Məhkəmə qərarları › İş №2(103)-6395/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6395/2023

17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6395/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(010)-4353/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş müddətin bərpasına dair ərizəyə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(010)-4353/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4353/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmiş, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə ərizə ilə müraciət edərək, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən məhkəmə qətnaməsi qanunvericiliyə uyğun olaraq cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Belə ki, sözügedən qətnamənin çatdırılmasını təmin edən poçt əməkdaşı qətnaməni 2011-ci il təvəllüdlü qızı X3 təqdim etmişdir. Qanunvericiliyə əsasən məhkəmə sənədləri ünvan sahibini tapa bilmədikdə həmin ünvanda yaşayan yetkinlik yaşına çatmış şəxslərə təqdim edilir. Qeyd olunan məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun göndərdiyi icra sənədinin könüllü icrası barədə qərarını qəbul etdikdən sonra bilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə baxılmamış saxlanılmışdır. Daha sonra cavabdehin nümayəndəsi (vəkili) Vəkil həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizəyə baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Daha sonra Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış prosessual müddət cavabdehə münasibətdə bərpa edilmişdir. Qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Suraxanı Rayon Məhkəməsində 2(010)-4353/2022 saylı iş icraatda olarkən məhkəmə prosesində iştirak etmişdir. Bu barədə qətnamədə onun izahatı var. Suraxanı rayon İcra şöbəsində də olmuş, icra məmuru ilə icra sənədinin icrası ilə bağlı danışıqları olmuşdur. Hətta belə cavabdeh qətnaməni alandan sonra ona aliment borcu ilə qətnamədə qeyd olunan, ona düşən ½ payı ilə əvəzləşmə etməyi, əgər razılaşmasa onu tutduracağını bildirmişdi. O, onun dedikləri ilə razılaşmadıqda cavabdeh onu xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsində (3(012)-614/2023) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə həbs etdirdi. Cavabdeh bütün bu olanlardan 7 ay keçdikdən sonra vəkili ilə birləşərək məhkəmələri aldatmaqla məşğuldurlar. Guya ki, cavabdehin heç nədən xəbəri olmamış, guya ki, 12 yaşlı qızımız məktubu almış, qətnaməni qutuya qoymuşdur. Onun 32 yaşlı qızı boşanıb 7 yaşlı oğlu ilə həmin evdə yaşayır. Vəkilin ağlı ilə qətnaməni qızların almasına dair yalan söyləyir. Cavabdeh vəkili ilə məhkəməni şahidsiz, sübutsuz teatr səhnəsinə çevirmişlər. Cavabdehin müddətin bərpasına dair ərizəsində göstərdikləri barədə heç bir mötəbər sübutu olmadığından Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ləğv edilməlidir. Cavabdeh qətnaməni alandan sonra onunla telefonla əlaqə saxlayarkən demişdi ki, “Qızına qətnaməni verib mənim üstümə göndərmisən? Sənə imkan verməyəcəyəm ki, bu evə yaxın belə düşə biləsən”. 2022-ci ilin dekabr ayından cavabdeh həyət qapısından evin qapılarına qədər açarları dəyişib. Belə olan halda o necə bilər ki, qətnaməni kim alıb və yaxud hansı qızı alıb. O, 2022-ci ilin dekabr ayından bacısı gildə Hövsan qəsəbəsində yaşayır. Hövsanla Suraxanı arasında yetərli məsafə var. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4353/2022 saylı qərardadı yetərli sübutlar olmadığından ləğv edilməlidir. Məhkəmənin 31 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 saylı, 11 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməklə, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi müddəti bərpa edərkən ona əsaslanmışdır ki, məhkəmə qətnaməsi cavabdehin yetkinlik yaşına çatmayan qızına təhvil verilmişdir. Məhkəmə hesab etmişdir ki, yetkinlik yaşına çatmaması səbəbilə cavabdehin qızından həmin qətnaməni anasına çatdırması gözlənilə bilməzdi və sənədlərin yalnız yetkinlik yaşına çatmış ailə üzvlərinə təqdim edilməsi qanunla nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxarkən obyektiv həqiqətin müəyyən edilməsi üçün tam ətraflı araşdırma aparmamışdır. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan poçt qəbzi – “xəbərnamədən” görünür ki, mübahisələndirilən qətnamə xx.xx.2023-cü il tarixdə “Rəcəbova” soyadı qeyd olunaraq imza edilib götürülmüşdür (i.v.96). Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunan poçt qəbzinə “xəbərnaməyə” hər hansı bir münasibət bildirilməmiş, imzanın kimə məxsusluğu, zərurət olduğu təqdirdə isə xüsusi bilik tələb edən müvafiq araşdırmanın aparılması zərurətini tərəflərlə müzakirə etməmişdir. Digər tərəfdən işdən görünür ki, qətnamə qəbul edilərkən cavabdeh məhkəmə iclasında iştirak etmiş və qətnamədən məlumatlı olmuşdur. Həmçinin, şikayətin dəlillərində də qeyd olunmuşdur ki, cavabdeh icra mərhələsində və icra prosesində iştirak etmişdir. Lakin birinci instansiya məhkəməsi bu hallara da münasibət bildirməmiş, cavabdehin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, hətta zərurət yarandığı halda icra işini tələb edərək baxış keçirməmiş cavabdehin icra mərhələsinə cəlb edilib-edilməməsinə diqqət yetirməmiş, bununla da məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdar olub-olmamalarını yoxlamamışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən halları araşdırmadan mübahisələndirilən nəticəyə gəlmişdir. Bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 saylı, 11 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməli və qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 saylı, 11 avqust 2023cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(010)- 4353/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh qız tərəfindən verilmiş ərizəyə, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar