Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6394/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4372/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mülki işin materiallarında olan Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli, 6 nömrəli əmrindən çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş İddiaçı 0,025 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır.
2. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi və akta əsasən iddiaçı (istehlakçı) ilə “Azəriqaz” İB (paylayıcı) arasında bağlanan müqavilə üzrə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
3. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən yaşayış və qeyri-yaşayış sahələrinin elektrik təchizatı xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş əlavə dəyişikliklərlə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 399 və 400 nömrəli qərarları ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” və “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”na əsasən həyata keçirilir. Sözügedən qaydaların tələblərinə uyğun olaraq vətəndaş tərəfindən mülkiyyəti təsdiq edən sənədi, tikinti obyektinin (yaşayış və qeyri-yaşayış) tikintisinə icazə verilmiş müvafiq sənədini və obyektin elektrik gücünü özündə əks etdirən yük hesabatını daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “Asan Kommunal”, regionlarda isə “Asan xidmət” mərkəzlərinə müraciət edilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşın təqdim olunan gücə uyğun elektrik təchizatı Səhmdar Cəmiyyəti tərəfindən təmin edilir. Tikinti obyektləri üçün tələb olunan elektrik enerjisinin gücü təqdim edilmiş yük hesabatına uyğun müəyyən edilir. Yük hesabatı vətəndaşın müraciəti əsasında “Asan kommunal” mərkəzində “Yük hesabatının hazırlanması (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd)” xidmətində və yaxud bu işlərin həyata keçirilməsi üçün lisenziyası olan təşkilat tərəfindən tərtib edilir. Lisenziyalı təşkilat tərəfindən tərtib edilmiş yük hesabatı həmin təşkilatın lisenziyasının surəti ilə birlikdə vətəndaş tərəfindən müraciət zamanı təqdim edilməlidir. Sözügedən yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün aidiyyəti üzrə müvafiq sənədləri təqdim etməklə müraciət edilməsi tövsiyə olunmuşdur.
4. Mülki işin materiallarına həmçinin, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilən X2 fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında 12 yanvar 1995-ci il tarixli sərəncam əlavə edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 25 saylı sərəncamına əsasən iddiaçıya Abşeron rayonu, S.Əliyev adına Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisəsinin xx.xx.2000ci il tarixli, 6 nömrəli əmrindən verilmiş çıxarışa əsasən 0.025 ha torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. Həmin çıxarışa əsasən 2021-ci ilin sentyabr ayında həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsində şəhərsalma qaydalarına riayət etməklə evin inşasını başa çatdırmışdır. Evə köçdüyü gündən kommunal xətlərin çəkilməsi üçün müraciət etsə də, yalnız su xətti və qaz xətti çəkilmişdir. Həmin dövrdə işıq xətti evdən çox kənardan keçdiyi üçün işıq xəttini çəkə bilməmiş, lakin bir müddətdən sonra həmin xətt uzaqda olsa da, öz hesabına çəkdirməyini aidiyyəti orqanlara bildirmiş, lakin cavabdeh təşkilat şifahi müraciətinə məhəl qoymadığı üçün Azərişıq ASC-yə yazılı qaydada ərizə ilə müraciət etmiş, lakin onlar qanuna müvafiq olaraq həmin ərizəsinə imtina cavabı vermişlər. Cavabdeh təşkilat hər dəfə onlara işıq xəttinin çəkilməsi ilə bağlı müraciət edərkən Azərişıq ASC haqqında Azərbaycan Respublikasının Qanunda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə
13. bənd 10-1) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin hesablanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan obyektlərin işıq xəttinin şəbəkəyə qoşulmasının qadağan olunması ilə əsaslanmışdır. Aşağıda göstərilən səbəblərdən hesab edilir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının istifadəsində olan yaşadığı Sabunçu rayonu, Şuşa Ramanı qəsəbəsində yerləşən fərdi yaşayış evinə işıq xətti çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında çıxarışdan da görünür ki, həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İnşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmiş və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa, cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə elektrik enerjisi ilə təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. Cavabdehin əsaslandığı daşınmaz əmlak tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. Hesab edilir ki, bu da əsassız imtinadır. Çünki həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evinə çəkilmiş su xəttidir. Hesab edir ki, Azərişıq Səhmdar Cəmiyyətinin imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının AR Konstitusiyasında təsbit edilmiş konstitision hüquqlarını kobud surətdə pozur. Göstərilənlərə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin şəbəkəyə qoşulması, fərdi yaşayış evinin sayğacla təmin edilərək müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4372/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Ramanı qəsəbəsi, 0.025 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış ünvanı üzrə elektrik enerjisinin istehlakına dair İddiaçı ilə müqavilənin bağlanması və iddiaçının adına yeni abunə kodunun verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması (iddiaçı tərəfindən öz hesabına elektrik xətləri və digər rəsmi xərclər çəkilməklə) qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə, 25-ci maddəsinin İ hissəsinə, 127-ci maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 390.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1, 1.3, 1.4, 4.1, 7.1, 7.9, 8.14, 8.20, 8.21, 8.22-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,
81. 217.3, 217.4, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 22 dekabr 2023-cü il tarixli dəyişikliklə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa 20.4-cü maddə əlavə edilmişdir. Həmin maddənin də tələbi ondan ibarətdir ki, artıq özbaşına tikililərin elektrik şəbəkəsinə qoşulması qadağan edilmişdir. Buradan da aydın olur ki, cavabdeh hər-hansı bir qanun pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 399 və 400 nömrəli qərarları ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” və “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydasının tələblərinə uyğun olaraq, vətəndaş tərəfindən mülkiyyəti təsdiq edən sənədi, tikinti obyektinin (yaşayış və qeyri-yaşayış) tikintisinə icazə verilmiş müvafiq sənədini və obyektin elektrik gücünü özündə əks etdirən yük hesabatını daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət edilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşın təqdim etdiyi sənədlərin qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, tikinti obyektinin tələb olunan gücə uyğun elektrik təchizatı "xxxx" ASC-nin tərəfindən təmin edilir. Tikinti obyektləri üçün tələb olunan elektrik enerjisinin gücü təqdim edilmiş yük hesabatına uyğun müəyyən edilir. АR Mülki Prosessual Мəcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.1-ci və 217.3cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin məhkəmə AR MPM-in qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı Dırqan oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
15. 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:
16. 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.
17. 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqısatqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır.
18. 1.4-cü bəndinə əsasən, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır.
19. 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
20. 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
21. 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin, yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
22. 8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.
23. 8.20-ci bəndinə əsasən, yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır.
24. 8.21-ci bəndinə əsasən, elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır.
25. 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Maddi 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda cavabdeh qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4372/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır.
38. İşin halları ilə müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan iddiaçıya 0,025 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmış, iddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi ev inşa edilmiş, bugünkü dövrdə ev su, qaz xətti ilə təmin edilməsinə baxmayaraq, işıqla təchiz edilməmişdir. İddiaçı bununla bağlı cavabdehə rəsmi şəkildə müraciət etsə də, sonuncu tərəfindən imtina cavabı verilmiş, bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi evə işıq xəttini öz hesabına çəkdiyini bildirərək, cavabdehlə müqavilə bağlanması, fərdi yaşayış evinin şəbəkəyə qoşulması və sayğacla təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
39. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, 22 dekabr 2023-cü il tarixli dəyişikliklə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 20.4-cü maddənin tələbinə əsasən artıq özbaşına tikililərin elektrik şəbəkəsinə qoşulması qadağan edilmişdir.
40. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçıya müvafiq sərəncam əsasında torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Müəyyən edildiyi kimi fərdi yaşayış evi qaz, su xətti ilə təchiz edilməsinə baxmayaraq elektrik enerjisi ilə təchiz edilməmişdir. Bununla bağlı iddiaçı cavabdehə rəsmi şəkildə müraciət etsə də, sonuncu fərdi yaşayış evinə dair mülkiyyəti təsdiq edən sənəd, tikintiyə icazə verilmiş müvafiq sənəd olmadığı üçün müraciətdən imtina etmişdir.
41. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi qanunvericiliyə uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Buna dair yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır.
42. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, fərdi yaşayış evi iddiaçıya məxsus olmaqla onun elektrik enerjisi ilə təchiz edilməsini tələb etmək qanunvericiliyin tələblərinə əsasən iddiaçının hüququdur. İş materiallarından göründüyü kimi fərdi yaşayış evinə dair qazın alqı-satqısı müqaviləsi bağlanmış, həmin fərdi yaşayış evi qazla təchiz edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli evə kimi bütün elektrik xətləri özü tərəfindən çəkilərək zəruri ehtiyaclar ödənilmişdir. Belə olan halda, həmin yaşayış evi üzrə iddiaçının minimum şəraitdə yaşamaq hüququ təmin edilməklə insanın normal yaşayışı üçün vacib ehtiyaclardan sayılan elektrik enerjisinin verilməsi həyata keçirilməlidir. Həmçinin, elektrik enerjisinin müqavilə əsasında veriləcəyi təqdirdə belə cavabdehin mənafeyi pozulmamaqla əksinə enerjisinin satılması nəticəsində gəlir əldə edəcəkdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
45. AR MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
47. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Ramanı qəsəbəsi, 0.025 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış ünvanı üzrə elektrik enerjisinin istehlakına dair İddiaçı ilə müqavilə bağlanması və iddiaçının adına yeni abunə kodunun verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır (iddiaçı tərəfindən öz hesabına elektrik xətləri və digər rəsmi xərclər çəkilməklə).
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Kollegiya hesab edir ki, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4372/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.