Məhkəmə qərarları › İş №2(103)-642/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-642/2024

25.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-642/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı “dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi və Bakı şəhəri Cavabdeh2in qəbul etdiyi sərəncamına görə məsuliyyətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən (prosessual hüquq varisləri: Nümayəndə və X3) verilmiş apellyasiya şikayəti üzrə işə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 16/32 hissədə X4, 30/256 hissədə açıq saxlanılmaqla X7, 1/32 hissədə X2, 13/256 hissədə X8, 8/32 hissədə X10 və 13/256 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Bakı şəhəri Cavabdeh2 Başçısının 01 mart 2016-cı il tarixli 57 nömrəli sərəncamına görə, Təbriz küçəsindəki 34 №-li evin 4 №-li mənzilində yaşayan vətəndaş İddiaçı ərizə ilə Cavabdeh2ə müraciət edərək, xüsusi mülkiyyətində olan mənzilin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilərək, sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı ərizəsi əsasında evə baxış keçirilərək, müəyyən edilmişdir ki, onun yaşadığı ev faktiki olaraq, ümumi sahəsi 118,4 kv.metr, yaşayış sahəsi 64,4 kv.metr, köməkçi sahəsi isə 54,0 kv.metr olmaqla, 4 otaqlıdır. Mənzildə yeni tikili aşkar edilməmişdir. Qeyd olunanlara istinad edərək qərara alınmışdır ki, Təbriz küçəsindəki 34 №-li evin 4 №-li mənzili ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi isə 54,0 kv.m olmaqla, 4 otaqlı hesab edilsin və sənədləşdirilsin. Sərəncamın 1-ci bəndinə uyğun olaraq, vət. İddiaçı adına olan mənzilin mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyə olunsun.

3. Bakı şəhəri Cavabdeh2 Başçısının 21 iyun 2019-cu il tarixli 161 nömrəli sərəncamı ilə, Bakı şəhəri Cavabdeh2 Başçısının 23 iyun 2017-ci il tarixli 267 nömrəli sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilərək, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,884 ha torpaq sahəsi Cavabdeh1 daimi istifadəsinə verilmişdir. Sərəncamın 3.6, 3.7-ci bəndinə əsasən rayonun Təbriz küçəsi 32, 34, 36, 38 və s. yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yəni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülmələri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həmin binaların sökülməsi nəzərdə tutulmuşdur.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin Cavabdeh1 MMC-yə ünvanladığı 13 iyun 2019-cu il tarixli məktubuna əsasən, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanda yaşayan vətəndaş Nümayəndə yaşadığı binanın yaxınlığında aparılan söküntü və tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması barədə Fövqəladə Hallar Nazirliyinə 18 may 2019-cu il tarixli müraciət ünvanlamışdır. Araşdırma zamanı müraciətdə qeyd edilən faktlar təsdiqini tapmışdır. Sözügedən tikinti obyektinin sahibi Cavabdeh1 MMC-nin rəhbərliyinə tikinti-quraşdırma işləri aparılarkən Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi tapşırılır. Əks halda, ona qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri Cavabdeh2ə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi, iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, aşağıdakı tələblər üzrə qətnamə çıxarılmasını xahiş etmişdir: 5.1. cavabdeh MMC tərəfindən qəsdən məhv edilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 34 ünvanında yerləşən sahəsi 111,5 kv.metr olan “A” və sahəsi 13,2 kv.metr olan “V” qanuni tikililərinə münasibətdə (aid) Dövlət reyestrində iddiaçının adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququnun bərpa edilməsi; 5.2. məhkəmənin 17 sentyabr 2019-cu və 24 dekabr 2019-cu il tarixli iki qərardadının qadağalarının pozulması nəticəsində iddiaçının adına və istifadəsində olan, ümumi sahəsi 118,4 kv.metr yaşayış sahəsi, 64,4 kv.metr (4 yataq otaqlı) olan "xxxx" (sərəncamda (01 mart 2016 tarixli 57 nömrəli) “mənzil 4” olaraq qeyd edilib) tikilisindən iddiaçının məhdudlaşdırılmış daşınmaz əmlakdan istifadə hüququnun bərpa edilməsi; 5.3. MMC tərəfindən inşa edilən qanunsuz tikilinin müvafiq hissələrinin və altı qəsdən qazılaraq qəzalı vəziyyətə salınmış "xxxx" tikilisinə MMC tərəfindən vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsi; 5.4. Təbriz 34 ünvanında, cavabdeh MMC tərəfindən inşa edilən, qanunsuz, iddiaçı və digər daha iki payçılar (Ramazanova və İbrahimova) ilə qarşılıqlı razılaşma müqaviləsi imzalanmadan tikilən çoxmərtəbəli binanın, iddiaçıya məxsus "xxxx" (118,4 kv.metr) tikilisinə aid olan, iddiaçının (və digər payçıların) "xxxx" tikilisindən maneəsiz istifadə etmək hüququnu təmin edən və üzərindəki mülkiyyət hüququnun bərpa edilməsinə dair məhkəmədən hüquqi nəticə gözləntisinin olduğu həyətyanı torpaq sahəsinin (təqribi 400 kv.metr) sərhədləri daxilində ara məsafəsi pozularaq (sərhəddi pozaraq) inşa edilən binanın hissəsinin MMC-nin öz hesabına sökülməsi və iddiaçının hüquqlarının bərpa edilməsi; 5.5.Təbriz 34 ünvanından oğurlanmış “küçə dəmir darvazası, qoparılaraq məhv edilmiş iri ağ tut ağacı, məhv edilmiş ayaq yolundan oğurlanmış mis aftafalar, "xxxx" tikilisinin sındırılmış şüşələri, dam örtük şiferləri, damda saxlanılan 3 ədəd uzunluğu 4 metr, diametri 50 sm olan qalın dəmir borular, 1 ədəd iri pəncərə barmaqlığının (dəmir) bərpa edilməsi; 5.6.məhkəmədən hüquqi nəticə gözləntisinə dair qanuni qüvvəyə minəcək yekun məhkəmə aktını gözləmədən, Konstitusiyanın 12, 13, 29, 33, 68, 71-ci maddələrinin tələblərini qəsdən, bilərəkdən qərəzli olaraq pozmaqla qəbul etdiyi 161 nömrəli 21 iyun 2019-cu il tarixli sərəncamı ilə iddiaçının mülkiyyət hüququnu pozan, ona qarşı məsuliyyətsizlik, vicdansızlıq edən Bakı şəhəri Cavabdeh2in məsuliyyətinin müəyyən edilməsi; 5.7.bütün məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi. İddiaçı eyni zamanda əməllərində cinayət tərkibi olan şəxslər barəsində xüsusi qərardadın çıxarılmasını da xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 MMC Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinin və Mülki Məcəllənin 215, 215.4 və 215.5-ci maddələrinin tələblərini və iddiaçının mülkiyyət hüququnu qəsdən pozaraq, paylı mülkiyyət olan ünvan 2 ünvanlı mülkün 6 nəfər payçısından ikisi ilə - Hümbətov və Həşimovla bağladığı saxta müqavilələri rəhbər tutaraq, 522,5 kv.m-lik həyətyanı torpaq sahəsinin 70%-ni (təqribi 300 kv.m) söküb-dağıtmış, qazmış, digər payçılara məxsus mülkiyyət hüquqlarının dövlət reyestrində adlarına qeydə alınacaq torpaq sahələrini zəbt etmişdir. Belə ki, iddiaçının mənzilindən küçəyə çıxışına dərinliyi 10 metr olan təməl çuxurunun (kotlavanın) üzərindən asma taxta körpü ilə yol qoyan MMC, bununla kifayətlənməmiş, tikilinin divarının altını içəriyə doğru qazmaqla tikilini 10 metr dərinliyi olan təməl çuxurunun üzərində saxlamış, tikilini təməl çuxuruna aşırıb salmaq üçün hər gün (gecə) divarın altını içinə doğru traktorla bir az daha qazmaqda davam edir. Məqsədi artıq qəzalı vəziyyətə düşmüş tikilini təməl çuxuruna aşırıb, yerində tikilisini ucaltmaqdan ibarətdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)- 66/2021 nömrəli qərardadı ilə (hakim S.Ədilova) İddiaçı cavabdehlər "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı “cavabdeh MMC tərəfindən qəsdən məhv edilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 34 ünvanında yerləşən, sahəsi 111,5 kv.metr olan “A” və sahəsi 13,2 kv.metr olan “V” qanuni tikililərinə münasibətdə (aid) dövlət reyestrində İddiaçı adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququnun bərpa edilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)- 66/2021 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Cavabdeh2ə qarşı “dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi və Bakı şəhəri Cavabdeh2in qəbul etdiyi sərəncamına görə məsuliyyətinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 17.1, 17.2, 17.5, 57.2, 64.1, 69.1, 69.4, 69.5, 76.3, 80, 95-ci, Mülki Məcəllənin 157.4-cü, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10, 25-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə istinad edərək qeyd etmişdir ki, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində mübahisələndirilən ərazidə Cavabdeh1nə Bakı şəhəri Cavabdeh2in müvafiq sərəncamları ilə yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən inzibati orqanın həmin sərəncamları mübahisələndirilməyib, hazırkı mərhələdə bu məsələlər həllini tapmayıb.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə yoxdur, başqa sözlə mülkiyyətdəki əmlakın qanunsuz olaraq zəbt olunması faktı müəyyən edilməyib, hazırda iddiaçı mübahisəli tikili ilə ona məxsus fərdi yaşayış evinin arasındakı ara məsafəsinin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə əməl edilmədən inşa edildiyini, bu səbəbdən də istifadə hüquqlarının pozulduğunu, buna əsaslanmaqla da mübahisəli tikilinin cavabdeh MMC-nin öz hesabına sökülməsini xahiş edir. Lakin mülki iş materiallarından göründüyü kimi, hazırda cavabdeh cəmiyyətə müvafiq ərazidə tikintinin aparılması üçün verilmiş icazələr, sərəncamlar qüvvədədir, ləğv edilməyib, onların etibarsız hesab edilməsi ilə bağlı tələblər mövcud deyildir.

11. Məhkəmə həmçinin hesab etmişdir ki qanunvericiliyin normaları iddiaçıya müvafiq icazələr alınmaqla tikilmiş tikililərin sökülməsi ilə bağlı iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Belə olan halda, nə qədər ki, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə, yaxud da iddiaçıya məxsus daşınmaz əmlakın bir hissəsində tikilinin inşa olunaraq ərazinin zəbt olunması faktı müəyyən edilmir, iddiaçı mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarlarını mübahisələndirməlidir, həmin qərarlar mübahisələndirilərkən tikililər arasındakı ara məsafəsinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalı və müvafiq qiymət verilməlidir.

12. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin bu hissəsi əsas, yəni “dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi” hissələrindən törəmə tələb olduğundan və həmin tələblər təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır.

13. Bundan başqa, məhkəmə iddiaçının “Təbriz 34” ünvanından oğurlanmış “küçə dəmir darvazası, qoparılaraq məhv edilmiş iri ağ tut ağacı, məhv edilmiş ayaq yolundan oğurlanmış mis aftafalar, "xxxx" tikilisinin sındırılmış şüşələri, dam örtük şiferləri, damda saxlanılan 3 ədəd uzunluğu 4 metr, diametri 50 sm olan qalın dəmir borular, 1 ədəd iri pəncərə barmaqlığı (dəmir) bərpa edilməsi” tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin əşyaların oğurlanması, yaxud da cavabdeh MMC tərəfindən zərər vurulmasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində oğurlandığı, yaxud zərər yetirildiyini və bu səbəbdən də ondan həmin əşyaların bərpa edilməsini tələb etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. 14. Məhkəmə, araşdırılan məsələdə əməllərində cinayət tərkibi olduğunu nəzərə alaraq, cavabdehin barəsində xüsusi qərardadın çıxarılaraq araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırkı məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir.

b) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

16. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(103)-10360/2022 nömrəli qətnaməsi ilə (hakim R.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər V.İbayevdən və Ş.Məhərrəmovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)-66/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı qətnamədən narazı qalaraq kassasiya şikayəti vermişdir.

20. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının övladları olan Nümayəndə və X3 onun prosessual hüquq varisləri kimi işdə iştirak etməyə cəlb edilmişlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(102)-17/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli qətnaməsi qismən - iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakdan istifadə hüququnun bərpası, iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

23. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qeyd olunan hissədə gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmamışdır. İş materiallarına əsasən, mübahisəli fərdi yaşayış evinin 13/256 hissəsi iddiaçının mülkiyyətindədir. Bakı şəhəri Cavabdeh2 Başçısının 01 mart 2016-cı il tarixli sərəncamından müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində və sərəncamında olan evin ümumi sahəsi 118,4 kv.metr, yaşayış sahəsi 64,4 kv.metr, köməkçi sahəsi 54,0 kv.metr olmaqla, 4 otaqlıdır. İddiaçı cavabdeh MMC-nin hərəkətləri nəticəsində evinin "xxxx" tikilisinə maddi ziyan vurulmasını, evdən və evin həyətyanı sahəsindən istifadəsinə məhdudiyyətlər yaradılmasını iddia edərək, həmin zərərin ödənilməsini və istifadə hüquqlarının bərpasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin tələblərin iddianın “dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi” hissələrindən törəmə tələb olunmasını göstərərək təmin etməmiş, apellyasiya məhkəməsi isə qətnaməni qeyd olunan hissədə dəyişdirilmədən saxlamışdır. Halbuki, bu tələblər cavabdeh MMC-nin tikintini hansı əsaslarla həyata keçirilməsindən asılı olmayaraq, Mülki Məcəllənin 21 və 157.4-cü maddələrinin dispozisiya şərtlərinə uyğun olaraq müstəqil qiymətləndirilməlidir. Belə ki, cavabdehin həyata keçirdiyi tikinti işləri zamanı iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlaka ziyanın vurulmasını ehtimal edən fotoşəkillər mövcuddur. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin 13 iyun 2019-cu il tarixli məktubunda iddiaçının yaşadığı binanın yaxınlığında aparılan söküntü və tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması faktların təsdiqini tapması göstərilmişdir. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının mülkiyyətində və qanuni istifadəsində olan daşınmaz əmlaka ziyan vurulması, habelə qanuni istifadəsində olan sahənin zəbt olunması (istifadəsinə məhdudiyyət qoyulması) iddia olunduğu halda, bu hallar yalnız mübahisəli ərazi yerində müayinə edilməklə, habelə məhkəmə ekspertizası keçirilməklə müəyyən oluna bilər. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən 24 dekabr 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilərək, keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertin qarşısında cavabdeh MMCnin apardığı qazıntı və söküntü işlərinin nəticəsinə iddiaçının istifadəsində və sahibliyində olan evə maddi ziyanın dəyməsi, dəydiyi halda ziyanın məbləği, bu tikinti və söküntü işlərinin qanunvericiliyə və tikinti təhlükəsizlik qaydalarına uyğun həyata keçirilibkeçirilməməsi barədə suallar qoyulmuşdur. Lakin ekspert tərəfindən 18 dekabr 2020-ci il tarixli məlumatla iş üzrə tələb olunan mütəxəssis rəyinin təqdim edilməməsi əsası ilə ekspertizanın aparılmasından imtina olunmuş və birinci instansiya məhkəməsi bu istiqamətdə əlavə araşdırma aparmadan qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi isə bu hala, habelə apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməyərək, qətnaməni dəyişdirilmədən saxlamışdır. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88, 97.1, 218.1, 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının prosessual hüquq varisi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərkən apellyasiya şikayətini müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. Lakin bundan sonra keçirilən məhkəmə iclaslarında o, heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə kollegiyası onun və eləcə də digər prosessual hüquq varisi olan X1 məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etmədikləri qənaətinə gələrək onların iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün saymışdır.

26. Cavabdeh MMC-nin nümayəndəsi X11 məhkəmə iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya qaydasında qismən - iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakdan istifadə hüququnun bərpası, iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi hissələrində ləğv olunduğundan hazırkı mərhələdə apellyasiya baxışının predmetini də yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsinin əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

34. Yuxarıda qeyd olunduğu kimi hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız bir hissəsi - iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakdan istifadə hüququnun bərpası və iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi tələblərinin rədd olunması hissəsi təşkil edir.

36. Kassasiya instansiyası məhkəməsinin qərarının hazırkı apellyasiya baxışının predmeti olan hissə ilə bağlı göstərişlərinə əsasən, iddiaçının mülkiyyətində və qanuni istifadəsində olan daşınmaz əmlaka ziyan vurulması, habelə qanuni istifadəsində olan sahənin zəbt olunub-olunmaması (istifadəsinə məhdudiyyət qoyulması) yalnız mübahisəli ərazi yerində müayinə edilməklə, habelə məhkəmə ekspertizası keçirilməklə müəyyən oluna bilər.

37. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

35. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə iddia tələbinin əsaslı olub-olmamasına Mülki Məcəllənin 21 və 157.4-cü maddələrinin tələbləri baxımından qiymət verilməlidir.

36. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən 24 dekabr 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək, keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertin qarşısında cavabdeh MMC-nin apardığı qazıntı və söküntü işlərinin nəticəsinə iddiaçının istifadəsində və sahibliyində olan evə maddi ziyanın dəyməsi, dəydiyi halda ziyanın məbləği, bu tikinti və söküntü işlərinin qanunvericiliyə və tikinti təhlükəsizlik qaydalarına uyğun həyata keçirilibkeçirilməməsi barədə suallar qoyulmuşdur. Lakin ekspert tərəfindən tələb olunan mütəxəssis rəyi təqdim olunmadığından ekspertizanın aparılmasından imtina olunmuşdur.

37. İşə apellyasiya qaydasında yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə uyğun olaraq xx.xx.2023-cü il tarixli qərardadla yenidən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olundu və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırıldı. Birinci instansiya məhkəməsində olduğu kimi yenə də ekspert Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyindən müvafiq mütəxəssis rəyinin alınıb Ekspertiza Mərkəzinə təqdim olunması barədə vəsatət verdi. Lakin Agentlik bu sahədə mütəxəssislərin məhdud sayda olduğunu bildirərək ekspertiza tədqiqatının aparılması üçün mütəxəssis ayırmaqdan imtina etdi. Bundan sonra xx.xx.2024-cü il tarixli məktubla ekspertiza təyin olunması barədə 13 dekabr 2023-cü il tarixli qərardad təkrarən icra olunması və rəy verilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərildi. Ekspertiza Mərkəzi yenə də Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyindən mütəxəssis rəyi verilməsi ilə bağlı məhkəməyə vəsatət göndərdi. Həmin Agentlik isə yenə də mütəxəssis ayrılmasının imkan xaricində olduğunu bildirərək bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMETİ-nin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin cəlb olunmasını təklif etdi. Bundan sonra qərardad mütəxəssis rəyinin verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X18 İnstitutuna göndərilsə də, həmin təşkilat İnstitutun tam təsərrüfat hesablı hüquqi şəxs olduğunu, özünü maliyyələşdirmə və öz xərcini ödəmə əsasında müqavilələrlə iş gördüyünü və xidmətlər göstərdiyini qeyd edərək qərardadda qoyulan sualların cavablandırılmasının İnstitutla müvafiq müqavilə bağlandıqdan sonra təmin olunacağını bildirmişdir. İddiaçının prosessual hüquq varisi Nümayəndə bu barədə məlumat verilsə də, o, maddi imkanı olmadığına görə İnstitutla hər hansı müqavilə bağlamayacağını bildirmişdir. Nəticə etibarilə mütəxəssis rəyinin alınması yenə də mümkün olmadığından Məhkəmə Ekspertiza Mərkəzi qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmasının mümkün olmadığını bildirərək ekspertiza aparılmasından imtina etmişdir.

38. Bundan sonra məhkəmə kollegiyası mübahisəli əraziyə yerində baxış keçirdi. İddiaçının prosessual hüquq varislərinə bu barədə əvvəlcədən məlumat verilsə də, onlar yerli baxışda (müayinədə) iştirak etmədilər. Cavabdehin nümayəndəsi yerli baxışda iştirak etdi. Məhkəmə kollegiyası müayinə nəticəsində müəyyən etdi ki, iddiaçının mülkiyyətində və istifadəsində olan ev sökülməmişdir və yerindədir. Evə giriş Təbriz küçəsi tərəfdən qoyulmuş giriş qapısı ilə mümkündür. Lakin həmin küçə qapısı bağlı olduğundan evə daxil olmaq mümkün olmadı. Küçə qapısının üzərində Nümayəndə mobil telefon nömrəsi qeyd olunduğundan onunla əlaqə saxlanılaraq qapının açılmasının təmin olunması xahiş edildi, lakin o, bundan imtina etdi. Kənardan vizual baxışla mübahisəli evə hər hansı ziyan vurulması müəyyən edilmədi. Ev və həyətyanı sahə bir neçə metr ara məsafəsi saxlanılmaqla daş hasarla təcrid olunub və ondan istifadəyə hər hansı məhdudiyyət yaradılması müəyyən edilmədi. Cavabdehin nümayəndəsi bildirdi ki, daş hasar evi qorumaq, ona ziyan vurulmasının qarşısını almaq məqsədilə MMC tərəfindən müvəqqəti olaraq çəkilmişdir. Belə ki, evdə heç kim yaşamır, qapı həmişə bağlı olur. MMC həmin hasarı iddiaçının tələbinə əsasən istənilən vaxt sökməyə hazırdır. "Qaya-Qala” MMC tərəfindən inşa olunmuş binanın zirzəmisinə də baxış keçirildi və iddiaçıya məxsus evin altında hər hansı qazıntı işləri aparılmadığı müəyyən edildi. Qazıntı işləri digər mülkiyyətçilərdən alınmış evlərin ərazisində aparılmışdır və iddiaçıya aidiyyəti yoxdur.

39. Göründüyü kimi, yerli müayinə (baxış) nəticəsində iddiaçının mülkiyyətində və istifadəsində olan evə MMC tərəfindən aparılan qazıntı işləri nəticəsində hər hansı ziyan vurulması və eləcə də onun mülkiyyətində olan tikilidən (evdən) istifadəsinə hər hansı məhdudiyyət yaradılması müəyyən edilmədi.

40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında bundan əvvəl də digər məhkəmə mübahisələri olub. Hazırkı apellyasiya baxışının predmeti olan tələblər Nərimanov Rayon Məhkəməsində baxılmış 2(005)-189/2021 saylı işdə də irəli sürülüb. Lakin həmin işdə ziyanın ödənilməsi "Qaya-Qala” MMC-dən deyil, onun rəhbərindən tələb edilib. Həm də ziyan giriş dəhlizinin qəzalı vəziyyətə salınmasına görə tələb edilmişdir. Hazırkı işdə isə ziyan bilavasitə "Qaya-Qala” MMC-nin özündən tələb edilir və ziyanın yaranma əsası kimi "xxxx" tikilisinin altının qəsdən qzılaraq qəzalı vəziyyətə salınması göstərilib.

41. Göründüyü kimi, hər iki işdə olan tələblər oxşar olsa da, tam olaraq üst-üstə düşmür və bu baxımdan hazırkı tələblər üzrə işin icraatına xitam verilməsi üçün əsas yaratmır.

42. Nərimanov Rayon Məhkəməsində baxılmış 2(005)-189/2021 saylı işdə “özbaşına tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi” tələbi sübuta yetirilmədiyindən xx.xx.2021-ci il tarixli qətnamə ilə rədd olunub və məhkəmə iş üzrə alınmış xx.xx.2021-ci il tarixli ekspert rəyini əsas götürərək bu qənaətə gəlib ki, evin özünə MMC tərəfindən ziyan vurulması təsdiq olunmasa da, MMC tərəfindən bina inşa olunarkən ara məsafəsi cəmi 1,25 metr saxlanılmaqla gözlənilməyib və iddiaçı ara məsafəsinin gözlənilməməsi əsası ilə Mülki Məcəllənin 459.5-ci maddəsinin tələbinə uyğun şəkildə ziyanın ödənilməsini tələb edə bilər. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçı hazırkı işdə ziyanın ödənilməsini həmin əsasla deyil, "xxxx" tikilisinin altının qəsdən qazılaraq qəzalı vəziyyətə salınmasına görə tələb edir. Göründüyü kimi, hazırkı işdə ziyanın ödənilməsi tələbinin əsası Nərimanov Rayon Məhkəməsində baxılmış 2(005)-189/2021 saylı işdəkindən fərqlidir. Bu baxımdan, iddiaçı bina inşa olunarkən ara məsafəsi gözlənilmədiyinə görə uğradığı zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmaq hüququnu özündə saxlayır və belə bir tələblə ümumi qaydada məhkəmədə ayrıca iddia qaldıra bilər.

43. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

44. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakdan istifadə hüququnun bərpası və iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi tələblərinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar