Məhkəmə qərarları › İş №2(103)-6399/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6399/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6399/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-415/2024 nömrəli 09 sentyabr 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ÖM seriyalı 035029 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir.

2. 3 saylı MKİS-in rəisi A.Mehdiyev və sahə nəzarətçisi O.Əhmədov tərəfindən tərtib olunmuş 14 sentyabr 2022-ci il tarixli aktda qeyd edilir ki, Ə.Nəzmi ev 100 mənzil 2 ünvanında yaşayan İddiaçı qonsuşu Ə.Nəzmi 100 mənzil 4 ünvanında yaşayan Cavabdeh mənzilindən onun mənzilinə mütəmadi olaraq sanitar qovşağına çirkab suyun axması ilə əlaqədar 3 saylı MKİS-ə ərizə ilə müraciət edib. Tərəfimizdən yerində baxış keçirilərkən fakt öz təsdiqini tapıb, həqiqətən də çirkab suyun damcılanması müşahidə olunub. Aşkarlanıb ki, kanalizasiya borularının diametri tələb olunan standartlara cavab vermədiyindən və sanitar qovşağının yerinin dəyişdirilməsi səbəbindən çirkab sular 2 saylı mənzilə axır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə dəymiş 2000 manat zərərin, 3000 manat mənəvi zərərin və 70 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 nömrəli mənzili onun mülkiyyətindədir. Həmin binanın 4 nömrəli mənzili onun mənzilinin üst mərtəbəsində yerləşir və cavabdehə məxsusdur. Cavabdeh tərəfindən ona məxsus mənzilə su axıdılması nəticəsində ziyan dəymişdir. Cavabdehə kanalizasiya və su sistemində problemin olması, bununla əlaqədar lazımi təmirin aparılması barədə müraciət edilsə də, xahişləri nəzərə alınmamışdır. Cavabdehin təqsiri ucbatından dəymiş zərər təxminən 2.000 manat təşkil edir.

5. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 saylı mənzilinin mətbəx və hamam tikililərinin tavanı üzərində su sızma əlamətlərinin olduğunu, iddiaçıya məxsus 2 saylı mənzilin üzərində cavabdehə məxsus 4 saylı mənzilin yerləşdiyini və eləcə də, mülki iş materiallarında əlavə olunmuş 3 saylı MKİS-in işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 saylı mənzilinin üst mərtəbəsində yerlşən 4 saylı mənzildən su sızması müəyyən olunmuşdur. Bakı şəhəri, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 258 manat məbləğində müəyyən olunmuşdur.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-415/2024-cü il tarixli 2(009)-415/2024 nömrəli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia qismən təmin edilmiş, Cavabdeh Dmitryeva tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 258 manat, həmçinin məhkəmədə iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 35 manat hissəsi olmaqla, ümumilikdə 293 manat məbləğində pul vəsaitinin Cavabdeh Dmitryevadan tutulub İddiaçı ödənilməsi, xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsinin isə Cavabdeh Dmitryevadan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 1 ünvan üzrə 100 saylı evin iddiaçıya məxsus 2 saylı mənzilinə su sızması hallarına yol verildiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Cavabdehlər törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd etmişdir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə uyğun həll edilməli və rəydə göstərilən ziyanın həcmi və məbləği cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Vurulmuş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 258 manat məbləğində pul vəsaiti tutulmalıdır.

8. İddia tələbinin 3000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. İddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki iztirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1096, 1097.1, 1115, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfindən onun mənzilinə daimi çirkab suların axıdılması mənzilində təmir işlərinin aparılması zərurətini yaratmışdr və nəticədə mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə etmək hüqundan məhrum edilmişdir. Həmçinin, çirkab suların ona məxsus mənzilə daimi axıdılması, bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etməyi və cavabdeh tərəfindən çirkab sularının axıdılmasının qarşısının almaq üçün heç bir tədbir görməməsi, o cümlədən əmlaka vurulmuş zərər nəticəsində mülkiyyətində olan əmlakdan öz istəyi ilə sərbəst istifadə bilməməsi ona psixoloji sarsıntı və iztirablar yaşatmışdır. İş üzrə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilsə belə, ekspert qarşısında yalnız mənzilin özünə (tavan, divarlar və s.) dəymiş ziyanın hesablanması məsələsi qoyulmuş və nəticədə mənzildə yerləşən ev əşyalarına (mebel və s.) dəymiş ziyan hesablanmamışdır. Eyni zamanda mənzilə dəymiş zərər də ekspert tərəfindən düzgün hesablanmamışdır. Mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəfindən mənəvi sarsıntı və ya fiziki iztirab keçirməsi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Halbuki, çirkab suların qonşu mənzildən onun mənzilinə axıdılması, onun mənzilinə zərərin vurulması və nəticədə mənzildən və orda yerləşən ev əşyalarından istifadə edə bilməməyi onun hüquqlarını pozmuş və əsəbindən gecələr yata bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədəyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamə iddiaçının apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməlidir.

26. Beləliklə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 nömrəli iddiaçının mülkiyyətində olmaqla, iddiaçı bu mənzildə yaşayır, həmin mənzilə ondan yuxarı mərtəbədə yerləşən 4 saylı mənzilindən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, ekspert rəyinə əsasən susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin xərci 258 manat müəyyən edilmişdir.

27. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, ekspert rəyini əsas götürərək, dəymiş maddi ziyanın əvəzi olaraq 258 manatın iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

28. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə qənaəti qanuni və əsaslı olmuşdur.

29. Bundan başqa iddiaçı mənəvi zərərə görə 3000 manat tələb etmişdir.

30. Kollegiya mənəvi zərərə aid hissədə məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti ilə razılaşmır, hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir.

31. Cavabdehin hüquqa zidd əməli, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakına vurulmuş ziyanın aradan qaldırılması və onun öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 250 manat həddində qiymətləndirilməlidir.

32. İddiaçı mənəvi zərərə görə 3000 manat tələb etsə də, Kollegiya nəzərə alır ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

33. Beləliklə Kollegiya hesab edir ki, mənəvi zərərə aid hissədə qətnamə ləğv edilməli və iddia tələbi həmin hissədə qismən təmin edilməklə, mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-415/2024 nömrəli iş üzrə 09 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən (mənəvi zərərə aid hissədə) ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 250 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar