat cərimə məbləği tələb etməsi əsassızdır. Göründüyü kimi birinci insansiya məhkəməsi yanlış qənaətə gələrək əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair İddiaçı MMC tərəfindən imzalanmış müqavilələri sübut kimi qiymətləndirərək iddia tələbini qismən təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdeh tərəf onlara 600 manat əmək haqqı olan işə başlamaq istədi, bunu etmədiyi üçün mübahisələr yaratdı. Onların arxivi var. Müqavilələrin hamısı var. Servislə müqavilə bağlayıblar. Liftlərin istismarına sertifkat verildikdən sonra 5 ildən bir bağlanan müqavilədir. 160-a yaxın sakinlərin qərarları var ki, idarəetmə onlara həvalə edilmişdir.
14. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı 2016-cı il 1 iyulda müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh tərəfindən göstərilmiş kommunal xidmətlərin əvəzin 3 iyul 2018-ci ilə qədər ödənilməsi nəzərdə tutulmuşdur, lakin sonradan ödənişlərin ödənilməsi dayandırılmışdır. Həmin xidmətlər onlar tərəfindən cavabdehə və digər şəxslərə göstərilmişdir, buna baxmayaraq xidmətin əvəzinin ödənilməsindən cavabdeh tərəf imtina etmişdir. Cavabdehə pretenziya məktubu göndərilmiş və ödənilməyən pul vəsaitlərinin ödənilməsi xahiş edilmişdir. Həmin vəsaitləri cavabdeh tərəf ödəməkdən imtina etmiş və qeyd olunan borc məbləğləri yaranmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə təmin edilməsi barəsində qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında çox saylı sübutlar tərəflərindən məhkəməyə təqdim edilmişdir. 2023-cü il tarixli müqavilələrə gəldikdə isə hər il müqavilələr təzələnir. Əmək xidmətlərinin həyata keçirilməsi ilə bağlı lisenziyalı təşkilatlarla illik müqavilələr bağlanır. Bina 4 girişli və 19 mərtəbəli yaşayış binasıdır. İldə bir dəfə yığdığı ödənişlər hesabına bütün binanın mərtəbələri boyanır. Cavabdeh tərəf zabit olduğuna görə güzəşt tətbiq edilərək onlara 20 qəpikdən ödəniş müəyyən edilmişdir. Onlar tərəfindən hədə-qorxu olması fikri tamamilə absurddur, müştərək cəmiyyətin yaradılması zərurəti yarandığı təqdirdə, onlar yaradılmasına mane olmazlar. Şirkətin rəhbərliyinə bir çox sakinlərin imza toplaması məlumatı gəlmişdir. Məlumata görə sakinlər arasından bir qrup şəxs ağ vərəqə imza atdıraraq sakinlərin adından hüquq mühafizə orqanlarına şikayət yazmışlar. Bu günkü gün vətəndaşlar göstərilən xidmət sayəsində orada rahat bir şəkildə yaşayırlar. Reyestrdən çıxarış və nizamnamə iş materiallarına əlavə edilib. Qiyabi səsvermə aparılıb, bununla bağlı sakinlərin qəbul etdiyi qərarların hamısı əlavə edilib. 2018-ci ildən bu günə qədər tərəflərindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilib, cavabdeh xəbərdarlığa əhəmiyyət vermədiyinə görə onlar məcbur qalaraq yazılı xəbərdarlıq göndəriblər. Əgər tərəf yığılmış borc vəsaitini təmin etsə idi, xəbərdarlığı alan kimi dərhal borcu ödəyərdi. Amma, cavabdeh tərəfindən nə yazılı, nə də şifahi xəbərdarlıqlara məhəl qoyulmamışdır. Ona göstərilmiş xidmətin əvəzini ödəməkdən imtina etmişdir. Hər bir halda MMC-nin göstərdiyi xidmətlərdən əlavə onun gəliri də olmalıdır. Əgər bu xidmətlər göstərilməsəydi, sakinlər orada yaşamazdılar. Sadəcə olaraq bir qrup sakinlər süni şəkildə xaos yaradırlar və onlar buna baxmayaraq xidmətləri göstərirlər.Tərəflər arasında müqavilə bağlanıb, lakin cavabdeh pulu ödəmir. Xidmət göstərilməklə sakinlər rahat şəkildə liftlə qalxır, sudan istifadə edir, məişət tullantıları yığılır və s. Bu işləri yerinə yetirən işçilərin əmək haqqısı da var. Hazırkı iş müqavilə üzrə öhdəliklərin icra edilməməsidir. Onlar icra etsələr də, qarşı tərəf öhdəliklərini icra etməmişdir. Onların xidmət göstərdiyi günlər üçün ödənişi tələb etmək hüququ da var. Nəsimi Rayon Məhkəməsində olan iş isə bir qrup hərbiçilər tərəfindən dövlət tərəfindən əvəzsiz mülkiyyət verilib, digər sakinlərdən fərqli olaraq həmin hərbiçələrə daha aşağı qiymətlər müəyyən edilmişdir. Hazırkı iş üzrə qiyabi səsvermə aparılmışdır və idarəetmə üsulü sakinlər tərəfindən müəyyən edilmişdir. Sakinlərin sayı kifayət qədər çoxdur. Onlar da idarəetmə üsulunu müəyyən etmişlər. Nəticədə qərar qəbul edilərək idarəetmə onlara həvalə edilmişdir. Nəsimi Rayon Məhkəməsində iddiaçı qismində çıxış edən şəxlərin məqsədi binanı idarə etməkdir. Hazırkı işdə qarşı tərəfin bizə qarşı tələbi yoxdur, buna görə də dayandırma zərurəti yoxdur. 39 şəxs öz istəklərini həyata keçirmək üçün iddia qaldırıblar.Bundan da digər sakinlər narazıdılar. Tehran Mənsimovun heç qərarı da yoxdur. Qarşı tərəfin bildirdiyi fikir absurddur. Sakinlərin imzalarının onlara məxsus olmaması barədə onlara bildirmişdilər ki, məhkəmədə gəlib bu barədə desinlər, amma heç kim bu barədə məhkəməyə fikir bildirməyib. İldə 2 dəfə binanın bütün blokları, mərtəbələri rənglənirdi. Heç bir binada belə bir hal olmamışdır. İddiaçı MMC-nin təsisçisi dəyişilib. Ali Məhkəmənin qərarında kənar şirkətin idarəetməni həyata keçirə bilməməsi qeyd edilib. Sakinlər idarəetməni seçərək onlara həvalə ediblər. Onlar da qərar əsasında idarəetməni həyata keçiriblər. Hər bir sakinin qərarı da var. Sonradan etiraz bildirilməməsi üçün onlar bunu ediblər. Nəsimi Rayon Məhkəməsində sakinlər üçüncü şəxs kimi cəlb olunmaqla ərizələr təqdim ediblər və idarəetməni onlar tərəfindən aparılmasını xahiş ediblər. İddia qaldıranların çoxu iddia tələbinin mahiyyətini anlamırdı,buna görə də iddia tələbindən imtina edən də var idi.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, o 10 ildir ki, orada yaşayır. Həmin ev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərancamına əsasən bir qrup Silahlı Qüvvələrdə qüsursuz xidmət göstərmiş zabitlər üçün təyin edilmiş evlərdən biridir. O ilk vaxtlarda, yəni yaşadığı dövrdə oranın təmizliyi, səliqəsi normal idi. İşçilərin münasibəti tam mənfiyə getdiyinə görə o heç bir problem olmadan 5 il pulu ödəyib. Ondan sonra daimi problemlər oldu. Onların həyətində şlaqbaun bağlanmır, yaşadığı yerdə mühafizəçilər olmasına baxmayaraq onların qapını döyüb pul istəyən narkotik aludəçiləri belə var. Bu məsələlər olduğuna görə tək o yox, bütün sakinlər dəfələrlə irad tutdu. İddiaçı da müsbət qərar vermədiyinə görə o, ödəniş ödəməyi dayandırıb. O, onlara müqaviləni dayandırmaq istədiyini deyib. Dəfələrlə şikayət etməklərinə baxmayaraq problemləri aradan qaldırmadıqları üçün onlar məhkəmədə iddia qaldırdıqda onlar da qarşılıqlı iddia qaldırdılar. İddianı tam olaraq idarəetmənin dəyişdirilməsi və müştərək cəmiyyət quraraq bu kompleksi idarə etməyi üçün qaldırıblar. Qalan 2-ci məsələ fərqli-fərqli qiymətlər olmasıdır. O, əvvəllər 30 qəpik ödəyirdi. Onları sakitləşdirmək üçün 20 nəfər zabit üçün qiyməti 20 qəpiyə saldılar. Bəzi qrup şəxslərə 15 qəpikdən, o və 20 nəfər 20 qəpikdən, qalanları isə 30 qəpikdən ödəniş edirdi. Hər kəsə münasibətdə haqq-ədalətin pozulmasına öz iradlarını bildirmişdilər. Birinci instansiya məhkəməsinə bir çox sübutlar təqdim edilib. Faktiki olaraq qarajda olan vəziyyəti, orada olan anti-sanitar əsas tutaraq qanunsuz fəaliyyət göstərən MMC-yə pul ödəməkdən imtina edib. Qanunsuz şəkildə MMC fərqli-fərqli məqsədlə pul yığır. Hansı səbəbə görə pul ödəməlidir. Bir futbol meydançası həyətdə yoxdur, şlaqbaun bağlanmır. Kim nə istəsə, onu da edir. O nəvəni çıxaranda onu qoruyur ki, top dəyməsin. İddiaçıdan hamı narazıdır. O, 2013-cü ildən o binanın 14-cü mərtəbəsində yaşayır. Orada yaşadığı müddətdən daimi sudan və liftdən istifadə edib. Zibillər daima həyətdədir. Blok 2 dəfə boyansa da, divarda ayaqqabı, təpik izləri qalır. İki-üç gün bundan əvvəl 4 saat işığı söndü və işığın sönmə səbəbini bilmir. O, 4 saat gecə saatlarında işığın düzəltməsini gözləyib. O, işığın hansı səbəbə görə söndüyünü bilmir. Yaranmış problemlərlə bağlı şirkətə dəfələrlə rəsmi qaydada yox, şifahi müraciəti olub. Onlara imkan vermirlər ki, müştərək cəmiyyəti yaradılsın. 5 il öncə də buna görə mübarizə başlayıb. İclas keçirilməyib. Heç vaxt pulun yığılma səbəbi onlara bildirilməyib. İdarəetmə saat 18:00-dan sonra orada olmur, 2 nəfər mühafizə qalır.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətinə vəsatət də əlavə ediblər. Birinci instansiya məhkəməsinə vəsatətləri heç bir əsaslandırma olmadan rədd edilmişdir. MMC-nin nizamnaməsi təqdim edilsəydi, qərarların qəbul edilib-edilməməsi, ümumiyyətlə səlahiyyətlərin nizamnamədə əks edilib-edilməməsini müəyyən etmək olardı. Müqavilənin birinci bəndində həyətin, liftlərin, blokların təmizlənməsi, binanın 24 saat içərisində mühafizə olunması, su anbarının mütəmadi təmizlənməsi və dezinfeksiyası, kanalizasiya, su, qaz sistemlərinə xidmət göstərilməsi öhdəliklərini qarşı tərəf üzərinə götürmüşdür. Bunlarla bağlı sübutların məhkəməyə təqdim edilməsini tərəf birinci instansiya məhkəməsində tələb edilmişdir. Qiyabi səsvermənin keçirilməsi bildirilib, həmin qiyabi səsvermənin keçirilməsi barəsində sənəd məhkəməyə təqdim etməli idilər. Müqavilədə 30 qəpikdən 40 qəpiyə qaldırılma məsələsi də var. Apellyasiya şikayəti ilə bağlı isə Mülki Məcəllənin tələblərinin pozulduğunu hesab edir. Çünki, iddiaçı tərəf öhdəliyi üzərinə götürübsə, 2018-2023-cü ilə qədər öhdəlikləri yerinə yetirdiyinə dair sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmənin istinad etdiyi sübutlar 2022, 2023-cü illərə aid sübutlardır. Sübutlardan biri də 29 sentyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin bağladığı müqaviləni göstərilib. Ümumiyyətlə əvvəlki tarixi göstərilmir. Əgər cavabdeh 2018-ci ildən olan öhdəliklərə istinad edilirsə, müqavilələri də təqdim etməli idi. MMC icarə müqaviləsi bağlayaraq ərazini icarəyə götürdüyünü və ora xərc çəkdiyini bildirir. İcarə müqaviləsi 13 fevral 2023-cü il tarixində bağlanıb, amma pul 2018-ci ildən tələb edilir. İlk dəfə 29 mart tarixində tərəfə pretenziya məktubu göndərilib ki, pul ödənilmədiyi təqdirdə cərimə olunacaq. Məhkəmə ümumiyyətlə əsassız şəkildə Mülki Məcəllədən heç bir istinad gətirmədən cərimənin az tutulması qərarına gəlmişdir. Burada birinci cərimənin tutulmalı olmasına baxılmalıdır, çünki müqavilədə həmin pretenziyaya cavab verilməsə, cərimə tutulmağa başlayacağı göstərilib. Qərarların da Mənzil Məcəlləsinə uyğun olmadığını hesab edir. Mənzil Məcəlləsinə əsasən səsvermənin 2 növü var: qiyabi və əyani səsvermə. Bu zaman səslərdən ibarət bülleten hazırlayırlar. Sanitar Epidemoloji Xidmətlə müqavilə 3 iyul 2023-cü ildə bağlanıb. Məhkəmə 3 iyul 2023-cü il müqaviləsi ilə 2018-ci ilin ödənişlərini tutub. İddiaçı bunu sübut etməli olduğu təqdirdə məhkəmə, ümumiyyətlə sübut etmə vəzifəsinə baxmamışdır. Sadəcə olaraq məhkəmə sübutları sadalayıb. MMC yaradılanda da Mənzil Məcəlləsi qüvvədə idi. Mənzil Məcəlləsində 1 ay ərzində oranı tərk etməli olmaları və torpağı bələdiyyəyə təhvil vermələri göstərilib. MMC-nin orada fəaliyyət göstərməsinin qanuni əsası olmaması göstərilmişdir. Ali Məhkəmənin bu işlə bağlı qərarı var. Ali Məhkəmə işi Mülki Məcəllənin 141-ci maddəsinə istinad edilmədiyinə görə ləğv etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən sübutları təqdim etməlidir, amma işdə olan sübutlarla iddia tələbinin qismən təmin edilərək 1800 manat pulun tutlması tamamilə absurddur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini məhkəmədən xahiş edir. Bu işlə bağlı deyil, amma vahid məhkəmə təcrübəsində bələdiyyələrlə bağlı mövqe var. xx.xx.2023-cü il tarixində Nəsimi Rayon Məhkəməsində işlər biləşdirilib. Bir mülki işdə Hüseynağa müəllimin hazırkı işi kimi başqa vətəndaşa qarşı olan pul tələbi idi,digər mülki işdə isə 39 iddiaçı var idi, Nəsimi Rayon Bələdiyyəsi də cavabdeh kimi cəlb edilmişdir. Həmin işlər birbiri ilə əlaqəli olduğu üçün birləşdirilib. Buna görə də hazırkı işin dayandırılması zərurəti vardır. Bir işdə İddiaçı MMC və "xxxx" MMC-nin idarəçilikdən uzaqlaşdırılması idi. Nəsimi Rayon Məhkəməsində təqdim edilən sakinlərin qərarlarından bəzilərinin heç xəbəri yoxdur, sadəcə mahiyyətini anlamadan imza çəkənlər var. X3 bildirir ki, qərardakı imza onun deyil, heç həmin zaman Bakıda olmamışdır. Əksəriyyət sakinlər imzanın onlarının olmadığını da bildirirlər.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
19. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayətinin verərək iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi, cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir: 1. 2018-ci ilin iyul ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilməmiş 1.894,28 manat əsas borcun, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0,2% miqdarına cərimə məbləğləri üzrə 3.111,22 manat cərimə məbləğinin tutulması; 2. Çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m. üçün 0,40 manat müəyyən edildiyindən, yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.
27. Məhkəmə kollegiyası 2018-ci ilin iyul ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilməmiş 1.894,28 manat əsas borcun tutulması tələbinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 iyul 2016-cı il tarixli Kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə imzalanmışdır.
28. Müqavilədən görünür ki, MMC bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kommunal xidmətləri fasiləsiz olaraq yerinə yetirməli, mənzil sahibini həmin xidmətlərlə tam təmin etməli, 4.3-cü bəndinə əsasən mənzil sahibi bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kommunal xidmətlərin haqqını bu müqavilənin 3.1-ci bəndinə uyğun olaraq vaxtında və tam olaraq MMC-yə ödəməlidir.
29. Mənzil Məcəlləsinin 137.6-cı maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər.
30. Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç.7 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sakinlərinin əksəriyyəti binanın K, J, H və G bloklarının idarəedici təşkilat tərəfindən idarə edilməsi, idarə edilmənin İddiaçı MMC-yə həvalə olunmasının lehinə səs vermişdirlər. Belə olan halda iddiaçı binanın saxlanılması üçün göstərilən kommunal xidmət haqqını tələb etməkdə haqlıdır.
31. Cavabdeh iddia tələbinə etirazının, həmçinin apellyasiya şikayətinin dəlili olaraq tərəflər arasında imzalanmış kommunal xidmətlərin göstərilməsi barədə müqavilə şərtlərinin iddiaçı tərəfindən yerinə yetirilmədiyinə istinad edərək ödəniş edilməsindən imtina etdiyini qeyd edir.
32. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, sifarişçi İddiaçı MMC ilə icraçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X6 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitu ilə MKS-4 MMC-nin balansında istismarda olan qeydiyyat nömrəli 29758, 29757, 29764, 29762, 29761, 29760 və 29759 olan 8 dost sərnişin liftinə texniki təhlükəsizlik sertifikatlarının verilməsi ərəfəsində onların texniki sənədlərinin texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğunluğunun yoxlanılaraq ekspertiza rəyinin, yerləbirləşdirmə müqavimətinin ölçülməsi protokolunun verilməsi barədə, icraçı “Sanitariya Epidemioloji Xidmətlər” MMC ilə sifarişçi İddiaçı MMC arasında “Su hövzələrinin təmizlənməsinə və dezinfeksiyasına dair” xidmət müqaviləsi imzalanmışdır. 02 mart 2020ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC və sifarişçi İddiaçı MMC arasında Liftlərə texniki xidmətin göstərilməsinə dair müqavilə bağlanmışdır. 13 fevral 2023-cü il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, icarəyəverən X5 icarəçi İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmış, icarəyə verən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 34.7 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus 17.35 kv.m hissəni icarəyə vermişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, sakinlər liftdən istifadə edir, məişət tullantıları yığılır, həmin işləri yerinə yetirən işçilərin haqqı ödənilir, bina boyanır və sair bu kimi xidmətlər göstərilir və xidmət haqqı da ödəniliməlidir.
34. Məhkəmə kollegiyası ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0,2% miqdarına cərimə məbləğləri üzrə 311 manat cərimə məbləğinin tutulması ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. İddiaçının 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m. üçün 0,40 manat müəyyən edilməsi ilə bağlı müqavilə bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə qeyd edir ki, cavabdehi iradəsinə zidd olaraq onun üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulması mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipinə uyğun deyildir.
36. Mülki Məcəllənin 324.3-cü maddəsində qeyd edilir ki, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (Maddə 324.4)
37. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsinin verilməsi üçün vəkilə çəkilən xərcin cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 16 saylı Vəkil Bürosuna 220 manat məbləğində ödəniş edilmişdir.
38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.
41. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan məbləği 5000 manatdan az olduğu üçün cavabdehin hazırki qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı MMC və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2522/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid olunsun. Qətnamədən iddiaçı rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev