Məhkəmə qərarları › İş №2(103)-6393/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6393/2020

02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6393/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Məmmədov Məmməd Allahverdi oğlu ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuza vurulmuş ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7401/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuza vurulmuş ziyanın və mənəvi zərərin ödənilməsi”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunun, şərəf və ləyaqətinin alçaldılmasına görə KİV vasitəsi ilə üzr istəməsi, həmin məlumatların həqiqətə uyğun olmayan məlumat olmasının bəyan edilməsi, belə məlumatların cavabdeh tərəfindən yayılmasının qadağan olunması öhdəliyinin cavabdehə həvalə edilməsi və cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 50.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İran İslan Respublikasının vətəndaşı olmaqla, qanuni əsaslarla Azərbaycan Respublikasında yaşayır və həkimcərrah kimi fəaliyyət göstərir. Fəaliyyəti dövründə müxtəlif tibb müəssisələrində cərrah kimi fəaliyyət göstərmişdir. Fəaliyyəti ilə bağlı öz peşəsi üzrə illərdir gərgin əmək sərf etmiş, peşəkar cərrah həkim kimi tanınmış və nüfuz qazanmışdır. Lakin bir müddət öncə onun cərrahiyyə etdiyi şəxslərdən olan - mərhum həkim həmkarı X7 əməliyyatdan sonra vəfat etmiş və onun ölüm səbəbi iddiaçının apardığı cərrahiyyə əməliyyatı ilə bağlı olmamış, həmçinin mərhum X4 ölümü iddiaçının hər hansı tibbi səhvi səbəbindən baş verməmişdir, iddiaçının ümumiyyətlə bu məsələ ilə bağlı heç bir təqsiri olmamışdır. Belə ki, onun barəsində nə mərhum X7, nə də ki başqa bir şəxsin ölüm faktı ilə bağlı hər hansı cinayət işi başlanılmamış və hər hansı bir cinayət məsuliyyətinə cəlb edilməmişdir. Lakin bunlara baxmayaraq cavabdeh-Cavabdeh cəmiyyətə özünü mərhum Sona Gürgünün həyat yoldaşının səlahiyyətli nümayəndəsi və “vəkili” “ictimai vəkili” kimi təqdim edərək, həm özünün sosial “Fase book” hesabında, həm də müxtəlif media səhifələrində “musavat.com”, “dia.az” “korrupsiya.org”, “azadqadinform.az”, saytlarında qanunsuz və əsassız olaraq iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən informasiyalar yaymışdır. Həmin KİV vasitələrində çıxışlarında iddiaçını saxtakarlıqda və insan ölümündə günahlandırmış, cərrah deyil, texnik olduğunu bildirmişdir. Bundan başqa cavabdeh özünü Fase book “Cavabdeh” hesabından da qeyd edilən məqalələri paylaşaraq, həmin fikirləri daha da şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza ləkə gətirən sözlərlə, video çarxlarla, fotolarla paylaşmış, iddiaçını mərhum X3 ölümündə təqsirkar adlandırmış, mərhumun əməliyyatının aparılmasına əks göstərişlər olduğu halda iddiaçını cərrahi müdaxilə etməkdə, səhlənkarlıqda ittiham etmişdir. Yuxarıda qeyd edilən məzmunlardan göründüyü kimi cavabdeh əsassız olaraq iddiaçını peşə fəaliyyəti ilə bağlı, xüsusi ilə onun peşə yararlılığına xələl gətirən informasiyalar yaymaqla, iddiaçını həkim-cərrah deyil, diş texniki olmasını, uğursuz əməliyyatların həkimi, saxtakarlıqla məşğul olmasını, həmçinin pasiyentlərini öldürən şəxs adlandırmaqla, həm də onu cinayət əməllərində ittiham etmişdir. Lakin iddiaçı bu günə qədər cinayət məsuliyyəti daşıyan hər hansı əməli törətməmişdir və bununla bağlı barəsində hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyil. Bundan başqa, cavabdeh heç bir subyektiv hüququ olmadığı halda özünü qanunsuz olaraq cəmiyyətdə və KİV-də “vəkil”, həmçinin “ictimai vəkil” və mərhum X3 ailəsinin vəkili, nümayəndəsi kimi təqdim elmiş, səlahiyyəti olmadığı halda iddiaçını çalışdığı tibb müəssisəsinə-“X8” ya mənəvi zərərin ödənilməsinə dair təklif göndərmiş, həmin təklifdə iddiaçının işəgötürəninə yazılı olaraq, iddiaçının uğursuz liposaksiya əməliyyatı etdiyini, bu əməliyyat nəticəsində X2 vəfat etdiyini qeyd etmiş və 225.000 (iki yüz iyirmi beş min) manat tələb etmiş, əks halda məbləğ ödənilməsindən imtina verildiyi halda mətbuat orqanlarına davamlı olaraq gündəmdə saxlanılmaqla məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7401/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, “Musavat.com”, “sonxeber.az”, “dia.az”, “korrupsiya.org”, “azinforum.az” saytlarında və facebook sosial şəbəkəsində cavabdehin öz hesabında “Azərbaycanda ölüm əməliyyatlarını gerçəkləşdirən Qoçqaninin diplomu və sertifikasiyası saxtalaşdırılır”, “Ölüm əməliyyatlarını icra edən Qoçqanidən mübhəm etiraf”, “Vəkil məşhur cərrah Sirus Qoçqani ilə bağlı şok faktları açıqladı”, “2 nəfərin ölümünə səbəb olan cərrahla bağlı yeni gəlişmə”, Həkimin ölümünə səbəb olan estetik cərrahla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək”, “X5 ölüm işinin sensasion təfərrüatları” başlıqlı İddiaçı barəsində yazılan məlumatlar əsassız, İddiaçı şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməsi və “musavat.com”, “sonxeber.az”, “dia.az”, “korrupsiya.org”, “azinforum.az” saytlarında və facebook sosial şəbəkəsində cavabdehin öz hesabında hazırkı qətnamə qanuni qüvvəyə minərək icraya yönəldiyi tarixdən sonra İddiaçı şəkli altında həmin məlumatların həqiqətə uyğun olmaması barədə təkzib verilməsi vəzifəsinin (“Təkzib” başlığı altında, başlığı və mətni təkzib edilən məlumatın dərc edildiyi şriftlə) Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş edən cavabdeh şikayətini belə əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iddiaçı Sirus Qoçqani peşə fəaliyyətinə həkim plastik-estetik cərrah) görə kifayət qədər tənqidə və hətta təhqirə məruz qalmış ictimai şəxsdir. Onun peşə fəaliyyəti insan orqanizminə tibbi müdaxilə ilə bağlı olduğundan ictimai əhəmiyyət kəsb edəndir. Yaxın zamana qədər onun haqqında peşə fəaliyyətində yol verdiyi kobud pozuntulara görə mətbuatda kifayət qədər tənqidi-iddia xarakterli yazılar dərc edilmiş, lakin onun tərəfindən bu yazıların heç birinə təkzib verilməmişdir. Xüsusi olaraq onu qeyd edim ki, dərc edilmiş həmin mətbu yazıların birində Sirus Qoçqani ildə azı bir neçə şəxsin ölümündə belə ittiham edilir. Bu da onun işgüzar nüfuzu ilə bağlı ciddi problemlər yaşadığını təsdiq edir. Hazırkı iş üzrə isə cavabdeh olan Cavabdeh təşəbbüsü ilə Sirus Qoçqani haqqında paylaşılan və dərc edilən məlumatlarının tərkib hissəsində işgüzar nüfuza xələl gətirəcək heç bir ifadə işlədilməmiş, dərc edilən yazılarda müdafiə edilən fikirlərimin hamsı müəyyən mənbələrə və araşdırmaya söykənmişdir. KİV orqanlarında dərc edilən hər bir məlumat xarakterli yazı əsas etibarı ilə Sirus Qoçqaninin müvafiq hərəkət və hərəkətsizliyinə əsaslanmış, bu baxımdan az da olsa belə qərəzə və təhrifə yol verilməmişdir. Belə olan halda da əvvəllər dəfələrlə təhqirlərə və ağır tənqidlərə məruz qalan Sirus Qoçqaninin "işgüzar nüfuzuna" nə kimi zərərin vurulması sual doğurur. Buradan belə qənaətə gəlmək olur ki, müvafiq mənbələrə, fərdi araşdırmaya və Sirus Qoçqaninin özünün iş üzrə qoyulan suallara verdiyi cavablarına istinadən mətbuatda və "facebook" sosial şəbəkəsində dərc edilən yazıların heç bir təhqir və böhtan ifadə etməməsinə baxmayaraq, Xətai rayon məhkəməsi tərəfindən qərəzli olaraq Sirus Qoçqaninin "işgüzar nüfuzunun" ləkələnməsi kimi qiymətləndirilmiş, yayılan məlumatların doğurdan da şəxsin işgüzar nüfuzunu ləkələyə bilən olub-olmaması xarakteri qəsdlə müəyyənləşdirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə iddiaçı barədə bir neçə soğu göndərmiş, lakin sorğulara cavab birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra gəlmişdir. Həmin sorğuya verilən cavabdan da görünür ki, iddiaçı Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasından keçməmişdir. Göründüyü kimi dövlət orqanı tərəfindən verilmiş rəsmi məlumata əsasən iddiaçının Azərbaycan Respublikasında həkim-cərrah kimi fəaliyyət göstərməsi qanunsuzdur. Eyni zamanda “sputnik.az” saytında dərc edilmiş məqaladə qeyd olunmuşdur ki, Sputnikin Azərbaycan Təhsil Nazirliyinə verdiyi sorğuya cavab olaraq bildirilib ki, Qoçqaninin tibbi təhsili olsa da, cərrah ixtisasına yiyələnməyib. Yəni iddiaçının cərrah olmaması internet saytlarında yayımlanmış və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmasına dair hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə iddianın qismən təmin edilməsi məzmununda olan qətnamənin ləğvini istəmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası bu kontekstdə şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,apellyasiya şikayəti təmin olunmalı, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv edilməklə iddia həmin hissədə də təmin edilməməlidir. İş materiallarından görünür ki, Cavabdeh cəmiyyətə özünü mərhum Sona Gürgünün həyat yoldaşının səlahiyyətli nümayəndəsi və “vəkili”, “ictimai vəkili” kimi təqdim edərək, həm özünün sosial “Facebook” hesabında, həm də müxtəlif media səhifələrində “musavat.com”, “dia.az” “korrupsiya.org”, “azadqadinform.az” saytlarında iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən informasiyalar yaymışdır. Həmin KİV vasitələrində çıxışlarında iddiaçını saxtakarlıqda və insan ölümündə günahlandıraraq cərrah deyil, texnik olduğunu bildirmişdir. İddiaçı cavabdehin hərəkətlərinin onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinə istinad edərək məhkəməyə hazırkı iddia ilə müraciət edərək ona dəyən mənəvi ziyanı, şərəf və ləyaqətinin alçaldılmasına görə KİV vasitəsi ilə üzr istəməsini və məlumatların həqiqətə uyğun olmayan məlumat olmasının bəyan edilərək belə məlumatların cavabdeh tərəfindən yayılmasının ona qadağan olunması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh xəbər saytlarına verdiyi müsahibələrdə istinad etdiyi halların doğruluğuna dair hər hansı sübutları məhkəmə iclasına təqdim etməmiş bununla da məlumatların həqiqət olmasını sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, hər-hansı bir şəxsə qarşı irəli sürülmüş iddianın təmin edilə bilməsi üçün onun qanun pozuntusuna yol verdiyi kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilən sübutlarla təsdiq olunmalı, daha sonra qeyd olunan əməlin qanunun dispozisiyasında göstərilən şərtləri pozub-pozmaması aydınlaşdırılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya hesab edir ki, iddiaçı, cavabdehin işgüzar nüfuzunu ləkələyən məlumatlar yayması barədə iddiasını biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, onun iddia ərizəsində irəli sürdükləri formal mülahizə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Mülki Məcəllənin 23.1-23.3-cü maddələrinə görə isə, fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar X1 yayılmışdırsa, həmin X1 də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. X1 hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin X1 öz cavabının dərc edilməsi hüququ vardır. Bununla belə kollegiya hesab edir ki, cavabdehin “musavat.com”, “sonxeber.az”, “dia.az”, “korrupsiya.org”, “azinforum.az” saytlarında və facebook sosial şəbəkəsində dərc olunmuş məqalədə iddiaçının özü barəsində yer alan ifadələri cavabdehin mülahizə sərbəstliyinin (fikrini ifadə etmək azadlığının) həddini aşdığı mənasına gəlmir. Belə ki, məqalələrin ümumi konteksti nəzərə alındığında, cavabdehin bu məlumatı rəy (fikir) olaraq deyil, fakt kimi irəli sürdüyü aydın olur – hansı ki, rəylər fərdlərin hadisə və ya situasiyalarla bağlı nöqteyi-nəzərlərindən və ya onların verdikləri şəxsi qiymətlərdən ibarət olduğu halda, faktın doğruluğunu sübut etmək vəzifəsi onu iddia edənin üzərinə düşür. Bu mənada kollegiya qeyd edir ki, cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi onun sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərfindən göndərilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Tibb kadrların vahid registrindən əldə olunan məluma görə İran İslam Respublikasının Behişti adına Tibb Elmləri, Sanitar və Müalicə Xİdmətləri Universitetinin məzunu Sirouse Ghuchkhani Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasından keçməmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş “sputnik.az” saytında dərc edilmiş məqaladə qeyd olunmuşdur ki, Sputnikin Azərbaycan Təhsil Nazirliyinə verdiyi sorğuya cavab olaraq bildirilib ki, Qoçqaninin tibbi təhsili olsa da, cərrah ixtisasına yiyələnməyib: “Sorğunuza cavab olaraq bildiririk ki, istifadə rahatlığı məqsədilə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası” istifadəyə verilmişdir. Həmin məlumat bazasında xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri, o cümlədən Ghouchkani Sirouse barədə əldə etmək mümkündür. İddiaçı İran İslam Respublikasında Behişti adına Tibb Elmləri, Sanitar və Müalicə Xİdmətləri Univrsitetində müəlicə işi ixtisasında mütəxəssis təhsil səviyyəsinə yiyələnib. Göründüyü kimi cavabdehin məqalədə qeyd etdiyi hallar, müxtəlif X1 dərc edilmiş, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən sorğulara cavablarda Sirouse Ghuchkhani Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasından keçmədiyi, Qoçqaninin tibbi təhsili olsa da, cərrah ixtisasına yiyələnmədiyi, onun müalicə işi ixtisasında mütəxəssis təhsil səviyyəsinə yiyələndiyi qeyd edilmişdir. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində dərc edilmiş məlumatlar ictimaiyyətə açıq KİV-lərdə həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin məlumat bazasında öz əksini tapmışdır. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən dərc olunmuş həmin məlumatların iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla iddianın təmin olunan hissəsində qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7401/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Musavat.com”, “sonxeber.az”, “dia.az”, “korrupsiya.org”, “azinforum.az” saytlarında və facebook sosial şəbəkəsində cavabdehin öz hesabında “Azərbaycanda ölüm əməliyyatlarını gerçəkləşdirən Qoçqaninin diplomu və sertifikasiyası saxtalaşdırılır”, “Ölüm əməliyyatlarını icra edən Qoçqanidən mübhəm etiraf”, “Vəkil məşhur cərrah Sirus Qoçqani ilə bağlı şok faktları açıqladı”, “2 nəfərin ölümünə səbəb olan cərrahla bağlı yeni gəlişmə”, Həkimin ölümünə səbəb olan estetik cərrahla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək”, “X5 ölüm işinin sensasion təfərrüatları” başlıqlı İddiaçı barəsində yazılan məlumatlar əsassız, İddiaçı şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməsi və “musavat.com”, “sonxeber.az”, “dia.az”, “korrupsiya.org”, “azinforum.az” saytlarında və facebook sosial şəbəkəsində cavabdehin öz hesabında hazırkı qətnamə qanuni qüvvəyə minərək icraya yönəldiyi tarixdən sonra İddiaçı şəkli altında həmin məlumatların həqiqətə uyğun olmaması barədə təkzib verilməsi vəzifəsinin (“Təkzib” başlığı altında, başlığı və mətni təkzib edilən məlumatın dərc edildiyi şriftlə) Cavabdeh üzərinə qoyulması” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar