Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6417/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 151.000 ABŞ dolları və 65.000 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh İddiaçı xeyrinə 100.000 ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, cavabdeh tərəfindən əsas alqı-satqı müqaviləsinin mənzilin ipoteka ilə yüklülükdən azad edildikdən sonra bağlanması öhdəliyi götürülməmişdir. Müqavilədən də göründüyü kimi, tərəflər mənzilin alqı-satqısına dair müqaviləni 5 gün ərzində bağlamağı öhdələrinə götürmüşlər. Lakin müqavilədə göstərilməsinə baxmayaraq, məhkəmə həmin müddətin 5 gün olmasına diqqət yetirməmişdir. Həmçinin məhkəmə, iddia müddətinin axımının başlanması ilə bağlı iddiaçının hüquqlarının pozulduğunu bildiyi günü məhkəmə bildirişinə istinad edərək, cavabdeh tərəfindən ipoteka predmetinin qiymətləndirilməsinə dair məhkəmədə qaldırılmış iddiaya dair verilmiş bildirişin vaxtından hesab etmişdir ki, bu da tamamilə əsassızıdır. Müqavilənin icra müddəti konkret olaraq 5 gün ərzində nəzərdə tutulduğundan iddiaçının hüquqları pozulmuş olsaydı, həmin 5 gündən sonrakı gün onu hüqquqlarının pozulduğu gün hesab edilməli idi. Hətta, müqavilənin icrası müddətini 24 ay hesab etsək belə, müqavilənin icrası xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Belə olan halda, müqavilə üzrə iddia müddəti 3 il təşkil etdiyindən iddia müddəti ötürülməklə iddia qaldırılmışdır. Bundan başqa, birinci instansiya məhkəməsində proses zamanı aralarında şifahi barışığa dair razılaşma olmuşdur ki, iddiaçı tərəfindən 255.000 manat ödənilərək, mübahisəli mənzil onun istədiyi şəxsin adına alqı-satqı ediləcəkdir. Şifahi razılaşmaya uyğun olaraq, həmin məbləğdə banka olan borc bağlandıqdan sonra mənzil X2 adına rəsmiləşdirilmiş və alıcı qismində etibarnamə əsasında iddiaçının oğlu çıxış etmişdir. Nəticə etibarilə, cavabdeh artıq üzərinə götürdüyü bütün öhdəliklərini, o cümlədən əsas alqı-satqı müqaviləsini bağlamaq öhdəliyini də yerinə yetirmişdir. Hazırda iddiaçının ondan yenə də, 100.000 ABŞ dolları tələb etməsi isə, həm öhdəçilik müqaviləsinin, həm də qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə öhdəçilik müqaviləsi bağlanarkən iddiaçının sözügedən mənzilin ipoteka ilə yüklü edilməsindən məlumatı olmuş və həmin müqavilənin bağlanmasının məqsədi də məhz banka olan borcun ödənilməsi və mənzilin ipotekadan azad edilməsi ilə bağlı olmuşdur. Lakin iddiaçı 100.000 ABŞ dolları behi ödədikdən sonra, qalan 200.000 ABŞ dollarını müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün mənzilə dair əsas alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Bunda cavabdehin heç bir təqsiri olmamışdır. Həmçinin, rayon məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra müqavilədə qeyd edilən ünvandakı mənzillə bağlıtərəflər arasında razılaşdırılmaqla 255.000 manat ödənilməklə iddiaçının göstərdiyi şəxsin adına alqı-satqı olmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki, sözügedən müqavilədə iddiaçının qalan 200.000 ABŞ dollarını ən geci 24 ayın tamamına 5 gün qalmış ödəməsi şərtləşdirilmişdir ki, həmin 5 gün ərizində də, cavabdeh mənzili ipotekadan çıxarmalı və tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. Bu müddət müqavilə tərəfi kimi iddiaçıya bəlli olmuşdur. Belə olan halda, iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi gün həmin müddətin bitdiyi gün hesab edilməlidir ki, bu vaxtdan hesablandıqda iddia müddətinin ötürülməsi şübhəsizdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq şikayətinin təmin olunmasını xahiş edir. İddiaçının vəkili isə, şikayətə etiraz edərək, bildirmişdir ki, tərəflər arasında öhdəçilik müqaviləsinin bağlanması zamanı iddiaçının mübahisəli məznilin banka ipotekada olmasından xəbəri olsa da, həmin məbləğin mənzilin dəyərindən çox olması cavabdeh tərəfindən ona bildirilməmişdir. Halbuki, iddiaçı hesab etmişdir ki, 100.000 ABŞ dolları ödədikdən sonra müqavilədə nəzərədə tutulduğu kimi 24 ayın tamamına kimi qalan 200.000 ABŞ dollarını ödəsə, bu iddiaçının banka olan borcunu bağlamağa kifayət edcəkdir. Lakin bu müddət ərzində ona məlum olmuşdur ki, iddiaçının banka 700.000 manata yaxın borcu vardır. Yəni iddiaçı, cavabdeh tərəfindən aldadılmış, buna görə də, mənzilin ipotekadan çıxarılmasının qeyri-mümkün olacağını düşünüb, qalan 200.000 ABŞ dollarını ödəməmişdir. Suala cavab olaraq bildirir ki, sözügedən mənzil barədə rayon məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra tərəflər arasında 255.000 manat ödənilməklə alqı-satqı olmuşdur. Bu alqı-satqı müqavilədə nəzərdə tutulan ünvandakı mənzillə bağlı olsa da, müqavilə üzrə ödənilmiş behlə bağlılığı olmamışdır. Belə ki, tərəflərin əvvəllər yaxşı münasibətləri olmuş və iddiaçının həmin mənzili almaq arzusu olmuşdur. Ona görə də uzun müddət keçməsinə baxmayaraq, həmin mənzili cavabdehin banka olan borcunu ödəyərək alqı-satqı etmişdir. Qeyd olunanlara əsasən, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlanmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşin mübahisəsiz hallarına əsasən, tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli öhdəçilik müqaviləsinə əsasən Cavabdeh (satıcı) ******* nömrəli çıxarışa əsasən öz adına olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzilini 300.000 ABŞ dolları müqabilində İddiaçı (alıcı) satır və mənzili satmaq üçün ilkin olaraq alıcıdan 100.000 ABŞ dolları beh almışdır. Alıcı 24 ayın tamamına 5 gün qalmışa kimi qalan 200.000 ABŞ dollarını ödəməlidir. Əgər alıcı tərəfindən qeyd olunan vaxtadək öhdəlik icra edilməzsə və ya bundan imtina edilərsə, satıcının verilən 100.000 ABŞ dollarını geri qaytarıb müqaviləyə xitam vermək hüququna malikdir. Müqavilə bağlanarkən sözügedən mənzil ipoteka ilə yüklü olmuş və İddiaçı bu barədə məlumatı olmuşdur. Qeyd olunanlar iddia ərizəsi, tərəfləri izahatları, xx.xx.2014-cü i tarixli öhdəçilik müqaviləsi və işdə olan digər sənədlərlə təqsdiqlənir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini pozaraq sözügedən mənzili müəyyənləşdirilmiş müddətdə ona satmadığını bildirərək, əvvəl ödədiyi 100.000 ABŞ dolları məbləğində behin geri qaytarılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, mənzilin alqı-satqısı üçün əvvəlcə iddiaçının 24 ay müddətində qalan 200.000 ABŞ dollarını ödəməli olduğunu, lakin iddiaçı tərəfindən bu öhdəlik icra edilmədiyindən alqı-satqı müqaviləsinin bağlnamsının mümkünsüz olduğunu, eyni zamanda iddia müddətinin ötürüldüyünü bildirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Tərəflər arasında xx.xx.2014-cü il tarixli müqavilə bağlandığı üçün iddia tələbinə həmin əqddən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Həmin müqaviləyə əsasən, Cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzilini 300.000 ABŞ dolları müqabilində İddiaçı satır və mənzili satmaq üçün ilkin olaraq alıcıdan 100.000 ABŞ dolları beh almışdır. İddiaçı 24 ayın tamamına 5 gün qalmışa kimi qalan 200.000 ABŞ dollarını ödəməlidir. Əgər alıcı tərəfindən qeyd olunan vaxtadək öhdəlik icra edilməzsə və ya bundan imtina edilərsə, satıcının verilən 100.000 ABŞ dollarını geri qaytarıb müqaviləyə xitam vermək hüququna malikdir. Göründüyü kimi, sözügedən mənzilin alqı-satqı müqaviləsinin bağlanmasına dair Cavabdeh öhdəliyi İddiaçı qalan 200.000 ABŞ dollarını ödəmək öhdəliyinin onun tərəfindən icrası nəticəsində yaranır. Başqa sözlə, iddiaçı tərəfindən müqavilə üzrə şərtləşdirilmiş qalan məbləğin ödənilmədiyi təqdirdə cavabdehin mənzilin alqı-satqısına dair müqavilə bağlamaq öhdəliyi yaranmır. İddiaçı isə, öhdəçilik müqaviləsinin bağlandığı xx.xx.2014-cü il tarixdən sonra 24 ay müddətində qalan 200.000 ABŞ dollarını cavabdehə ödəməmişdir. Bu fakt işin mübahisəsiz halı olmaqla, iddiaçının nümayəndəsinin etirafi ilə də təsdqilənir. Belə olan halda, cavabdehin mənzilin alqı-satqısına dair müqavilə bağlamaq öhdəliyi ümumiyyətlə yaranmamışdır ki, olmayan öhdəliyin pozulması da mümükün deyil. Kollegiya onu da vurgulayır ki, iddiaçı, qalan 200.000 ABŞ dollarını cavabdehə ödəməməsini, həmin məbləğin mənzilin ipotekadan azad olunması üçün cavabdehin bank qarşısında olan öhdəliyinin icra edilməsinə kifayət etməməsi və bu barədə sonradan xəbərdar olması ilə əsalandırsa da, bu dəlil əsaslı hesab edilə bilməz. Əvvəla ona görə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə bununla bağlı hər hansı şərt nəzərdə tutulmamış, yəni qalan məbləğin ödənilməsi hər hansı halın baş veribverməməsindən asılı edilməmişdir. Digər tərəfdən, iddiaçı, bu fakt barədə yanılmasını və ya aldadılmasını təsdiq edən mötəbər və kifayətedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X3rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, birinci instansiya məhkəməsinin 100.000 ABŞ dollarının İddiaçı qaytarılması barədə gəldiyi qənaət əsassızdır. Çünki, müqavilənin icra edilməməsinə görə iddiaçı özü məsuliyyət daşıdığı üçün beh kimi ödənilmiş 100.000 ABŞ dolları Cavabdeh qalmalıdır. Belə ki, Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Məhkəmə kollegiyası, bu qənaətə gələrkən, həmçinin nəzərə alır ki, tərəflərin izahatlarından və apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, mübahisə predmeti olan mənzillə bağlı 255.000 manata tərəflər arasında alqı-satqı edilmişdir. Kollegiya, iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsini nəzərə alaraq onu da bildirir ki, hətta iddiaçının hüququ pozulmuş hesab olunsaydı belə, iddiaçı həmin hüququn müdafiəsi müddətini ötürmüşdür. Belə ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda, bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qounmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. Mülki Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Kollegiya qeyd edir ki, hazırkı işdə tərəflər arasındakı münasibətlər xx.xx.2014-cü il tarixli öhdəçilik müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, mübahisənin düzgün həlli üçün iddia müddətinin axımının başlanma anının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası, aşaığdakılara əsasən hesab edir ki, hazırkı işdə iddia müddətinin axımın başlanığıcı 2016-cı ilin avqust ayının 6-da hesablanmalıdır. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Baxılan işin faktiki hallarından görünür ki, İddiaçı hüququnun pozulmasını cavabdeh tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmaması ilə əsaslandırmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəçilik müaviləsində isə mənzilə dair alqı-satqı müqaviləsinin 24 ayın tamamında bağlanması şərtləşdirilmişdirmişdir. Bu isə, ona dəlalət edir ki, iddiaçı həmin müddətin bitdiyi xx.xx.2016-cı il tarixdən sonrakı gün, yəni xx.xx.2016-cı il tarixdə cavabdehin öhdəliyi icra etməyərək, onun hüququnu pozduğunu bilmişdir. Buna baxmayaraq o, iddia ərizəsini xx.xx.2019-cu il tarixdə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən, Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsində gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun deyil. Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv olunsun və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Cavabdeh 100.000 ABŞ dolları məbləğində behin onun xeyrinə tutulması” barədə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6417/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6417/2020
30.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver