Məhkəmə qərarları › İş №2(103)-6393/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6393/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6393/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Klinikası “Lazer bar by Kepro” gözəllik salonunun sahibi Cavabdeh1 və "Kepro Lazer” Klinikası "Lazer bar by Kepro” gözəllik salonunun lazeroloqu Cavabdeh2 qarşı “sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vicdansızcasına əsassız iddia verildiyi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-639/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 Klinikası “Lazer bar by Kepro” gözəllik salonunun sahibi Cavabdeh1 və "Kepro Lazer” Klinikası "Lazer bar by Kepro” gözəllik salonunun lazeroloqu Cavabdeh2 qarşı “sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, sağlamlığına dəymiş maddi zərərin əvəzi olaraq 700 manatın və mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun, vəkilə ödənilmiş 993 manat pulun və eləcə də dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ümumilikdə 11723 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.08.2019-cu il tarixdə saat təxminən 13- 14 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin yaxınlığındakı "X8” adlı məşhur mərkəzdə bütün bədənini epilyasiya etdirmək üçün müracət etmişdir. Həmin lazer proseduru üçün 50 manat pul ödəmişdir. Salonun əməkdaşı olan əvvəllər tanımadığı Arzu adlı lazeroloqa ayağını lazer etdirdikdən sonra, lazer aparatı ilə sağ qol nahiyəsinə keçən zamanı lazerin şüası sağ gözünə düşmüşdür. Həmin vaxt gözündə qəribə işıq (işartı) olduğundan Arzu xanıma bildirdikdə, narahat olmamağını, keçib gedəcəyini bildirmişdir. Bundan sonra o, eynək istəmişdir. Qadın "oy, gərək eynəyi əvvəldən verərdim” deyərək qorxmuş halda dərhal şkafın üstündəki eynəyi taxmağı üçün vermişdir. Eynəyi gözünə taxdıqdan sonra epilyasiya prosedurunu davam etdirmişdir. Həmin salon tərəfindən lazer prosedurundan qabaq və ya sonra heç bir təhlükəsizlik təlimatlandırılması olmamışdır. Yalnız lazer edilərkən dəri xəstəliklərinin, allergiyanın olub-olmaması tipli suallar olan anket verilmiş, anketi ona imzalatdırmışdılar. Evə gəldikdən sonra lazer şüasının zərbəsindən gözündə ağ, parlayan ləkə yarandığından yatdıqdan sonra keçəcəyi barədə düşünərək hər hansı bir tibb müəsisəsinə müracət etməmiş, lakin 2 gün keçsə də, o ləkə azalmamış və görməsinə mane olmuşdur. Məcbur olub 03.08.2019-cu il tarixdə Respublika Diaqnostika Mərkəzinə müracət etmişdir. Orda oftalmoloq tərəfindən ona şüa yanığı, ödem diaqnozu qoyulmuşdur. Ambulator qaydada müayinə və müalicə olunduqdan sonra evə getmişdir. 04.08.2019-cu il tarixdə yenidən lazer olunan klinikaya gələrək aldığı xəsarətə görə müayinə və müalicəyə görə ödədiyi xərcləri (60+50 manat) Arzu xanıma göstərib tələb etmiş, o, kassadan 110 manat pul verərək onu yola salmışdır. Ev şəraitində dərmanlar qəbul etdikdən sonra vəziyyəti daha da pisləsməyə başlamışdır. Belə ki, ona göz damcısı yazılmış, lakin 3 gün sonra gözünün içində şəffaf, bulanıq dairə əmələ gəlmişdir. 10 gün gözləmiş, getdikcə görməsi zəifləmişdir. Bir səhər oyananda isə görmüşdür ki, gözünün önündə hər şey sanki axıb-gedir. Ətrafdakı əşyaları olduğu kimi görmür, hər şey sanki sıxılmış vəziyyətdə idi. O, qorxudan 14.08,2019-cu il tarixdə "xxxx" xəstəxanasına müraciət etmişdir. Klinikada göz tomoqrafiyası çəkilmiş, analizlər verilmiş və həkimlər bildirmişlər ki, vəziyyət pisdir, təcili əməliyyat olunmalıdır. Çünki görməsi 14%ə enmişdir. Əməliyyat olunan zaman ona həkimlər dəqiq zəmanət də verməmişdilər. Gözünün zədələnməsini bilən kimi ilk həkim müayinəsindən sonra H.Aslanovda yerləşən Kepro filialına gedərək, məsul şəxslərinə hər şeyi danışmışdır. Onlar isə 110 manat verib, yazılmış dərmanların xərcini ödəməklə işlərini bitmiş hesab etdilər. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vicdansızcasına əsassız iddia verildiyi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən vicdansızcasına iddia tələbi sürməsi səbəbindən 15.000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsinə verilmiş iddia tələbi tam əsassız, qanunusuz və cavabdeh olaraq onun fəaliyyətinə kölgə salmaqla bağlı olan bir hərəkətdir. Belə ki, ilkin iddiaçıya həqiqətən tərəfindən vaxtı ilə lazer epilyasiyası edilmişdir. Epilyasiya baş nahiyyəsi istisna olmaqla, bütün bədən üzərində həyata keçirilmişdir. Ancaq prosedur zamanı İddiaçı dediyi kimi hər hansı bir qüsur olmamış, onun gözünə hər hansı bir şüa nə düşmüş, nə də ki sıçramamışdır. İkinci bir tərəfdən, bilək nahiyyəsinin epilyasiyası zamanı şəxsin gözünə şüanın düşməsi tamamilə qeyri-mümkündür. Bunun üçün gərək şüa aparatı üz nahiyyəsinə yaxınlaşdırılsın və yalnız bundan sonra da hər hansı bir ehtiyatsızlıq və ya qəsd hərəkəti ilə gözə şüanın yönəldilməsi halında bu baş verə bilər. Onun özünün də qeyd etdiyi kimi, guya gözünə düşmə anı bilək hissəsinin epilyasiyası zamanı baş vermişdir. Odur ki, ilkin iddia tələbi üzrə iddiaçının irəli sürdüyü iddia əsassız və qeyrimüəyyəndir. Həmçinin ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vicdansızcasına əsassız iddia verildiyi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən vicdansızcasına iddia tələbi sürməsi səbəbindən 20000 manat məbləğində kompensasiyanın ondan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı idfdia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsinə verilmiş iddia tələbi tam əsassız, qanunusuz və cavabdeh olaraq ona aidiyyatı olmayan bir tələbdir. Ümumiyyətlə, iddia ərizəsində qeyd olunan halların ona heç bir aidiyyatı yoxdur. Çünki tərəfindən Fidan Məmmdovaya heç zaman nə epillyasiya edilmiş, nə də ki, bununla bağlı heç zaman ona müraciət etməmişdir. İkinci bir tərəfdən, iddia ərizəsində guya "Kepro Lazer" Klinikası və "Lazer bar by Kepro" gözəllik salonun sahibi odur və buna görə də məhkəməyə cavabdeh qismində cəlb edilmişdir. Ancaq həmin adları çəkilən klinika və salonun ona heç bir bağlılığı və ya adiyyatı yoxdur. Bunun üçün də iddia ərizəsinə hər hansı bir sübut əlavə edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-639/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh3 Klinikası “Lazer bar by Kepro” gözəllik salonunun lazeroloqu Cavabdeh2 qarşı “sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı xeyrinə dəymiş maddi zərərin əvəzi olaraq 700 manat məbləğində pul vəsaiti tutulması, Cavabdeh2 İddiaçı xeyrinə dəymiş mənəvi zərərin əvəzi olaraq 1.000 manat pul vəsaiti tutulması, ilkin iddia tələbi “vəkilə ödənilmiş 993 manat pulun ödənilməsi” hissəsində təmin edilməməsi, ilkin iddia tələbinin Cavabdeh1 qarşı təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vicdansızcasına əsassız iddia verildiyi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilməmələri, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 %, yəni 4.50 manat Cavabdeh2 tutularaq İddiaçı ödənilsin, qalan 85%, yəni 25.50 manat İddiaçı aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı Cavabdeh2 apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edimiş hissədə ləğv edilməsi və rədd edilməsi, qarşılıqlı iddia tələbinni isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə ilkin iddianın 700 manat hissəsində təmin edərkən ancaq öz fikrinə əsaslanmışdır. İddiaçıya vurulmuş xəsarətə görə əməliyyət olunmasına səbəbkarı o, olmamışdır. Daha doğrusu, onun gözündə həqiqətən hansısa bir xəsarət olmuşdursa, onun lazer epilyasiyası etməsinə görə olmamışdır. Bu isə konkret olaraq hər hansı bir sənədlə təsdiq olunmur. Bunun üçün onun hərəkətlərinə görə təqsirinin olması, eləcə də təqsirlə bağlı lazımi hüquqi halların olması vacibdir. Bu barədə birinci instansiya məhkəməsinin qətnaməsinin özündə belə istinad edilir Ancaq işə baxan məhkəmə işdə olan sübutlarla zərərin vurulmasının təsdiq olunduğunu qeyd etsə də, bunu konkret hansı sübutlarla və ya sübuta istinadən olması qeyd olunmur. Yalnız müayinə, əməliyyatın olunması və dərmanlardan istifadə olunmasına görə bu nəticəyə gəldiyini konkretləşdirməklə kifayətlənir. İlkin iddia tələbinin mənəvi ziyan hissəsində təmin olunması isə tamamilə əsassız olmuşdur. Çünki bununla bağlı heç bir nə faktiki, nə də ki hüquqi əsas gətirilmədən təmin olunmuşdur. Mənəvi ziyanın təmin olunması ilə bağlı iddiaçının hansı sarsıntı və ya psixoloji vəziyyətə düşməsini təsdiq edə bilən heç bir sübut məhkəməyə təqdim olummamışdır. Özü də 1.000 manat məbləğinin nəyə görə təmin olunması da əsaslandırılmamışdır. İşə baxmış məhkəmə tərəfindən verilmiş qarşılıqlı iddia ərzisinin təmin olunmaması barədə nəticəyə gələrkən hüquqi əsaslandırmalar aparmamışdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində və Cavabdeh2 qarşılıqlı iddia ərizəsinə münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh3 Klinikası və “Lazer bar by Kepro” gözəllik salonu hüquqi şəxs kimi qeydiyyata alınmamışdırlar. Cavabdeh2 və Cavabdeh1 vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən uçota alınmışdırlar. 27 mart 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh2 izahatından görünür ki, salonunda olduğu zaman təqribən 20-22 yaşlarında İddiaçı adlı vətəndaş müraciət edərək bütün bədəninin lazer epilyasiya etdirmək istəyini bildirmişdir. Bütün bədən dedikdə baş nahiyəsi istisna olmaqla epilyasiyanı nəzərdə tutur. Həmin gün İddiaçı lazer-epilyasiya xidməti apardığı zaman bütün bədəninə (baş istisna olmaqla) xidmət olunmuş və bədəni tüklərdən təmizlənmişdir. İddiaçı sol qolunun, sol əlinə yaxın olan hissəsini lazer epilyasiyası etdiyi zaman "gözümə sanki nəsə düşdü” sözlərini dedi. Bundan sonra Fidana qoruyucu eynəyi gözünə geyinməsini bildirmişdir. Həmin vaxt qoruyucu eynək Fidanın gözündə deyildi. Buna səbəb isə onun üz nahiyəsini yox, bədənini lazer-epilyasiyası etməyi olmuşdur. Lakin sol qolunu lazerlə epilyasiya edərkən onun gözünə bir zərər dəyməsi mümkün deyildir. Fidan gözünə qara-qara nöqtələr gəldiyini dedi. Həmin gün sona qədər Fidanın bədənini lazer epilyasiya eləmişdir. İşlədikcə Fidanın gözünə nəsə olub-olmadığını soruşduqda o, get-gedə gözünə görünən qara ləkələrin azaldığı bildirdi. İşi bitirdikdən sonra da gözünə görünən qara nöqtələrin azaldığını deyərək çıxıb getmişdir. Bundan iki gün sonra Fidan salona gələrək "DünyaGöz” klinikasına getdiyini, orada müayinə olunduğunu, 60 manat müayinəyə, 50 manat dərmana pul xərclədiyini deyərək əlində qəbzlər gətirmişdi. Fidan lazer edərkən gözünü yandırdığını demişdir. Fidana bunun mümkün olmadığını təkidlə bildirmişdir. Bundan sonra Fidan müalicə və dərmanlara görə 110 manat pulu çıxdığını deyərək həmin pulu tələb etmişdir. Fidana həmin pulu vermiş və o, çıxıb getmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı: Sağ gözünə lazer epilyasiyası zamanı lazer şikayəti ilə gələn xəstə İddiaçı göz müayinəsində sağ gözdə görmə 0.6, sol gözdə görmə tamdır. Olunan göz dibi müayinəsində foveyaya yaxın lazer spotunu düşündürən qabarıq bir yer göründü. Makula OCT ilə olunan tədqiqdə sağ makulada sıvı (maye) toplanması təsbit edilərək xəstəyə İntravitreal (Anti vegf) iynəsi olundu. Olunan nəzarət müayinə zamanı sıvının çəkildiyi, ancaq yara formalaşdığı göründü. Sağ göz görmə 9/10 olaraq təsbit edildi. Xəstə nəzarət müayinə altındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 tərəfindən ekspert rəylərindən görünür ki, "xxxx" klinikasında İddiaçı adına tərtib edilmiş tibbi arayışdan görünür ki, o, 14.08.2019-cu il tarixdə sağ gözünə epilyasiya prosedura zamanı lazer şüasının düşməsi, bulanıq görmə şikayətləri ilə klinikaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “makula (görmə mərkəzinin) və arxa dirəyin degenerasiyası” diaqnozu təyin edilmiş və sağ gözündə “İntravitreal Anti VEGF (altuzan)” əməliyyatı icra edilmişdir. İddiaçı məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. Epilyasiya kosmetoloji prosedurlara aid olduğundan Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydaları ilə tənzim olunmur. Aparılmış epilyasiya prosedurandan sonra İddiaçı qeyd olunan şikayətlə əlaqədar ona hər-hansı bir tibb müəssisələrində ilkin tibbi yardım göstərilməli idi. İddiaçı adına tərtib edilmiş 1287 saylı ekspert rəyinə əsasən, sağ gözdə görmə itiliyinin (Vis OD = 0,8) cüzi pozulması şüanın təsirindən törənə bilər. Bu da qərarın təsviri hissəsində göstərilən 01.08.2019-cu il tarixdə və şəraitdə, yəni lazer aparatı ilə epilyasiya edərkən edərkən lazer şüasının sağ gözünə düşməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.” Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı sağlamlığına "Lazer bar by Kepro” gözəllik salonunda işləyən lazeroloq Cavabdeh2 tərəfindən icra edilmiş lazer epilyasiyası nəticəsində zərərin vurulması, həmin zərərlə bağlı müayinə, əməliyyat olunması və dərmanlardan istifadə etməsi işdə olan sübutlarla təsdiq edilir. “Kepro Lazer" Klinikası və "Lazer bar by Kepro" gözəllik salonu hüquqi şəxs kimi qeydiyyata alınmamışdırlar, Cavabdeh2 və Cavabdeh1 vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən uçota alınmışdırlar. Lazer epilyasiyasının həyata keçirilməsi nəticəsində iddiaçını sağlamlığına Cavabdeh2 tərəfindən zərərin vurulması işdə olan sübutlarla təsdiq edildiyindən, 700 manat məbləğində dəymiş maddi zərər Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, həmin zərər nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi faktı təkzibolunmaz olduğundan iddia tələbi mənəvin zərərin tutulması hissəsində də ağlabatan məbləğdə təmin edilməlidir. Məhkəmə iddiaçının sağlamlığına dəyən zərərin xarakterini nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh2 mənəvi zərərə görə 1000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması ədalətli və ağlabatan olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Həmçinin hesab etmişdir ki, Cavabdeh1 cavabdeh İddiaçı qarşı "vicdansızcasına əsassız iddia verildiyi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbində qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə sübutlar təqdim edilmədiyindən onun qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 25 iyul 1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən bu Qanunun 31-1 maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. - 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. - 59-ci maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Kollegiya qeyd edir ki, işin mübahisəsiz hallarına görə, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi-ekspertizalarının rəyləri və cinayət işinin bağlanmasının rədd edilməsi barədə qərara əsasən, İddiaçı lazer epilyasiya xidmətləri göstərilən zaman onun göz nahiyyəsinə xəsarət yetririlmişdir. Qeyd olunan hallar iş materialları ilə və qeyd olunan qərarda olan Cavabdeh2 izahatı ilə təstiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müalicəsi ilə əlaqədar olaraq iş materiallarında olan qəbzlərə əsasən, 700 manat deyil, 628,41 manat pul vəsaiti ödəməsi müəyyən edilmişdir. İddiaçının müalicəsi ilə bağlı 110 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənildiyindən 518,41 manat Cavabdeh2 tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə, heç şübhəsiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarın 10-cu bəndində də qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Kollegiya qeyd edir ki, iş materialları ilə Cavabdeh2 hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması müəyyən edilir. Belə ki, maddi ziyanın vurulması ilə mənəzi ziyanın vurulması arasında səbəli-əlaqə mövcuddur. Belə olan halda kollegiya Cavabdeh2 İddiaçı xeyrinə 500 manat mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulmuş hüquq və mənafelərinin müdafiə edilməsini tələb etmək iddiaçının qanunla müəyyən edilmiş hüququdur. Həmin hüquqların məhdudlaşdırılmasına isə qanunvericiliklə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-639/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh2 518,41 manat məbləğində maddi ziyan və 500 manat mənəvi ziyan məbləği tutularaq, İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi, iddia tələbinin təmin edilmiş hissəsi cavabdehə münasibətdə 2.000 manat məbləği keçmədiyindən və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət vermədiyindən qətnamədən kassasiya şikayəti verə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 2017, 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-639/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi dıyişdirilsin. Cavabdeh2 518,41 manat məbləğində maddi ziyan və 500 manat mənəvi ziyan məbləği tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar