Məhkəmə qərarları › İş №2(103)-6398/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6398/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6398/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla) cavabdeh Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“icra qeydinin ləğv edilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla “icra qeydinin ləğvi edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-343 saylı, xx.xx.2024-cü il tarixli və 8İ-436 saylı, xx.xx.2024-cu il tarixli ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-343 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ilə ünvan 3ndə yerləşən 0.35651 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m, yaşayış sahəsi, 427 kv.m, yardımçı sahəsi 347 kv.m, tikintialtı sahəsi 419,1 kv.m olan 16 B s ünvanında yerləşən əmlaka tutulma yönəldilmişdir, (öhdəliyi müəyyən edən 01/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 142.2922,97 manat əsas borc, 98142,17 manat faiz borcu, 2569,17 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 1523624.21 manat təşkil edir). Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-436 saylı xx.xx.2024-cü il tarixli icra qeydi ilə ünvan 3ndə yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 561,9 kv.m, yaşayış sahəsi, 199,3 kv.m, yardımçı sahəsi 362,6 kv.m, tikintialtı sahəsi 27,1 kv.m olan 16 B f ünvanlnda yerləşən əmlaka tutulma yönəldilmişdir(öhdəliyi müəyyən edən 02/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 142.2922,97 manat əsas borc, 98142,17 manat faiz borcu, 2569,17 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1523624.21 manat təşkil edir). Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-343 saylı və 8İ-436 saylı ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında icra qeydləri ilə eyni borc müqaviləsi üçün İddiaçı məxsus iki müxtəlif əmlakdan (hər birindən borcun tam tutulması üçün) tutulmanın aparılması ilə bağlı icra qeydi vermişdir. 8İ-343 saylı xx.xx.2024-cü il tarixli icra qeydi ilə 1422922.97 manat borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi 1523634.31 manat borc pul üçün tutulma İddiaçı ünvan 3ndə yerləşən 0.356561 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m olan 16B s ünvanında yerləşən əmlakına yönəldilməlidir. 8İ-436 saylı xx.xx.2024-cü il tarixli icra qeydi ilə isə eyni məbləğdə borc, yəni 1422922.97 manat borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi 1523634.31 manat borc pul üçün tutulma müvəkkili İddiaçı ünvan 3ndə yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 561.9 kv.m olan 16 saylı f ünvanında yerləşən əmlakına yönəldilməlidir. Qeyri-qanuni olaraq çıxarılan bu iki icra qeydi nəticəsində İddiaçı, cəmi tutulmalı olan 1523634.31 manat borc məbləği əvəzinə 3047268.62 manat pul tutulmaq üçün icra qeydi çıxarılmışdır. Bu halda isə İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən mülkiyyət hüquqları açıq şəkildə pozulmuş olur. Odur ki, Bakı şəhəri 17 saylı notariat ofisinin işə laqeyd yanaşması nəticəsində eyni borc üzrə iki müxtəlif icra qeydi ilə iki müxtəlif əmlaka tutulma etməsi şəxsin mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Bu qərardan da görünür ki, "xxxx"icra qeydi üçün müraciət edərkən, qanunverciliyin tələblərinə əməl etmədən müraciət etmişdir. Belə ki, vəkil olaraq o, 17 Saylı Dövlət Notariat Kontoruna müraciət edərək, ofisi 8İ-343 saylı və 8İ- 436 saylı icra qeydlərinin verilməsinə əsas olmuş sənədləri əldə etsə də, ipoteka müqavilələrini ümumiyyəti oxumaq mümkün olmamış, borcun yaranması ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Eyni zamanda borcluya bildiriş göndərilmiş, lakin qəbzinə tanımadılar qeydi ilə çatdırmamışlar. Hansı tərəf uzun illərdir ki, həmin ünvanda yaşayır, ətraf qonşular hamı onu tanıyır, poçt idarələri bütün məktubları asanlıqla çatdırır. Hətta icra qeydindən sonra belə onlarla məktub həmin ünvana vaxtı vaxtında çatdırılmışdır. Bir məqamı da qeyd etmək istəyir ki, icra qeydinin verilməsi barədə ərizə sistemə xx.xx.2023-cü il tarixdə saat 00:00-da göndərilmişdir. Lakin borcluya göndərilmiş qəbzdən də asanlıqla görünür ki, həmin zərf kuriyerə xx.xx.2023-cü il tarixdə, saat 11:40 təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə isə kuriyer tanımadılar qeydi ilə qaytarmışdır. Belə olan halda necə icra qeydi xx.xx.2023-cü il tarixdə qanunun tələblərinə əməl olunmaqla göndərilmiş sayılır və icra qeydi verilir? Notariat icra qeydi haqqında ərizə ilə etibarnamə əsasında X8 müraciət etmişdir. Etibarnaməsi əlavə edilmişdir. Lakin həmin etibarnamədə X3 Mediasiya təşkilarlarında və məhkəmələrdə olan səlahiyyətləri qeyd olunsa da, notariat icra qeydi haqqında ərizə ilə müraciət edə bilməsi barədə müvafiq qeyd-bənd nəzərdə tutulmamışdır.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76; "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161; "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1, 36.2, 36.3, 36.4, 37.1, 38.1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”-na istinadən qeyd edilmişdir ki, Mülki işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə predmenti olan icra qeydləri xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə borclunun yaşadığı yer üzrə notariat kontoru tərəfindən verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək sözügedən icra qeyidlərinin verilməsi zamanı bank tərəfindən borclu qanunla nəzərdə tutulmuş müddət ərzində, yəni 20 gün əvvəldən məlumatlandırılmadığını bildirsə də, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş icra qeydinə dair sənədlərdən məlum olur ki, ipoteka qoyanı, yəni hazırki mükli iş üzrə iddiaçı olan İddiaçı rəsmi qeydiyyat ünvanı üzrə ilk icra qeydinin verilməsində 30 gün əvvəl yəni xx.xx.2023-cü il tarixdə "AzərExpress” vasitəsi ilə məlumatlandırmış, lakin ipoteka qoyanın ünvanına göndərilmiş bildiriş "Tanımadılar” qeydi ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədərki icra qeydinə dair bildiriş ipoteka qoyanın xx.xx.2023-cü il tarixdə rəsmi ünvanına göndərilmişdir və həmin ünvandan bildiriş "tanımadılar” qeydi ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdı, ipoteka qoyana bildiriş çatdırılmış hesab edilməlidir. Bundan sonra məhkəmə iddiaçı tərəfin iddia tələbinin əsaslılığı kimi bir kredit müqaviləsi üzrə iki ayrı-ayrı icra qeydlərinin verilməsinə dair arqumentinə məhkəmə tərəfindən hüquqi qiymət verilərək qeyd edilir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı kredit müqaviləsi üzrə mülkiyyətində olan iki ayrı-ayrı əmlakını ipoteka ilə yüklü etmişdir. Mülki iş matriallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və 15.0l.2024-cü il tarixli icra qeydləridə məhz bir kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan iki ayrı ipoteka predmentinə yönəldilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki bir kredit müqaviləsi üzrə iki ayrı-ayrı predment üzrə ayrı-ayrı ipoteka mövcuddur, bu halda iddiaçının qeyd etdiyi hallar əsaslı hesab edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının icra qeydlərinə əlavə edilmiş ipoteka müqavillələrin oxunaqlı olmamasına dair fikrinə münasibət bildirərək iddiaçının diqqətinə çatdırır ki, sözügedən icra qeydlərinə əlavə edilmiş ipoteka müqavilələri məhkəməyə A4 kağız formasında təqdim edilmişdir. Lakin işin hallarından habelə qanunvericiliyin tələbindən də görünür ki, icra qeydinin verilməsinə əsas olunmuş sənədlər elektron sistemə yerləşdirilmişdir. Yəni icra qeydi üzrə notariat işinə əlavə edilmiş ipoteka müqavilələri elektron sistemdən kağız daşıyıcı forması ilə çıxarılmış olduğundan oxunaqlı olmaması texniki məsələlər olduğundan iddiaçının irəli sürmüş olduğu bu halda əsaslı hesab edilə bilməz.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli 8İ-436 nömrəli icra qeydinə əsasən, ipoteka saxlayan "Kapital Bank” ASC-nin ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 561.9 kv.m yaşayış sahəsi 199.3 kv.m, yardımçı sahəsi 362.6 kv.m tikintialtı sahəsi 27 kv.m olan 16 saylı f ünvanında yerləşən əmlaka tutma yönəldilməsini qərar almışdır(öhdəliyi müəyyən edən 02/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1422922.97 manat əsas borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1523534.31 manat təşkil edir); - xx.xx.2024-cü il tarixli 8İ-343 nömrəli icra qeydinə əsasən, ipoteka saxlayan "Kapital Bank” ASC-nin ipoteka qoyan İddiaçı məxsus ipotek predmeti olan ünvan 1 ünvanında yerləşən 0.356561 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m olan 16B s ünvanında yerləşən əmlaka tutma yönəldilməsini qərar almışdır (öhdəliyi müəyyən edən 02/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1422922.97 manat əsas borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1523534.31 manat təşkil edir); - 02/107 nömrəli xx.xx.2021 -ci il tarixli X1 görünür ki, "Kapital Bank” ASC ilə İddiaçı arasında olan müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 561.9 kv.m ümumi, 199.3 kv.m yaşayış, 362.6 kv.m yardımçı, 27 kv.m tikintialtı sahədən ibarət olan 8 otaqlı fərdi yaşayış evi 96/107 nömrəli, xx.xx.2021-ci il tarixli korporativ müştəriyə verilən kreditlər üzrə ümumi müqavilə çərçivəsində imzalanan və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavəsinə əsasən gələcəkdə yaranan öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipotekaya qoyulmuşdur; 01/107 nömrəli xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli X1 görünür ki, "Kapital Bank” ASC ilə İddiaçı arasında olan müqaviləyə əsasən ünvan 3 ünvanında 0.35651 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m yaşayış sahəsi 427 kv.m yardımçı sahəsi 347 kv.m tikinitaltı sahəsi 419.1 kv.m olan 16 b saylı fərdi yaşayış evi 96/107 nömrəli, xx.xx.2021-ci il tarixli korporativ müştəriyə verilən kreditlər üzrə ümumi müqavilə çərçivəsində imzalanan və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavəsinə əsasən gələcəkdə yaranan öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipotekaya qoyulmuşdur; xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli, 02/107 saylı X4 Dəyişiklik edilməsi ilə bağlı 01 saylı Əlavədən görünür ki, ipoteka ilə təmin edilmiş maksimal borcalma limitinin məbləği və valyutası bərpa olunan 4.500.000 manat ekvivalentində olması müəyyən edilmişdir; xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli, 01/107 saylı X4 Dəyişiklik edilməsi ilə bağlı 01 saylı Əlavədən görünür ki, ipoteka ilə təmin edilmiş maksimal borcalma limitinin məbləği və valyutası bərpa olunan 4.500.000 manat ekvivalentində olması müəyyən edilmişdir; - "xxxx"ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin məzmunundan görünür ki, bank Master Trade MMC, X6, "İS Consumer Products” MMX və X12 arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin icra edilmədiyi halda kredit üzrə borcun öhdəliyin təmintları olan ipoteka müqavilələri üzrə ipoteka predmentinə yönəldilməsinə dair tədbirlərin başlanacağına dair xəbər etmişdir; - Şamil İ. Abdullayev tərəfindən 13 dekabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, "Merser Trade” MMC Bank qarşısında olan öhdəliyi lazimi qaydada yerinə yetirmir və bu səbəbdən də Bank Qanunamüvafiq qaydada öz tələbi ipoteka predmetinə yönəldilməsi prosedurunu başlatması barədə xəbərdar edilmişdir; - 22 dekabr 2023-cü il tarixli Divi 2 Problemli Kreditlərin hüququ teqibinin tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı adına Azeri Express şirkəti vasitəsi ilə məktub göndərilmiş, müştəri ünvanda yaşamadığı üçün məktub çatmamışdır; - "xxxx" MMC tərəfindən təqdim edilən qəbzdən görünür ki, İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş Baı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsi ev 16 B ünvanına xx.xx.2023-cü il tarixdı göndərilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə "Tanımadılar” qeydi ilə geri qaytarılmışdır; - "xxxx"ASC-nin Notariat icra qeydi barədə ərizəsindən görünür ki, bank xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 02/107 nömrəli X7 üzrə müqavilə predmentinə yönəldilməsini xahiş etmiş və ərizə notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da göndərilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 169-1 -ci bəndinə; "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79; "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1, 36.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, icra qeydinin qəbul olunmasına əsas olmuş sənədlərdə və mülki işin materiallarında icra qeydində yönəlməyə əsas olmuş borc məbləği barədə heç bir sübut yoxdur. Kifayət qədər yüksək olan məbləğ barədə heç bir mötəbər sübut nə icra qeydi üçün göndərilmiş sənədlərə əlavə edilməmiş, nə də məhkəmə iclasında təqdim olunmamışdır, məhkəmə qətnaməsində də bununla bağlı məlumat yoxdur. Məhkəmə prosesində həmin məbləğlə bağlı tərəfin etirazı olduğunu və yaranmış əsas və faiz borcunun düzgünlüyü barədə tərəfin etirazı olduğunu dəfələrlə qeyd etmişdir. Həmin məbləğlər barədə sənədlər ilə iddiaçı bu günə qədər tanış deyil. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin sənədlər olan hissəsindi qeyd olunur: Şamil İ. Abdullayev tərəfindən 13 dekabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" MMC Bank qarşısında olan öhdəliyi lazimi qaydada yerinə yetirmir və bu səbəbdən də Bank qanuna müvafiq qaydada öz tələbi ipoteka predmetinə yönəldilməsi proseduru başlatması barədə xəbərdar edilmişdir. 22 dekabr 2023-cü il tarixli Divi 2 Problemli Kreditlərin hüququ təqibinin tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı adına Azeri Express şirkəti vasitəsi ilə məktub göndərilmiş, müştəri ünvanda yaşamadığı üçün məktub çatmamışdır. Azəri Express MMC tərəfindən təqdim edilən qəbzdən görünür ki, İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarix bildiriş ünvan 4 ünvanına xx.xx.2023-cü il tarixdə göndərilmiş, bildiriş xx.xx.2023 cü il tarixdə “Tanımadılar”qeydi ilə geri qaytarılmışdır. "xxxx"ASC-nin Notariat icra qeydi barədə ərizəsindən görünür ki, bank xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcuı 02/107 nömrəli X7 üzrə müqavilə predmentinə yönəldilməsini xahiş etmiş və ərizə notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da göndərilmişdir. Yəni bütün bu sənədlərdən tam aydın olur ki, "xxxx"ASC İddiaçı xx.xx.2023cü il tarixli bildiriş göndərir, həmin bildiriş isə xx.xx.2023-cü il tarixdə “Tanımadılar” qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda "xxxx"ASC müvafiq qeydlərin qəbul olunması üçün notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da ərizə göndərilmişdir. Yəni bildiriş yazılmamışdan əvvəl artıq notariat icra qeydi barədə ərizə sisteme yüklənmiş olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin növbəti abzasında qeyd olunur ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunda tam aydın şəkildə qeyd olunmuşdur ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Yəni tələbkar notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da ərizəni qanunverciliyin tələblərinə uyğun göndərməsi üçün ən azı xx.xx.2023-cü il tarixdə borcluya bildiriş göndərməli idi, həmin bildirişin çatması barədə sənədi əlavə etməklə müvafiq icra qeydi barədə müraciətini göndərməli idi. Həmçinin qanunda qeyd olunur ki, icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin iş materiallarında olan bildirişin mahiyyətində isə bu barədə heç bir söz yoxdur. Yəni həmin bildirişin mətnində borc ödənməyəcəyi təqdirdə icra qeydi ilə bağlı müraciət olunmasından ümumiyyətlə söhbət getmir. Lakin məhkəmənin qətnaməsində də qeyd olunduğu kimi həmin bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş və bildirişin mətnində mütləq icra qeydi üçün müraciət edilməsi qeyd olunmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin növbəti abzasında qey olunur ki,“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələt edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Bu qanunda tam aydın şəkildə qeyd olunmuşdur ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Yəni tələbkar notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da ərizəni qanunverciliyin tələblərinə uyğun göndərməsi üçün ən azı xx.xx.2023-cü il tarixdə borcluya bildiriş göndərməli idi, həmin bildirişin çatması barədə sənədi əlavə etməklə müvafiq icra qeydi barədə müraciətini göndərməli idi. Həmçinin qanunda qeyd olunur ki, icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin iş materiallarında olan bildirişin mahiyyətində isə bu barədə heç bir söz yoxdur. Yəni həmin bildirişin mətninda borc ödənməyəci təqdirdə icra qeydi ilə bağlı müraciət olunmasından ümumiyyətlə söhbət getmir. Lakin məhkəmənin qətnaməsində də qeyd olunduğu kimi həmin bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş və bildirişin mətnində mütləq icra qeydi üçün müraciət edilməsi qeyd olunmalıdır.“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 169-1-ci bəndinin e) yarım bəndinə əsasər ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) yarım bəndinə əsasən ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə aparılır. Məhkəmə iclasında dəfələrlə qeyd etmişdir ki, həmin bildiriş iddiaçı tərəfindən alınmayıb. Bunu iş materiallarında olan sənədlər də təsdiq edir. Alınmamasından başqa həmin bildiriş ümumiyyətlə, heç qanunverciliyin tələblərinə uyğun olaraq da zamanında göndərilməmişdir. Buna görə də həmin bildirişin iddiaçı tərəfindən alınması təmin olunmamış, əsassız qeyd ilə tərəfə çatdırılmamışdır. Hansıkı iddiaçı və ailəsi çox uzun illərdir həmin ünvanda yaşayırlar. Qeyd olunan bildirişin göndərilməsi tarixindən əvvəl sonrakı tarixlərdə iddiaçının ünvanına bütün məktublar tam vaxtında çatdırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin növbəti abzasında qeyd olunur: “ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Lakin iş materiallarında olan sənədlərdən də göründüyü kimi, qeyd olunan bildiriş rəsmi poçta təhvil verilməmiş, bu barədə heç bir sənəd təqdim olunmamış, poçt izlənmə kodu barədə məlumat təqdim edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin növbəti abzasında qeyd olunur ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı” 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında”Azərbaycan Respublikas Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Belə ki, icra qeydinin verilməsinə əsas olmuş sənədlər barədə müvafiq notariat ofisinə müraciət olunub sənədlər ilə tanış olmaq istəsə də, təqdim olunmuş sənədlərdən heç bir şey oxumaq mümkün olmamışdır. Bu barədə təkrar notariat ofisinə müraciət etdikdə təqdim olunmuş sənədlərin bu formada olması bildirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin növbəti abzasında qeyd olunur ki: Mülki işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə predmenti olan icra qeydləri xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə borclunun yaşadığı yer üzrə notariat kontoru tərəfindən verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək sözügedən icra qeydlərinin verilməsi zamanı bank tərəfindən borclu qanunla nəzərdə tutulmuş müddət ərzində yəni 20 gün əvvəldən məlumatlandırılmadığını bildirsə də, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş icra qeydinə dair sənədlərdən məlum olur ki, ipoteka qoyanı yəni hazırki mükli iş üzrə iddiaçı olan İddiaçı rəsmi qeydiyyat ünvanı üzrə ilk icra qeydinin verilməsində 30 gün əvvəl yəni xx.xx.2023-cü il tarixdə “AzərExpress” vasitəsi ilə məlumatlandırılmış, lakin ipoteka qoyanın ünvanına göndərilmiş bildiriş “Tanımadılar” qeydi ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədərki icra qeydinə dair bildiriş ipoteka qoyanın xx.xx.2023-cü il tarixdə rəsmi ünvanına göndərilmişdir və həmin ünvandan bildiriş “tanımadılar” qeydi ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır, ipoteka qoyana bildiriş çatdırılmış hesab edilməlidir. Lakin qeyd olunan bütün qanunvericilik isə tam aydın şəkildə qeyd edir ki, tərəfə bildiriş ilk icra qeydinin verilməsindən yox, icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya göndərilməli idi. 22 dekabr 2023-cü il tarixli Divi 2 Problemli Kreditlərin hüququ teqibinin tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə rəsmi ünvanına göndərilmişdir və həmin ünvandan bildiriş “tanımadılar”qeydi ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Belə olan halda necə məhkəmə onu çatdırılmiş kimi hesab edə bilər ki? Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin növbəti abzasında qeyd olunur ki: Bundan sonra məhkəmə iddiaçı tərəfin iddia tələbinin əsaslılığı kimi bir kredit müqaviləsi üzrə iki ayrı-ayrı icra qeydlərinin verilməsinə dair arqumentinə məhkəmə tərəfindən hüquqi qiymət verilərək qeyd edilir ki, mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı kredit müqaviləsi üzrə mülkiyyətində olan iki ayrı-ayrı əmlakını ipoteka ilə yüklü etmişdir. Mülki iş matriallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli icra qeydləridə məhz bir kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan iki ayrı ipoteka predmentinə yönəldilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki bir kredit müqaviləsi üzrə iki ayrı-ayrı predmet üzrə ayrı-ayrı ipoteka mövcuddur, bu halda iddiaçının qeyd etdiyi hallar əsaslı hesab edilə bilməz. Qeyd olunan məsələ ilə bağlı qeyd etmək istəyir ki, ayrı-ayrı predment üzrə ayrı-ayrı ipoteka müqaviləsi 1 kredit borcu üzrə qoyulmuşdur. Hər iki ipoteka müqaviləsi üzrə bir borc olarkən, hər iki ayrı-ayrı icra qeydlərinin hazırda mövcud olması hər bir icra qeydi üzrə ayrıca borcların yaranmasına səbəb olur. Gələcəkdə əmlakların satılıb borclar bağlandıqda bir icra qeydinə xitam verilə biləcək, digər icra qeydi üzrə borc qalmaqda olacaq. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin növbəti abzasında qeyd olunur ki: Bundan başqa məhkəmə iddiaçının icra qeydlərinə əlavə edilmiş ipoteka müqavillələrin oxunaqlı olmamasına dair fikrinə münasibət bildirərək iddiaçının diqqətinə çatdırır ki, sözügedən icra qeydlərinə əlavə edilmiş ipoteka müqavilələri məhkəməyə A4 kağız formasında təqdim edilmişdir. Lakin işin hallarından habelə qanunvericiliyin tələbindən də görünür ki, icra qeydinin verilməsinə əsas olunmuş sənədlər elektron sistemə yerləşdirilmişdir. Yəni icra qeydi üzrə notariat işinə əlavə edilmiş ipoteka müqavilələri elektron sistemdən kağız daşıyıcı forması ilə çıxarılmış olduğundan oxunaqlı olmaması texniki məsələlər olduğundan iddiaçının irəli sürmüş olduğu bu halda əsaslı hesab edilə bilməz. Belə ki, icra qeydinin verilməsinə əsas olmuş sənədlər barədə müvafiq notariat ofisinə müraciət edib sənədlər ilə tanış olmaq istəsə də, təqdim olunmuş sənədlərdən heç bir şey oxumaq mümkün olmamışdır. Bu barədə təkrar notariat ofisinə müraciət etdikdə təqdim olunmuş sənədlərin sisteme yüklənmiş halının bu formada olması bildirilmişdir. Eyni zamanda məhkəmənin gəldiyi nəticə ilə bağlı da qeyd edir ki, məlum olduğu qədəri ilə artıq məhkəmə və digər sistemlər uzun zamandır ki, elektron məhkəmə sistemi və s. elektron sistemlə işləyir, sənədlər həmin sistemlərə eyni qaydada yerləşdirilir. Və məlum olduğu üçün oxunaqlı yerləşdirilmiş sənədlər A4 kağız formasında təqdim edildiyində də oxunaqlı olur, sistemdən də oxumaq olur. Lakin "xxxx"ASC tərəfindən yerləşdirilmiş sənədlər notariat sistemindən də oxumaq mümkün olmamışdır. Əlavə olaraq, iş materialları ilə təsdiq olunur ki, "xxxx"ASC-nin Notariat icra qeyd barədə ərizəsindən görünür ki, bank xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 02/107 nömrəli X7 üzrə müqavilə predmentinə yönəldilməsini xahiş etmiş və ərizə notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da və "xxxx" ASC-nin Notariat icra qeydi barədə ərizəsindən görünür ki, bank xx.xx.2021 -ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 01/107 nömrəli X10 üzrə müqavilə predmentinə yönəldilməsini xahiş etmiş və ərizə notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da göndərilmişdir. Həmin ərizələrdə borcluya göndərilmiş bildirişin qəbz nömrəsini də qeyd etmişdir. Hansı ki həmin göndərişin cavabı sənədlərdən göründüyü kimi 22 dekabr 2023-cü il tarixdə çatmışdır. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-149/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2835/2024 nömrəli mülki işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-343 saylı xx.xx.2024-cü il tarixli və 8İ-436 saylı xx.xx.2024-cu il tarixli ipoteka predmentina tutmanın yönəldilməsi haqqında icra qeydlərinin icrasının dayandırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)- 149/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərardadından üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(103)-325/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-149/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərardadı ləğv edilməsi və növbət prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hesab etmişdir ki, mübahisələndirilən qərardad ləğv olunaraq iş ərizəyə yenidən baxılmas üçün birinci instansiya məhkəməsinə göndərilməli, ərizəyə yenidən baxarkən məhkəmə, notariat işini tələb etməklə tərəflərin iştirakı ilə icra qeydinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş yuxarıda göstərilən tələblərə əməl olunub-olunmadığı, o cümlədən ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi alıbalmaması, aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edib-etməməsi, etmədiyi təqdirdə bunun səbəbləri aydınlaşdırmalı, bu hallar araşdırıldıqdan sonra ərizənin təmin edilib-edilməməsinə dair müvafiq qərardad qəbul etməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)- 149/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 nömrəli mülki işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-343 nömrəli 12.012024-cü il tarixli və 8İ-436 nömrəli 15.0l.2024-cu il tarixli ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında icra qeydlərinin icrası dayandırılmişdir. Həmin qərardadda qeyd olunur ki: Qanunun tələbindən göründüyü kimi bildiriş ipoteka qoyana çatdırılmamış, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş dövlət qeydiyyat orqanına ipoteka saxlayan vaxtında müraciət etməmişdir. Həmçinin, icra qeydi verilən zaman İddiaçı lazımı qaydada məlumatlandırılmamış və bu barədə ona bildirişin çatmasını təsdiq edən heç bir sübut notariat işində aşkar olunmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-149/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadından üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi Nümayəndə tərəfindən şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(103)-502/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-149/2024 saylı, 20 iyun 2024- cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmişdir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(103)-502/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında xüsusi olaraq vurğulanır: Qanunvericilik onu da tələb edir ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Bununla əlaqədar, notariat işini tələb edərək araşdırma aparmış, lakin icra qeydinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş yuxarıda göstərilən tələblərə əməl olunduğu öz təsdiqini tapmamış, o cümlədən ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi almasına dair notariat işində hər hansı bir sübut müəyyən edilməmişdir. Buna görə də ipoteka qoyan bildirişi almadığından 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməsi də mümkün ola bilməzdi. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmunu ilə eynilik təşkil edən izahat verməklə qeyd etmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Yəni tələbkar notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da ərizəni qanunverciliyin tələblərinə uyğun göndərməsi üçün ən azı xx.xx.2023cü il tarixdə borcluya bildiriş göndərməli idi, həmin bildirişin çatması barədə sənədi əlavə etməklə müvafiq icra qeydi barədə müraciətini göndərməli idi. Lakin, həmin bildiriş iddiaçı tərəfindən nə poçt vasitəsilə, nə də elektron mail vasitəsi ilə əldə edilməmişdir, bildiriş iddiaçıya çatmadığı təqdirdə icra qeydinin aparılması qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, icra qeydinin verilməsinə əsas olmuş sənədlər barədə müvafiq notariat ofisinə müraciət edib sənədlər ilə tanış olmaq istəsə də, təqdim olunmuş sənədlərdən heç bir şey oxumaq mümkün olmamışdır. Bu barədə təkrar notariat ofisinə müraciət etdikdə təqdim olunmuş sənədlərin sistəmə yüklənmiş halının bu formada olması bildirilmiş, sədrlik edənin sualına cavab olaraq notariat orqanını cavabdeh kimi qoyulmasına səbəb kimi qeyd etmişdir ki, notariat orqanı müvafiq bildirişin iddiaçıya çatmadığını gördüyü halda icra qeydini başladılması haqqında qərar qəbul etməməli idi.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X11 icra qeydinin aparılacağı barədə bildirişin həm poçt vasitəsilə, həm elektron mail vasitəsilə iddiaçıya göndərildiyini bildirmiş, icra qeydinin verilməsinə əsas olmuş sənədlərin isə oxunaqlı vəziyyətdə təqdim edildiyini qeyd etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 296.2. Girov predmetinə tutma aşağıdakı hallarda yalnız məhkəmənin qərarı ilə yönəldilə bilər: 296.2.1. girov müqaviləsinin bağlanması üçün başqa şəxsin razılığı və icazəsi tələb olunduqda; 296.2.2. girov predmeti cəmiyyət üçün mühüm tarixi, bədii və ya mədəni dəyərli əşya olduqda.

10. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən: notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır.

11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-ci maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

12. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun təlblərinə əsasən: 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 385, 425, 442, 739; Mülki Prosesual Məcəllənin 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390 -cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin ziddiyyətli dəlilləri (cavabdehə münasibətdə aidiyyəti olmayan) formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, mübahisə edilən icra qeydi üzrə notarial hərəkətlərdən öncə bildirişin borcluya təsdiq etmək üsulu ilə çatdırılması vəzifəsinin sanki notariat orqanına aid olması kimi iddia edilmiş, lakin tələbkar və bildirişi qeydə alan orqan cavabdeh qismində təsbit edilməmişdir.

14. Qanunvericiliyin tələblərinə görə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

15. Göründüyü kimi, qeyd edilən və digər sahəvi qanunvericilik müddəaları müvafiq bildirişin təsdiqi formasında tələbkarın, habelə qeydiyyat orqanının vəzifələri üzrə hərəkətlərini əhatə edir və Notariat orqanının müvafiq bildirişi qeydiyyat orqanında təsdiqi formasında mövcudluğu və bildirişin (yönəldilmənin) qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində boclu tərəfindən mübahisələndirilməməsi icra qeydinin notarius tərəfindən verilməsi vəzifəsini müəyyən edir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiyada icraat zamanı kuryer sənədində qeyd edilən ünvanın fərqli olmadığı müəyyən edilmişdir. Şəxsə korrespodensiyanın çatmamasının səbəblərinin araşdırılması isə cavabdehin səlahiyyətlərinə aid olmamışdır. Ona görə, hazırki apellyasiya şikayəti hüquqlardan suiistifadəyə yönəlmiş və onlara şərait yaradan müraciət kimi qiymətləndirilərək təmin edilməməli və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-ci -cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar