Məhkəmə qərarları › İş №e-2(006)-2522/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2522/2023

09.08.2023 · Müqavilələrin bağlanması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2522/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç.7 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binası inşa edilərək sakinlərin xüsusi mülkiyyətinə və istifadəsinə verilmişdir. Həmin ünvan üzrə kommunal xidmətlərin göstərilməsi sakinlər tərəfindən İddiaçı MMC-yə həvalə edilmiş və şirkət adı çəkilən ünvanda fəaliyyət göstərdiyi gündən, sakinlərin çoxu ilə heç bir zaman problem yaşanmamış və daim göstərilən xidmətlərin dəyərləri onlar tərəfindən ödənilmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç.7 ünvanında yerləşən 454 saylı mənzil hazırki iş üzrə Cavabdeh xüsusi mülkiyyətində olmaqla onun və ailə üzvlərinin istifadəsindədir. xx.xx.2016-cı il tarixində "xxxx" MMC ilə cavabdeh arasında “Kommunal xidmətlərin göstərilməsi haqqında” Müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə müvafiq olaraq, MMC mənzil sahiblərinə kommunal xidmətlərinin göstərilməsi öhdəliyi götürmüş, mənzil sahibləri isə Müqavilə üzrə nəzərdə tutulan xidmətlərin müqabilində xidmət haqqının ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlə bağlanmış Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq, onun tərəfindən bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kommunal xidmətlərə görə mənzilin hər 1 m görə 0,20 (iyirmi qəpik) manat olmaqla, hər ay MMC-yə cəmi 32,66 (otuz iki manat altmış altı qəpik) manat ödənilməsi nəzərdə tutulsa da, həmin xidmət haqlarının ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Belə ki, bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2018-cü ilə qədər həmin ilin iyun ayınadək olan xidmət haqları üzrə ödəniş edilmiş, lakin 2018-cu ilin iyul ayından 2023-cü ilin fevral, həmçinin mart və aprel ayları üzrə heç bir ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 5.1-ci bəndinə əsasən, mənzil sahibi bu Müqavilənin 3.2-ci bəndinin tələblərini pozduqda, hər gecikdirilən gün üçün xidmət haqqının ümumi məbləğinin 0,2% miqdarında cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Kommunal xidmətlərinin göstərilməsi üzrə cavabdehin 2023-cü ilin fevral ayı üzrə MMC-yə 1.828,96 manat ödənilməmiş əsas borcu qalmışdır. Tərəflərindən cavabdehə yaranmış borcun ödənilməsi, həmçinin yeni müqavilənin bağlanması üçün dəfələrlə şifahi, sonradan isə rəsmi qaydada xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilməklə tələb edilsə də, cavabdeh göstərilən tələbləri təmin etməmişdir. Belə ki, cavabdeh göndərilmiş pretenziya məktubunu xx.xx.2023-cü il tarixində qəbul etmiş və göstərilənlərə heç bir reaksiya verməmişdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, son illər ərzində ölkədə baş vermiş qiymət artımı ilə əlaqədar olaraq, sakinlərlə bağlanmış Müqavilələr üzrə müəyyən edilmiş xidmət haqları məbləği binanın saxlanılmasına çəkilmiş xərcləri qarşılamadığından, çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m. üçün 0,40 manat müəyyən edildiyindən, yeni tariflərlə Müqavilə bağlanması zərurəti yaranmışdır. Həmin müqavilənin də bağlanması cavabdehə təklif edilsə də, cavabdeh müqavilənin bağlanmasını təmin etməmişdir. Nəticə etibarı ilə, cavabdehin 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə 1.894,28 manat əsas borcu, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0,2% cərimə məbləğləri üzrə 3.111,22 manat cərimə məbləği, ümumilikdə isə 5.005,5 manat ödənilməmiş borcu qalmışdır. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra - mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 96İ saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Göstərilənlərdən də göründüyü kimi, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç.7 ünvanında yerləşən 454 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə Cavabdeh 2018-ci ilin iyul ayndan 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilməmiş 1.894,28 (bir min səkkiz yüz doxsan dörd manat iyirmi səkkiz qəpik) manat əsas borcun, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0,2% miqdarına cərimə məbləğləri üzrə 3.111,22 (üç min bir yüz on bir manat iyirmi iki qəpik) manat cərimə məbləğinin, ümumilikdə isə 5.005,5 (beş min beş manat əlli qəpik) manat ödənilməmiş borcun tutulması, həmçinin çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m. üçün 0,40 manat müəyyən edildiyindən, yeni tariflərlə Müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Daha sonra İddiaçı MMC “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç.7 ünvanında yerləşən 454 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə Cavabdeh 2018-ci ilin iyul ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilməmiş 1.894.28 (bir min səkkiz yüz doxsan dörd manat iyirmi səkkiz qəpik) manat əsas borcun, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0.2% miqdarına cərimə məbləğləri üzrə 3.111.22 (üç min yüz on bir manat iyirmi iki qəpik) manat cərimə məbləğinin, ümumilikdə isə 5.005.5 (beş min beş manat əlli qəpik) manat ödənilməmiş borcun tutulması, həmçinin çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara miivafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən, yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqı olaraq ödənilmiş 220 manat məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "MKS-4” MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə Cavabdeh qarşı müraciət edərək. Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç.7 ünvanında yerləşən 454 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə Cavabdeh 2018-ci ilin iyul ayndan 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilməmiş 1.894.28 (bir min səkkiz yüz doxsan dörd manat iyirmi səkkiz qəpik) manat əsas borcun, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0.2% miqdarına cərimə məbləğləri üzrə 3.111,22 (üç min bir yüz on bir manat iyirmi iki qəpik) manat cərimə məbləğinin, ümumilikdə isə 5.005.5 (beş min beş manat əlli qəpik) manat ödənilməmiş borcun tutulması, həmçinin çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən, yeni tariflərlə Müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Zaur Abasovla müqavilə bağlamış və xidmət haqqı olaraq Vəkil Bürosuna 220 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi bir sıra səbəblərə görə əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddia ərizəsində Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç.7 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında kommunal xidmətlərin göstərilməsinin sakinləri tərəfindən İddiaçı MMC-yə həvalə edildiyi qeyd edilsə də, həm bu faktın doğruluğu, həm də xidmətlərin nədən ibarət olduğu və onların göstəriləməsinə görə qiymətlərin necə və nəyə əsasən müəyyən olunduğu heç bir sənəd və ya digər mötəbər mənbə ilə təsdiq edilməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəf müqavilənin 1.1-ci maddəsinə görə öz üzərinə götürdüyü öhdəliklərin, xüsusilə də həyətin, liftlərin və blokların təmizlənməsi, binanın 24 saat ərzində fasiləsiz olaraq mühafizəsi, su anbarının mütəmadı olaraq təmizlənməsi və dizinfeksiya olunması, mənzildəki enerji, kanalizasiya, su, qaz sistemlərinə xidmət göstərilməsi vəzifələrinin yerinə yetirilməsi qeyri-müəyyən olaraq qalmışdır, buna görə də iddiaçının göstərdiyini iddia etdiyi xidmətlərin həqiqətən yerinə yetirilməsi və buna görə yaranan borc və bu xidmətlərin yerinə yetirilməsi səlahiyyəti heç bir sənəd ilə öz təsdiqini tapmadığına görə Cavabdeh borc və ona görə yaranmış cərimənin ödənilməsi tələbi, eləcə də onun üzərinə yeni tariflərlə müqavilə bağlanması vəzifəsinin qoyulması mümkün deyildir. İddiaçı tərəfindən qeyd olunan ünvanda kommunal xidmətlərin göstərilməsi səlahiyyəti, bu xidmətlərə görə ödənişin məbləğinin müəyyən edilməsi forması və qaydası, onun tərəfindən cavabdehə göstərildiyini iddia etdiyi xidmətlər, bu xidmətlərin həqiqətən həyata keçirilməsi faktı, bu xidmətlərə görə yaranan borc məbləği heç bir mötəbər sübut ilə təsdiq olunmamış, bundan əlavə iddiaçı səlahiyyəti olmamasına baxmayaraq cavabdehdən yeni tariflərlə müqaviləsi bağlanmasını tələb etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, iddiaçı tərəfin nə vaxta kimi gördüyü işlər qənaətbəxş olsa, o zaman onlar arasında hər hansı bir müzakirə mövzusu olacaqdır. 5 il pul ödəmişdir. Faktiki olaraq iddiaçı öz üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmir. 10 ildir ki, orada yaşayır. Binanın 2 çıxışı vardır, dəfələrlə bildiriblər ki, çıxışlar bağlansın kənar maşınlar oraya daxil ola bilməsin. Bundan başqa, mühafizə kameraları işləmir. Son olaraq, iddiaçı tərəfin öhdəlikləri yerinə yetirməməsini əsas gətirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 0138054№-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7, mənzil 454 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1610 nömrəli reyestr kitabının 147474 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 01 iyul 2016-cı il tarixdə bağlanan Kommunal Xidmətlərin göstərilməsi haqqında Müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən mənzil sahibi bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kommunal xidmətlər üçün mənzilin hər 1 kv.m-ə görə hər ay 0.20 manat olmaqla cəmi 32,66 manat miqdarında haqq ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən MMC bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kommunal xidmətləri fasiləsiz olaraq yerinə yetirməli, mənzil sahibini həmin xidmətlərlə tam təmin etməli, 4.3-cü bəndinə əsasən mənzil sahibi bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kommunal xidmətlərin haqqını bu müqavilənin 3.1-ci bəndinə uyğun olaraq vaxtında və tam olaraq MMC-yə ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mənzil sahibi bu müqavilənin 3.3-cü bəndinin tələblərini pozduqda, hər gecikdirilən gün üçün xidmət haqqının ümumi məbləğinin 0.2% miqdarında cərimə ödəyəcəkdir. Mülki işin materiallarında olan 01 fevral 2023-cü il tarixli, 02№-li Əmrin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov 7 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının saxlanılması üçün sakinlər tərəfindən yeni qiymətlərin müəyyən edilməsi ilə bağlı qəbul edilmiş 01 fevral 2023-cü il tarixli qərarı nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov 7 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsi, ümumi əmlakının saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə, eləcə də kommunal xidmətlərə görə aylıq haqqın, köçürülmə yolu ilə mənzil əldə etmiş mülkiyyətçilər ümün hər 1 kv.m mənzil sahəsinə görə 0.25 manat, digər mənzil mülkiyyətçiləri üçün hər 1 kv.m mənzil sahəsinə görə 0.40 manat miqdarında müəyyən edilmişdir. Mülki işin materiallarında olan 2023-cü ilin yanvar-fevral aylarına aid qərarların surətlərindən görünür ki, çoxmənzilli binada yerləşən mənzil mülkiyyətçiləri binanın İddiaçı MMC tərəfindən idarə edilməsi və hər 1 kv.m mənzil sahəsinə görə 0.40 manat kommunal xidmətlərə görə aylıq haqqın müəyyən edilməsinin lehinə səs vermişlər. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 29 mart 2023-cü il tarixli, 26№-li pretenziya məktubundan görünür ki, cavabdeh borcunun olması barədə qabaqcadan xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xəbərnamənin surətindən görünür ki, cavabdehin gəlini tərəfindən 11 aprel 2023-cü il tarixdə qəbul edilmişdir. Mülki işin materiallarında olan mədaxil qəbzlərinin surətlərindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən iddia qaldırılması üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən verilən çıxarışın və Hüquqi yardımın göstərilməsi haqqında 335№-li müqavilənin surətlərindən görünür ki, iddiaçı tərəfindən 220 (iki yüz iyirmi) manat məbləğində vəkil xərci ödənilmişdir. Mülki işin materiallarında olan 02 mart 2020-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC və sifarişçi İddiaçı MMC arasında Liftlərə texniki xidmətin göstərilməsinə dair müqavilə bağlanmışdır. Mülki işin materiallarında olan 29 sentyabr 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, sifarişçi İddiaçı MMC ilə icraçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X6 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası X1 rəhbər tutularaq, müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MKS-4 MMC-nin balansında istismarda olan qeydiyyat nömrəli 29758, 29757, 29764, 29762, 29761, 29760 və 29759 olan 8 dost sərnişin liftinə texniki təhlükəsizlik sertifikatlarının verilməsi ərəfəsində onların texniki sənədlərinin texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğunluğunun yoxlanılaraq ekspertiza rəyinin, yerləbirləşdirmə müqavimətinin ölçülməsi protokolunun verilməsini, sifarişçi isə göstəriləcək xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 13 fevral 2023-cü il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, icarəyəverən X5 icarəçi İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmış, icarəyə verən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 34.7 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus 17.35 kv.m hissəni icarəyə vermişdir. Mülki işin materiallarında olan 03 iyul 2023-cü il tarixli, SH 009№-li müqavilədən görünür ki, icraçı "xxxx" MMC ilə sifarişçi İddiaçı MMC arasında “Su hövzələrinin təmizlənməsinə və dezinfeksiyasına dair” xidmət müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 və 135.2-ci maddələrinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; mənzil tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan . 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 iyul 2016-cı il tarixdə “Kommunal xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında mənzil sahibi tərəfindən kommunal xidmət üçün hər 1 kv.m üçün hər ay 0.20 manat olmaqla, cəmi 32.66 manat miqdarında haqq ödəmək vəzifəsi nəzərdə tutulmuşdur. Sonradan 01 fevral 2023-cü il tarixli, 02№-li Əmrlə kommunal xidmət haqqı artırılaraq 0.40 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənilməyən kommunal xidmət haqqının ödənilməsini tələb edir, cavabdeh isə iddiaçı tərəfindən üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ödənişləri ödəmədiyini bildirir. Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı göstərilən xidmətlərin haqqını tələb etməkdə haqlı olmuşdur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar. Hazırki işin hallarından görünür ki, mübahisəli binanın sakinləri tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmamışdır və bina idarəedici təşkilat qismində iddiaçı tərəfindən idarə olunur. İdarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəməlidirlər. Göründüyü kimi cavabdeh tərəfindən çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmış, lakin sonradan iddiaçı tərəfindən binanın lazımi şəkildə saxlanılmamasını iddia edərək ödənişləri həyata keçirməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin etiraz olaraq bildirdiyi hallar faktiki olaraq istifadə etdiyi xidmətlərin haqqının ödənilməməsinə əsas verən hal deyildir. Cavabdeh 2018-ci ilə qədər kommunal ödənişləri etmiş, bundan sonra isə göstərilən xidmətlərdən istifadə etməsinə baxmayaraq ödənişlərin edilməsini dayandırmışdır. MMC-nin 01 fevral 2023-cü il tarixli Əmrindən görünür ki, kommunal xidmətlərin haqqının 0,20 qəpikdən 0,40 qəpiyə artırılması təsdiq edilmişdir. Odur ki, bir halda ki, iddiaçı tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır, belə olan halda həmin xidmətlərin haqqını ödəməlidir. Cavabdehin etiraz kimi bildirdikləri hallar onun yararlandığı xidmətlərin haqqını ödəməkdən imtinasına əsas verən hal deyildir və haqlı tələbin rədd edilməsinə əsas vermir. Belə ki, cavabdeh iddiaçı tərəfin öz üzərinə götürdüyü öhdəlikləri, xüsusilə də həyətin, liftlərin və blokların təmizlənməsi, binanın 24 saat ərzində fasiləsiz olaraq mühafizəsi, su anbarının mütəmadi olaraq təmizlənməsi və dizinfeksiya olunması, mənzildəki enerji, kanalizasiya, su, qaz sistemlərinə xidmət göstərilməsi vəzifələrinin yerinə yetirilməsinin qeyri-müəyyən olaraq qalmasını, iddiaçının göstərdiyini iddia etdiyi xidmətlərin həqiqətən yerinə yetirilməsini və buna görə yaranan borc və bu xidmətlərin yerinə yetirilməsi səlahiyyətinin heç bir sənəd ilə öz təsdiqini tapmadığını əsas gətirərək kommunal ödənişləri həyata keçirməmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilələrlə müəyyən olundu ki, MMC ilə bir neçə icraçı arasında su hövzələrinin təmizlənməsinə və dezinfeksiyası, liftlərə texniki xidmət göstərilməsi və s. müqavilələr bağlanmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının idarəçiliyindən narazı olan cavabdeh və digər sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (MMMC) təsis edərək, binanın saxlanılmasını həmin cəmiyyət vasitəsilə həyata keçirməklə iddiaçını idarəçilikdən kənarlaşdıra bilərlər. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi ödənilməyən kommunal ödənişlərin əvəzi kimi 1.894.28 (bir min səkkiz yüz doxsan dörd manat iyirmi səkkiz qəpik) manat əsas borcun cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə İddiaçı MMC-nin iddia tələbinin Cavabdeh 3.111 manat 22 qəpik məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 311 manat məbləğində müəyyən edir. Məhkəmə iddia tələbinin “çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən, yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, Mənzil Məcəlləsində qeyd edildiyi kimi fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Göründüyü kimi qanunvericilikdə bununla bağlı tərəfin üzərinə müqavilənin bağlanıb-bağlanmamasından asılı olmayaraq öhdəlik qoyulmuşdur və hazırda məcburi şəkildə cavabdehi müqavilə bağlamağa məcbur etmək qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “220 (iki yüz iyirmi) manat məbləğində vəkilə çəkilən xərcin cavabdehdən tutulması” tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 220 (iki yüz iyirmi) manat məbləğində vəkil xərci ödənilmişdir. Odur ki, iddiaçının həmin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən 454 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə Cavabdeh 2018-ci ilin iyul ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilməmiş 1.894,28 (min səkkiz yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat əsas borc, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0.2% miqdarında cərimə məbləği üzrə 311 (üç yüz on bir) manat cərimə məbləği, ümumilikdə 2.205,28 (iki min iki yüz beş manat, iyirmi səkkiz qəpik) manat ödənilməmiş borc, həmçinin iş üzrə ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu və 220 (iki yüz iyirmi) manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən 454 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə Cavabdeh 2018-ci ilin iyul ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilməmiş 1.894,28 (min səkkiz yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat əsas borc, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0.2% miqdarında cərimə məbləği üzrə 311 (üç yüz on bir) manat cərimə məbləği, ümumilikdə 2.205,28 (iki min iki yüz beş manat, iyirmi səkkiz qəpik) manat ödənilməmiş borc, həmçinin iş üzrə ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu və 220 (iki yüz iyirmi) manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar