Məhkəmə qərarları › İş №2(103)-6410/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6410/2023

24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6410/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Cavıd oğluna qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(006)-965/2023 nömrəli qətnaməsindən Cavabdeh Cavıd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı mülkiyyətində olan ünvan 2 saylı evin 50 saylı mənzilinə Cavabdeh Cavıd oğlunun yaşadığı ünvan 2 saylı evin 55 saylı mənzilindən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Hazırda iddiaçı maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Cavıd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4435 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın əvəzi Cavabdeh Cavıd oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışa əsasən X4 mülkiyyətindədir. Həmin binanın 11-ci mərtəbəsində (bir mərtəbə yuxarıda, həmin mənzilin üstündəki) mənzil isə cavabdehə məxsusdur. 2020-ci ilin mart ayında cavabdehin mənzilindən suaxıtma nəticəsində iddiaçının yeni təmir edilmiş mənzilinin yataq otağına zərər dəymişdir. Bu faktı binanın komendantı Habil Mürşüdlü hər iki mənzilə baxış keçirərək və akt tərtib edərək təsdiq etmişdir. Həmin vaxt mənzili sığortalı olduğundan sığorta şirkəti mənzilə dəymiş zərəri ödəmişdir, lakin zərərin 250 manat məbləğində olan hissəsi iddiaçıdan tutulmuşdur. xx.xx.2022-ci il tarixdə yenidən (ikinci dəfə) cavabdehin mənzilindən su axıdılmış və bunun nəticəsində iddiaçının mənzilinin yataq otağının tavanı deformasiyaya uğramış, divar kağızı yararsız vəziyyətə düşmüş, su axan yerlərdə divarlar kiflənmişdir. Həmçinin əşyalara ziyan dəymiş, onlar korlanmışlar. Divarda asılmış güzgü aşmış və çərçivəsi əyilərək yararsız hala gəlmiş, “Fossil” markalı qol saatının şüşəsi sınmışdır. X5 yenidən binanın komendantına müraciət etmiş, suyun haradan axmasını müəyyənləşdirilməsini xahiş etmiş, onun müraciəti əsasında mənzilinə baxış keçirilmiş və həqiqətən də iddiaçının mənzilinə cavabdehin mənzilinin mətbəxindən su axıdılması və onun mənzilinə maddi ziyan dəyməsi müəyyən edilmişdir. Bu hal komendantın tərtib etdiyi xx.xx.2022 tarixli arayışla təsdiq olunur. Bununla bağlı cavabdehə xəbərdarlıq edilmiş və suyun axıdılmasının qarşısının alınmasını və iddiaçının mənzilinə dəymiş ziyanın ödənilməsi təklif olunmuşdur. Lakin cavabdeh kobud şəkildə imtina etmiş və iddiaçıya qarşı xuliqanlıq hərəkətləri etmişdir. Bu zaman binanın mühafizəçisi Məhərrəmov Sərdar da orada olmuş, bütün hadisələrə şahid olmuşdur. O, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayət araşdırılmış və xx.xx.2022-ci il tarixli məktubla mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 700 manat təşkil edir. Həmçinin cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilə X7 tərəfindən tərtib edilmiş bərpa smetasına əsasən təmir dəyəri 3735 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(006)- 965/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Cavıd oğlundan vurulmuş maddi ziyanın əvəzi kimi 2706 (iki min yeddi yüz altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh Cavıd oğlundan tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçının yaşadığı 50 saylı mənzilə 55 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Su sızma nəticəsində iddiaçıya məxsus mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün 2706 manat pul vəsaiti tələb olunur. Eyni zamanda, iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi komendant Habil Mürşüdov tərəfindən tərtib edilmiş arayışla da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 2706 (iki min yeddi yüz altı) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 4435 (dörd min dörd yüz otuz beş) manat miqdarında (2706 manatdan yuxarı olan hissəsini) olmasını təsdiq edən kifayət qədər mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun istinad olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının iddiası bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci, Azərbaycan Respublikası MPM-in 14.2, 76.1, 76.2, 77.1, 89, 119.1, 217.3, 217.4-ci maddələrinə eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya dəymiş zərərin onun tərəfindən törədilməsi inkar edilir. Belə ki, onun evində hər hansı bir su sızması yoxdur. İddiaçının evinə sızmış su binanın ümumi şaxtası tərəfdədir və onlar həmin hissədə havalandırma yolunu bağlamışlar ki, nəticədə şaxta həmin hissədə iki yerə bölünür. İş üzrə təyin olunmuş xx.xx.2023-cü il tarixdə məhkəmə tikinti-texniki ekspertizasının rəyində də qeyd edilir ki, “ekspert qarşısında qoyulmuş 1-ci və 3-cü suallara cavab verərkən qeyd edir ki, “50 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır” Daha sonra isə qeyd edilir ki, yuxarı mərtəbədən axıdıla bilər. Həmin rəy kifayət qədər aydın və əsaslı deyil, ekspert qoyulmuş sualları tam həll etməmiş, cavab verməmiş, ehtimallar əsasında hazırlamışdır. Ekspert cavabdehin mənzilinə baxış keçirməmiş, yalnız iddiaçının evində olmaqla ehtimallar əsasında rəy tərtib etmişdir. Əgər səbəb aydın deyilsə, demək suyun haradan gəlməsi də müəyyən deyil və nəticəyə təsiri də yoxdur. Qərardadın 2-ci sualına cavabda isə ekspert sualda nəzərdə tutulmuş tədqiqat obyektini düzgün seçməmişdir. Belə ki, sual ondan ibarətdir ki, iddiaçı tərəfindən “ümumi şaxtanı öz mənzilindən keçən hissədə (hazırda su sızıntısının baş verdiyi yer) bağlanması tikinti normalarına uyğundurmu?”. Ekspert isə bu suala “mənzilin daxilindən keçən ümumi şaxta bağlı olduğundan həmin hissənin bağlanmasının tikinti normalarına uyğun olduğu”nu qeyd edir. Halbuki, iddiaçı tərəfdən şaxtanın qabağı divarın digər tərəfindən bağlanmışdır, mənzilin iç tərəfindən yox. Mənzilin iç tərəfindən şaxtaya çıxış bağlı olduğundan şaxtanın içi görsənmir. Qərardadın 5-ci sualına – “Su sızmaları səbəbindən təmirin yararsız hala düşməsi hansı dövrləri əhatə edir?” sualına da cavab verilməmişdir (bu sual ona görə qoyulmuşdur ki, əvvəllər bir dəfə su sızıntısı olmuş və iddiaçı bununla bağlı sığorta pulu almışdır. Həmin sızıntı nəticəsində yenidən təmir olunması isə sübut olunmur). Rəyin əsaslandırıcı hissələrində də bir çox hallarda ehtimallara əsaslanılmış, səbəbli əlaqələr müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən əlavə ekspertizanın təyin olunması üçün verdiyi vəsatət təmin olunmamışdır. İşə baxan hakim özündə suallar doğuran ekspert rəyini əsas götürmüş, qonşular arasında artıq ikinci dəfə davam edən bu məsələnin həlli üçün kifayət qədər təşəbbüs göstərməmiş, yerində müayinə keçirməmişdir. Nəticədə evdə hansı problemin olduğunu bilmirlər. Gələcəkdə də bu kimi halın baş verib verməyəciyi də məlum deyil. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilən – Cavabdeh Cavıd oğlundan vurulmuş maddi ziyanın əvəzi kimi 2706 (iki min yeddi yüz altı) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissəsində yoxlanılmasını təşkil edir. Belə ki, iddia tələbi qismən təmin edilsə də iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirməmişdir, digər tərəfdən cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 2, M11, m5 tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan ünvan 2 saylı evin komendantı Habil Mürşüdlü tərəfindən verilmiş arayışda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən hündür mərtəbəli binanın 12-ci mərtəbə mənzil № 55-də yaşayan Cavabdeh mətbəxindən su axaraq 11-ci mərtəbədəki mənzil 50-də yaşayan İddiaçı yataq otağına maddi ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda müraciətlə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciəti məqsədə müvafiq hesab olunduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının 10/1230 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən: 1-ci və 3-cü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 50 saylı mənzilin yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar, döşəmə və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, eləcədə su sızma izlərinin yuxarıdan aşağıya doğru olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq,Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 29 saylı evin, 50 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 55 saylı mənzildən su axıdıldığı və nəticədə 50 saylı mənzilin bir yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 55 saylı mənzilin qapısı bağlı olduğundan 50 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 50 saylı mənzilə su sızması 55 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. 2-ci sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 29 saylı evin, 50 saylı mənzilə dair tərtib edilmiş Texniki pasportda Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 29 saylı evin, 50 saylı mənzilin daxilindən keçən ümumi şaxta bağlı olduğundan həmin hissənin bağlanmasının tikinti normalarına uyğun olduğu, eləcədə sözügedən mənzilin yerləşdiyi binanın dam hissəsində yerləşən şaxtanın üstünün bağlı olduğunu nəzərə alaraq, həmin şaxtaya yağış sularının daxil olmadığı müəyyən edilmişdir.4-cü və 5-ci suallar üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 29 saylı evin, 50 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2706 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən mülki qanunvericiliyin müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş iş üzrə tikintitexniki-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, iddiaçının yaşadığı 50 saylı mənzilə 55 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Su sızma nəticəsində iddiaçıya məxsus mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün 2706 manat pul vəsaiti tələb olunur. Eyni zamanda, iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi komendant Habil Mürşüdov tərəfindən tərtib edilmiş arayışla da öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyindən və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilindən olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Həmçinin də iddiaçının mənzilinə cavabdehin mənzilinin mətbəxindən su axıdılması və onun mənzilinə maddi ziyan dəyməsi iş materiallarında olan tərəflərin yaşadığı binanın komnedantı Habil Mürşüdovun tərtib etdiyi xx.xx.2022 tarixli arayışın məzmunu ilə də təsdiq olunur Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, ekspertiza zamanı Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 29 saylı evin, 50 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 55 saylı mənzildən su axıdıldığı və nəticədə 50 saylı mənzilin bir yaşayış otağı tikilisinə ziyan vurulduğu 50 saylı mənzilin yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar, döşəmə və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, eləcədə su sızma izlərinin yuxarıdan aşağıya doğru olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatlar əsasında müəyyən olunmuşdur. Rəydə həmçinin göstərilmişdir ki, 55 saylı mənzilin qapısı bağlı olduğundan 50 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmasa da, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 50 saylı mənzilə su sızması 55 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə iddiaçıya maddi zərər dəyməsi faktı müəyyən olunması ilə məhkəmə kollegiyası razılaşır. Belə ki, hazırki iş üzrə isə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilərək qiymətləndirmiş və iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(006)- 965/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar