Məhkəmə qərarları › İş №2(103)-642/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-642/2023

10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-642/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(004)- 4689/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə olunmuş Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə ərizə verərək, oğlu Fehruz Əhmədovu işə düzəltmək üçün Cavabdeh ondan 10000 manat pul aldığını bildirmişdir. Cavabdeh həmin müraciət üzrə aparılmış araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, Rasim adlı dostu iddiaçının oğlunu işə düzəltməyə köməklik göstərmək üçün 10000 manat pul istəmiş, 2019-cu ilin noyabr ayında iddiaçının, Rasimin və digər tanımadığı şəxslərin iştirakı ilə Biləcəri qəsəbəsində görüşmülər və o, həmin məbləği İddiaçı alıb sayaraq Rasimə vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10000 manat maddi ziyan, 30000 manat mənəvi ziyan və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, oğlu Əhmədov Feruz 6 ildir ki, Bərdə rayon Polis Şöbəsində PPX-da polis işləyirdi. Həmin vaxt oğlu Bərdə rayon DYP-yə düzəlmək üçün Niyaz adlı tanışına demiş,o da bidirmişdir ki, bu işi yalnız onun Rasim adlı dostu ilə görüşüb həll eləmək olar. O və Niyaz bu məqsədlə onun dostu Rasimlə Biləcəridə görüşmüş və həmin vaxtı onun qaynı Babayev Baloğlan, bacanağı Sayəddin və oğlunun iştirakı ilə ona məxsus avtomobildə Niyaza 10000 manat pul vermişdir. Bundan sonra xx.xx.2019-cu ildə oğlu cinayət hadisəsi törətdiyi üçün işdən azad edilmişdir. O, Niyaza həmin hadisəni bildirmiş və verdiyi 10000 manat pulu qaytarmasını demişdir. O isə müxtəlif bahənələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Bir müddət keçdikdən sonra Niyazin həmin pulu qaytarmayacağını anlamışdır. xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət etmişdir. 6-cı Polis Bölməsinin tətqiqatçısı Nəsimi Musayev tərəfindən araşdırılmış, Niyaz da öz izahatında həmin pulu aldığını və Rasimə verdiyini etiraf etməsinə baxmayaraq naməlum səbəbdən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bununla bağlı müxtəlif orqanlara şikayət yazmağına baxmayaraq heç bir nəticə əldə edə bilməmiş və mənəvi və maddi ziyan çəkməyinə baxmayaraq qarşı tərəf heç bir ödəniş etməmişdir.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(004)- 4689/2021 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 9000 (doqquz min) manat, 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edərək göstərmişdir ki, məhkəmə baxışında tətqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin 24 fervral 2020-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarında qeyd edilən etirafa əsasən 9000 manat hissəsini təmin etmiş və məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarını əsas götürərək mənəvi ziyanla bağlı hissəsini rədd etmişdir. Birinci instansiya məhkəməsi onun məhkəmədə iştirakını təmin etməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmamışdır. Həmçinin məhkəmə onun izahatını almadan polis bölməsində verilmiş olan izahatı əsas götürmüşdür. Halbuki iddiaçının 10000 manat pulu ona verməsi barədə heçbir rəsmi sənədi və sübutu olmamışdır. Sadəcə olaraq birinci instansiya məhkəməsi işi obyektiv araşdırmadan qanunsuz bir qərar qəbul etmişdir. Məhkəmənin müvafiq qətnaməsinin mövcudluğu barədə icra məmurunun onu axtarmasından sonra məlumatı olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdilər.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi mübahiələndirilən - iddianın təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, maddi ziyan hissəsində iddia tələbi əsaslı və qanuni olduğundan, eyni zamanda polis orqanında araşdırma zamanı Cavabdeh verdiyi izahatında iddiaçıdan pulu aldığını etiraf etdiyindən qismən təmin edilməli, maddi ziyan olaraq, Cavabdeh 9000 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

21. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh həmin araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, Rasim adlı dostu iddiaçının oğlunu işə düzəltməyə köməklik göstərmək üçün 10000 manat pul istəmiş, 2019-cu ilin noyabr ayında iddiaçının, Rasimin və digər tanımadığı şəxslərin iştirakı ilə Biləcəri qəsəbəsində görüşmülər və o, həmin məbləği İddiaçı alıb sayaraq Rasimə vermişdir. Eyni zamanda birinci instansiya məhkəməsində İddiaçı polis orqanında araşdırma aparılarkən cavabdehin 1000 manat pulu ona qaytardığını etiraf etmişdir.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iş üçün əhəmiyyəti olan hallar kifayət qədər əsaslandırılmış, məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas olan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(004)- 4689/2021 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar