Məhkəmə qərarları › İş №2(103)-6419/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6419/2022

07.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6419/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “yüksək gərginlikli hava xəttinin iddiaçıya məxsus bağ sahəsindən çıxarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyul 2022-ci il tarixli qətnamədən cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə, cavabdeh ASC-nin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat

1. İddiaçı, iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsinin ərazisindən keçən yüksək gərginlikli elektrik hava xətlərinin çıxarılması öhdəliyinin cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən bağ-torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin sahə 1966-cı ildən onların ailəsinin qanuni istifadəsindədir. Lakin cavabdeh ASC tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik hava xətləri iddiaçının mülkiyyətində olan sahədən keçirilmişdir. İddiaçı buna razılıq verməmişdir. Cavabdeh ASC iddiaçıya məxsus bağ sahəsinə icazə olmadan daxil olaraq həmin xətlərin çəkilməsi işlərini icra etməklə iddiaçının mülkiyyətinə bir başa müdaxilə edib. Bundan başqa nəzərə alınmalıdır ki, bağ sahəsindən keçən yüksək gərginlikli hava xətləri iddiaçının ailəsi üçün potensial təhlükə mənbəyidir. İddiaçı, həmin xətlərin ona məxsus sahədən çıxarılması ilə bağlı ASC-yə müraciət etmiş, ASC isə onun müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarda qeyd etmişdir ki, həmin hava xəttinin köçürülməsi üçün cari ildə müvafiq texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq xətt hələ də, sahədən çıxarılmayıb. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsi qət edilmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2022-ci il tarixli, 10/1770 nömrəli rəyə görə, iddiaçıya məxsus bağ sahəsindən 6 kV-luq gərginlikli elektrik hava xətti keçir, qeyd olunan 6 kV-luq gərginlikli elektrik hava xəttinin “Elektrik qurğularının quraşdırılması qaydasının” və “Gərginliyi 1.000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının” tələblərini təmin etməklə iddiaçının bağ sahəsinin yanından keçən avtomobil yollunun kənarı ilə çəkməklə köçürülməsi mümkündür. Buna görə də, iddia əsaslı hesab edilərək təmin edilməlidir. c) Apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz şəxsi mənafeyinin ASC-yə məxsus həmin ərazidə yerləşən xeyli sayda fərdi yaşayış evlərini elektrik enerjisi ilə təchiz edən elektrik hava xətlərinin ictimai əhəmiyyətli mənafeyindən üstünlüyü iddiaçı tərəfindən dəqiq ifadə olunmamışdır. İddia tələbi ilə mülkiyyət hüquqlarından sui-istifadəyə yol verərək mülkiyyətindən ASC-yə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zəruriliyini əsaslandırmamışdır. Elektrik hava xətlərinin yerinin dəyişdirilməsi böyük maliyyə vəsaiti tələb edir. Rayon Məhkəməsində işə baxılarkən rəy vermiş ekspert məhkəmə tərəfindən onun qarşısında qoyulmuş 2-ci sual üzrə (bağ sahəsindən keçən 6 kv-luq elektrik hava xətlərinin torpaq sahəsindən çıxarılmaqla alternativ yolla çəkilməsi mümkündürmü?) məhz hansı tədqiqatların aparıldığı konkret olaraq göstərilməmiş, elektrik hava xətlərinin dəyişdirilməsinin texniki və qanunvericilik baxımından mümkünlüyünü əsaslandırmamış və nəticə etibarilə tam və aydın olmayan rəy vermişdir. Rayon Məhkəməsi həmin rəyə əsaslanmaqla sübutların qiymətləndirilməsini düzgün aparmamışdır. Nəticədə Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual normaların pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi

7. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) İşdə olan sənədlər barədə məlumat

9. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, iddia ərizəsində qeyd edilən bağ-torpaq sahəsi iddiaçının mülkiyyətindədir.

10. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, Cavabdeh ASC tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik hava xətti iddiaçının mülkiyyətində olan həmin sahədən keçirilmişdir. İddiaçı bundan narazıdır və xəttin sahədən çıxarılması barədə ASC-yə müraciətlər etmişdir.

11. ASC tərəfindən iddiaçının müraciətlərinə verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavab məktublarından görünür ki, həmin hava xəttinin köçürülməsi üçün cari ildə müvafiq texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

12. İşdə olan digər sənədlərdən görünür ki, həmin xətt iddiaçının sahəsindən hələ də çıxarılmayıb.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə Rayon Məhkəməsinə verdiyi xx.xx.2022-ci il tarixli, 10/1770 nömrəli rəydən görünür ki, iddiaçıya məxsus bağ sahəsindən 6 kV-luq gərginlikli elektrik hava xətti keçir, qeyd olunan 6 kV-luq gərginlikli elektrik hava xəttinin “Elektrik qurğularının quraşdırılması qaydasının” və “Gərginliyi 1.000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının” tələblərini təmin etməklə iddiaçının bağ sahəsinin yanından keçən avtomobil yollunun kənarı ilə çəkməklə köçürülməsi mümkündür. f) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. İş üzrə cavabdeh ASC apellyasiya şikayətində qeyd edir ki, ekspert öz rəyində elektrik hava xətlərinin yerinin dəyişdirilməsinin mümkünlüyü ilə bağlı hər hansı təhqiqat aparmamış və gəldiyi nəticəni texniki cəhətdən əsaslandırmamışdır. Digər tərəfdən ekspertin hava xətlərinin torpaq sahəsindən çıxarılaraq alternativ qaydada, yəni iddiaçının bağ sahəsinin düz yanından keçən avtomobil yolunun kənarı ilə çəkilməsi hava elektrik xətlərinin mühafizə zonasını tənzimləyən qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Gərginliyin 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə qaydalarına” əsasən 6 kv-luq elektrik hava xətlərinin mühafizə zonası 10 metr nəzərdə tutulmuşdur. Ekspertin xətlərin köçürülməsini göstərdiyi ərazi ilə iddiaçının bağ sahəsinin hasarı arasında məsafənin maksimum 2 metr təşkil etdiyini nəzərə alsaq, elektrik hava xətlərinin həmin əraziyə köçürülməsi qanunvericiliyin tələblərinə tamamilə ziddir.

15. Göründüyü kimi, cavabdeh ASC ekspert rəyi ilə razı olmadığını ifadə edir. Lakin iş materiallarından görünür ki, ASC, işə Rayon Məhkəməsi tərəfindən baxılarkən rəy ilə razılaşmadığını bildirməmiş, Rayon Məhkəməsinə təkrar və ya əlavə ekspertizanın təyin edilməsi barədə vəsatət verməmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 184.3.). Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın (maddə 361.4.).

17. Lakin apellyasiya baxışı zamanı cavabdeh ASC-nin nümayəndəsi, bu kimi vəsatətin Rayon Məhkəməsinə verilməsinin qeyri-mümkün olmasının onlardan asılı olmayan üzürlü səbəbdən baş verməsini əsaslandıra bilməmiş, bu halı təsdiq edə biləcək sübutu (sübutları) Məhkəməyə təqdim etməmişdir.

18. Bundan başqa Məhkəmə qeyd edir ki, apellyasiya baxışı zamanı ekspert rəyi təhlil edilmiş və müəyyən edilmişdir ki, rəy kifayət qədər əsaslandırılmışdır.

19. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsaslı hesab etməmiş və iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin etməmişdir.

20. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyət hüququ-subyektinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.).

21. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Beləliklə də, qeyd edilən maddi hüquq normalarının tələblərinin işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh ASC-nin hərəkəti iddiaçının mülkiyyət hüququnu pozur. İddiaçı pozulmuş hüququnun bərpa edilməsini tələb etməkdə, Rayon Məhkəməsi isə eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşlar. g) Apellyasiya instansiyası məhkəməsinin nəticəsi

23. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Cavabdeh ASC-nin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

24. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ASC tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

27. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyul 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar