Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6399/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(006)-3947/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" QSC-dən ("xxxx" QSC) alınmış məlumatda iddiaçı tərəfindən 19 yanvar-16 fevral tarixləri üzrə Ankara-Bakı-Ankara istiqaməti üzrə gediş və dönüş aviabiletlərinin əldə edildiyi, 19 yanvar tarixinə olan AnkaraBakı istiqaməti üzrə aviabiletdən istifadə edilmədiyi və dönüş istiqamətinin aktiv saxlanılması ilə bağlı gediş istiqaməti üzrə uçuş yerinə yetirilməsindən əvvəl "xxxx" QSC-nin Çağrı Mərkəzinə onun tərəfindən müraciət olunmadığı, bu səbəbdən “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”nın 8.3.2-ci bəndinə əsasən əks istiqamət üzrə təxsisin avtomatik olaraq sistem tərəfindən ləğv edildiyi qeyd edilmişdir. "xxxx" QSC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddələrinin tələblərinə əsasən sözügedən məsələ ilə bağlı mülki icraat qaydasında aidiyyəti məhkəmədə iddia qaldıra bilmək hüququnun olması onun diqqətinə çatdırılmışdır.
a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməklə, istehlakçı hüquqlarının bərpası məqsədilə aviabiletə (İddiaçı adına **********827) ödənilmiş 430 manat (253 dollar), ikinci dəfə aviabiletə (İddiaçı **********724) ödənilmiş 257.95 manat, iddiaçıya məxsus aviabileti sataraq əsassız varlanma nəticəsində əldə edilmiş 990 AZN, istehlakçı hüquqlarının pozulması nəticəsində dəymiş 5000 AZN mənəvi zərərə görə, vəkilə göstərdiyi hüquqi yardıma görə 500 AZN məbləğin Cavabdeh QSC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) onlayn olaraq Ankara-Bakı xx.xx.2025, Bakı-Ankara xx.xx.2025 uçuş tarixləri (İddiaçı adına **********827) üçün aviabiletlər əldə olunmuşdur. Həmin aviabiletlərə 253 dollar, yəni günün kursuna uyğun 430 manat vəsait ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2025 tarixli Ankara-Bakı aviabiletindən üzrlü səbəbdən istifadə edilməmişdir. Lakin Ankaraya geri dönüş məqsədilə xx.xx.2025-ci il tarixli aviabiletlə bağlı onlayn formatda qeydiyyat tədbirlərini xx.xx.2025ci il tarixdə icra edərkən cəhdlər boşa getmiş və onlayn qeydiyyatı icra etmək mümkün olmamışdır. AZAL-ın qaynar xətti ilə əlaqə saxlanılmış və iddiaçıya biletinin ləğv edildiyi bildirilmişdir. İzah olaraq göstərilmişdir ki, qaydalara görə bir bilet istifadə edilmədiyi təqdirdə ikinci bilet ləğv edilir. Lakin əlavə ödəniş olduğu halda bu, bərpa oluna bilər. Çıxılmaz vəziyyət yarandığı üçün iddiaçı buna da razılıq vermişdir. Amma bir müddət sonra poçt ünvanına məlumat göndərilmişdir ki, sözügedən tarixə bütün biletlər satılıb və əlavə ödəniş olduğu halda belə bərpa etmək mümkün deyil. Göründüyü kimi, iddiaçının əldə etmiş olduğu bileti AZAL şirkəti öz təşəbbüsü ilə ləğv etməklə istehlakçıların hüquqlarını kobud surətdə pozmuş, birtərəfli qaydada bileti və onun hüquqi nəticələrini ləğv etmiş, ləğv və bunun hüquqi əsası ilə bağlı hər hansı bir məlumatı müştəriyə əvvəlcədən verməmişdir. AZAL onun planlı hərəkətinə öz qanunsuz hərəkətləri ilə məhdudiyyət yaratmış, nəticə etibarı ilə müştərinin ödəmiş olduğu vəsaiti mənimsəmiş, iddiaçının biletini digər şəxsə razılığı olmadan satmış, həmin tarixə biletin dəyəri 990 manata qaldırılmış (xx.xx.2025-ci il üçün AZAL-ın saytında qiymət belə müəyyən edilmişdir) və bu kimi halları sıradan bir hal kimi qəbul edib istehlak bazarında üstünlüyünü nümayiş etdirmişdir. İddiaçıya məxsus bileti digər şəxsə 990 manata sataraq əlavə gəlir əldə edərək əsasız varlanmışdır. Belə ki, bütün cəhdlər uğursuz olmuşdur. İddiaçı orada təhsildən məhrum olmasını nəzərə alaraq, Ankara şəhərinə qısa müddətə aviabilet almaq vacib idi. Uzunmüddətli təhsilindən kanarlaşması böyük fəsadlara yol açacaqdı. Məcburiyyət qarşısında qalaraq tez bir zamanda baha qiymətə aviabiletə yenidən 257.95 manat ödəniş etmişdir. Bu da yenidən ona əlavə lüzumsuz xərclərin yaranmasına gətirib çıxardı. Hansı ki, o bileti iddiaçı 1-2 ay qabaqcadan ödəniş edib əldə etsəydi, iki, üç dəfə daha ucuz qiymətə əldə edərdim. Cavabdehin hüquqa zidd əməllərinin nəticəsi olaraq, vaxtında uçuş bileti əsassız ləğv edildiyi üçün iddiaçı X6 3 gün ərzində dərslərdən məhrum olmuşdur və nəticədə təhsil aldığı universitetin rəhbərliyi tərəfindən şifahi xəbərdarlıq almışdır, qınağa səbəb olmuşdur. Təhsildəki nüfuzuna ciddi xələl gəlmişdir. Bunun nəticəsi olaraq sarsıntılar keçirmişdir. Mənəvi cəhətdən keçirilmiş əzab və iztirabların nəticəsi olaraq, həmçinin cavabdehin təqsiri üzündən keçən müddət ərzində iddiaçı AZAL-ın xidmətindən istifadə edə bilməmiş və bununla da ümid etdiklərindən məhrum olmuşdur. İddiaçıya vurulmuş mənəvi zərər isə qeyri-əmlak xarakterli olduğundan bunu pul ilə ifadə etməklə 5000 manat dəyərində qiymətləndirir və tələb edir. Odur ki, istehlak hüquqlarını pozmaqla əmlak hüquqlarına zərər vurulmuşdur. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya ziyan vurulduğundan, pozulmuş istehlak hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət edilir. İşin faktiki hallarından və qanunvericiliyin müddəalarından göründüyü kimi, iddiaçı şərtləri tam şəkildə icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və layiqli şəkildə icra etməmişdir.
4. Cavabdeh "xxxx" QSC etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Ankara-Bakı (uçuş tarixi xx.xx.2025-ci il) və Bakı-Ankara (uçuş tarixi xx.xx.2025-ci il) istiqamətləri üzrə uçuş üçün biletlər almışdır. Lakin o, xx.xx.2025-ci il tarixdə Ankara-Bakı istiqaməti üzrə uçuşdan istifadə etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı-Ankara istiqaməti üzrə uçuş həyata keçirmək üçün xx.xx.2025ci il tarixdə onlayn qeydiyyatdan keçərkən təxsisin ləğv olunduğu üçün bunu edə bilməmişdir. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, o, Ankara-Bakı-Ankara istiqaməti üzrə 2025-ci il 19 yanvar-16 fevral tarixlərinə gediş və dönüş aviabiletləri əldə etmişdir. Lakin xx.xx.2025-ci il tarixində Ankara-Bakı istiqamətində olan uçuşundan istifadə etməmiş və uçuşdan əvvəl dönüş istiqamətinin aktiv saxlanılması ilə bağlı "xxxx"ın Çağrı Mərkəzinə müraciət etməmişdir. Nəticədə xx.xx.2025-ci il tarixə olan əks istiqamət üzrə təxsis avtomatik olaraq sistem tərəfindən ləğv edilmişdir. "xxxx"ın “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”nın (Daşınma Qaydaları) 8.3.1-ci bəndinə əsasən, sərnişin uçuşdan ən azı 60 dəqiqə əvvəl təsdiqlənmiş təxsisi olan reysin qeydiyyatına gəlmirsə, bu hal sərnişinin qeydiyyata gəlməməsi (“NO-SHOW”) hesab edilir. Daşınma Qaydalarının 8.3.2-ci bəndinin tələblərinə görə, sərnişin qeydiyyata gəlmədiyi və uçuşun digər uçuş seqmentlərindən (sahələrindən) və ya əks istiqamətdə reysdən istifadə edəcəyi barədə uçuşdan ən azı 60 dəqiqə əvvəl aviaşirkətin çağrı mərkəzinə məlumat vermədiyi halda, aviaşirkət özünün yerinə yetirdiyi və ya onunla digər daşıyıcı arasında olan razılaşmaya əsasən, digər daşıyıcı tərəfindən həyata keçirilən marşrutun digər sahələrinə (uçuşun digər uçuş seqmentlərinə) və ya əks istiqamətdə reysə təxsisi ləğv etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı (sərnişin) cavabdehlə (daşıyıcı ilə) müqavilə bağlayarkən (bilet alarkən) Daşınma Qaydaları ilə tanış olmuşdur, bilet almışdır. Bu isə öz növbəsində Daşınma Qaydaları ilə razılaşdığını göstərir. İddiaçı Daşınma Qaydalarının 8.3.2-ci bəndinin tələblərinə əməl etmədiyi üçün, yəni qeydiyyata gəlmədiyi və uçuşun digər uçuş seqmentlərindən (sahələrindən) və ya əks istiqamətdə reysdən istifadə edəcəyi barədə uçuşdan ən azı 60 dəqiqə əvvəl aviaşirkətin çağrı mərkəzinə məlumat vermədiyi üçün onun təxsisi ləğv edilmişdir. Göründüyü kimi, Bakı- Ankara istiqaməti üzrə iddiaçının biletinin təxsisinin ləğv olunmasına səbəb iddiaçının istifadə etmədiyi Ankara-Bakı uçuşundan azı 60 dəqiqə əvvəl aviaşirkətin çağrı mərkəzinə məlumat verməməsidir. İşin hallarından müəyyən olunur ki, müqavilə şərtləri Mülki Məcəllənin tələblərinə tam uyğundur. Belə ki, iddiaçı (sərnişin) cavabdehlə (daşıyıcı ilə) müqavilə bağlayarkən (bilet alarkən) Daşınma Qaydalarının 8.3.1-8.3.2-ci bəndləri ilə tanış olmuşdur, bu şərtləri qəbul etməklə bilet almışdır. Bundan başqa, daşıma müqaviləsinin tərkib hissəsi olan Daşınma Qaydalarının həmin bənlərində heç bir qeyri-müəyyənlik yoxdur. İddiaçı aviadaşıyıcı şirkət tərəfindən müəyyənləşdirilmiş qaydaları qəbul etməklə tərəflər arasında müqavilə bağlanmışdır. "xxxx" Ankara-Bakı-Ankara istiqaməti üzrə uçuşların yerinə yetirilməsində təbii inhisar subyekti deyildir. Mənəvi zərərin əsasları, sübutetmə yükü və ölçüsü kifayət qədər həssas məsələdir. Mənəvi zərərin vurulması üçün "xxxx" tərəfindən biletin təxsisinin ləğv edilməsinin İddiaçı şüurunda mənfi psixi reaksiyaya səbəb olması və onun mənəvi sarsıntı keçirməsi, bununla da sağlamlığının pozulması məhkəmə qarşısında sübut olunmalıdır. İşin hallarından göründüyü kimi, pozulduğu iddia edilən hüquq şəxsi qeyri-əmlak xarakterli yox, birbaşa əmlak (maddi) xarakterlidir. Cavabdeh tərəfindən iddiaçıya qarşı qeyri-maddi nemətlərə aid hüquqlarının pozulması ilə nəticələnən hər hansı mənəvi zərər vurulmamışdır.
6. Cavabdeh "xxxx" QSC ərizə təqdim edərək qeyd etmişdir ki, sərnişinin uçuşa gəlmədiyi hallarda əks istiqamətdə təxsisin ləğv edilməsi və biletin dəyərinin ödənilməməsi digər aviaşirkətlərdə də tətbiq olunan qaydadır. Bununla əlaqədar Utair və X16 şirkətlərinin qaydalarından çıxarışlar ərizəyə əlavə edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(006)-3947/2025 saylı qətnaməsi ilə (sədrlik edən-İ.Qaralov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 8.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı Ankara şəhərində yerləşən X17 Üniversitesinin tələbəsidir. O, 19 yanvar 2025-ci il tarixdə Bakı şəhərinə gəlmək, 16 fevral 2025-ci il tarixdə isə Ankara şəhərinə qayıtmaq üçün ikitərəfli bileti təxminən 430 manata (253 dollara) xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" QSC-dən elektron qaydada almışdır. Buna baxmayaraq, iddiaçı xx.xx.2025-ci il tarixdə həyata keçirilməsi planlaşdırılan Ankara-Bakı reysindən istifadə etməmişdir. İddiaçı tərəf üzrlü səbəbdən bu reysdən istifadə etmədiyini bildirsə də, üzrlü səbəbin nədən ibarət olması barədə heç bir məlumatı və sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçının gediş bileti üzrə reysə gəlməməsini və dönüş biletinin aktiv saxlanması üçün heç bir müraciətinin daxil olmamasını nəzərə alaraq, iddiaçının dönüş biletini ləğv etmiş və həmin yeri yenidən satışa çıxararaq başqasına satmışdır. İddiaçı xx.xx.2025-ci il tarixli dönüş bileti ilə bağlı qeydiyyatını tamamlamaq istəsə də, bu əməliyyatı həyata keçirməsi mümkün olmamış, cavabdehin əməkdaşları ilə əlaqə saxladığı zaman ona biletin gediş istiqamətindən istifadə etmədiyinə və dönüş biletinin saxlanması üçün vaxtında müraciət etmədiyinə görə biletin dönüş istiqamətinin də ləğv edildiyi, əlavə ödəniş etmək istəsə belə, reysdə yer olmadığından, onun bu reyslə gedə bilməyəcəyi bildirilmişdir. Belə olan halda, iddiaçı məcbur qalıb 3 gün sonrakı tarixə 257.95 manata yeni bilet almışdır. Dərslərində vaxtında iştirak edə bilmədiyini bildirən iddiaçı universitet rəhbərliyi tərəfindən ona şifahi xəbərdarlıq olunduğunu, bununla da cavabdehin əsassız hərəkətləri səbəbindən mənəvi zərərə məruz qaldığını iddia edir. Beləliklə, hazırda iddiaçı cavabdehin bazardakı üstün mövqeyindən istifadə etdiyini iddia edib, birinci bilet üçün ödədiyi 430 manat, ikinci dəfə bilet alarkən ödədiyi 257,95 manat, ona məxsus bileti başqa şəxsə daha baha qiymətə satıb əsassız varlanan cavabdehin əldə etdiyi 990 manat məbləğlərində maddi, 5.000 manat məbləğində mənəvi zərərlə yanaşı, vəkil xərcinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh tərəf isə iddianı qəbul etməyib, iddiaçının bilet alarkən tanış olduğunu və razılaşdığını bildirdiyi Qaydalarda nəzərdə tutulan hüquqdan istifadə etdiklərini, iddiaçının Qaydalarla tanış olmamasına görə məsuliyyət daşımadıqlarını, qonşu ölkələrin hava yolları şirkətlərinin təcrübələrində də analoji qaydaların tətbiq edildiyini, Ankara-Bakı-Ankara gedişləri üzrə bazarda üstün mövqe tutan, yəni inhisarçı şirkət olmadıqlarını vurğulayaraq, iddianın təmin edilməməsini xahiş edir.
9. Məhkəmə iddia tələbinin “birinci bilet üçün ödənilmiş 430 manat (253 dollar) məbləğində pulun cavabdehdən tutulması” hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, birinci bilet ikitərəfli bilet olmuş, iddiaçı həmin biletin gediş istiqamətindən istifadə etməmiş və dönüş biletinin aktiv saxlanılması barədə tələbini də cavabdehə bildirməmişdir. İddiaçı gediş istiqamətindən üzrlü səbəbdən istifadə edə bilmədiyini bildirsə də, bu səbəbin nədən ibarət olmasına dair heç bir məlumatı və mötəbər sübutu məhkəməyə təqdim etməmiş, dönüş biletinin aktiv saxlanılması barədə məlumatı cavabdehə vaxtında verməsini qeyri-mümkün edən hər hansı bir halın mövcudluğuna istinad etməmişdir. Əksinə, aralarında olan yazışmalardan müəyyən olunur ki, iddiaçı belə bir məlumatlandırma vəzifəsinin olmasından xəbərdar olmadığını nümayiş etdirmişdir. İddiaçı belə bir şərti istehlakçıların hüquqlarına zidd hesab etmiş, gedişindən istifadə etmədiyi biletinin dönüş istiqamətinin ləğv edilməsinin cavabdehin bazardakı üstün mövqeyindən sui-istifadə etməsi və bunun hüquqazidd davranış olduğunu iddia etmişdir. Cavabdeh isə haqlı olaraq, bilet alqı-satqısı zamanı iddiaçıya təqdim etdiyi, iddiaçının şərtləri ilə tanış olaraq razılaşdığını təsdiqlədiyi “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”na (ofertaya) istinad edərək, iddiaçının gediş istiqaməti üzrə uçuşa ən geci 60 dəqiqə qalmış reysin qeydiyyatına gəlməməsinin, dönüş biletinin aktiv saxlanılması üçün əvvəlcədən cavabdehə müraciət etməməsinin nəticəsi olaraq dönüş biletini də ləğv etdiyini bildirmişdir. Bu şərtlər sözügedən Qaydaların müvafiq bəndlərində nəzərdə tutulmuş və iddiaçı da bilet alaraq, həmin şərtləri qəbul etmişdir (aksept etmişdir). Belə olan halda, biletin gediş istiqamətindən şəxsi səbəblərə görə istifadə etməyən və dönüş biletinin aktiv saxlanması üçün vaxtında müraciət etməyən iddiaçının dönüş biletini aralarındakı müqavilədə nəzərdə tutulmuş hüququndan istifadə edərək ləğv edən cavabdehin bu hərəkəti təqsirli və hüquqazidd davranış hesab olunmur. İddiaçı şərtləri oxumadan razılığını ifadə etmiş olsa da belə, burada cavabdeh tərəfin hər hansı təqsiri yaranmır. “Sözügedən şərtin cavabdehin bazardakı üstün mövqeyindən sui-istifadə etməsinin nəticəsi olması barədə” dəlil isə ona görə əsaslı hesab olunmur ki, əvvəla, cavabdehin nümayəndəsinin də qeyd etdiyi kimi, cavabdeh şirkət Ankara-Bakı-Ankara istiqaməti üzrə uçuşlarla bağlı inhisarçı deyildir, sözügedən istiqamət üzrə reysləri həyata keçirən kifayət qədər başqa hava yolları şirkətləri vardır və iddiaçının istənilən başqa şirkətlə müqavilə bağlamaq imkanı olmuşdur. Lakin göründüyü kimi, iddiaçı məhz könüllü olaraq cavabdeh şirkətlə müqavilə bağlamağı və onun oferta olaraq təqdim etdiyi şərtləri aksept etməyi seçmişdir. İkincisi, müvafiq şərtdə nəzərdə tutulan sərnişinin məlumat vermə vəzifəsi müqavilə hüququ nöqteyinəzərindən yanaşdıqda, bildiriş (xəbərdarlıq, pretenziya və s.) anlayışına uyğun gəlir. Bu da onu deməyə əsas verir ki, gediş istiqaməti üzrə reysdən hər hansı səbəbdən istifadə etməyən sərnişinə imkan yaradılır ki, dönüş istiqaməti üzrə reysdən istifadə etsin. Lakin bunun üçün o, şirkəti əvvəlcədən məlumatlandırmalıdır. Deməli, sərnişinin – istehlakçının hüquqları məhdudlaşdırılmır, əksinə ona şərait yaradılır ki, qarşı tərəfə bildiriş verməklə müqavilənin bir hissəsinin icrasından imtina etsin, digər hissənin icrasında isə maraqlıdırsa, münasibətləri davam etdirmək niyyətini həmin bildirişdə ifadə etsin. Çünki gediş istiqaməti üzrə reysdən istifadə etməyən sərnişinin dönüş istiqamətindən istifadə edəcəyini (müqavilənin icra edilməmiş hissəsinə marağın olmasını) güman etmək o qədər də ağlabatan deyil, bunun üçün iddiaçının özünün vaxtında bildirilmiş iradə ifadəsi olmalıdır. Əgər həmin müddəada sərnişinə bildiriş vermək imkanı yaradılmasaydı, məhz o zaman bu, bazardakı üstün mövqedən və ya hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilərdi. Hazırkı halda isə bu bəndin sui-istifadə kimi qiymətləndirilməsinə əsas müəyyən edilmir. Bununla yanaşı, məhkəmənin mövqeyinə görə, belə bir şərtin mövcudluğu daha böyük məqsədə xidmət edir. Belə ki, hava yolları ilə daşımanın kifayət qədər çox xərc tələb etməsi məlum məsələdir, deməli, müqavilə tərəfləri mümkün qədər çalışmalıdırlar ki, müqavilənin tam icrası üçün şərtləşdirilmiş vaxtda və yerdə olsunlar, əks halda isə şərtləşdirilmiş vaxtda və yerdə ola bilməyəcəkləri ilə bağlı bir-birlərini vaxtında xəbərdar edib, davamedici münasibətdədirlərsə, növbəti dəfə müqaviləni icra etmək niyyətində olub-olmadıqlarını bir-birlərinə bildirsinlər. Müqavilənin tərəfi olan sərnişinin daşıma şirkətini vaxtında məlumatlandırmaq vəzifəsi də göründüyü kimi, məhz elə onun özünü qoruyur. Əks hal kommersiya fəaliyyəti ilə məşğul olan daşıma şirkətinin növbəti reysdən istifadə edibetməyəcəyini bilmədiyi sərnişinə görə real əlavə gəlir əldə etmək hüququndan məhrum olması ilə nəticələnər. Buna görə də biletin gediş istiqamətindən istifadə edilmədiyi, dönüş istiqamətinin saxlanması barədə isə müraciət edilmədiyi halda, hava yolları şirkətinin biletin növbəti istiqamətini ləğv edib, həmin yeri başqasına satması mümkündür. Əgər müqavilədə belə şərt olmasaydı, onda iddiaçının dəlillərini haqlı hesab etmək olardı. Lakin bu şərtin mövcudluğu halında, iddiaçının biletə ödədiyi pulun qaytarılmasını tələb etməsi əsassız sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, biletin gediş istiqamətindən istifadə etməyən və dönüş istiqamətinin aktiv saxlanması üçün cavabdehə vaxtında müraciət etməyən iddiaçının tələbinin bu hissəsi təmin edilməməlidir.
10. İddia tələbinin “yeni dönüş bileti üçün ödənilmiş 257,95 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının yenidən bilet almasına səbəb cavabdehin hər hansı təqsirli, hüquqazidd davranışı deyil, aralarındakı müqavilənin müvafiq bəndində nəzərdə tutulmasına baxmayaraq, iddiaçının özünün cavabdehi vaxtında xəbərdar etməməsinə görə ilkin biletinin dönüş istiqamətinin cavabdeh tərəfindən ləğv edilməsi olmuşdur. Cavabdehin bu hərəkəti müqavilədə nəzərdə tutulan hüququnu realizə etməsi ilə bağlı olmuşdur. Buna görə də iddiaçının yeni bilet almaq üçün ödədiyi məbləği cavabdehdən tələb etməsi əsassızdır. İddiaçının müqavilənin müvafiq bəndi ilə bağlı irəli sürdüyü dəlillərə yuxarıda ətraflı hüquqi qiymət verildiyindən, tələbin bu hissəsi ilə bağlı əlavə olaraq həmin dəlillərə yenidən qiymət verilməsi məqsədə müvafiq sayılmır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsi də təmin edilməməlidir.
11. İddia tələbinin “iddiaçıya məxsus aviabiletin başqa şəxsə satılmasından əsassız varlanma qaydası ilə əldə edilmiş 990 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə iddia tələbini əsassız hesab edərək qeyd etmişdiur ki, əvvəla, iddiaçıya məxsus biletin dönüş istiqamətinin iddia edilən məbləğdə satılmasına dair heç bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, cavabdeh isə biletin həmin məbləğə satılması barədə dəlili qəbul etməmişdir. İkincisi və ən əsası isə qeyd edilməlidir ki, ilkin olaraq iddiaçı tərəfindən bron edilmiş yerin sonradan (gedişə azı 60 dəqiqə qalmış iddiaçı gedişdən istifadə etmədikdən, dönüşün aktiv saxlanmasını tələb etmədikdən sonra) başqa şəxsə satılması zamanı ödənilən məbləğ iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçının əsassız varlanma qaydalarına istinadla həmin məbləği tələb etmək hüququ yaranmır.
12. İddia tələbinin “5.000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, ikitərəfli biletin gediş istiqaməti üzrə reysdən istifadə etməsə də, dönüş istiqaməti üzrə reysin aktiv qaldığını güman edən, lakin həmin gün həmin reyslə gedə bilməyən, dərslərin bir qismində iştirak edə bilməyən və öz iddiasına görə, universitet rəhbərliyindən şifahi xəbərdarlıq alan iddiaçının mənəvi zərərə məruz qalması (stress keçirməsi, əzab çəkməsi və s.) ağlabatan olsa da, məhkəmənin mövqeyinə görə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, şəxsə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələbin təmin edilməsi üçün zəruri şərtlərdən biri də qarşı tərəfin təqsirli, hüquqazidd davranışının olmasıdır (mülki hüquq pozuntusu, yəni delikt törətmək). Hazırkı işin hallarından isə müəyyən edilir ki, cavabdeh aralarında olan müqavilə üzrə nəzərdə tutulmuş hüququnu realizə etmişdir. Cavabdehin bu hərəkəti onun mülki hüquqi məsuliyyətə cəlb edilməsinə ona görə əsas vermir ki, hazırkı işin faktiki halları araşdırılan zaman müəyyən edilmişdir ki, cavabdeh hüquqazidd və təqsirli davranmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehin əsl niyyəti qarşı tərəfi “incitmək” yox, məhz müqavilədən irəli gələn hüququnu həyata keçirmək olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının mənəvi zərərə məruz qalmasında cavabdehin təqsiri müəyyən edilmədiyindən, iddia tələbinin bu hissəsi də təmin edilməməlidir.
13. İddia tələbinin “vəkilə ödənilmiş 500 manat məbləğində xidmət haqqının cavabdehdən tutulması” hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, iddiaçının əsas tələbləri təmin edilmədiyindən, məhkəmə xərcləri ilə bağlı hazırkı tələbin də təmin edilməsinə əsas yoxdur.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 842.1-842.2, 1096.1, 1097.1, 1097.5-ci; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı; "xxxx" QSC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, xx.xx.2024-cü il tarixədək qüvvədə olan “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”-nın 8.4-cü; "xxxx" QSC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, xx.xx.2025-ci il tarixədək qüvvədə olan “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”-nın 8.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 814.2, 77.1, 106.1, 119.1, 217.3-217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
15.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayətində qeyd olunur ki, göstərilməlidir ki, işin mübahisəsiz hallarına aşağıdakılar aiddir;
1. xx.xx.2024-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) onlayn olaraq Ankara- Bakı xx.xx.2025, Bakı-Ankara xx.xx.2025 uçuş tarixləri (İddiaçı adına **********827) üçün gedişdönüş aviabiletləri əldə olunmuşdur.
2. Aviabiletlərə 253 dollar, yəni günün kursuna uyğun 430 manat vəsait ödənilmişdir.
3. İddiaçı xx.xx.2025 tarixli Ankara-Bakı aviabiletindən üzrlü səbəbdən (şəxsi işləri ilə bağlı) istifadə etməmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixli Ankaraya geri dönüş üçün aviabiletlə bağlı qeydiyyat tədbirlərini xx.xx.2025-ci il tarixdə onlayn formatda icra edərkən cəhdləri boşa getmiş, bununla bağlı "xxxx" QSC-in “Çağrı” mərkəzinə, habelə Cəmiyyətin elektron poçt ünvanına məlumatlar göndərilmiş, lakin onlayn qeydiyyatı icra etmək mümkün olmamışdır.
5. AZAL-ın qaynar xətti ilə əlaqə saxlanılmış və iddiaçıya biletinin ləğv edildiyi bildirilmiş, habelə əlavə ödəniş olduğu halda bu biletin bərpa olunması mümkünlüyü izah olunmuşdur.
6. İddiaçı "xxxx" QSC-nin sözügedən təklifini qəbul etsə də növbəti mərhələdə "xxxx" QSC bütün biletlərin satıldığı əsası ilə bileti bərpa etməkdən imtina etmişdir.
7. "xxxx" QSC–nin Bakı–Ankara uçuşu üzrə xx.xx.2025-ci il tarixə biletin dəyəri 990 manat təşkil etmiş və 14-15-16 fevral tarixlərində "xxxx" QSC–nin rəsmi saytında buna dair onlayn məlumat yerləşdirilmişdir.
8. İddiaçı 3 gün sonrakı tarixə yenidən 257.95 manat aviabiletə görə ödəniş edərək Ankaraya dönüş etmişdir.
9. İddiaçı gecikmə səbəbindən təhsil aldığı universitetin rəhbərliyi tərəfindən şifahi xəbərdarlıq alması, qınağa səbəb olması, təhsildəki nüfuzuna ciddi xələl gəlməsi, bunun nəticəsi olaraq sarsıntılar keçirməsi mübahisəsiz fakt olaraq (lakin məhkəmə bu münasibətlərdə AZAL-ın təqsirini müəyyən etməmiş) tanınmışdır. 17.Məhkəmə xx.xx.2024-cü il tarixdə əldə edilmiş **********827 saylı aviabiletlə bağlı gəlmiş olduğu gənaəti müqavilə şərtlərinə “bağlamış”, müqavilə şərtləri kimi adı çəkilən “Qaydalar”a istinad edərək "xxxx" QSC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2025-ci il tarixədək qüvvədə olan “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”nın müddəalarını göstərmiş, lakin nəzərə almamışdır ki, xx.xx.2024-cü il tarixdə bağlanmış sərnişinin daşıma müqaviləsinə sözü gedən sonrakı tarixə olan Qaydaların tətbiqi mümkün deyil, şərtlər-qaydalar məhkəmə üçün əhəmiyyətli, müqavilənin əhəmiyyətli şərtləri olaraq tanındığı təqdirdə ən azından münasibətlər yarandığı dövrə qüvvədə olan yəni xx.xx.2024-cü il tarixədək olan “Qaydalar” kontekstində dəyərləndirmə apara bilərdi. Belə ki, xx.xx.2024-cü il tarixədək olan “Qaydalar”ın 8.4. Sərnişinin qeydiyyata gəlməməsi (“NO-SHOW”) nizamlayır. 8.4.1. Sərnişin təsdiqlənmiş təxsisi olan reysə gəlmədiyi və səyahətinin dəyişdiyi barədə əvvəlcədən Aviaşirkəti xəbərdar etmədiyi halda, Aviaşirkət marşrutun digər sahələrinə və ya özünün yerinə yetirdiyi, yaxud onun xahişi ilə bu Sərnişin üçün digər Daşıyıcı tərəfindən həyata keçirilmiş əks istiqamətdə reysə təxsisi ləğv etmək hüququna malikdir. 8.4.2. Əgər Sərnişin təsdiqlənmiş təxsisi olan reysin qeydiyyatına gəlməyibsə və biletin qüvvədə olma müddəti ərzində onu yenidən təxsis etmək və ya qaytarmaq istəyirsə, bu prosedurlar yenidən təxsisetmə və ya biletin qaytarılması üçün müvafiq yığımlar tutulmaqla və Sərnişinin qeydiyyata gəlməməsinə görə (“NO-SHOW”) cərimə tutulmaqla həyata keçirilir. 8.4.3. Uçuşdan ən azı 60 dəqiqə əvvəl təkrar təxsis etmək və ya bileti qaytarmaq istəyən Sərnişin qeydiyyata gəlməmiş sərnişin (“NO-SHOW”) hesab olunur. Göründüyü kimi, həmin Qaydaların 8.4.1-ci bəndinə görə sərnişin təsdiqlənmiş təxsisi olan reysə gəlmədiyi və səyahətinin dəyişdiyi barədə əvvəlcədən Aviaşirkəti xəbərdar etmədiyi halda, bu qaydaların 8.4.2-ci bəndinə görə sərnişin təsdiqlənmiş təxsisi olan reysin qeydiyyatına gəlməyibsə yenidən təxsis etmək prosedurları cərimə tutulmaqla həyata keçirilir. (Deməli, həmin “Qaydalar”a görə şərnişin yenidən təxsis hüququndan imperativ qaydada məhrum edilmir.) Belə olduqda, tərəflər arasında uçuşadək olan yazışmaya görə, aviaşirkət yenidən təxsis etmək prosedurlarını icra etmək üçün cərimənin ödənilməli olduğunu bildirsə də, onlar da buna email vasitəsi ilə razılıq versələr də Aviaşirkət öz təklifinin icrasından yayınmış, yenidən təxsis etmək prosedurlarından imtina etmiş, bir tərəfli qaydada ləğv etmiş olduğu bilet üzrə istifadə edilməmiş digər biletin dəyərini geri qaytarmamış, hətta lap irəli gedərək 14-15-16 fevral tarixləri üçün həmin biletin dəyərini 990 manat müəyyən edib sataraq əsassız yerə varlanmışdır. Eyni zamanda bildirilməlidir ki, məhkəmə yekun qənaətə gələrək sözü gedən “Qaydalar”ı normativ sənəd kimi qəbul etdiyi halda belə “X12 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə əsasən normativ xarakterli aktlar və onların hüquqi qüvvəsinin 4-cü maddədə müəyyənlşdirildiyinə əhəmiyyət verməmişdir. İşin hallarından bəllidir ki (bu faktı təsdiq edən və geri uçus xx.xx.2025-ci il tarixdən 2 (iki) gün əvvəl yəni xx.xx.2025-ci il tarixdən başlayaraq "xxxx" QSC ilə aparılan “email” yazışmaları işə əlavə olunub) , təxsis etmək prosedurları cərimə tutulmaqla həyata keçirilməsinə tərəflərindən razılıq verilmiş, ilk öncə "xxxx" QSC bunu qəbul etsə də sonradan onlara məxsus bilətlər satıldğından və yalnız dəyəri 990 manat müəyyən edilən bilətlər satışda olduğundan yenidən təxsis etmək prosedurları icra edilməsindən imtina edilmişdir. Bu vəziyyətdə də aviaşirkətin qərəzli hərəkətləri növbəti formatda açıq-aşkar müəyyənləşmişdir. "xxxx" QSC-nin onlayn satışını təşkil edən biletlərin məhz 14.02-xx.xx.2025-ci il üçün artması, dəyərin 990 manat olması aşkar faktdır, heç bir mübahisə doğurmur və buna dair əlavə sübut təqdim edilməsinə zərurət qalmamışdır. Məhkəmə iddianın “birinci bilet üçün ödənilmiş 430 manat (253 dollar) məbləğində pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı tələbin əsassız olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə, birinci bilet ikitərəfli bilet olmasını, iddiaçı həmin biletin gediş istiqamətindən istifadə etməməsi və dönüş biletinin aktiv saxlanılması barədə tələbini də cavabdehə bildirməməsini mübahisələndirilməyən hala aid etmişdir. Bu halın mübahisəsiz olması ilə onlar (iddiaçı) da tam razılaşır. Lakin iddiaçının gediş istiqamətindən üzrlü səbəbdən istifadə edə bilmədiyi, bu səbəbin nədən ibarət olmasına dair heç bir məlumatı və mötəbər sübutu məhkəməyə təqdim etməməsi, dönüş biletinin aktiv saxlanılması barədə məlumatı cavabdehə vaxtında verməsini qeyri-mümkün edən hər hansı bir halın mövcudluğuna istinad etməməsi, əksinə, aralarında olan yazışmalardan müəyyən olunur ki, iddiaçı belə bir məlumatlandırma vəzifəsinin olmasından xəbərdar olmadığını nümayiş etdirməsi, iddiaçı belə bir şərti istehlakçıların hüquqlarına zidd hesab etməsi, gedişindən istifadə etmədiyi biletinin dönüş istiqamətinin ləğv edilməsinin cavabdehin bazardakı üstün mövqeyindən sui-istifadə etməsi və bunun hüquqazidd davranış olduğunu iddia etməsində haqsız olması, bunlarla yanaşı cavabdehin isə alqı-satqı zamanı iddiaçıya təqdim etdiyi, iddiaçının şərtləri ilə tanış olaraq razılaşdığını təsdiqlədiyi “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”na (ofertaya) istinad edərək, iddiaçının gediş istiqaməti üzrə uçuşa ən geci 60 dəqiqə qalmış reysin qeydiyyatına gəlməməsinin, dönüş biletinin aktiv saxlanılması üçün əvvəlcədən cavabdehə müraciət etməməsinin nəticəsi olaraq dönüş biletini də ləğv etdiyini bildirməsində haqlı olması, şərtlərin sözügedən Qaydaların müvafiq bəndlərində nəzərdə tutulmuş və iddiaçı da bilet alaraq, həmin şərtləri qəbul etməsi (aksept etməsi), belə olan halda, biletin gediş istiqamətindən şəxsi səbəblərə görə istifadə etməyən və dönüş biletinin aktiv saxlanması üçün vaxtında müraciət etməyən iddiaçının dönüş biletini aralarındakı müqavilədə nəzərdə tutulmuş hüququndan istifadə edərək ləğv edən cavabdehin bu hərəkəti təqsirli və hüquqazidd davranış hesab olunmaması, iddiaçı şərtləri oxumadan razılığını ifadə etmiş olsa da belə, burada cavabdeh tərəfin hər hansı təqsiri yaranmaması mövqeyinin məhkəmə qənaətində sərgilənməsi milli qanunvericiliyin həm maddi və həmdə prosessual hüquq normaları ilə uzlaşmadığını bir daha təsdiq edir. Göründüyü kimi, məhkəmə iş üçün əhəmiyyət kəsb etməyən, məsələn “iddiaçının gediş istiqamətindən üzrlü səbəbdən istifadə edə bilmədiyi, bu səbəbin nədən ibarət olmasına dair heç bir məlumatı və mötəbər sübutu məhkəməyə təqdim etməməsi, dönüş biletinin aktiv saxlanılması barədə məlumatı cavabdehə vaxtında verməsini qeyri-mümkün edən hər hansı bir halın mövcudluğuna istinad etməməsi” və s. bu kimi xüsusatlara, iş üzrə əhəmiyyətı olmayan hallara diqqəti yönəldərək məhkəmə aktının “yüklənməsi”nə səbəb olan məzmunu akta əlavə etmiş, mülki hüquq münasibətlərini, habelə işin faktiki hallarının dəyərləndirilməsi maddi və prosessual hüquq normaları baxımından deyil, subyektiv və hüquqa söykənməyən mülahizələr əsasında icra edilmiş, müqavilə münasibətlərində, müqavilə azadlığında tərəflərin bərabərliyinə, hüquqdan sui-istifadəyə yol verilməməsinə, mülki münasibətlərdə sui-istifadənin qarşısının alınması meyarlarından deyil, bazarda açıq-aşkar üstün imkanlara malik olan inhisarçı mənafelərinin qorunmasına, istehlakçının hüquqlarına etinadsız yanaşma meyyarı diqqətdə saxlanılmışdır. Bununla bərabər işə baxan məhkəmə müvafiq şərtdə nəzərdə tutulan sərnişinin məlumat vermə vəzifəsini müqavilə hüququ nöqteyi nəzərindən yanaşmasını nümayiş etsə də, həmin məlumatın bildiriş (xəbərdarlıq, pretenziya və s.) anlayışına uyğun gəldiyini bildirmiş (burada bir daha məlumat vermək öhdəliyi sərnişinin üzərinə “yüklənmiş”, daşıma xidmətini icra edən tərəf isə müqavilə münasibətlərinin bir tərəfli qaydada ləğv etdiyi təqdirdə məlumat vermə öhdəliyindən yayınması faktı diqqətdən kənar qalmışdır), bununla da əhəmiyyətsiz qaydalar əsasında sərnişinin üzərinə məlumat vermə vəzifəsinin qoyulmasına qanunauyğun don geyindirilmiş və yaranmış vəziyyətdə sərnişin daşıyan və müqavilə üzrə öhdəlikləri təsdiq edilən aviaşirkəti qarşı tərəfə (sərnişinə) müqailənin bir tərəfli qaydada ləğv edilməsi ilə bağlı məlumat vermə vəzifəsindən (öhdəliyindən) faktiki olaraq azad etməsini leqitim saymışdır. Məhkəmə bu yanaşması ilə şirkətin müqaviləni bir tərəfli qaydada ləğv etməsi nəticəsində istehlakçının hüquqlarının məhdudlaşdırılmadığı qənaətinə gəlmiş, əksinə olaraq daha irəli gedib sərnişin tərəfdən qarşı tərəfə bildiriş verməklə müqavilənin bir hissəsinin icrasından imtina etməsi, digər hissənin icrasında isə maraqlıdırsa, münasibətləri davam etdirmək niyyətini həmin bildirişdə ifadə etməsini qeyd edib, bu hala geniş izahlı formada şərh verərək – “gediş istiqaməti üzrə reysdən istifadə etməyən sərnişinin dönüş istiqamətindən istifadə edəcəyini (müqavilənin icra edilməmiş hissəsinə marağın olmasını) güman etmək o qədər də ağlabatan olmadığı, bunun üçün iddiaçının özünün vaxtında bildirilmiş iradə ifadəsi olmalı olduğunu” qeyd etməklə müqavilə üzrə tərəflərin bərabərlik konsepsiyasına deyil aviadaşıyıcının bazarda üstün mövqeyə malik olmasında, müqavilə münasibətlərinə əsassız yanaşmasında yalnış mövqeyini qanuniləşdirmişdir. Məhkəmə nəzərə almamışdır ki, müqavilə münasibətlərində üstünlük hüququ ola bilməz, müqavilə azadlığı prinsipi hər iki tərəfə aiddir, müqavilənin tərkib hissəsi olaraq təqdim edilən şərtlər müqavilə münasibətlərində üstün mövqeyə malik aviadaşıçıyının maraqlarına xidmət etməməlidir, onlayn satışın imkanlarından istifadə edərək bir tərəfin əlavə öhdəliklərlə yüklənməsi, bununla yanaşı yalnız bir tərəf üçün qeyri-bərabər üstünlük yaradılması əsassız varlanmaya şərait olmaqla, müqavilə tərəflərinin bərabərliyi prinsipi ilə uzlaşmır, üstünlük hüququ verən, əmlak hüquqlarından məhrum edən, onları məhdudlaşdıran şərtlər-qaydalar yolverilməzdir və eyni formatda tətbiqi sui-istifadə kimi qiymətləndirilməsinə əsas olmalıdır. Məhkəmə qənaətində müqavilə üzrə adıçəkilən şərtlərin mövcudluğunun daha böyük məqsədə xidmət ediyinə isitnad edərək hava yolları ilə daşımanın kifayət qədər çox xərc tələb (qeyd: belə vəziyyət yalnız xidmətin dəyərinə təsir edə bilər, hüquqdan sui istifadədən faydalanmağa yox) etməsi məlum məsələ olduğunu, müqavilənin tam icrası üçün tərəfləri mümkün qədər çalışmalı olmalarını, tam icrası üçün şərtləşdirilmiş vaxtda və yerdə olmaları, əks halda bir-birlərini vaxtında xəbərdar etməli olduqlarını, davamedici münasibətlər vəziyyətində isə, növbəti dəfə müqaviləni icra etmək niyyətində olub olmadıqlarını bir-birlərinə bildirməli olmalarına xüsusi diqqətə çatdırmışdır. Məhkəmənin yanaşmasından görünən odur ki, məhkəmə mülki mübahisənin həllinə yox, profilaktik tədbirlərlə bağlı öhdəlikləri icra edir, aviaşirkətinin mövqeyinin qarantı qismində yanaşma sərgiləyir. Hətta məhkəmə aktında hava yolları ilə daşımanın kifayət qədər çox xərc tələb etməsi məlum məsələ olduğu, bu aspektdən də sərnişinin daşıma şirkətini vaxtında məlumatlandırmaq vəzifəsinin də göründüyü kimi, məhz elə onun özünü qorunması (qeyd: “sərnişin aviaşirkətə əlavə məlumat verməklə özünü qorumuş olur” - nə ilə bağlı isə aydın olmur), əks halda kommersiya fəaliyyəti ilə məşğul olan daşıma şirkətinin növbəti reysdən istifadə edib-etməyəcəyini bilmədiyi sərnişinə görə real əlavə gəlir əldə etmək hüququndan məhrum olması ilə nəticələnə biləcəyi, buna görə də biletin gediş istiqamətindən istifadə edilmədiyi, dönüş istiqamətinin saxlanması barədə isə müraciət edilmədiyi halda, hava yolları şirkətinin biletin növbəti istiqamətini ləğv edib, həmin yeri başqasına satması mümkünlüyünə xüsusi nəzər cəlb etmişdir. Göründüyü kimi, mübahisəni həll edən məhkəmə üçün avişirkətin şərnişinlərin hesabına əlavə gəlir əldə edə biləcəyi daha önəmli olmuş, sərnişinlərin isə aviaşirkətin hüquqa zidd davranış nəticəsində maddi itkilərə məruz qalmaları, bununla əlavə xərclərin yaranması, mənəvi sarsıntı keçirməsi halları hər hansı bir önəm daşımamışdır. İşə baxan məhkəmənin dəyərləndirməsini diqqətə alsaq, belə nəticəyə gəlmək olar ki sərnişin (vətəndaş) hər bir mümkün imkanlarından istifadə etməlidir ki aviaşirkət kommersiya fəaliyyəti subyekti olaraq növbəti reysdən istifadə edib-etməyəcəyini bilmədiyi sərnişinə görə, proqnozlaşdırılmış gəlirdən əlavə real əlavə gəlir (hansı yol ilə olursa olsun) əldə etmək hüququndan məhrum olunmasın, əksinə əhəmiyyətisz şərtlərə görə birtərəfli qaydada ləğv etmiş olduğu müqavilə üzrə şərnişinin əvvəlcədən ödəmiş olduğu vəsait şirkətin əlavə qazancına hesablansın, bundan başqa şirkətin öz seçiminə uyğun aviabileti digər bir müştəriyə sərbəst şəkildə daha üstün dəyərə satılması nəticəsində əsassız faydalanmasına şərait yaradılsın. Məhkəmə “müqavilədə yuxarıda adı çəkilən belə şərt olmasaydı, onda iddiaçının dəlillərini haqlı hesab etmək olardı”mövqeyində, “bu şərtin mövcudluğu halında, iddiaçının biletə ödədiyi pulun qaytarılmasını tələb etməsi” əsassız sayılmalıdır. Məhkəmənin bu dəyərləndirməsi mülki və prosessual hüquqa, daha dəqiqləşdirsək müqavilə münasibətləri üzrə əhəmiyyətsiz, etibarsız şərtlər-qaydalar konteksti baxımından doğru olmamışdır. Digər tərəfdən məhkəmə əsassız olaraq iddiaçı cavabdehdən aldığı ikitərəfli bilet üzrə gedişdən istifadə edə bilməməsini, lakin qayıdış üçün həmin biletdən istifadə etmək istədiyini vaxtında cavabdehə bildirmədiyindən, cavabdeh müqavilədə nəzərdə tutulmuş hüququndan istifadə edərək, bileti tamamilə ləğv etməsini haqlı bilmişdir. Məhkəmənin müəyyən etdiyi hallardan aşkardır ki, iddiaçının əldə etmiş olduğu bilet iki tərəflidir və sərnişinin bir tərəf üzrə bilətdən könüllü olaraq istifadə etməməsi aviaşirkətə əsas vermir ki, onlayn formatda əlavə etdiyi əhəmiyyətsiz şərtlərlə müqavilə iştirakçısına əlavə məhdudiyyətlər yaradılsın, müqavilənin birtərəfli, gizli (heç bir məlumat vermədən) olaraq ləğv etsin, əvvəlcədən əvəzi tam olaraq ödənilmiş bileti üçünçü şəxsə satılması icra olunsun, dəyərlə bağlı vətəndaşın əmlak hüquqları məhdudlaşdırılsın, vətəndaşın əmlakı hesabına aviaşirkət əsassız zənginləşsin və məhkəmədə bu hal üzrə vurulmuş zərərin əvəzinin ödənilməsindən imtina edilsin. Məhkəmə dönüş biletinin mübahisəsiz olaraq başqa şəxsə satılmasından aviaşirkətin əldə etdiyi gəlirin, dönüş üçün alınan ikinci biletin pulunu, mənəvi zərərin və məhkəmə xərclərinin də cavabdehdən tələb edilməsinə əsas olmadığını vurğulasa da, bu hala dair tutarlı əsaslandırma olmamış, əhəmiyyətsiz müqavilə şərtləri (qaydaları) üzrə dəyərləndirmə aparılmışdır ki nəticədə aviaşirkətin mənafeyi üstün hesab olunmuş və iddia hüququ pozulmuşdur. "xxxx" QSC-nin Sərnişinlərin, baqajın və yüklərin daşınması Qaydalarının 1-ci bəndində milli aviadaşıyıcı- "xxxx" QSCnin sərnişinlərin, baqajın və yüklərin hava ilə daşınması üzrə fəaliyyətini tənzimləyən əsas normativ sənəd kimi göstərilsə də, aviaşirkət ilə müştərilərin qarşılıqlı münasibətlərini tənzimlənməsinə xidmət etmiş beynəlxalq hüquqi sənədlərə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının(İCAO) və X4 Assosiasiyasının (İATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005ci il 24 iyun tarixli 944-İİQ nömrəli «Aviasiya haqqında» Qanununa və Azərbaycan Respublikasının normativ hüquqi sənədlərinə əsasən işlənib hazırlanmışdır. Lakin "xxxx" QSC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, xx.xx.2024-cü il tarixədək, habelə xx.xx.2025-ci il tarixədək qüvvədə olan növbəti “Sərnişinlərin, baqajın və yükün daşınması” Qaydaları normativ sənəd olaraq X11 Reyestrinə daxil edilib-edilməməsi məsələsi müzakirə predmeti olmamışdır. Daşıma müqaviləsi tərəflər arasında bağlansa da "xxxx" QSC-nin rəsmi internet səhifəsində yerləşdirilərək xx.xx.2024cü il tarixədək qüvvədə olan “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”nın müqavilənin tərkib hissəsi kimi qəbul edilməsi, rəsmi sayt vasitəsi ilə onlayn bilet alışı zamanı bəyənmə kimi “tıklanma”sı, həmin qaydaları razılaşdırılmış müqavilə şərtləri olaraq tərəfin iradə ifadəsi kimi qəbul edilməsi yolverilməzdir. Göründüyü kimi, "xxxx" QSC aviadaşıyıcı olaraq bazarda üstün mövqeyə malikdir və xx.xx.2024-cü il tarixədək qüvvədə olan “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”nın müqavilənin tərkib hissəsi olaraq təqdim edilməsi əks tərəfə qeyri bərabər şərtlərini təklif olunması kimi müəyyənləşdirilməlidir. İşə baxan məhkəmə sözü gedən müqavilədə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə daşınma müqaviləsinin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisə edib nəzərə almamışdır ki, biletin əldə edilməsi mərhələsində onlayn qaydada “tıklanan” şərtləri müqavilə üzrə tərəflərin qarşılıqlı iradə ifadəsi kimi tanınması yalnız aviadaşıyıcının mənafeyi və maraqları baxımından əhəmiyyətlidir, belə olduqda isə mübahisə üzrə istinad edilmiş qeyri-bərabər şərtlər (əlavə edilən qaydalar) əhəmiyyətsiz sayılmalıdır. Məhkəmə iddia üzrə işin faktiki hallarının həqiqi və real olmasını tanısa da “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”nın daşıma müqaviləsinin tərkib hissəsi olmasına diqqətini yönəltmiş, qeyri-bərabər şərtlər-qaydalar kontekstində dəyərləndirməklə tərəflərin növbəti mərhələdə sonrakı hərəkətləri nəzərə alınmadan pozulmuş hüququn bərpasından əsassız olaraq imtina edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında qeyd etdi ki, birinci instansiya məhkəməsinin əsaslandığı qaydalar ziddiyyətlidir. 2024-cü ilə qədər və 2025-ci il ildən sonra fərqli qaydalar var. Həmin qaydalarda göstərilir ki, cərimə tətbiq edilməklə onlar həmin bileti yenidən ala bilərdilər. Həmçinin həmin qaydalar “X12 haqqında” Qanuna uyğun tətbiq edilməmişdir, həmin qaydalar qeydiyyata alınmamışdır. Müqavilənin standart şərtlərində göstərilir ki, qaydalar tətbiq edilmədiyi halda ona üstünlük verilə bilməz. Onlar hesab edir ki, cavabdeh qanunamüvafiq addım atmamışdır. Buna görə də həmin biletlərin ödənişləri geri qaytarılmalıdır. Həmçinin iddiaçı Ankara Univeristetində təhsil alır, biletin ləğv edilməsi nəticəsində o, təhsilindən kənar qalmış, təhsil aldığı universitetdən şifahi töhmət almışdır. Bununla da onlar maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş edir.
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, ilk öncə qeyd etmək istəyir ki, sözügedən qaydalar normativ hüquqi akt deyil. Bunlar müqavilə şərtidir və onun reyestrdə qeydiyyata alınmasına ehtiyac yoxdur. 2024-cü il və 2025-ci ildə qüvvədə olan qaydalarda eyni şərtlər öz əksini tapıb. Tək fərq ondan ibarətdir ki, xx.xx.2024-cü ilədək qüvvədə olan qaydalarda aviaşirkətə məlumat verilməsi, 2025-ci ildən etibarən qüvvədə olan qaydalarda isə çağrı mərkəzinə məlumat verilməsi qeyd edilib. Hər iki qaydada uçuşdan 60 dəqiqə əvvəl xəbərdarlıq edilməsinə istinad edilir. Bilet iki istiqamətli olsa da, bir biletdir. Bilet 2024-cü ildə alınmışdır. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərə qiymət verilərkən zərərçəkən şəxsin zərərin yaranmasına şərait yaratması da nəzərə alınmalıdır. Əgər belə bir zərər mövcuddursa bu iddiaçının öz hərəkətləri nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısında inhisarçı olan müəssisələr, təbii inhisara aid edilən fəaliyyət sahələri göstərilmişdir. Həmin siyahıdan görünür ki, AZAL Ankara-Bakı-Ankara istiqaməti üzrə uçuşların yerinə yetirilməsində təbii inhisar subyekti deyil. AZAL daşınma ilə bağlı insihar subyekti deyil 21.İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 842.1-842.2. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır 25.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 26.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 26.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 28.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının şikayətin dəlilləri üzrə tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını tədqiq edərək, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Ankara şəhərində yerləşən X17 Üniversitesinin tələbəsidir. O, 19 yanvar 2025-ci il tarixdə Bakı şəhərinə gəlmək, 16 fevral 2025-ci il tarixdə isə Ankara şəhərinə qayıtmaq üçün ikitərəfli bileti təxminən 430 manata (253 dollara) xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" QSC-dən elektron qaydada almışdır.
33. İddiaçı xx.xx.2025-ci il tarixli dönüş bileti ilə bağlı qeydiyyatını tamamlamaq istəsə də, bu əməliyyatı həyata keçirməsi mümkün olmamış, cavabdehin əməkdaşları ilə əlaqə saxladığı zaman ona biletin gediş istiqamətindən istifadə etmədiyinə və dönüş biletinin saxlanması üçün vaxtında müraciət etmədiyinə görə biletin dönüş istiqamətinin də ləğv edildiyi, əlavə ödəniş etmək istəsə belə, reysdə yer olmadığından, onun bu reyslə gedə bilməyəcəyi bildirilmişdir. Belə olan halda, iddiaçı məcbur qalıb 3 gün sonrakı tarixə 257.95 manata yeni bilet almışdır.
34. Dərslərində vaxtında iştirak edə bilmədiyini bildirən iddiaçı universitet rəhbərliyi tərəfindən ona şifahi xəbərdarlıq olunduğunu, bununla da cavabdehin əsassız hərəkətləri səbəbindən mənəvi zərərə məruz qaldığını iddia edir. İddiaçı cavabdehin bazardakı üstün mövqeyindən istifadə etdiyini iddia edib, birinci bilet üçün ödədiyi 430 manat, ikinci dəfə bilet alarkən ödədiyi 257,95 manat, ona məxsus bileti başqa şəxsə daha baha qiymətə satıb əsassız varlanan cavabdehin əldə etdiyi 990 manat məbləğlərində maddi, 5.000 manat məbləğində mənəvi zərərlə yanaşı, vəkil xərcinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Birinci instansiya məhkəməsi iddiaçının dönüş biletinin aktiv saxlanması üçün vaxtında müraciət etməməsini və bunun nəticəsində cavabdeh tərəfindən həmin biletin başqasına satılmasını “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”na uyğun qaydada həyata keçirilməsini, cavabdehin təqsirinin müəyyən edilməməsini qeyd edərək iddia tələbini rədd etmişdir.
36. Məhkəmənin mövqeyi ilə razılaşmayan iddiaçının apellyasiya şikayəti üzrə əsas dəlilləri müqavilə şərtlərinin, “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”-nın cavabdehin mənafeyinə xidmət etməsi, cavabdehin inhisarçı mövqeyinə uyğun olaraq onun daha çox mənafeyinə xidmət etməsi ilə əlaqədardır.
37. İddiaçı qeyd edir ki, biletin əldə edilməsi mərhələsində onlayn qaydada “tıklanan” şərtləri müqavilə üzrə tərəflərin qarşılıqlı iradə ifadəsi kimi tanınması yalnız aviadaşıyıcının mənafeyi və maraqları baxımından əhəmiyyətlidir, belə olduqda isə mübahisə üzrə istinad edilmiş qeyri-bərabər şərtlər (əlavə edilən qaydalar) əhəmiyyətsiz sayılmalıdır.
38. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən kollegiya qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi birinci bilet ikitərəfli bilet olmuş, iddiaçı həmin biletin gediş istiqamətindən istifadə etməmiş və dönüş biletinin aktiv saxlanılması barədə tələbini də cavabdehə bildirməmişdir.
39. "xxxx" QSC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, xx.xx.2024-cü il tarixədək qüvvədə olan “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları” (https://www.azal.az/az/information/carriage-rules/?date=2024-12-14): 8.4-cü bənd. Sərnişin təsdiqlənmiş təxsisi olan reysə gəlmədiyi və səyahətinin dəyişdiyi barədə əvvəlcədən Aviaşirkəti xəbərdar etmədiyi halda, Aviaşirkət marşrutun digər sahələrinə və ya özünün yerinə yetirdiyi, yaxud onun xahişi ilə bu Sərnişin üçün digər Daşıyıcı tərəfindən həyata keçirilmiş əks istiqamətdə reysə təxsisi ləğv etmək hüququna malikdir. Əgər Sərnişin təsdiqlənmiş təxsisi olan reysin qeydiyyatına gəlməyibsə və biletin qüvvədə olma müddəti ərzində onu yenidən təxsis etmək və ya qaytarmaq istəyirsə, bu prosedurlar yenidən təxsisetmə və ya biletin qaytarılması üçün müvafiq yığımlar tutulmaqla və Sərnişinin qeydiyyata gəlməməsinə görə (“NO- SHOW”) cərimə tutulmaqla həyata keçirilir. Uçuşdan ən azı 60 dəqiqə əvvəl təkrar təxsis etmək və ya bileti qaytarmaq istəyən Sərnişin qeydiyyata gəlməmiş sərnişin (“NO-SHOW”) hesab olunur. 40."xxxx" QSC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, xx.xx.2025-ci il tarixədək qüvvədə olan “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları” (https://www.azal.az/az/information/carriage-rules/?date=2024-12-15): 8.3-cü bənd. Sərnişin uçuşdan ən azı 60 dəqiqə əvvəl təsdiqlənmiş təxsisi olan reysin qeydiyyatına gəlmirsə bu hal sərnişinin qeydiyyata gəlməməsi (“NO-SHOW”) hesab edilir. Sərnişin qeydiyyata gəlmədiyi və uçuşun digər uçuş seqmentlərindən (sahələrindən) və ya əks istiqamətdə reysdən istifadə edəcəyi barədə uçuşdan ən azı 60 dəqiqə əvvəl Aviaşirkətin Çağrı mərkəzinə məlumat vermədiyi halda, Aviaşirkət özünün yerinə yetirdiyi və ya onunla digər daşıyıcı arasında olan razılaşmaya əsasən digər daşıyıcı tərəfindən həyata keçirilən marşrutun digər sahələrinə (uçuşun digər uçuş seqmentlərinə) və ya əks istiqamətdə reysə təxsisi ləğv etmək hüququna malikdir. Əgər Sərnişin qeydiyyata gəlməyibsə və biletin qüvvədə olma müddəti ərzində onu yenidən təxsis etmək və ya qaytarmaq istəyirsə, tarif qaydalarına əsasən yenidən təxsis etmə və qaytarma mümkün olduğu halda bu prosedurlar yenidən təxsisetmə və ya biletin qaytarılması üçün Aviaşirkətin tarif qaydalarına uyğun sərnişinin qeydiyyata gəlməməsinə görə (“NOSHOW”) cərimə (tutulma) tətbiq edilməklə həyata keçirilir
41. Göründüyü kimi cavabdeh Aviaşirkət haqlı olaraq, bilet alqı-satqısı zamanı iddiaçıya təqdim etdiyi, iddiaçının şərtləri ilə tanış olaraq razılaşdığını təsdiqlədiyi “Sərnişinlərin, baqajın və yükün daşınması Qaydaları”na (ofertaya) istinad edərək, iddiaçının gediş istiqaməti üzrə uçuşa ən geci 60 dəqiqə qalmış reysin qeydiyyatına gəlməməsinin, dönüş biletinin aktiv saxlanılması üçün əvvəlcədən cavabdehə müraciət etməməsinin nəticəsi olaraq dönüş biletini də ləğv etdiyini bildirmişdir. Bu şərtlər sözügedən Qaydaların müvafiq bəndlərində nəzərdə tutulmuş və iddiaçı da bilet alaraq, həmin şərtləri qəbul etmişdir (aksept etmişdir). Belə olan halda, biletin gediş istiqamətindən şəxsi səbəblərə görə istifadə etməyən və dönüş biletinin aktiv saxlanması üçün vaxtında müraciət etməyən iddiaçının dönüş biletini aralarındakı müqavilədə nəzərdə tutulmuş hüququndan istifadə edərək ləğv edən cavabdehin bu hərəkəti təqsirli və hüquqazidd davranış hesab edilə bilməz.
42. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, qeyd olunan Qaydaların 8.4.1-ci bəndinə görə sərnişin təsdiqlənmiş təxsisi olan reysə gəlmədiyi və səyahətinin dəyişdiyi barədə əvvəlcədən Aviaşirkəti xəbərdar etmədiyi halda, bu qaydaların 8.4.2-ci bəndinə görə sərnişin təsdiqlənmiş təxsisi olan reysin qeydiyyatına gəlməyibsə yenidən təxsis etmək prosedurları cərimə tutulmaqla həyata keçirilir. (Deməli, həmin “Qaydalar”a görə şərnişin yenidən təxsis hüququndan imperativ qaydada məhrum edilmir) Belə olduqda, tərəflər arasında olan yazışmaya görə, aviaşirkət yenidən təxsis etmək prosedurlarını icra etmək üçün cərimənin ödənilməli olduğunu bildirsə də, iddiaçı da buna email vasitəsi ilə razılıq versə də Aviaşirkət öz təklifinin icrasından yayınmış, yenidən təxsis etmək prosedurlarından imtina etmiş, bir tərəfli qaydada ləğv etmiş olduğu bilet üzrə istifadə edilməmiş digər biletin dəyərini geri qaytarmamış, hətta lap irəli gedərək 14-15-16 fevral tarixləri üçün həmin biletin dəyərini 990 manat müəyyən edib sataraq əsassız yerə varlanmışdır.
43. Bununla bağlı kollegiya qeyd edir ki, istinad olunan Qaydalara görə Sərnişin qeydiyyata gəlməyibsə biletin təxsis edilməsi və qaytarılması yenidən təxsis etmə və qaytarma mümkün olduğu halda cərimə tətbiq edilməklə həyata keçirilməsi nəzərə tutulmuşdur. Hazırki işdə isə iddiaçı bununla bağlı müraciət etdikdə artıq həmin reysdə boş yerin qalmadığı bildirilmişdir ki, həmin hal da yuxarıda qeyd olunduğu kimi tərəflər arasında razılaşmanın şərtlərinə uyğun qaydada baş vermişdir.
44. Qayda və müqavilə şərtlərinin cavabdehin bazardakı üstün mövqeyindən sui-istifadə etməsinin nəticəsi olması barədə dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsinin də qeyd etdiyi kimi, cavabdeh şirkət Ankara-Bakı-Ankara istiqaməti üzrə uçuşlarla bağlı inhisarçı deyildir, sözügedən istiqamət üzrə reysləri həyata keçirən kifayət qədər başqa hava yolları şirkətləri vardır və iddiaçının istənilən başqa şirkətlə müqavilə bağlamaq imkanı olmuşdur.
45. Həmçinin cavabdeh tərəfindən təqdim edilən qonşu Türkiyə Respublikasının və Rusiya Federasiyasının Aviaşirkətlərinin sərnişin daşıma qaydalarını əks etdirən normalarla mübahisələndirilən məsələlər analoji qaydada tənmzimlənir (i/v 81-87) . 46.Mülki Qanunvericiliyin yuxarıdakı bəndlərdə qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 48.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 49.İş materiallarından göründüyü kimi, iddiaçının geri dönüş biletinin ləğv edilərək başqasına satılması iddiaçının vaxtında məlumat verməməsi ilə bağlı olaraq, tərəflər arasında razılaşmanın şərtlərinə uyğun qaydada həyata keçirilmiş, cavabdehin təqsiri müəyyən edilməmişdir.
50. Kollegiya iddiaçının “yeni dönüş bileti üçün ödənilmiş 257,95 manat məbləğində pulun cavabdehdən tutulması” tələbini də əsassız hesab edın kollegiya qeyd edir ki, qeyd olunan tələb son nəticədə iddiaçının özünün cavabdehi vaxtında xəbərdar etməməsinə görə ilkin biletinin dönüş istiqamətinin cavabdeh tərəfindən ləğv edilməsinə əsaslandığından və yuxarıda şərh edilənlərə əsasən cavabdehin həmin halın baş verməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, əksinə müqavilə şərtləri çərçivəsində baş verdiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə də rədd etməklə düzgün nəticəyə gəlmişdir.
51. Kollegiya hesab edir ki, iddia tələbinin “iddiaçıya məxsus aviabiletin başqa şəxsə satılmasından əsassız varlanma qaydası ilə əldə edilmiş 990 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsini əsassız hesab edən məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus biletin dönüş istiqamətinin iddia edilən məbləğdə satılmasına dair heç bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, cavabdeh isə biletin həmin məbləğə satılması barədə dəlili qəbul etməmişdir.
52. Digər tərəfdən iddiaçı tərəfindən bron edilmiş yerin sonradan (gedişə azı 60 dəqiqə qalmış iddiaçı gedişdən istifadə etmədikdən, dönüşün aktiv saxlanmasını tələb etmədikdən sonra) başqa şəxsə satılması zamanı ödənilən məbləğ iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçının əsassız varlanma qaydalarına istinadla həmin məbləği tələb etmək hüququ yaranmır.
53. Mənəvi zərərin ödənilməsi tələbini də əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçının dönüş biletindən istifadə edə bilməməsi, nəticədə dərslərin bir qismində iştirakdan məhrum olması, iddiasına görə universitet rəhbərliyindən şifahi xəbərdarlıq alması onda mənfi emosiyaların yaranmasına səbəb olması ağlabatan olsa da, bu halların cavabdehin təqsirli hüquqazidd davranışı nəticəsində baş verməsi, baş vermiş nəticə ilə cavabdehin əməli arasında səbəbli əlaqənin olması müəyyən edilmir.
54. Həmçinin kollegiya qeyd edir ki, əsas iddia tələbləri təmin edilmədiyindən məhkəmə vəkilə ödənilmiş 500 manat məbləğində vəsaitin cavabdehdən tutulması tələbini də təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. 55.Qeyd olunanlara əsasən kollegiya iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(006)- 3947/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(006)-3947/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov